Məhkəmə qərarları › İş №2(060)-1523/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1523/2023

06.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1523/2023 06.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əmlakları ilə birlikdə evdən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun yetkinlik yaşına çatmayan uşaqları - xx.xx.2013-cü il təvəllüdlü Məryəm, xx.xx.2016-cı il təvəllüdlü Mədinə və xx.xx.2020-ci il təvəllüdlü Davud ilə birlikdə, həmçinin cehiz əmlakları ilə birlikdə onun istifadəsində və sahibliyində olan Sumqayıt şəhəri, X18 4“A”, ev 963“B”-dən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, X18 4“A”, ev 963“B” onun istifadəsində və sahibliyindədir. O həmin evi 2005-ci ildə öz vəsaiti hesabına tikmişdir. Evi tikdikdən sonra həmin evdə qızı Vəsilə ailəsi ilə birlikdə 2005-ci ildən 2007-ci ilə kimi yaşamışdır. Daha sonra qızı ev aldığı üçün həmin evdən çıxmış və ondan sonra digər qızı Leyla ailəsi ilə birlikdə həmin evdə 2007-ci ildən 2008-ci ilə kimi yaşamışdır. Daha sonra həmin qızı da ev almış və bu evdən çıxmışdır. Bundan sonra da o həmin evi bir müddət kirayə vermişdir. xx.xx.2012-ci ildə oğlu İlqar Əmirhəmzəyev Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Onların yaşamağa evləri olmadığı üçün o icazə vermişdir ki, müvəqqəti olaraq burada yaşasınlar. Onlar bir ailə kimi həmin evdə yaşamışdırlar. Xasiyyətləri uyğun gəlmədiyindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5144/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onların arasında olan rəsmi nikahın pozulması, uşaqların cavabdehin yanında qalması və onların saxlanması üçün aliment müəyyən olunmuşdur Bundan sonra cavabdeh oğlunu həmin evdən çıxarmışdır. Hazırda bu evdə cavabdeh və uşaqları yaşayır. Artıq onların aralarında rəsmi nikah pozulmuşdur. Həm rəsmi, həm də faktiki olaraq onlar ər-arvad deyildirlər. Ona görə də hesab edir ki, cavabdeh və onun yetkinlik yaşına çatmayan uşaqları ona məxsus evdən cehiz əmlakları ilə birlikdə çıxarılmalıdır. Bununla əlaqədar olaraq bir neçə dəfə cavabdehə müraciət edərək mənzildən cehiz əmlakları ilə birlikdə çıxmasını tələb etsə də, cavabdeh onun xahişinə məhəl qoymamışdır. Ona görə də məcbur olub hazırkı iddia ilə məhkəməyə müraciət edir. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz edilməsi barədə yazılı ərizə təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddia tələbini qəbul etmir. İddiaçının onun çıxarılmasını iddia etdiyi ev sənədsiz tikili olmaqla 2012-ci ildə o bu evə ailə üzvü kimi gəlin köçmüş və bu mənzildə yaşadığı vaxt onun üç övladı anadan olmuşdur, artıq 11 ildir ki, bu evdə yaşayır. Həmin ev onun keçmiş həyat yoldaşı İlqar Əmirhəmzəyevin vəsaiti ilə tikilmiş və birgə yaşadıqları müddətdə öz vəsaitləri hesabına bu evdə bəzi təmir işlərini aparmışlar. İki mərtəbədən ibarət olan bu evin birinci mərtəbəsində yerləşən üç otağında onun əmlakları yerləşməklə bu gün onun və üç azyaşlı övladının istifadəsindədir və onun yeganə yaşayış yeri bu evdir, dəfələrlə iddiaçı özü də ona bildirmişdir ki, bu evi İlqarın Rusiyadan göndərdiyi pul hesabına tikmiş və onun uşaqlarınındır. Lakin, aralarında münasibətlər pozulduqdan sonra iddiaçı ona qarşı bu iddianı qaldırmışdır, halbuki bu ev üzərində onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamış və onu bu evə daimi olaraq köçürmüşdür. Evin kombi və istilik sistemini atası öz şəxsi vəsaiti ilə çəkdirmişdir. İddianın hüquqi əsası yoxdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında etiraz ərizəsində göstərdiklərini müdafiə edərək, etiraz ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, qızı 2012-ci ildə həmin evə gəlin köçmüşdür. Mübahisəli ev sənədsiz tikilidir. Həmin ev qızının keçmiş əri İlqar və onun qardaşının Rusiyada işləyərək qazandığı və Azərbaycana göndərdiyi pul hesabına tikilmişdir. O, şəxsi vəsaiti hesabına 5000 manat xərc çəkərək həmin evə istilik sistemi və kombi çəkdirmişdir. Tərəflərin birgə nikah dövründə ailə büdcələri hesabına həyətə beton döşəmə düzəltdirmiş və darvazanı yeni ilə əvəz etmişlər. Bir müddət İlqar işsiz qaldığından qızına 2000 manat pul da vermişdir. Mübahisəli evin tikintisinə ümumilikdə 35-40000 manat pul xərclənmişdir. Məhkəmədə şahid X12 ifadə verərək bildirdi ki, Nümayəndə ilə onun atası qohumdurlar. Xasay qızının evinə kombi sistemi çəkdirmək istəyirdi. Onun kombi satışı ilə məşğul olan İlqar adlı tanışı olmuş, Xasayı onunla tanış etmişdir. Xasay ondan nisyə kombi almışdır. Kombini evə o quraşdırmış və usta haqqını almışdır. Kombi sistemi alınması üçün 5000 manat vəsait xərclənmişdir. Kombi sistemi 2012-ci ilin qışına yaxın bir vaxtda quraşdırılmışdır. Ev Yaşıldərədə yerləşir. Məhkəmədə şahid X16 ifadə verərək bildirdi ki, o, Xasayı 2000-ci ildən tanıyır. Onun dükanına mal vermişdir. Xasay ondan 2012-ci ildə 500-600 manatlıq dondurma götürmüşdü. O, ailə probleminin olduğunu deyərək həmin pulu yubadacağını demiş və ondan gözləməsini xahiş etmişdir. O, qızının toyunun təzə olduğunu və onun evinə kombi quraşdırmaq istədiyini bildirmişdir. Xasay həmin pulu 1 ilə ona vermişdir. Xasayın yubatdığı pul ondan aldığı dondurmanın pulu idi. Məhkəmədə şahid X6 cavabdehlə birlikdə nikahdan sonra köçdükləri mübahisəli evdə onlar yaşamağa başladıqdan sonra hər hansı təmir işləri görülmədiyini, eləcə də cavabdehin nümayəndəsi tərəfindən kombi istilik sisteminin çəkilmədiyini bildirdi. O, eyni zamanda qeyd etdi ki, ev onlar məskunlaşdığı vaxt yaşayış üçün tam yararlı olmuş, əvvəllər də bacıları ailələri ilə ayrı-ayrı dövrlərdə orada yaşamışlar. Bu ev iş üzrə iddiaçı – onun anası tərəfindən öz vəsaiti hesabına 2005ci ildə tikilmişdir. Məhkəmədə şahid X2 ifadə verərək bildirdi ki, mübahisəli ev anası – İddiaçı tərəfindən əsasən onun vəsaiti və onların hər birinin köməyi ilə 2005-ci ildə tikilmişdir. Bu evdə 2005-2007-ci illərdə o, ailəsi ilə birlikdə yaşamış, sonra isə digər bacısı Leyla 2007-2008-ci illərdə məskunlaşmışdır. Ev yaşayış üçün tam yararlı, təmirli və şəraitli olmuşdur. Qardaşı yaşadığı dövrdə də qonaq getmiş və hər hansı təmir işinin aparıldığını görməmişdir. Kombi sistemi isə onlar yaşadığı vaxtdan mövcud olmuşdur. Məhkəmədə şahid X5 ifadə verərək bildirdi ki, ev anası – İddiaçı tərəfindən əsasən onun vəsaiti və onların hər birinin köməyi ilə 2005-ci ildə tikilmişdir. Bu evdə əvvəl bacısı – Vəsilə ailəsi ilə, sonra isə 2007-2008-ci illərdə o, ailə üzvləri ilə birlikdə yaşamışdır. Ev yaşayış üçün tam yararlı, təmirli və şəraitli olmuşdur. Qardaşı yaşadığı dövrdə də qonaq getmiş və hər hansı təmir işinin aparıldığını görməmişdir. Kombi sistemi isə onlar yaşadığı vaxtdan mövcud olmuşdur. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Bələdiyyəsi “X18 4A məhəllə” üzrə 1 saylı Məhəllə Komitəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, X18 4A, ev 963B ünvanında yaşayır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5144/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, X6 ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər anası Cavabdeh yanında qalması qət edilmişdir. - "xxxx" ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin məlumat bazasında **********00396 abunə kodunda olan ünvan Bağlar-2, B:0002, M:462 Sumqayıt Bələdiyyəsinin arayışında qeyd olunmuş Sumqayıt şəhəri, “Yaşıl Dərə” X18, bağ № 4a, ev 963b ünvanla eynidir və İddiaçı Əhmədağa qızı adı ilə qeydiyyatdadır. Mənzilə məxsus **********9 saylı PAUD-MP 106 tipli smart-kart sayğacı ilə elektrik enerjisindən istifadə olunur. - Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxlərlə bağlanan müqavilədən görünür ki, Yaşıdərə massivi, ev 963/B ünvanına dair su və çirkab sulara dair xidmət göstərilməsi barədə "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli müqavilə bağlanılmış, müqavilənin nömrəsi 47255548, abonent kodu **********000, ailə tərkibi 4 nəfər olduğu qeyd olunmuşdur. - Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, “Azəriqaz” İB ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixli müqavilə bağlanılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli evin cavabdehin oraya köçməsindən əvvəl tikilməsi, yaşayış üçün şəraitinin olması, cavabdehdən əvvəl onun keçmiş ərinin bacılarının ailələri ilə birlikdə müxtəlif vaxtlarda orada yaşamaları, mübahisəli evə və yerləşdiyi torpaq sahəsinə dair tərəflərin hüquq müəyyənedici sənədlərinin mövcud olmaması, cavabdehin sözügedən yaşayış sahəsinə 2012-ci ildə köçməsi, kommunal xidmətlər (su, işıq, qaz) üzrə müqavilələrin iddiaçı ilə bağlanması işin mübahisəsiz hallarıdır. Mübahisəli evin iddiaçının və ya cavabdehin keçmiş ərinin vəsaiti hesabına tikilməsi və sonuncular oraya köçdükdən sonra orada əsaslı təmir, həmçinin yenidənqurma işlərinin görülübgörülməməsi işin mübahisəli halıdır. Bununla əlaqədar məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iddia özbaşına tikili olan yaşayış sahəsindən çıxarılma olduğundan və bu məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından, hazırki mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tkinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlər xx.xx.2012-ci il tarixində (cavabdehin mübahisə predmeti olan yaşayış sahəsinə gəlin köçdüyü tarixdən) yarandığından qanunun analogiyası üzrə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 1 oktyabr 2009-cu il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Həmin Qərardan görünür ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən qayınananın gəlin qarşısında aliment öhdəlikləri daşıması nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh iddiaçının ailə üzvü və digər qohumu olmadığından, eləcə də onunla birgə yaşamadığından onun mübahisəli yaşayış sahəsindən istifadə hüququ mövcud deyildir. Odur ki, cavabdeh mübahisəli evdə heç bir hüquqi əsas olmadan yaşadığından iddia əsaslıdır. Göründüyü kimi, mübahisə predmeti olan yaşayış sahəsində cavabdeh övladları ilə birlikdə yaşayır. Həmçinin onun cehiz əmlakı da həmin evdədir. İddiaçı, iddia cavabdehin sözügedən evdən çıxarılması hissəsində əsaslı olduğundan onun övladlarının və cehiz əmlakının da mübahisəli yaşayış sahəsindən kənarlaşdırılması tələbində də haqlıdır. Belə ki, iddiaçının öz vəsaiti hesabına tikilmiş yaşayış sahəsindən istifadəsi hər hansı qanunsuz məhdudlaşdırmaya məruz qalmamalıdır. Sözügedən evin əsasən iddiaçının vəsaiti hesabına cavabdehin oraya köçməsindən xeyrli əvvəl tam və yaşayışa yararlı şəkildə inşa edilməsi şahid ifadələri və işin faktiki halları ilə sübuta yetirilmişdir. Belə ki, şahid ifadələri ilə təsdiq olunan və cavabdehin nümayəndəsinin mübahisələndirmədiyi, iddiaçının qızlarının cavabdehdən bir neçə il öncə bu yaşayış sahəsində yaşamaları, eləcə də Cavabdeh ilə nikaha girməzdən əvvəl onun keçmiş ərinin – iddiaçının oğlunun həmin evdə məskunlaşmaması kimi işin faktiki halları sözügedən evin cavabdehin oraya köçməsindən xeyli qabaq inşaası, yaşayışa yararlılığı, eləcə də iddiaçının vəsaiti hesabına tikilməsi nəticəsinə gəlməyə əsas verir. Məhkəmə, eyni zamanda cavabdehin nümayəndəsinin mübahisəli evin cavabdehin keçmiş həyat yoldaşının və sonuncunun qardaşının vəsaiti hesabına tikilməsi, onalrın nikah dövründə həyətdə beton döşəmə tökülməsi və darvazanın yenisi ilə dəyişdirilməsi, eləcə də özü tərəfindən kombi istilik sisteminin qurulması barədə dəlillərini onu təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən, eləcə də bu hal işin faktiki halları ilə təsdiqini tapmadığından əsassız hesab edir. Belə ki, o, bu dəlillərindən birində - özünün vəsaiti hesabına sözügedən yaşayış sahəsində kombi istilik sisteminin qurulması barədə sübut qismində şahid X7 ifaədisinə əsaslanmış, lakin bu hal digər şahid ifadələri və yuxarıda göstərilən işin faktiki halları ilə təkzib olunmuşdur. Məhkəmə hesab edir ki, hətta həmin dəlil sübut olunsaydı belə, bu sözügedən tikiliyə əsaslı vəsait sərfi kimi qiymətləndirilə bilməz. Çünki, iddia olunan sərmayə mübahisəli evin inşaasına və konstruksiya dəyişikliyinə xərclənməmiş, həmçinin həmin kombi sistemi və ya komponentləri sökülə və ya onun pulu tələb edilə bilər. Cavabdehin nümayəndəsi digər dəlilləri ilə əlaqədar isə ümumiyyətlə, hər hansı sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə, hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X8 ilə, həmçinin cehiz əmlakları ilə birlikdə onun istifadəsində və sahibliyində olan Sumqayıt şəhəri, X18 4“A”, ev 963“B”-dən çıxarılmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və AR MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları - xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X8 ilə, həmçinin cehiz əmlakları ilə birlikdə onun istifadəsində və sahibliyində olan Sumqayıt şəhəri, X18 4“A”, ev 963“B”-dən çıxarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar