Məhkəmə qərarları › İş №2(060)-149/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-149/2022

20.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-149/2022 20.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı1 vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “kompensasiya ödəməklə mənzilə olan paylı mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı1 cavabdehlər Cavabdeh və İddiaçı2 qarşı “kompensasiya ödəməklə mənzilə olan paylı mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 110 kv.m olan mənzil ümumi mülkiyyət hüququ əsasında ona və cavabdehlər Cavabdeh və İddiaçı2 məxsusdur. Belə ki, həmin mənzil aralarında paylara bölünmüş, Cavabdeh ümumi sahəsi 47.1 kv.m olan 3 otaq, İddiaçı2 ümumi sahəsi 12.8 kv.m olan 1 otaq, ona isə ümumi sahəsi 17.3 kv.m olan 1 otaq verilmişdir. Lakin cavabdehlər ona məxsus olan paydan istifadə etməyinə imkan verməyərək mənzildən qovmuş, paylı mülkiyyətçi kimi hüquqlarından istifadə etməyinə imkan verməmişlər. Hazırda kirayə yaşayır. Ona görə də cavabdehlər tərəfindən ona kompensasiya ödənilməklə paylı mülkiyyət hüququna xitam verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmədən cavabdehlər Cavabdeh və İddiaçı2 ünvan 1 ünvanında yerləşən mənzildə ona məxsus ümumi sahəsi 17.3 kv.m olan 1 otağa görə cavabdehlər tərəfindən otuz beş min manat məbləğində kompensasiya ödənilməklə paylı mülkiyyət hüququna cavabdehlərin xeyrinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı2 15.09.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, Cavabdeh qarşı “kompensasiya ödəməklə mənzilə olan paylı mülkiyyət hüququna xitam verilməsi” barədə məhkəməyə müraciət etmişdir. Məhkəmədən bu işdə iddiaçı qismində tanınması və iş üzrə cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. İddiaçı1 həmin tarixdə məhkəməyə ərizə ilə müraciət edərək cavabdeh İddiaçı2 iddiaçı ilə əvəz olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə etdiklərini bilirərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, İddiaçı1 və İddiaçı2 izahatını dinləyib məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı ümumi sahəsi 47.1 kv.m olan 3 otaq Cavabdeh, ümumi sahəsi 12.8 kv.m olan 1 otaq İddiaçı2 və ümumi sahəsi 17.3 kv.m olan 1 otaq İddiaçı1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan AR Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 9 Saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş 772 №-li, 22.07.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh, İddiaçı1, İddiaçı2 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 28.10.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanda yerləşən 52 saylı mənzil Dövlət Arxivinin Sumqayıt Filialının 13.02.2013-ci il tarixli, 94 nömrəli arxiv çıxarışı, Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB 9 saylı Mənzil Komunal Sahəsi tərəfindən verilmiş 21.01.2013-cü il tarixli, 249 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında X2 adına qeydiyyata alınaraq 28.02.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 4 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 02.08.2013-cü il tarixli, 4Ə- 04/1418 reyestr nömrəli bağışlama müqaviləsi əsasında sözügedən mənzil üzərində Cavabdeh Talib oğlunun adına ümumi sahəsi 47.1 kv.m olan 3 otaq, İddiaçı2 Talib oğlunun adına ümumi sahəsi 12.8 kv.m olan 1 otaq, İddiaçı1 Talib oğlunun adına ümumi sahəsi 17.3 kv.m olan 1 otaq qeyd olunmaqla paylı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və 24.12.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, 09.07.2021-cı il tarixli, ********** qeydiyyat nömrəli 09.07.2021 dövlət reyestrindən çıxarış verimişdir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.03.2022-ci il tarixli, 10/6187 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin faktiki vəziyyətinə, payçılarınn sayına və mənzilin tərkibində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz, hamam, tualet) yeganə olduğuna görə, həmin mənzilin payçıların paylarına uyğun olaraq naturada bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9 bəndlərinin və metodik əsasların tələblərinə əsasən mümkün olmadığı müəyyən edilmişdir. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Həmin Məcəllənin 219.2-ci maddəsinə əsasən doğurduğu hüquqlar dövlət qeydiyyatına alınmalı olan müqavilə üzrə ümumi mülkiyyət hüququndakı payın keçməsi anı həmin hüquqların dövlət qeydiyyatına alındığı vaxtdan müəyyənləşdirilir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (MM 220.2,220.3-cü maddəsi). Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki,əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həmçinin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur.Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır,əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli ünvan 1 ünvanında yerləşən mənzil ümumi sahəsi 47.1 kv.m olan 3 otaq Cavabdeh, ümumi sahəsi 12.8 kv.m olan 1 otaq İddiaçı2 və ümumi sahəsi 17.3 kv.m olan 1 otaq İddiaçı1 adına qeydiyyata alınması müəyyən edilsə də, Cavabdeh həmin mənzildən iddiaçılara məxsus olan payı onlara verməmiş və onları mənzildə yaşamağa qoymamışdır. İş üzrə İddiaçı1 vəkili Vəkil vəsatəti əsasında Sumqayıt Şəhər Məhkəməsinin 13.10.2021-ci il tarixli, 2(060)- 7239/2021 saylı qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.03.2022-ci il tarixli, 10/6187 saylı ekspert rəyi ilə mənzilin naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ekspert rəyi nəzərə alınmaqla, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “kompensasiya ödəməklə mənzilə olan paylı mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “kompensasiya ödəməklə mənzilə olan paylı mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “kompensasiya ödəməklə mənzilə olan paylı mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar