Məhkəmə qərarları › İş №2(060)-1498/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1498/2020

06.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1498/2020 06.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, X3, X4 nümayəndəsi və vəkili X22 , Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı və qeyrilərinin cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi, mənzilin açıq hərracda satılması və satış pulunun paylara uyğun bölünməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı və qeyriləri cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər X18, X11, X8 Sumqayıt şəhəri, məhəllə 41a , ev 5b, mənzil 27-də yerləşən ümumi sahəsi 70,4 kv.m. olan 3 otaqlı mənzilə istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər X9, X23 və Cavabdeh 12000 (on iki min) manat məbləğində kompensasiya verilməklə həmin mənzilə istifadə və pay hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçılar iddia tələbini dəqiqləşdirmə verərək, cavabdehlər X18, X11, X8 Sumqayıt şəhəri, məhəllə 41a , ev 5b, mənzil 27-də yerləşən ümumi sahəsi 70,4 kv.m. olan 3 otaqlı mənzilə istifadə hüquqlarına xitam verilməsi və həmin mənzilin açıq hərraca çıxarılaraq satılması və satış pulunun aralarındakı paylara uyğun, hər birinə 1/6 pay hüququ əsasında bölünməsi, digər cavabdehlərin də mənzil hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil məhəllə 41a , ev 5b, mənzil 27-də yerləşməklə onların mərhum ataları X6 mülkiyyətində olmuş və ataları xx.xx.2018-ci ildə, anaları X14 isə xx.xx.2016-cı ildə dünyaları dəyişmişlər. Atalarının vəfatından sonra onlar mübahisəli mənzildən vərəsə paylarının müəyyən edilməsi ilə bağlı notariat kontoruna müraciət etmiş və Sumqayıt Asan Xidmət mərkəzinin notariusunda vərəsəlik işi açılmış, xx xxx 2019-cu ildə onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməklə hər birinin payı 1/6 hissədə müəyyən edilmişdir. Həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 2 saylı Ərazi İdarəsindən çıxarış almışlar. Cavabdeh onların qardaşı, X1 Saqif Qənimət oğlunun həyat yoldaşı, Aydın Baxşəliyev və Rəna Baxşəliyeva isə Cavabdeh övladlarıdır. Cavabdehlərdən Aydın və Rəna bu mənzildə qeydiyyatda olsalar da yaşamırlar, belə ki, Rəna ailə həyatı qurmaqla mənzili daimi olaraq tərk etmiş, həmin mənzilə sonradan qeydiyayta alınmış X19 və X24 valideynlərinin yaşadığı Sumqayıt şəhəri, 22-ci məhəllə, Natəvan küçəsi, yataqxana 20, ev 8a-da yerləşən 8 saylı mənzildə yaşayırlar. Bu mənzil cavabdeh Həqiqət Baxşəliyevanın adınadır. Cavabdehlər mübahisəli mənzildə formal olaraq qeydiyyatda qalmış və bildirirlər ki, onlar bu mənzil üzərində iddiaçıların mülkiyyət hüquqlarını həyata keçirməyə imkan verməyəcəklər. İddiaçılar məhkəmədə mübahisəli mənzilin naturada real bölgüsü barədə iddia qaldırmışlar, lakin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-7013 saylı qətnaməsinə əsasən mənzilin paylara bölgüsü naturada mümkün olmadığı üçün iddia tələbləri təmin edilməmişdir. Cavabdeh X7 adında yataqxana olduğu və uzun illər həmin yataqxanada yaşadığı halda, son vaxtlar bu mənzilə daxil olmuş və bu azmış kimi mənzilə qeydiyyatı olmayan oğlu Mehralı Baxşəliyevin də uşaqlarını iddiaçıların xəbəri və razılığı olmadan bu mənzilə qeydiyyata almışdır. Halbuki azyaşlı uşaqlar öz valideynlərinin yaşayış yeri üzrə qeydiyyata alınmalıdırlar. Bütün bu hallar iddiaçıların mənzil üzərində hüquqlarını məhdudlaşdırır. Hazırda isə cavabdehlər mənzildə formal qeydiyyatlarını əllərində əsas tutaraq mənzilin tam yarı dəyərini onlardan istəyir və əks təqdirdə onlara mənzildən çatası paylarını verməyəcəklərini bildirirlər. İddiaçılar paylarına düşən hissənin dəyərini ödəmələrini təklif etmiş, lakin bundan imtina etmişlər. Cavabdehlər X18, X11, X8 Sumqayıt şəhəri, məhəllə 41a , ev 5b, mənzil 27-də yerləşən ümumi sahəsi 70,4 kv.m. olan 3 otaqlı mənzilə istifadə hüquqlarına xitam verilməli və həmin mənzilin açıq hərraca çıxarılaraq satılmalı və satış pulunun aralarındakı paylara uyğun, hər birinə 1/6 pay hüququ əsasında bölünməli, digər cavabdehlərin də mənzil hüquqlarına xitam verilməlidir. Məhkəmə iclasında iddiaçı X25 və X4 nümayəndəsi və vəkili X34 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, başqa yaşayış yeri yoxdur və mənzildən çıxmağa, eyni zamanda evin açıq hərracda satılmaqla onun pay hüququna xitam verilməsinə razı deyildir. Qeyd olunan halın nəzərə alınmasını xahiş etdi. Digər iddiaçılar və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əvvəlki məhkəmə iclasında X27 izahat verərək bildirdi ki, iddianı qəbul etmir, başqa yaşayış yeri yoxdur və mənzildən çıxmağa razı deyil. Qeyd olunan halın nəzərə alınmasını xahiş etdi. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışdan görünür ki, Sumqayıt şəhəri məhəllə 41A, ev 29/26, 62 saylı mənzilin mülkiyyətçiləri İddiaçı, Cavabdeh, X28, X29, X25 və X12r və daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 123 nömrəli vərəqində qeydiyyata alımışdır. - Azərbaycan Respublikası Sumqayıt şəhəri İH MKTİB-nin 12 MKS-nin verdiyi 1561 saylı, xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı, Cavabdeh, X28, X29, X25, X27, X24, X30, X15, X19 və X2 şəhəri məhəllə 41A, ev 29/26, 62 saylı mənzildə pasport qeydiyyatındadırlar. - Azərbaycan Respublikası Sumqayıt şəhəri İH MKTİB-nin 12 MKS-nin təsdiqlədiyi xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, X30, X19, X19 və X5 şəhəri məhəllə 41A, ev 29/26, 62 saylı mənzildə qeydiyyatda olsalar da, lakin yaşamırlar. -Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7013/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X28, X29, X25, İddiaçı və X2 şəhəri. 41A məhəllədə yerləşən 5B saylı evin 27 saylı mənzilinə köçürülməsi və X17, X21, X13, İddiaçı və X10 Sumqayıt şəhəri, məhəllə 41A, ev 29/26, 62 saylı mənzilinin real bölgüsü və payların naturada ayrılması hissəsində təmin edilməməsi qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli mənzil Sumqayıt şəhəri, məhəllə 41a , ev 5b, mənzil 27-də yerləşməklə iddiaçıların mərhum ataları X6 mülkiyyətində olmuş və o, xx.xx.2018-ci ildə, anaları X14 isə xx.xx.2016-cı ildə dünyalarını dəyişmişlər. Atalarının vəfatından sonra iddiaçılar həmin mübahisəli mənzildən onlara çatası vərəsə paylarının müəyyən edilməsi ilə bağlı notariat kontoruna müraciət etmiş və Sumqayıt Asan Xidmət mərkəzinin notariusunda vərəsəlik işi açılmış, xx xxx 2019cu ildə iddiaçılara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməklə hər birinin payı 1/6 hissədə müəyyən edilmişdir. Cavabdeh iddiaçıların qardaşı, X1 Saqif Qənimət oğlunun həyat yoldaşı, Aydın Baxşəliyev və Rəna Baxşəliyeva isə Cavabdeh övladlarıdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7013/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçılar X28, X29, X25, İddiaçı və X2 şəhəri. 41A məhəllədə yerləşən 5B saylı evin 27 saylı mənzilinə köçürülməsi və X17, X21, X13, İddiaçı və X10 Sumqayıt şəhəri məhəllə 41A, ev 29/26, 62 saylı mənzilinin real bölgüsü və payların naturada ayrılması hissəsində təmin edilməməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh və X27 mənzildən çıxmağa, eyni zamanda evin açıq hərracda satılmaqla onun pay hüququna xitam verilməsinə razı deyildir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, mübahisəli mənzil paylı mülkiyyətdə olduğundan həmin mənzildən sakinlərin istifadə hüququna xitam verilməsi barədə iddia bütün mülkiyyətçilər tərəfindən qaldırıldıqda əsaslı sayıla bilər. İşin faktiki hallarından görünür ki, mənzilin paylı mülkiyyətçilərindən olan Cavabdehlər sırasındadır, digər istifadə hüququna xitam verilməsi tələb olunan cavabdehlər onun ailə üzvləiridir və Cavabdeh bu iddia ilə razılaşmıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıların cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbi ilə bağlı iddia irəli sürməyə subyüktiv hüquqları olmamışdır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddia cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi hissəsində əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (220.1). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (220.2). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir(220.3). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (220.4).Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (220.5). Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (220.6). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Eyni zamanda həmin qərarda göstərilmişdir ki, bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, paylı mülkiyyətin mülkiyytəçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənsaib surətdə bölüşdürülməsi haqqında iddianı payının əvəzinə pul kompensasiyası almaqdan imtina etməmiş naturada payının ayrılması mümkün olmayan və həmin özünə məxsus payının ayrılmasını tələb edən mülkiyyətçi irəli sürə bilər. Belə ki, yalnız payının ayrılmasını tələb edən mülkiyyətçi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddia qaldırıldıqda əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi paylı mülkiyyətin digər mülkiyyətçilərinin razılığı olmadan mümkündür və bu hal mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Başqa sözlə, qanunvericilik paylı mülkiyyətçinin payının onun razılığı olmadan açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsinə dair digər paylı mülkiyyətçilərin məhkəmədə iddia irəli sürmələrini nəzərdə tutmamış, belə yanaşmanı mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd hesab etmişdir. Beləliklə, məhkəmə şərh olunanlara əsasən hesab edir ki, iddia mənzilin açıq hərracda satılması və satış pulunun paylara uyğun bölünməsi hissəsində də əsassızdır. Bununla da, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək. sadalanan qanunvericilik normalarına əsaslanaraq və onların tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı, X17, X21, X13 və X10 cavabdehlər X18, X11, X8 Sumqayıt şəhəri, məhəllə 41a , ev 5b, mənzil 27-də yerləşən ümumi sahəsi 70,4 kv.m. olan 3 otaqlı mənzilə istifadə hüquqlarına xitam verilməsi və həmin mənzilin açıq hərraca çıxarılaraq satılması və satış pulunun aralarındakı paylara uyğun, hər birinə 1/6 pay hüququ əsasında bölünməsi, digər cavabdehlərin də mənzil hüquqlarına xitam verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi : İddiaçılar İddiaçı, X17, X21, X13 və X10 cavabdehlər X18, X11, X8 Sumqayıt şəhəri, məhəllə 41a , ev 5b, mənzil 27-də yerləşən ümumi sahəsi 70,4 kv.m. olan 3 otaqlı mənzilə istifadə hüquqlarına xitam verilməsi və həmin mənzilin açıq hərraca çıxarılaraq satılması və satış pulunun aralarındakı paylara uyğun, hər birinə 1/6 pay hüququ əsasında bölünməsi, digər cavabdehlərin də mənzil hüquqlarına xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar