Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1496/2024 07.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi nümayəndəsi X2, Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X23 nümayəndəsi Nümayəndə, Ərizəçi maraqlı şəxslər Abşeron-Xızı Regional Təhsil İdarəsi və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə X10rşı «iş stajı faktının müəyyən edilməsi» tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Sumqayıt şəhəri 45 saylı körpələr evi – uşaq bağçasında musiqi rəhbəri vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyatdadır. O, həmçinin Türkiyə Respublikası vətəndaşdır. Ankara, Keçiören, Bağlarbaşı məhəlləsi, Bursa prospekti № 46, mənzil 4-də qeydiyyatda olmaqla yaşayır. S.Hacıbəyov adına Sumqayıt orta ixtisas musiqi məktəbinə daxil olaraq, 13 iyun 1992-ci il tarixində həmin məktəbi bitirmiş, ona «Xalq çalğı alətləri qanun müəllim» ixtisası üzrə subbakalavr dərəcəsi verilmişdir. İxtisası üzrə xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək rəsmi əmr əsasında Sumqayıt şəhər 45 saylı körpələr evi-uşaq bağçasında musiqi rəhbəri işləmişdir. Lakin işdən çıxarkən ona təqdim olunmuş əmək kitabçasını və digər sənədlərini Türkiyə Respublikasında naməlum şəraitdə itirdiyindən aidiyyəti sənədləri əldə etmək üçün xalası X7 etibarnamə verərək, müəyyən hərəkətləri etməyi ona etibar etmişdir. Nümayəndəsi Nigar Musayeva doğum haqqında şəhadətnaməni, diplomunu əldə etsə də, əmək stajı ilə bağlı tam məlumatları əldə edə bilməmişdir. Yəni barəsində olan sənədləri toplayarkən onlara məlum olmuşdur ki, onun Sumqayıt şəhəri 45 saylı körpələr evi-uşaq bağçasında musiqi rəhbəri kimi xx.xx.1995 (Əmr N-20100), xx.xx.1996-cı il (Əmr N 20176) tarixlərdə məzuniyyətə çıxmağı, xx.xx.1996-cı il tarixdə (Əmr N 20202) işdən azad olunmağı barədə əmrlər olsa da, əmrlər kitabında onun işə qəbul olunmağı barədə əmr yoxdur. Bununla bağlı nümayəndəsi X24-Xızı Regional Təhsil İdarəsinə müraciət etsə də, Abşeron-Xızı Regional Təhsil İdarəsinin arxivində X3 (yəni onun) işə qəbulu və işdən azad olunmasına dair heç bir məlumat aşkar olunmamağı barədə cavab verilmişdir. Daha sonra Abşeron-Xızı Regional Təhsil İdarəsi özünün 3-29-36/2-S-178-4/2023 №-li, xx.xx.2023-cü il tarixli məktubu ilə X3 Sumqayıt şəhər 45 saylı körpələr evi - uşaq bağçasında işlədiyi müddət ərzində 1993-cü ilin avqust ayından 1995-ci ilin dekabr ayına kimi aldığı əmək haqqı barədə rəsmi cavab vermiş, işə qəbulla və işdən azad edilmə ilə bağlı yenə də rəsmi cavab verməmişdir. Daha sonra Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin 3-29/2-M-8130/2-4/2023 №-li, xx.xx.2023cü il tarixli məktubu ilə bildirilmişdir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin arxiv sənədlərinə yenidən baxılmış, lakin Yeganə Soltanovanın işə qəbul və işdən azad olunmasına dair heç bir məlumat aşkar edilməmişdir. Qeyd edilən məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Rəsmi cavablardan göründüyü kimi onun xx.xx.1992-ci il tarixdə Sumqayıt şəhər 45 saylı Körpələr evi uşaq bağçasına musiqi rəhbəri kimi işə qəbul edilməyi ilə bağlı rəsmi məlumatların əldə olunması mümkün olmamışdır. Halbuki həmin məlumatlar onun Türkiyə Respublikasında 52 yaşında pensiyaya çıxmağı üçün əsasdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun xx.xx.1992-ci ii tarixdən xx.xx.1996ci il tarixədək Sumqayıt şəhər 45 saylı körpələr evi - uşaq bağçasında musiqi rəhbəri vəzifəsində işləməyi onunla birgə çalışmış Sumqayıt şəhər 45 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi X11, 45 saylı körpələr evi-uşaq bağçasının xadimə-dayəsi X12, 45 saylı körpələr evi-uşaq bağçasının təqaüddə olan tərbiyəçisi X4 iştirakı ilə tərtib etdiyi, möhürlə təsdiq etdiyi xx.xx.2023-cü il tarixli aktı təsdiq edir. Həmin aktdan görünür ki, yuxarıda adları qeyd olunan şəxslər, 45 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi X19, 45 saylı körpələr evi-uşaq bağçasının xadimə-dayəsi X21, 45 saylı körpələr evi-uşaq bağçasının təqaüddə olan tərbiyəçisi X8 onun 1992-ci ilin avqust ayından 1996-cı ili aprel ayının 1-nə qədər Sumqayıt şəhər 45 saylı Körpələr evi - uşaq bağçasında musiqi rəhbəri vəzifəsində çalışmağını təsdiq etmişdirlər. Bundan başqa aktın tərtib edilməsində iştirak etmiş şəxslər, 45 saylı körpələr evi- uşaq bağçasının tərbiyəçisi, ünvan 2 ünvanında qeydiyyatda olan X11 (ŞA/ Seriya AZE № ********), 45 saylı körpələr evi-uşaq bağçasının xadimədayəsi, ünvan 3 ünvanında qeydiyyatda olan X12 (ŞA/ Seriya AZE № ********), 45 saylı körpələr evi-uşaq bağçasının təqaüddə olan tərbiyəçisi, ünvan 4 ünvanında qeydiyyatda olan X4 (Ş/V Seriya AZE № ********) şəxsiyyət vəsiqələrinin və əmək kitabçalarının təsdiq olunmuş surəti tərəfindən əldə olunmuş və ərizəsinə əlavə olunmuşdur. Məhkəmə hazırlıq iclasında iştirak edən Ərizəçi izahatında bildirdi ki, 1992-ci ilin iyul ayında musiqi kollecini bitirdikdən sonra iş üçün Təhsil Şöbəsinə müraciət etmişdir. Belə ki, kolleci bitirdikdən sonra 6 ay müddətinə işə qəbul olmadıqda diplom etibarsız olurdu. 1992-ci ilin avqust ayının 1-dən 45 saylı uşaq bağçasında işə başlamışdır. Böyükxanım müəllimənin qrupunda həftədə 2 dəfə olmaqla işləmişdir. 1996-cı ilin aprel ayında işdən çıxmış, əmək kitabçasını da özü ilə götürmüşdür. Daha sonra Türkiyəyə köçmüş, kirayədə qalırmış. Köçən zaman sənədlərinin çoxunu itirmiş, bəzilərini yenidən bərpa edə bilməmişdir. Hazırda Türkiyədə işləyir, o vaxt işlədiyi illər üzrə stajının müəyyən edilməsini istəyir. Hazırda Türkiyədə ondan belə bir sənəd tələb olunmasa da, təqaüdə çıxacağı zaman iş stajının hesablanması üçün lazım olacağını bildirmişdirlər. Diplomunu yenidən bərpa etdiyi kimi əmək kitabçasını da bərpa etmək istəyir. Nə Təhsil Şöbəsində, nə də bağçada işə qəbulu barədə məlumat vardır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X9 ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, ərizəni müdafiə edir və ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi 05 aprel 2024-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ərizəsinin əsasları kimi xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Sumqayıt şəhəri 45 saylı körpələr evi – uşaq bağçasında musiqi rəhbəri işlədiyini iddia etmiş, müvafiq müəssisədə işləməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Ərizə əsassızdır və təmin edilməməlidir. Hazırki iş üzrə ərizəçinin xx.xx.1992-ci il tarixdən 01.04,1996-cı il tarixədək Sumqayıt şəhər 45 saylı Körpələr evi-uşaq bağçasında musiqi rəhbəri işləməsi faktının təsdiqlənməsi Y.Soltanzada ilə eyni illərdə, eyni idarədə işləmiş və əmək kitabçası olan ən azı iki şahidin iştirakı ilə mümkündür. Ərizəçinin xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı İl tarixədək Sumqayıt şəhər 45 saylı Körpələr evi-uşaq bağçasında musiqi rəhbəri işlədiyini iddia etdiyi dövrlərə münasibətdə aşağıdakı məqamları qeyd etmək lazımdır: 1. Belə ki, şahid qismində qeyd edilmiş X13 münasibətdə aşağıdakıları bildirməyi zəruri hesab edirlər: - Y.Soltanzade ərizəsində X11 müvafiq dövrlərdə (1992-1996) onunla birgə işlədiyini iddia etmişdir. X13 məxsus emək kitabçasında onun xx.xx.1993-cü il tarixdə 45 saylı körpələr evi-uşaq bağçasına tərbiyəçi keçirildiyi qeyd olunsa da, işdən azad olunması barədə qeyd yoxdur. Belə ki, “işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarının 3.11-ci bəndinə əsasən, əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Lakin xx.xx.1993-cü il tarixli işə daxil olma barədə qeydə nəzər yetirdikləri zaman məsul şəxs tərəfindən imzalanmadığı görünür. Qeyd edilən hallar X13 məxsus əmək kitabçasının əsassız olmasına dəlalət edir. 2. Şahid qismində qeyd edilmiş X15 münasibətdə aşağıdakıları bildirməyi zəruri hesab edirlər: - Ərizəçi ərizəsində onunla eyni dövrlərdə işlədiyini iddia etdiyi H.Salehinin əmək kitabçasının təqdim edildiyi qeyd edilsə də, ərizəyə əlavə edilmiş sənədlərə əsasən müəyyən olunur ki, ona məxsus əmək kitabçası təqdim edilməmişdir. Qeyd edilən hallar H.Salehinin əmək kitabçasının olmaması Ərizəçi ilə işlədiyini idda etdiyi xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövrlərdə işləmədiyinə dəlalət edir. 3. Şahid qismində qeyd edilmiş X5 münasibətdə aşağıdakıları zəruri hesab edirlər: Ərizəçi ərizəsində onunla eyni dövrlərdə işlədiyini iddia etdiyi B.Muradovanın əmək kitabçasının təqdim edildiyi qeyd edilsə də, ərizəyə əlavə edilmiş sənədlərə əsasən müəyyən olunur ki, ona məxsus emək kitabçası təqdim edilməmişdir. Qeyd edilən hallar B.Muradovanın əmək kitabçasının olmaması və Ərizəçi ilə eyni dövrlərdə (xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək) işləmədiyinə dəlalət edir. Qanunvericiliyin tələblərinə uyğun olaraq hazırkı iş üzrə şahid qismində yalnız Ərizəçi ilə eyni illərdə, evni idarədə işləmiş və əmək kitabçası olan ən azı iki şahid çıxış edə bilər. Əlavə olaraq qeyd edilməlidir ki, yuxarıda adları qeyd olunan şəxslər birgə akt tərtib edərək Ərizəçi 13,06.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək 45 saylı körpələr evi-uşaq bağçasında işləməsini öz imzaları ilə təsdiq etmişdirlər. Lakin Ərizəçi ərizəsinə qoşma kimi əlavə ediimiş yuxarıda adları qeyd olunan L.Baxışova, H.Salehi və B.Muradovaya məxsus şəxsiyyət vəsiqələrində olan imzaları sözügedən aktdakı imzalarla eyni deyildir. Müvafiq aktda olan, L.Baxışova, H.Salehi və B.Muradovaya məxsus şəxsiyyət vəsiqələrində olan imzaları sözügedən aktdakı imzalarla eyni deyildir. Müvafiq aktda olan, L.Baxışova, H.Salehi və B.Muradovaya məxsus imzaların şahid qismində qeyd edilmiş həmin şəxslərin vəsiqələrində göstərilmiş imzalar ilə eyni olmaması aktın şahid qismində qeyd edilmiş həmin şəxslər tərəfindən imzalanmamasına dəlalət edir. Məhkəmə iclasında maraqlı şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X23 nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, şahid qismində dəvət olunmuş şəxslərdən X1 və X12 əmək kitabçası təqdim olunmadığı üçün bu barədə münasibət bildirə bilmirlər. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 ifadəsində bildirdi ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Sumqayıt şəhəri 45 saylı uşaq bağçasında tərbiyəçi-müəllim vəzifəsində işləmişdir. Ərizəçi ilə təxminən 3 il ərzində Sumqayıt şəhəri 45 saylı uşaq bağçasında bir yerdə işləmiş və münasibətləri yaxşı olmuşdur. Onun qrupunda idi. Təxminən 1992, yaxud 1993-cü ildə fəaliyyətə başlamışdır. İş saatı az olduğu üçün yarım ştat işləmişdir. Həftə ərzində 2 dəfə gəlir və uşaqlarla məşğul olurdu. Həmçinin tədbirlərdə də iştirak etmişdir. Daha sonra öz ərizəsi ilə işdən çıxmışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X19 ifadəsində bildirdi ki, 1 aprel 1993-cü il tarixdən Sumqayıt şəhəri 45 saylı uşaq bağçasında işləməyə başlamış və hal-hazırda da orada işləyir. Bir müddət sonra Ərizəçi orada işə başlamış və X1 qrupunda fəaliyyətini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X21 ifadəsində bildirdi ki, 1984-cü ildən Sumqayıt şəhəri 45 saylı uşaq bağçasında işləməyə başlamış və hal-hazırda da orada işləyir. 1992-ci ildən Ərizəçi ilə bir yerdə işləmişdirlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq aşağıda göstərilənlərə əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilən sənədlərlə aşağıdakılar müəyyən olunur: - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti 45 saylı Körpələr evi – uşaq bağçası tərəfindən verilmiş 02 fevral 2023-cü il tarixli, R45 nömrəli arayışdan görünür ki, X3 Sumqayıt şəhər 45 saylı körpələr evi – uşaq bağçasında musiqi rəhbəri kimi xx.xx.1995-ci il (Əmr N-20100), xx.xx.1996-cı il (Əmr N-20176) məzuniyyətlərə çıxması, xx.xx.1996-cı il (Əmr N-20202) işdən azad olunması barədə əmr kitabında əmrlər vardır, lakin işə qəbul olunması əmri tapılmamışdır. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, həmin idarə tərəfindən X3 Sumqayıt şəhər 45 saylı körpələr evi – uşaq bağçasında işlədiyi müddət ərzində 1993-cü ilin avqust ayından 1995-ci ilin dekabr ayına kimi aldığı əmək haqqları barədə məlumat verilmişdir. -Sumqayıt şəhər 45 saylı körpələr evi – uşaq bağçasının tərbiyəçisi X19, xadimədayəsi X21, təqaüddə olan tərbiyəçisi X8 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda qeyd olunmuşdur ki, X3 1992-ci ilin avqust ayından 1996-cı ilin aprel ayının 1-ə qədər Sumqayıt şəhər 45 saylı körpələr evi – uşaq bağçasında musiqi rəhbəri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Hazırki işdə ərizəçi ona məxsus əmək kitabçasının itirildiyini bildirsə də, onun işlədiyi Sumqayıt şəhər 45 saylı Körpələr evi hal-hazırda mövcuddur və fəaliyyət göstərir. Həmin müəssisənin fəaliyyət göstərməsi isə xüsusi icraatın həyata keçirilməsini istisna edir. Belə olan halda hüququ pozulmuş şəxs müvafiq müəssisəyə müraciət edərək pozulmuş hüquqlarının aradan qaldırılmasını tələb edə bilər, zəzurət olduqda isə müvafiq vəzifələrin həmin müəssisənin üzərinə qoyulması barədə iddia ərizəsi ilə iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Lakin hazırki işdə ərizəçi məhkəməyə həmin müəssisənin işlədiyi dövrlərə dair arayışını təqdim etsə də, pozulmuş hüquqlarının bərpası ilə bağlı müraciətini təsdiq edən sənədi və eyni zamanda müəssisənin bundan imtinasını təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Belə olduğu təqdirdə iş üzrə ərizəçinin tanınmasını xahiş etdiyi hüquqi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyi barədə qənaətə gəlmək mümkün deyildir. Bundan başqa məhkəmə qeyd edir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Göründüyü kimi, qüvvədə olan qaydalara əsasən yalnız əmək fəaliyyətinə dair sənədlər üzrlü səbəblərdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, əmək stajı məhkəmə qaydasında müəyyən edilə bilər. Bu eyni zamanda ondan irəli gəlir ki, hüquqi faktın əks olunduğu sənəd itirildikdə və ya onu başqa qaydada bərpa etmək mümkün olmadıqda həmin faktın mövcudluğu şübhə altına alınır və belə qeyri-müəyyənlik şəxsə həmin hüquqi faktdan irəli gələn subyektiv hüquqlarının (şəxsi və ya əmlak hüquqlarının) həyata keçirilməsində maneələr və çətinliklər yaradır. Hazırki işdə iş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti 45 saylı Körpələr evi uşaq bağçası tərəfindən verilmiş arayışla ərizəçinin həmin uşaq bağçasında işlədiyi dövrlərdə xx.xx.1995-ci il (Əmr N-20100), xx.xx.1996-cı il (Əmr N-20176) məzuniyyətlərə çıxması, xx.xx.1996-cı il (Əmr N-20202) işdən azad olunması barədə əmr kitabında əmrlərin olduğu qeyd edilmiş, habelə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə Sumqayıt şəhər 45 saylı körpələr evi – uşaq bağçasında işlədiyi müddət ərzində 1993-cü ilin avqust ayından 1995-ci ilin dekabr ayına kimi əmək haqqı alması qeyd edilmişdir. Bu hal isə hüquqi faktın müəyyən edilməsi üçün iş stajını təsdiq edən sənədlərin başqa qaydada alınmasının mümkünsüzlüyünü tələb edən şərtin olduğunu istisna edir. Belə ki, ərizəçinin işlədiyi müəssisə tərəfindən verilən arayışla, eyni zamanda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin məktubu ilə ərizəçinin hansı dövrlərdə həmin müəssisədə işləməsinə dair məlumatlar öz əksini tapmışdır. Belə məlumatların olduğu təqdirdə ərizəçinin həmin müəssisədə işləməsi faktının yenidən müəyyən edilməsi yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərinə görə yolverilməzdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında qeyd olunmuşdur ki, əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Hazırki işdə ərizəçi işləməsi faktının müəyyən edilməsinin ona pensiya təyin edilməsi məqsədilə ilə lazım olduğunu bildirsə də, istər yaşadığı Türkiyə Respublikasında, istərsə də Azərbaycan Respublikasında pensiya təyin edən orqana pensiya təyinatı ilə bağlı müraciətini təsdiq edən sənədi və eyni zamanda həmin orqanların ona pensiya təyin edilməsindən imtinasını təsdiq edən sənədləri də məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi maraqlı şəxs qismində işə cəlb edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, - qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, - ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan, - qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. n əsas sənəddir. Məhkəmə hesab edir ki, ərizəçinin hazırkı ərizəsinə mülki icraat qaydasında məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarındakı mövqeyindən çıxış edərək bildirir ki, Ərizəçi xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Sumqayıt şəhəri 45 saylı körpələr evi – uşaq bağçasında musiqi rəhbəri vəzifəsində işləməsi faktı ərizəyə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapdığından, onun həmin əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir, onun hazırki ərizəsinə məhkəmə qaydasında baxıla bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 261.0.1-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi «iş stajı faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva
Məhkəmə qərarları › İş №2(060)-1496/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1496/2024
07.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver