Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1571/2022 14.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 20000 (iyirmi min) manat kompensasiya ödənilməklə Sumqayıt şəhəri, Samur-Abşeron kanalının şimalı, Yeni yaşayış massivi, 7-ci məhəllədə yerləşən 190 saylı evdən istifadə hüququna xitam verilməsi və həmin evdən çıxarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Samur-Abşeron kkanalının şimalı, Yeni yaşayış massivi, 7-ci məhəllədə yerləşən 190 saylı ev xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2019-cu il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdeh qeyd edilən evdə yaşayırvə həmin evə qeydiyyatdadır. Yaşayış sahəsindən mülkiyyətçinin onunla birgə yaşayan ailə üzvlərinin istifadə etmək hüququ vardır. Cavabdeh iddiaçının oğludur və hazırda iddiaçı ilə birlikdə yaşayır. İddiaçı, Cavabdeh 20000 (iyirmi min) manat kompensasiya ödənilməklə Sumqayıt şəhəri, Samur-Abşeron kanalının şimalı, Yeni yaşayış massivi, 7-ci məhəllədə yerləşən 190 saylı evdən istifadə hüququna xitam verilməsi və həmin evdən çıxarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi. İddia ərizəsində qeyd edilənləri təsdiq etdi. İddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh İddia tələbini qəbul etmədi. Bildirdi ki, onların Sumqayıtda 4 otaqlı evləri olmuşdur. Cavabdeh evin tək oğludur. O vaxt atasının xahişi, göstərişi ilə bacısına kömək etmək məqsədilə həmin 4 otaqlı evi satmış, bacısı üçün 3 sot, cavabdeh üçün 6 sot torpaq almışlar. 6 sotun içində 11 metrin 13 metrə, 5 daş kürsün üstündə ev tikmişlər. Hər mərtəbənin hündürlüyü 3 metr, 20 sm-dir. Sonra bacısı üçün 3 sotun içində 3 otaqlı ev tikmişlər. Atası ilə bərabər 2017-ci ilə qədər o evdə yaşamışlar. O evdə heç bir qeydiyyat, çıxarış olmamışdır. O torpaq cavabdehin atasına baş etibarnamə ilə 25 ya da 48 il müddətinə verilmişdir. Hər mərtəbənin ayrıca zalı, 2 otağı, ayaq yolu, hamamı və mətbəxi təmirlidir. Bunu da tikməkdə məqsəd o idi ki, atası demişdi ki, 1-ci mərtəbəni balaca nəvəsi üçün, 2-ci mərtəbəni də böyük nəvəsi üçün. Pilləkəni də çöldən qoydurmuşdur ki, gələcəkdə həyəti də ayırıb ikinci mərtəbəni böyük nəvəsinə birinci mərtəbəni də balaca nəvəsinə saxlasın. Vəsiyyəti də bu idi ki, böyük nəvəsinə özü baxacaq, balacaya da cavabdeh baxacaqdır. Atası öldükdən sonra anasının bacısı bildirmişdir ki, evi satmaq lazımdır ev guya uğursuzdur. Sonra cavabdehin heç bir xəbəri olmadan evi anasının adına özəlləşdirmişlər. Bundan xəbər tutanda cavabdeh və ailə üzvləri hamısı cavabdehin bibisinin evində qeydiyyatda olmuşlar. Bibisinin evindən qeydiyyatdan çıxanda bibisi demişdir ki, evə çıxarış almılşlar 2019-cu ildə, atası isə 2017ci ildə ölüb. Bibisi cavabdehə bildirmişdir ki, orada qeydiyyata düş ki, evi satmaq istəyirlər. Cavabdeh məhkəməyə müraciət etmiş, sorğu əsasında məlum olmuşdur ki, həqiqətən 2019-cu ildə anasına çıxarış verilib, həm də tam mülkiyyət hüququ ilə. Cavabdeh həmin evə məhkəmə qətnaməsi ilə qeydiyyata düşmüşdür. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sualını cavablandıraraq qeyd etdi ki, hazırda yaşadığı evin kirayə haqqı 500 manatdan az, təxminən 200-300 manat civarında olar. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin izahatlarını dinləyərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Sumqayıt şəhər Samur-Abşeron kanalının şimal, yeni yaşayş massivi, 7-ci məhəllə, ev 190 saylı xüsusi fərdi yaşayış evinin bugünkü bazar qiymətləri ilə satış qiyməti 70000 (yetmiş min) manat aralığında qiymətləndirilir. Kirayəsi isə 150 manatdır. - 2***-******* saylı, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Babayea ərəf Yaqub qızının etibanamə üzrə nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasıının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. - Azərbaycan Respublikasının DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, Sumqayıt şəhəri, Samur-Abşeron kanalının şimalı, Yeni yaşayış massivi, 7-ci məhəllədə yerləşən 190 saylı ev İddiaçı mülkiyyətindədir, Cavabdeh həmin evdə qeydiyyatdadır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Samur-Abşeron kanalının şimalı, Yeni yaşayış massivi, 7-ci məhəllədə yerləşən 190 saylı ev xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. AN-İ № ******* saylı xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, Samur-Abşeron kanalının şimalı, Yeni yaşayış massivi, 7-ci məhəllədə yerləşən ümumi sahəsi 0,06 ha hissəsini Sumqayıt Bələdiyyəsindən 1362 manat dəyərində almışdır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5070/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, İlkin iddia üzə iddiaçılar Cavabdeh və Babayeva Aytən Möhübbət qızının cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair ilkin iddiası qismən təmin edilmiş, ilkin iddia üzrə iddiaçı Cavabdeh, övladları xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 Sumqayıt şəhəri, Samurünvan 1 ünvanına istifadə hüquqları tanınmış, ilkin iddia qalan hissədə təmin edilməmişdir. Qarşılıqlı iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh və Babayeva Aytən Möhübbət qızına qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə cavabdeh Babayeva Aytən Möhübbət qızı Sumqayıt şəhəri, Samur-ünvan 1 ünvanından çıxarılması qət edilmiş, qarşılıqlı iddia qalan hisssədə təmin edilməmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2357/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5070/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qətnaməsi Cavabdeh kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bununla yanaşı, mülki qanunvericilik mülkiyyət hüququ ilə yanaşı əmlakdan qanuni əsaslarla istifadə edən şəxsin də hüquqları qanunvericiliklə tanınır və həm əmlakın mülkiyyətçisindən, həm də üçüncü şəxslərin müdaxiləsindən qorunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinin məzmununa görə, girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar əmlak hüquqları hesab edilir. Həmin Məcəllənin 158.4.-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə, hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddianın qanuni əsasını, qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi tətbiq edilərək hüquqi qiymət verilməlidir. Həmin maddənin tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürülmüş şəxsin (cavabdehin) həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şərtlər mövcud olduqdan sonra isə təklif olunan kompensasiyanın məbləği araşdırılmalıdır. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna-xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir.Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğundur. Belə ki, evin orta bazar qiyməti, həmin ərazidə və şəraitdə olan evlərin aylıq kirayə haqqı baxımından kompensasiya məbləği ağlabatandır. Məhkəmə işin faktiki hallarını və tərəflər arasında olan hazırkı mövcud qarşılıqlı münasibəti, mübahisəli evin dəyərini, mübahisəli evin cavabdeh tərəfindən istifadə edilən sahəsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən cavabdehə təklif edilən 20000 (iyirmi min) manat məbləğində pul cavabdehə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkan verilməsi üçün kifayət hesab edilə bilər. Həmçinin məhkəmə, hesab edir ki, mübahisəli mənzilin dəyərinə və yerləşdiyi yerinə görə cavabdehə təklif edilən kompensasiya ağlabatan və reallığa uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh 20000 (iyirmi min) manat kompensasiya ödənilməklə, Cavabdeh Sumqayıt şəhəri, Samur-Abşeron kanalının şimalı, Yeni yaşayış massivi, 7-ci məhəllədə yerləşən 190 saylı evə olan istifadə hüququna xitam verilsin və o, həmin evdən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-1571/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1571/2022
14.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver