Məhkəmə qərarları › İş №2(060)-1528/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1528/2021

06.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1528/2021 06.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Əliyeva Sevda Rufulla qızının iştirakları ilə, İddiaçının cavabdeh Babayeva (Musayeva) Səbinə Sabir qızına qarşı “mənzilə köçürülmə tələbinə dair” iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Babayeva (Musayeva) Səbinə Sabir qızına qarşı “mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən 1009 saylı fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2011-ci ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuş və onların birgə nikahdan xx xxxxxx 2012-ci il təvəllüdlü qızı X3 və xx xxxxxx 2015-ci il təvəllüdlü qızı X4 anadan olmuşdur. O, ata mülkünü sataraq Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən sahəsi 1 sot torpaq sahəsi almış və həmin torpaq sahəsi üzərində 35000 manat vəsait sərf etməklə 3 otaqlı fərdi yaşayış evi inşa etmiş və həmin evə qaz, işıq və su sayğacları qoyulmuş, bütün bu kommunal xidmət sahələri onun adına sənədləşdirilmişdir. Lakin cavabdehlə aralarında münasibətlər pozulmuş və məhkəmədə ona qarşı nikahın pozulması barədə iddia qaldırmış və Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(060)-5143/2019 saylı qətnaməsinə əsasən iddia təmin edilməklə aralarında bağlanmış nikah ləğv edilmiş, ondan hər iki uşağa 320 manat sabit pul məbləğində aliment tutulmuşdur. Boşandıqdan sonra da o, qeyd edilən fərdi yaşayış evində yaşamış, lakin cavabdeh xx.xx.2020-ci il tarixdə evin çöl giriş-çıxış qapısının açarını dəyişməklə onu evə buraxmamış, cavabdeh və anası onu hədələmiş, polisə şikayət edəcəklərini bildirmiş və bu səbəbdən də o, həmin gecəni avtomaşında gecələmiş, səhərisi günü isə AR DİN-nin 102 xidmətinə şikayət etmişdir. Bu məsələ ilə bağlı Sumqayıt şəhər Pİ-nin 2-ci Polis Bölməsində araşdırma aparılmış və həmin vaxt cavabdeh özü də qapının açarını dəyişdiyini və onu evə buraxmadığım etiraf etmişdir. Ona həmin vaxt izah edilmişdir ki, o həmin evə köçürülmə ilə bağlı məhkəməyə müraciət etməlidir. Mübahisəli fərdi yaşayış evi onun tərəfindən inşa edilmiş və kommunal xidmət sahələri (qaz,işıq,su) onun adına qeydə alınmış və tərəfindən bu xidmətlərə görə ödənişlər apanlmışdır. Mübahisəli fərdi yaşayış evindən qovulduğu üçün o, başqa ünvanlarda müvəqqəti sığınacaq tapmaq məcburiyyətində qalmışdır, çünki onun yaşamağa başqa bir daimi yaşayış yeri yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, dəqiq tarixi ona məlum olmasa da təxminən 2 il əvvəl Seyfəddin adlı usta yoldaşı ilə birlikdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikintisində usta kimi iştirak etmişdir. Evin tikintisi ilə bağlı Daşqının atası ilə danışıqlar aparılmışdır. Tikinti aparıldığı müddətdə Daşqın gedib-gəlib nəzarət etmişdir. Ev 5 daş üstündə tikilib, 3 otaq, 1 mətbəxdən ibarət olub. Daşqını evin tikintisi ilə bağlı tanıyıb, əvvəl hər hansı bir tanışlıqları olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, iş üzrə tərəfləri tanıyır, Səbinə ilə bir yerdə oxumuşlar. Özü usta fəaliyyəti ilə məşğul olaraq santexniki işləri yerinə yetirir. Təxminən 2013-cü ilin axırlarında Daşqının atası evə su çəkilməsi lazım olduğu üçün onu çağırmış, o da Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən fərdi yaşayış evinə su çəkmişdir. Evə su çəkən zaman orada yaşayış olmamışdır. Ona məlum olduğu qədərilə ev Daşqının evi olub. Həmin vaxt Daşqın evli idi, atasının evində yaşayırdı. Atasının evi bina evi idi, sonradan eşitmişdir ki, Daşqıngil həmin bina evini satdıqdan sonra hazırki sənədsiz evi tikib, oraya köçüb yaşamağa başlamışlar. Bir dəfə Daşqın kombini təmizləmək üçün onu evə çağrımış, həmin vaxt Daşqının ailəsi ilə birlikdə orada yaşadığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, iddiaçı Daşqını məhəllə uşağı kimi 15 ildir ki, tanıyır. Sumqayıt şəhəri, S.Vurğun küçəsində bir evdə qalıblar. Təxminən 2 il bundan əvvəl Daşqının Kimyaçılar qəsəbəsində yerləşən evində tamet vurma və beton işlərini görmüşdür. Həmin vaxt evdə yaşayış olmuşdur. Hazırda isə Daşqının ailəsi orada yaşayır, özü isə kirayədə qalır. Məhkəmə iddiaçı tərəfin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyini nəticəni aşağıda şərh olunalarla əsaslandırır. Mülki iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(060)-5143/2019 saylı qətnaməsinin məzmunundan görünür ki, İddiaçı ilə Babayeva (Musayeva) Səbinə Sabir qızı arasında bağlanmış xx.xx.2011-ci il tarixli nikah pozulsun, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 xx.xx.2010-cu il təvvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X12 anası Babayeva (Musayeva) Səbinə Sabir qızının yanında qalsınlar qət edilmişdir. Kimyaçılar qəsəbəsi üzrə 2 saylı Məhəllə Komitəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsiev 1009 ünvanında 2003-cü ildən yaşayıb. Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin «Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» xx.xx.2020-ci il tarixli qərarının məzmunundan görünür ki, İddiaçı ərizəsi əsasında aparılmış araşdırma zamanı X1 izahat verərək göstərmişdir ki, keçmiş həyat yoldaşı İddiaçılə birgə yaşadıqları müddətdə anası Kübraya məxsus torpaq sahəsində tikdikləri evin rəsmi sənədi olmadığına görə əmlak bölgüsü ilə bağlı məhkəmə proses davam edir, Daşqın onu evə buraxmadığına görə uşaqları ilə birlikdə anasının yanında yaşamış, təxminən 4 ay əvvəl Daşqın evin giriş və həyət qapısının açarının birini ona vermiş, son günlər o, uşaqları ilə birlikdə həmin evdə yaşamaq məqsədi ilə evin giriş və həyət qapılarının qıfılını dəyişdirmişdir. Daşqınla boşandığına görə həmin evdə Daşqınla birgə yaşasalar gələcəkdə xoşagəlməz hallar baş verməməsi üçün, Daşqından ehtiyat etdiyi üçün evin qapılarının açarını dəyişdiyini göstərmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər birgə nikahda olduqları müddətdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən torpaq sahəsində fərdi yaşayış evi inşa etdirərək birlikdə yaşamışlar. Sonradan tərəflər arasında ailə münasibətləri pozulmuş, iddiaçı həmin tikiliyə cavabdeh tərəfindən buraxılmamışdır. Mübahisə predmeti olan ev özbaşına tikili olmaqla, hüquq müəyyənedici sənədlər yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü maddəsinin tələbinə görə əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunur ki, "Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz". Məhkəmə hesab edir ki, mübahisəli evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olsa da, həmin ev mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Bu halı iş üzrə toplanmış sübutlar təsdiq edir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, iddiaçı tərəfin də həmin şərtlər daxilində evdə yaşamaq hüququ vardır, iddiaçı tərəfin mübahisəli evdən öz iradəsindən asılı olmayan səbəbdən çıxması onun həmin sahədə yaşamaq hüquqlarının itirilməsinə səbəb ola bilməz. Odur ki, iddiaçı həmin mübahisəli tikilini cavabdehlə birlikdə inşa etdiyindən, həmin tikilidə onunla birlikdə yaşadığından və cavabdehlə birgə təsərrüfatın idarə edilməsində iştirak etdiyindən həmçinin mübahisəli ev iddiaçının yeganə yaşayış yeri olduğundan onun Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair iddiası təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə 10 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən 1009 saylı fərdi yaşayış evinə köçürülsün. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar