Məhkəmə qərarları › İş №2(060)-158/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-158/2022

05.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-158/2022 05.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsinə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 5 ünvanında yerləşən 1 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil şəxsi mülkiyyət hüququ əsasında əri X2 məxsus olmuşdur. İddiaçı, X4 ilə 1984-cü ilin mayında nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Hazırki evi nikah dövründə, 1988-ci ildə əldə etmiş, mənzilin əsas kirayəçisi əri olmuşdur. Sonradan həmin evi özəlləşdirmiş, əri mülkiyyətçi olmuşdur. Həmin mənzildə ailə üzvləri olaraq Əsədov Ələkbər və Cavabdeh ilə birlikdə yaşamışlar. Cavabdeh iddiaçının ögey qızıdır, yəni ərinin başqa nikahdan olan övladıdır. Amma onlar bir bir ailə kimi həmişə mehriban yaşamış, iddiaçı cavabdehi qızı kimi böyütmüşdür. İddiaçı cavabdehin atası ilə ailə qurduğu vaxt cavabdeh 2 aylıq körpə olmuşdur. Əri öldükdən sonra vərəsəlik qaydasında ünvan 1 ünvanında yerləşən mənzil cavabdehin mülkiyyətinə keçmişdir. Çünki həmin dövrdə Rusiyada vətəndaşlıq almaq üçün iddiaçı, əri ilə formal olaraq boşanmışdır. Lakin boşanmaya baxmayaraq ailə kimi öldüyü günədək birlikdə yaşamışlar. Həmin vaxt mənzilin vərəsəlik qaydasında cavabdehin adına qeydə alınmasında iddiaçı ona kömək etmişdir. Son vaxtlar aralarında olan münasibət pisləşmiş, cavabdeh iddiaçını mənzilə buraxmır. Həmin mənzildə iddiaçı keçmiş mülkiyyətçinin ailə üzvü kimi 1988-ci ildən bugünə kimi yaşamaqla həmin mənzildə yaşamaq hüququ əldə etmişdir, eyni zamanda iddiaçının bütün əmlakları da hazırda həmin mənzildədir. Hazırda cavabdeh mənzilə mülkiyyət hüququ əldə etməsindən istifadə edərək iddiaçını mənzilə buraxmır. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi. İddia ərizəsində qeyd edilənləri təsdiq edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, İddiaçı onun analığıdır, 2 aylıq körpəliyindən onu saxlamışdır. Atasının Rusiyada yaxşı işləri olduğunu, atası ölməzdən qabaq mübahisəli mənzildən əlavə olaraq yeni tikili binadada mənzil almışdır. Atası ölməzdən qabaq məsləhət görmüşdür ki, həmin yeni tikilidə alınmış mənzili analığı İddiaçı adına keçirsinlər. Bundan sonra həmin yeni tikilidə alınmış mənzil İddiaçı adına qeydiyyata alınmışdır. Lalə adına olan həmin mənzili satmış, mənzilin satılmasından əldə olunmuş vəsaiti mənimsəmişdir. Bununla bağlı Laləyə qarşı məhkəmədə iddia qaldırdığını, lakin iddia tələbinin təmin edilmədiyini bildirdi. Hazırda İddiaçı ona ziyan vurmaq üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək mübahisəli mənzilə köçürülməyini istəyir. İddia tələbini əsassız hesab edir. Belə ki, Lalə, cavabdehin atası ilə nikahı pozulduqdan sonra mübahisəli mənzildə yaşamamış, Rusiyaya getmiş, Rusiya vətəndaşlığını qəbul edərək onun (Kamilənin) atasının biznesini idarə etmişdir. Rusiyada Lalənin evi, biznesi mövcuddur. Hazırda tək qaldığını bildirdi və atasından ona yeganə qalan 1 otaqlı mənzilə Lalənin köçürülməsinə etiraz edir. Bildirdi ki, Lalə həmin mənzilə köçərək ona ziyan yetirmək istəyir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Əsədov Ələkbər Əsəd oğlu ilə İddiaçı arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 27.03.2014-cü ildə, 113 № ilə qeyd edilmişdir. - ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 15.12.2015-ci il tarixdə iki tərəfli lobor sətəlcəm xəstəliyi səbəbilə Rusiya Federasiyasının Rostov vilayətinin Şaxtı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 07.05.2016-cı il tarixdə, 259 № ilə qeyd edilmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş İddiaçı sərhədkeçmə məlumatlarından görünür ki, o, 18.10.2015-ci il tarixdən hal-hazıradək Azərbaycan Respublikasının hüdudlarını tərk etmiş, qısa müddətlik ölkəyə gəlib-getmişdir. 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikasının hüdudlarını tərk etmiş, bir daha geri qayıtmamışdır. - Russiya Federasiyasının fərdi sahibkarlarının qeydiyyatına dair internet resursdan götürülmüş məlumata əsasən, İddiaçı fərdi sahibkar olaraq X3 vilayəti, Şaxtı şəhərində qeydiyyatdadır. -25.01.2022-ci il tarixli 13 saylı Mənzil Kommunal Sahəsinin təsdiq etdiyi arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında 1990-cı ildən qeydiyyatdadır, lakin həmin ünvanda yaşamır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin 21 yanvar 2022-ci il tarixli, **********68 saylı məktubundan görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 5 ünvanında yerləşən 1 saylı mənzil Sumqayıt XDS İK mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 21.04.1990-cı il tarixli, 301/353 saylı order, Sumqayıt şəhər İcra Hakimiyyəti MTİİB 13 saylı MİS tərəfindən verilmiş 13.03.2010-cu il tarixli, 600 saylı mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında X1 adına qeydiyyata alınaraq 08.04.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 4 tərəfindən təsdiq edilmiş 2V-206 reyestr nömrəli, 15.11.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında sözügedən mənzil Cavabdeh adına qeydiyyata alınaraq 17.11.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8290/2021 saylı, 24.11.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh İddiaçı qarşı “pul tələbinə” dair iddia tələbi rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən olunur ki, həmin iş üzrə iddiaçı Cavabdeh (hazırki iş üzrə cavabdeh) cavabdeh İddiaçı (hazırki iş üzrə iddiaçı) qarşı pul tələbi ilə çıxış etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, İddiaçı atasının ona (Kamiləyə) aldığı mənzili satara vəsiti özünüküləşdirmişdir. İddiaya etiraz edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə qeyd etmişdir ki, həmin mənzil İddiaçı və həyat yoldaşının vəsaiti hesabına alınmışdır. Lalə və həyat yoldaşı Rusiyada alver edərək pul qazanmış, həmin pulla Kamiləni böyüdüb toy etmiş, cehizini vermiş və maşın da almışlar. Həmin bu mübahisəli mənzilin pulunu da şəxsən Lalə öz qazancı ilə öz adından bank vasitəsilə Kamiləyə göndərmiş və müqaviləni də Kamilənin adına ona görə bağlamışdır ki, onlar Rusiyada olduqları üçün ödənişləri Kamilə etsin. Gələcəkdə onlar Rusiya vətəndaşlığını qəbul etməyə hazırlaşırdılar, bu məqsədlə hətta formal olaraq da ayrılmışdılar ki, hər biri Rusiyada nikaha daxil olaraq Rusiya vətəndaşlığı alsınlar, gələcəkdə Rusiya vətəndaşı üçün bu mənzili mülkiyyətə keçirmək və ya satmaqda problemlər yarana bilməsi, eləcə də yüksək rüsumlar ödəmək ehtimallarını da nəzərə almışlar. Sonradan həyat yoldaşı rəhmətə gedəndən sonra birgə nigah dövründə əldə etdikləri mənzili Kamilənin adına keçirtmiş, Kamilə də könüllü olaraq MTK-da olan mənzili Lalənin adına keçirilməsi üçün MTK-ya ərizə verərək öz pay hüququndan imtina etmiş və mənzilin Lalənin adına keçirilməsi barədə ərizə vermişdir. Bundan sonra Laləyə mənzilə mülkiyyət hüququna dair çıxarış verilmişdir. Sonradan Lalə həmin mənzili satmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; İddiaçı cavadeh Cavabdeh atası X4 ilə 1988-ci ildə nikaha daxil olmuşlar. 21.04.1990-cı il tarixdə Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 5 ünvanında yerləşən 1 saylı mənzil ünvan 3 Order əsasında X2 ayrılmışdır. 08.04.2010-cu il tarixdə yuxarıda qeyd edilən mənzil İddiaçı razılıqı əsasında X1 adına qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. X4 ilə İddiaçı arasında olan nikah 27.03.2014-cü il tarixdə pozulmuşdur. X4 15.12.2015-ci il tarixdə Rusiya Federasiyasının Rostov vilayətinin Şaxtı şəhərində ölmüşdür. Bundan sonra Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 5 ünvanında yerləşən 1 saylı mənzil, ünvan 4 tərəfindən təsdiq edilmiş 2V-206 reyestr nömrəli, 15.11.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh adına qeydiyyata alınaraq 17.11.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı ünvan 1 ünvanında 1990-cı ildən halhazıradək qeydiyyatdadır, lakin həmin ünvanda yaşamır, hal-hazırda Respublik hüdudlarından kənardadır, digər dövlətdə fərdi sahibkar kimi qeydiyyata alınmışdır. İddiaçı mübahisəli mənzildən nikahı pozulduqdan sonra istifadə etməsədə, mənzildə pasport qeydiyyatında formal olaraq qalmışdır. İddiaçı mülkiyyətində Sumqayıt şəhəri, 6-cı mkr., bina 11A-da 166 saylı mənzil olmuş və həmin mənzil onun tərəfindən 11.03.2021-ci il tarixdə satılmışdır. İddiaçının cavabdehlə hər hansı bir etibarlı ailə əlaqələri mövcud deyil, iddiaçının yaşayış sahəsinə olan ehtiyacını cavabdehin evindən istifadə etməklə qarşılamaq məcburiyyəti yoxdur. İddiaçının mübahisəli mənzildən istifadə etmə ilə əlaqədar hüquqları aradan qalxmışdır, mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən iddiaçının istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə dair yaranmış hüquq münasibətləri 2000-ci ilin sentyabr ayından əvvəlki dövrə təsadüf edir və həmin dövrdə mənzilin hüquqi statusu dövlət mənzil fonduna aiddir. Sadalananları rəhbər tutaraq, məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibətlər 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin hüquq normasının əsasında qurulmuşdur və həmin Məcəllənin normaları əsasında tənzimlənməlidir. 1982-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Mənzil Məcəllənin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində isə qeyd olunur ki, kirayəçinin və ya onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən belə hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yerə köçdükləri gündən pozulmuş hesab edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilir ki, - şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi : İddiaçı Cavabdeh qarşı Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 5 ünvanında yerləşən 1 saylı mənzilə köçürülməsi tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar