Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-15/2025 29.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı X1 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Qaçqınların və X5 üzrə Dövlət Komitəsini cəlb edilməklə cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı “mənzildən çıxarılma tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı X4 cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, məhəllə 47, ev 14, mənzil 15 mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı və ailə üzvlərindən ibarət daha 9 nəfər həmin mənzildə qeydiyyatda olsalar da, iddiaçının mənzili Qubadlı rayonundan məcburi köçkünlər Cavabdeh4 və onun ailə üzvləri tərəfindən zəbt olunmuşdur. Uzun illərdir, həmin şəxslərin məcburi köçkün olduqları Qubadlı rayonunun işğal altında olduğu üçün onların mənzilindən çıxarılması barədə məhkəməyə müraciət etməmişdir. Hazırda cavabdehlərin qeydiyyatda olduqları Qubadlı rayonu işğaldan azad olmuşdur. Ona görə də, iddiaçı cavabdehlərin iddiaçıya məxsus olan fərdi yaşayış evindən çıxarılmalarını istəyir. Dəfələrlə cavabdehlərə iddiaçıya məxsus evi könüllü şəkildə boşaltmaları barədə xəbərdarlıq etsə də, onlar məcburi köçkün statuslarının olduğunu, məcburi köçkünü heç kimin məskunlaşdığı yerdən çıxara bilməyəcəyini qeyd edərək, evini boşaltmaqdan imtina etmişlər. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh4, Cavabdeh5, X2, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçıya məxsus olan ünvan 1 ünvanından çıxarılmaları barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən ərizə təqdim edilərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yetkinlik yaşlarına çatmamalarını nəzərə almaqla, cavabdehlər sırasından çıxarılmalarını xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil1 izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Sonuncu məhkəmə iclası ilə əlaqədar iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən məhkəməyə ərizə təqdim edilərək, işə onların iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
6. Məhkəmə işə iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehlər Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
8. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
9. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
10. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
11. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 1, Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Məzahir Abdullayev küçəsi, ev 19, M8, 1 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakı üzərində daşınmaz əmlakın dövlət reyestrində 455 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində, xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
12. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 20 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli, 543 nömrəli ailə tərkibi haqqında arayışından görünür ki, Qubadlı rayonundan məcburi köçkün Cavabdeh4 ünvan 1 ünvanında ailə üzvləri - Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə yaşayırlar.
13. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin məktubundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin icraatında olan, İddiaçı “mənzildən çıxarılma tələbi”nə dair mülki işlə bağlı Qubadlı rayonunun Muradxanlı kəndindən məcburi köçkünlər – Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məcburi köçkün kimi qeydiyyatdan keçib-keçməmələri, mənzillə təmin olub-olmaması, (mənzil ehtiyacı olan şəxslərin siyahısında adlarının olubolmaması, onlara hər hansı yerdə inşa edilmiş evlərdə mənzil təklif edilib-edilməməsi, əgər varsa həmin şəxslərin gələcəkdə yaşayış sahəsi ilə təminatı ilə bağlı nəzərdə tutulmuş tədbirlər, hazırda müvəqqəti olaraq başqa bir yaşayış sahəsində yerləşdirilməsi imkanları və s.) barədə məlumatın verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə daxil olmuş sorğuya Komitənin müvafiq əmri ilə yaradılmış komissiyada baxılmışdır. Bildirilir ki, Qubadlı rayonunun Muradxanlı kəndindən məcburi köçkünlər – Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən məcburi köçkünlərin sıx məskunlaşma obyekti olan 14 saylı evin İddiaçı məxsus 15 nömrəli mənzilində məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin edilməmiş və onlara mənzil təklif olunmamışdır. Sözügedən ailənin adları məskunlaşdıqları ünvan üzrə qeydiyyata alınmışdır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”na uyğun olaraq Qubadlı rayonunun Muradxanlı kəndindən olan məcburi köçkün ailələrinin mərhələli şəkildə köçürülməsi zamanı həmin ailənin də öz doğma yurduna köçürülməsi həyata keçiriləcək.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından müəyyən edildi ki, ünvan 1, Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Məzahir Abdullayev küçəsi, ev 19, M8, 1 saylı mənzil iddiaçı X3 məxsusdur. Həmin ünvanda Qubadlı rayonundan gəlmiş məcburi köçkünlər məskunlaşmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. İşin göstərilən halları ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
16. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
17. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir.
18. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Eyni Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;
21. Göstərilən Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
23. Bundan əlavə, «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
24. Həmçinin, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. İşin tədqiq olunan faktiki hallarından görünür ki, cavabdehlərin məcburi köçkün kimi iddiaçıya məxsus mənzildə məskunlaşması iddiaçının qanunla qorunan hüquqlarını pozur.
25. Nəzərə alınmalıdır ki, 1992-93-cü illərdə ölkədə baş vermiş məlum hadisələr nəticəsində yüz minlərlə insanın qaçqın və məcburi köçkün düşməsi çox ciddi sosial problemlər yaratmışdı. Ona görə də ictimai maraq tələbləri baxımından mülkiyyət hüquqlarının müvəqqəti məhdudlaşdırılması, o cümlədən zəbt edilmiş mənzillərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin həmin yerlərdə müvəqqəti qalmaları ictimai zərurətdən irəli gəlmişdir.
26. Hal-hazırda həmin hadisələrin üzərindən 30 il müddət keçmiş, məcburi köçkünlər cəmiyyətə adaptasiya etmiş, onların sosial təminatı ilə bağlı dövlət səviyyəsində kompleks tədbirlər həyata keçirilmiş, qaçqın və məcburi köçkünlərin böyük əksəriyyəti yaşayış sahələri ilə təmin edilmişdir. Eyni zamanda əvvəllər zəbt olunmuş mənzillərdən məhkəmə qaydasında çıxarılan şəxslərin yaşayış sahəsi ilə təmin edilməsi prioritet vəzifə kimi qəbul edilmişdir. Mövcud vəziyyətdə mülkiyyətçilərin hüquqlarına qoyulan məhdudiyyətin davam etdirilməsi mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulmasına, bununla da, mülkiyyətçinin xüsusi və həddən artıq məhrumiyyətlərə məruz qalmasına səbəb ola bilər. Həmçinin, İkinci Qarabağ müharibəsi zamanı, 25 oktyabr 2020-ci ildə Qubadlı işğaldan azad edilmişdir.
27. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamına əsasən 2022-2026-cı illər aralığında Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında 34500 mənzilin və fərdi yaşayış evinin inşası nəzərdə tutulmuşdur.
28. Məhkəmə hesab edir ki, mübahisələndirilən əmlak iddiaçının mülkiyyəti olduğundan cavabdehlərin həmin mənzildə məskunlaşması və sözügedən ünvandan çıxmamaları iddiaçının mülkiyyət hüquqlarını pozur. Şərh olunan hüquq normalarına əsasən iddiaçı X1 ona məxsus əmlak üzərində mülkiyyət hüququ təmin edilməli və cavabdehlər həmin əmlakdan çıxarılmalıdır.
29. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsindən göründüyü kimi, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına yalnız bunun digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmadığı hallarda yol verilir və belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
30. Məhkəmə hesab edir ki, cavabdehlərin mənzilə sahiblik hüququ yoxdur. Çünki onların həmin mənzildə qalması üçün hər hansı hüquqi əsas (əşya hüququ, yaxud hansısa müqavilədən irəli gələn tələb hüququ) aşkar edilməmiş, habelə cavabdehlər də bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Mübahisələndirilən əmlak isə iddiaçının mülkiyyəti olduğundan cavabdehlərin həmin əmlakda məskunlaşması və çıxmamaları iddiaçının mülkiyyət hüquqlarını pozur. Cavabdehlərin iddiaçıya məxsus əmlakı öz təsir dairəsində saxlayıb orada yaşamaları hüquqən tanınan sahiblik haqqı deyil, hüquqla qorunmayan faktiki vəziyyətdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, yetkinlik yaşına çatmayan-Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1, Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Məzahir Abdullayev küçəsi, ev 19, M8, m1 saylı mənzildən çıxarılmalıdırlar.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
33. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Nəticə hissəsi:
37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, yetkinlik yaşına çatmayan- Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1, Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Məzahir Abdullayev küçəsi, ev 19, M8, m1 saylı mənzildən çıxarılsınlar. Bu qətnamə Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən cavabdehlərin yaşayış sahəsi ilə təmin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva