Məhkəmə qərarları › İş №2(060)-1557/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1557/2022

09.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1557/2022 09.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və onun uşaqları X2 və azyaşlı X3 həmin mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birlikdə imza edərək mülki iş üzrə ekspertiza keçirilməsi barədə vəsatət vermiş və ekspert qarşısında “24 yanvar 2022-ci il tarixli iddia ərizəsində “İddiaçıM” qarşısındakı imza İddiaçı məxsusdurmu?” sualının qoyulmasını xahiş etmişdirlər. Vəsatət onunla əsaslandırılmışdır ki, mübahisəli mənzildə cavabdehlərin uzun müddət yaşayış sahəsi kimi istifadə etmədikləri barədə iddia ərizəsində qeyd olunanlar həqiqətə uyğun deyildir. Hesab edirlər ki, iddiaçı olan anaları İddiaçı iddia ərizəsində qeyd olunanlar barədə heç bir məlumatı yoxdur. Çünki həmin iddia ərizəsini iddiaçı imzalamamışdır. İddia ərizəsində “İddiaçıM” qarşısındakı imza iddiaçı olan analarının deyildir. Buna görə də həmin imzanın analarına məxsus olub-olmamasını müəyyən etmək üçün məhkəmə xətşünaslıq ekspertizası təyin edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehlərin vəsatəti təmin edilmiş, rəy alınması üçün mülki iş və qərardadın surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş və rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. Həmin orqanın müvafiq rəyi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Rəydə bildirilmişdir ki, ekspertizaya təqdim olunmuş, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsində “Hədiyyə verən” qrafasındakı imza - İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, İddiaçı adından olan 24 yanvar 2022-ci il tarixli iddia ərizəsindəki imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən onun imzasına oxşadılmaqla icra olunmuşdur. Tərəflərə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, müvafiq rəyi və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, müvafiq rəydən aydın olur ki, iddia ərizəsi iddiaçı tərəfindən imzalanmamışdır. AR MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 260.2-ci maddəsinə əsasən qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İş üzrə ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə iş üzrə ekspertiza tədqiqatının dəyərinin 127 manat təşkil etdiyi göstərilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 127 manat tutularaq X1 hesabına ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Beləliklə, məhkəmə şərh olun hüquq normasına əsaslanaraq hesab edir ki, iddia ərizəsi iddiaçı tərəfindən imzalanmadığına görə AR MPM-nin 259.0.3-cü maddəsinə əsasən iddia baxılmamış saxlanılmalıdır. Yuxarıdakıları və AR MPM-nin 259-260, 263-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 127 manat tutularaq X1 müxbir hesabına köçürülsün. (Kod:210005,VÖEN:**********,Müxbir hesab:AZ41NABZ********************) Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar