Məhkəmə qərarları › İş №2(060)-146/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-146/2022

08.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-146/2022 08.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçının-qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X8, Cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, Cavabdehin-qarşılıqlı iddia üzrə iddiaçının vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X2 nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 özgəsinin qanunsuz sahibliyindən mənzilin geri tələb olunması mənzildən çıxarılması tələbinə və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı özgəsinin qanunsuz sahibliyindən mənzilin geri tələb olunması və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8 ünvanında yerləşən 56 saylı mənzilindən çıxarılma və mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli mənzilin təmirinə çəkdiyi 19000 manat xərcin və 30 manat ödədiyi dövlət rüsumunun İddiaçı tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8 ünvanında yerləşən ümumi sahəsi 67,89 kv/m, yaşayış sahəsi 47,31 kv/m, yardımçı sahəsi 20,58 kv/m olan 56 saylı mənzil qanunu əsaslarla 1990 ildən İddiaçı sahibliyində olmuşdur. xx.xx.2007-ci il tarixdə də idiaçı həmin mənzili özəlləşdirmişdir. Azərbaycan Pespublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş seriya MH, № ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Reyestrindən Çıxarış əsasında həmin mənzil tam mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınmışdır. Cavabdeh1 iddiaçının qardaşıdır, digər Cavabdeh2 isə sonuncunun arvadıdır. Qardaşı Gürcüstan Respublikasının vətəndaşlarıdır. Daimi yaşayış yerləri Gürcüstan Respublikasının Bolnisi rayonunun Saraçılı kəndidir. Qardaşı Cavabdeh1 Gürcüstandan Azərbaycana köçdükdən sonra iddiaçıya məxsus mənzildə məskünlaşmışdır. Bir müddətdən sonra o, Cavabdeh2 ilə evlənərək ailə qurmuş və iddiaçının razılığı ilə onlar iddiaçıya məxsus mənzilə köçərək orada yasayırlar. İşi ilə əlaqədar olaraq iddiaçı bir müddət Rusiya Federasiyasında yaşadığına görə, mülkiyyətində olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8 ünvanında yerləşən 56 saylı mənzili müvəqqəti yaşamaq üçün cavabdehlərin əvəzsiz istifdəsinə vermişdir. Rusiyadan qayıtdıqdan sonra iddiaçı ailə qurmuş və arvadını həmin mənzilə köçürtmüşdür. Hal-hazırda iddiaçı, arvadı və xx.xx.2014-cü il təvəllüdlü oğlu Məhəmməd İsayev cavabdehlərlə birgə iddiaçıya məxsus mənzildə yaşayırlar. Cavabdehin iki yetkinlik yaşına çatmayan uşaqları da həmin mənzildə yaşayırlar. Son zamanlar cavabdehlərlə mənzillə bağlı mübahisələr və münaqişələr baş verdiyinə görə, onlarla birgə yaşamaqları qeyri-mümkündür. Bir neçə dəfə cavabdehlərə iddiaçıya məxsus mənzilin boşaldılması təklifini etsə də, bu təkliflər cavabsız qalmışdır. Cavabdehlər qanuna zidd hərəkətləri ilə aşkar şəkildə iddiaçının mənzil üzərində olan mülkiyyət hüququnu pozurlar. Belə bir vəziyyətin saxlanılması iddiaçını qane etmir, çünki mülkiyyətində olan mənzilə dair sərəncam vermək hüququnu həyata keçirə bilmir və mənzildən istifadə etmək hüququndan faktiki olaraq məhrum olunmuşdur. Mənzilin üzərində mülkiyyət hüququnu bərpa etmək başqa yolla mümkün olmadığına görə, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 1991-ci il tarixində yuxarıda göstərilən ünvanda anasının vəsaiti ilə üç otaqlı mənzil alınmışdır. Ev iddiaçının (cavabdeh) adına sənədləşdirilib çıxarış alınmışdır. Onlar köçüb getdikdən sonra anası, qardaşları və bacısı sözü gedən mənzilə köçmüşdür. Ev təmirsiz, və bərbad halda olmuşdur. Normal yaşamaq mümkün olmamışdır. Bacısı ailə həyatı qurub ər evinə köçmüşdür. Qardaşının biri geri ata yurduna yaşamaq üçün köçmüş, iddiaçı (cavabdeh) iki ildən sonra Rusiyanın Kemerova şəhərinə köçmüşdür. İbrət ailəsi birlikdə sözü gedən mənzildə qalaraq bu günə kimi həmin mənzildə yaşayır. Bacısı və qardaşları evi alandan iki üç ildən köçdükdən sonra evi təmir etmək məcburiyyətində qalmışdır. Əslən Gürcüstan vətəndaşı olan kəndliləri usta X9 ilə görüşmüşdür. Ona yaşadığı evi təmir etdirmək istədiyini bildirmişdir. Yerində mənzillərə baxış keçirib təmir üçün zəhmət haqqı 3000 min manata razılaşmışlar. Əvvəlcə ona ilkin olaraq 1000 manat, işi tamamlamağa az qalmış yenə 1000 manat, iş tamamlanandan sonra isə ona 1000 manat da pul vermişdir. Amma usta İbrətin anlayışı olmadığı üçün materialların alınmasında şəxsən iştirak etmişdir. Onun iştirakı ilə alınmış materiallara 16.000 min manat pul vermişdir. Hələ pulu çatmadığından otağın birinin döşəməsini vurdurmuş, qalan hissəni isə təmir edə bilməmişdir. Həmin pul ilə mənzillərin döşəməsini, qapılarını, pəncərələrini dəyişmişdir. Hamam və ayaqyolunu yenidən qurmuş, istilik sistemini, hər iki tərəfdən eyvan yığdırmışdır. Evin giriş qapısını metaldan düzəltdirərək dəyişmişdir. Elektrik naqillərini dəyişərək, mis naqillərlə əvəz etmişdir. Tavanı alçıbanla, fiqurlarla yığdırmışdır. Bu gördüyü işlər barəsində X5 və X3 da məlumatlıdırlar. Ona görə də mənzilin təmiri ilə əlaqədar çəkilən xərcin alınması ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçının-qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X12 ilkin iddia tələbini müdafiə etdi, qarşlıqlı iddianı qəbul etmədi. Bildirdi ki, iddiaçı mübahisə predmeti olan ünvan 1 ünvanda yerləşən 56 saylı mənzili əvvəzsiz olaraq İbrat İsayevin istifadəsinə vermişlər, İbrətdə mənzildə yaşamaq mümkün olmadığı üçün müəyyən lazımi işləri görüb orada uzun müddət əvəzsiz yaşamışdırş bundan sonra mənzilə iddiaçının özünün ehtiyacı yaranmış cə cavadehidən mənzilin boşaldılması xahiş edilmişdir, lakin cvabadehlər mənzildən çıxmamışlar. Ağı xəstə olduğu üçün pula ehtiyacı olmuş və buna görədə, mənzili satmışdır. Alqı-satqı qanuni şəkildə edilmişdir. Cavabdehin faktiki olaraq bu evdə heç bir hüququ yoxdur. Mənzili satarkən iddiaçı alıcı qarşısında öhdəlik götürmüşdür ki, mənzili boş vəziyyətdə təhvil verəcəkdir. Cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etdi. ??? Cavabdehin-qarşılıqlı iddia üzrə iddiaçının vəkili Vəkil ilkin iddia tələbini qəbul etmədi, qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair qətnamə qət edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X2 nümayəndəsi X6 bildirdi ki, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə mübahisəli mənzili qızı X7 almışdır. Mənizli alarkən orada kənar şəxslərin yaşamasını bilməmişdir, alqı-satqı müqaviləsində satıcı öhdəlik götürmüşdür ki, ev boş vəziyyətdə təhvil veriləcək. İlkin iddia tələbinin təmin edilməsini, mənzilin boşaldılmasını xahiş etdi. Qarşılıqlı iddia tələbi maraqlarına toxunmadığı üçün bu barədə fikir bildirmədi. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək bildirdi ki, Cavabdeh1 evində usta işləmişdir. Həmin evi təxmini 13-14 il əvvəl təmir etmişdir. İddiaçı onda Rusiya Federasiyasında yaşayırdı. İbrət ona təmir üçün 3000 manat zəhmət haqqı pul vermişdir, əlavə remont üçün İbrətlə birgə material almağa getmişdir. Materialın pulu təxminən 15000-16000 manat əhatə edirdi. Evin qapı-pəncərəsi, istilik sistemi dəyişmişdir, hər iki tərəfdən eyvan yığılmış, tavan alçipanla yığılmışdır. İbrət evin 1 otağından başqa hər yeri təmir etdirmişdir. Hətta evin hamamına 1500-2000 manat məbləğində xərc çəkmişdir. Evi 13 il əvvəl təmir etdiyindən sahəsinin nə qədər olduğunu xatırlamar. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirdi ki, İddiaçıla Cavabdeh1 qardaşdırlar, o (F.Qurbanov) İbrət və Namazın qonşusu həmçinin kəndlisidir. Hazırda İbrət və Namazın yaşadığı bina ilə üzbəüz binada yaşayır. Bildirdi ki, İbrətin yaşadığı 3 otaqlı mənzil Namaza məxsusdur. Namaz 3 ilə yaxındır ki, Rusiyadan qayıdıb. Bu vaxta qədər həmin evdə İbrət yaşamış, yaşadığı evi təmir etdirmişdir. Mənzil təmir olunduqdan sonra həmin mənzildə olduğunu, evin təmir olunduğunun aşkar göründüyünü bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli MH seriyalı ******* saylı çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayonda istifadədə olan 0,16 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 5 mərtəbəli binanın 6-cı girişində, 1-ci mərtəbəsində yerləşən 67,89 kv.m ümumi, 47,31 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 56 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 187 nömrəli vərəqində qeydiyyata alınmışdır. "xxxx" MMC-nin 14 saylı, xx.xx.2021-ci il tarixli hesabatından görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 8 saylı evin 56 saylı mənzilinin təmirinə çəkilmiş xərcin dəyəri 19503,50 manat təşkil edir. Hesabata əlavə edimiş fotoşəkillərdən görünür ki, mənzil hissəvi olaraq yaşayış üçün qismən yararlı vəziyyətə gətirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6018 saylı ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 8 saylı evin 56 saylı mənzilinin təmirinə çəkilmiş xərcin ümumi məbləği hazırki mövcud olan orta bazar qiymətlərinə uyğun olaraq 19009,20 manat məbləğində müəyyən olunur. AN-İ № ******* xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri 12-ci mikrorayonda yerləşən 8 saylı evin 56 saylı mənzilini X4 60000 manata satmışdır. Həmin alqı-satqı müqaviləsinin 8-ci bəndində görünür ki, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin iddia üzrə müəyyən olundu ki, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8 ünvanında yerləşən 56 saylı mənzili əvvəzsiz olaraq Cavabdeh1 əvvəsiz olaraq istifadəyə vermiş, cavabdeh bir müddət orada yaşadıqdan sonra mənzilin yaşayış üçün tam yararlı olmadığını görərək, iddiaçıya məlumat vermədən, mənzilin sanitar qovşağında, mətbəxində və yaşayış sahəsinin bir hissəsində təmir-bərpa işləri görmüşdür. Cavabdehin etirafına əsasən həmin təmir-bərpa işləri görülmədən mənzildə yaşamaq mümkünsüz olmuşdur. Bundan sonra iddiaçının öz mənzilinə ehtiyacə yaranmış və cavabdehlərdən məzilin boşaldılmasını xahiş etdikdə, sonuncular mənzildən çıxmayaraq, iddiaçıya mülkiyyətindən sərbəst istifadə etməyə maneələr yaratmışlar. İddiaçı pula eytiyacı yarandığından məcburiyyət qarşısında qalaraq mənzili alqı-satqı vasitəsi ilə satmış və alqı-satqı müqaviləsi ilə mənzili boşaldaraq üçüncü şəxslərin hüquqlarından azad alıcıya təhvil vermək öhdəliyi götürmüşdür. Məhkəmə araşdırması zamanı qarşlıqlı iddia üzrə müəyyən olundu ki, iddiaçı Cavabdeh1 1991-ci ildən cavabdeh İddiaçı məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8 ünvanında yerləşən 56 saylı mənzildə əvvəzsiz olaraq yaşamışdır, bir müddət orada yaşadıqdan sonra mənzilin yaşayış üçün tam yararlı olmadığını görərək, cavabdehə məlumat vermədən, mənzilin sanitar qovşağında, mətbəxində və yaşayış sahəsinin bir hissəsində təmir-bərpa işləri görmüşdür. Həmin təmir-bərpa işləri görülmədən mənzildə yaşamaq mümkünsüz olmuşdur. Bundan sonra cavabdehin öz mənzilinə ehtiyacı yaranmış və onlardan məzilin boşaldılmasını xahiş etdikdə, onlar mənzildən çıxmayaraq, təmirə xərclədikləri vəsaiti cavabdehdən tələb etmişlər. Məhkəmə "xxxx" MMC-nin 14 saylı, xx.xx.2021-ci il tarixli hesabatına və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6018 saylı ekspert rəyində əksini tapan nəticələrə qiymət verərək hesab edir ki, mənzil yaşayış üçün yararlı vəziyyətdə olmadığından Cavabdeh1 tərəfindən hissəvi təmir edilərək istismara-istifadəyə yararlı vəziyyətə gətirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.2-ci maddəsinə əsasən- Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən- Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 397.2-ci maddəsinə əsasən- Müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. 732-ci maddəsinə əsasən- Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. 733.1-ci maddəsinə əsasən- Əvəzsiz istifadəyə verilən əşyanı kirayəyə verən kirayəçi qarşısında yalnız qəsdən və ya kobud ehtiyatsızlıq üzündən törədilmiş əməllər və ya qüsurlar üçün məsuliyyət daşıyır. 734-cü maddəsinə əsasən -Əvəzsiz istifadəyə götürülmüş əşyanın saxlanması 734.1-ci maddəsinə əsasən-Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın adi saxlanması və ona qulluq üçün zəruri olan xərcləri çəkməlidir. Kirayəyə verənin digər xərclərin əvəzini ödəmək vəzifəsi özgə işlərini tapşırıqsız aparmaq haqqında və əsassız varlanma haqqında göstərişlərə uyğun müəyyənləşdirilir. 736.1-ci maddəsinə əsasən- Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. 736.2-ci maddəsinə əsasən- Əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. 736.3-ci maddəsinə əsasən- Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. 737-ci maddəsinə əsasən -Kirayəyə verən əvəzsiz istifadə müqaviləsini, əvvələn, əvəzsiz istifadəyə verdiyi əşyaya gözlənilməz hallar nəticəsində ehtiyac duyduqda, ikincisi, kirayəçi əşyadan müqavilənin şərtlərini pozmaqla istifadə etdikdə, o cümlədən əşyanı üçüncü şəxslərin istifadəsinə verdikdə və ya kirayəçinin kifayət qədər vicdanlı olmaması üzündən əşya mühüm təhlükəyə məruz qaldıqda və üçüncüsü, kirayəçinin öldüyü halda vaxtından əvvəl ləğv edə bilər. 738-ci maddəsinə əsasən Kirayəyə verənin əvəzsiz istifadəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüquqları, habelə kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzinin ödənilməsi hüquqları altı aydan sonra, müddətin keçməsinə görə qüvvədən düşür. 680.1-ci maddəsinə əsasən- Kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: 680.1.1-ci maddəsinə əsasən- binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri; 680.2--ci maddəsinə əsasən- Kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. 1087.1--ci maddəsinə əsasən Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. 1087.2-ci maddəsinə əsasən- İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. 1090.1-ci maddəsinə əsasən- Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. 1090.2-ci maddəsinə əsasən- İşlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. 1090.3-ci maddəsinə əsasən- İşlərin tapşırıqsız aparılmasında sahibkarın mənafeyi və ehtimal olunan istəyi o halda nəzərə alınmır ki, belə işlərin aparılması sahibkarın ictimai vəzifələrinin və ya digər tələblərinin yerinə yetirilməsi ilə bağlı olsun. [693] 572.1-ci maddəsinə əsasən Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. 572.2. Bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin İV hissəsinə görə də heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən “Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən ilkin iddia təmin edilməli cavabdehlər Cavabdeh1, Cavabdeh2, uşaqları X13 və İsayeva Çinarə Araz qızı Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8 ünvanında yerləşən 56 saylı mənzilindən çıxarılmaqla həmin mənzil boşaldılmalı, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 mübahisəli mənzilin təmiri üçün çəkilən 19000 manat xərcin və 30 manat ödədiyi dövlət rüsumunun İddiaçı tutularaq ona verilməsinə dair iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, uşaqları X13 və İsayeva Çinarə Araz qızı Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8 ünvanında yerləşən 56 saylı mənzilindən çıxarılmaqla həmin mənzil boşaldılsın. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 mübahisəli mənzilin təmiri üçün çəkilən 19000 manat xərcin və 30 manat ödədiyi dövlət rüsumunun İddiaçı tutularaq ona verilməsinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar