Məhkəmə qərarları › İş №2(060)-1619/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1619/2024

16.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1619/2024 16.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi bildirişinin əmək və məşğulluq altsisteminə daxil edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, onunla fiziki şəxs Cavabdeh arasında xx.xx.2020-ci ildə bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilməsi və xx.xx.2020ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq altsisteminə” daxil edilməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci ildə fiziki şəxs Cavabdeh (VÖEN: **********) ilə əmək müqaviləsi bağlamışdır. Cavabdeh fiziki şəxs kimi fəaliyyətini dayandırdığı üçün işdən çıxmışdır. İşdən çıxsa da, Cavabdeh əmək nüqaviləsinə xitam verdiyini rəsmiləşdirməmiş, bu barədə “əmək və məşğulluq altsisteminə” məlumat daxil etməmişdir. Ünvanlı sosial yardım almaq məqsədilə müraciət etdikdə ona bildirmişdirlər ki, onunla fiziki şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməmişdir. O, 2 saylı Ərazi Vergilər İdarəsinə fiziki şəxs Cavabdeh vergi uçotunda olub-olmaması barədə etdiyi müraciətə cavab olaraq bildirmişdirlər ki, Cavabdeh vergi uçotu xx.xx.2021-ci ildə ləğv edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2023-cü il tarixli nəktubu ilə ona məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Cavabdeh fiziki şəxs kimi xx.xx.2021-ci ildən fəaliyyət göstərmir. Onunla fiziki şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi formal xarakter daşıyır. Bağlanmış əmək müqaviləsinə xitam verilməməsi səbəbindən aztəminatlı ailə kimi ünvanlı sosial yardım ala bilmir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Cavabdeh məxsus VÖEN ləğv ediləndə onun əmək müqaviləsinə xitam verilməsi rəsmiləşdirilməmişdir. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, hazırda iddiaçı başqa yerdə işləyir. Əmək müqaviləsinə xitam verilməsi rəsmiləşdirilmədiyi üçün yarımştatla işləyir. Buna görə də tam şəkildə maaş ala bilmir. VÖEN-in ləğv olunması ilə əlaqədar son 1 sənədi var və onu məhkəməyə təqdim etmişdir. İddiaçının əmək müqaviləsinə xitam verə bilmək üçün VÖEN-i bərpa olunmalıdır. O da işsiz kimi ünvanlı sosial yardım aldığı üçün VÖEN-ini bərpa edə bilmir. Əks halda yardım dayandırılacaqdır.

Tədqiq olunan sübutlar:

5. İddiaçı məxsus ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixində 197/K saylı əmrlə "xxxx" MMC-nin X1 şöbəsinə sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.2018-ci il tarixində 70/K saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “2-A” bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir.

6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-5/2-İ-24520/2023 saylı məktubunda qeyd edilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsinin X3 Xidmətinin səlahiyyətləri xaricindədir və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməli, işəgötürən tərəfindən bu vəzifə icra edilmədikdə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün olmadıqda bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı təqdirdə məhkəmə tərəfindən müəyyən edilməklə X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq altsisteminə” daxil edilməsi hüququnun X3 Xidmətinə həvalə edilməlidir.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh ünvanladığı uçota dair arayışdan görünür ki, Cavabdeh vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilməmiş, vergi uçotu xx.xx.2021-ci il tarixdən ləğv edilmişdir.

Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: -2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. -9-cu maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. -42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. -49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. -12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. -68-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

10. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli № 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın:

-3.4-cü bəndinə əsasən Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qimən təmin edilməlidir.

12. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə kuryer kimi işə götürülmüş və bu barədə tərəflər arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Daha sonra Cavabdeh fiziki şəxs kimi fəaliyyətini dayandırmış, lakin işçi olan iddiaçının əmək müqaviləsinə xitam verməmişdir. Cavabdehin vergi uçotu xx.xx.2021-ci il tarixdən ləğv edilmişdir.

13. İddiaçı adına aktiv əmək müqaviləsinin olması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət etmiş, həmin orqan tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsinin X3 Xidmətinin səlahiyyətləri xaricində olduğu bildirilərək ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir.

14. Hazırda iddiaçı cavabdeh işəgötürənlə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsini məhkəmədən xahiş edir.

15. Məhkəmə hesab edir ki, işçilərin işə qəbul olunmaqla bağlı müqavilə bağlamaq sərbəstliyi, yəni əmək müqaviləsinin tərəflərin iradə sərbəstliyi əsasında bağlanması işçilərin Əmək qanunvericiliyi ilə qorunan əsas hüquqlarından olduğu kimi, onların bağladıqları əmək müqaviləsinə xitam verilməsini tələb etmələri də həmin qanunvericiliklə tənzimlənən əsas hüquqlarından biridir.

16. Məhz bu səbəbdəndir ki, Əmək qanunvericiliyi əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəsin əmək müqaviləsi bağlamağa məcbur edilə bilməməsini, məcburi əməyə cəlb edən təqsirkar şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsini nəzərdə tutmaqla məcburi əməyi qadağan etmişdir.

17. Cavabdeh işəgötürən vergi uçotunun ləğv edilməsi səbəbindən iddiaçının əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsinin mümkün olmadığını bildirir.

18. İddiaçının qüvvədə olan əmək müqaviləsinin olması və həmin müqaviləyə xitam verilməməsi isə onun sosial hüquqlarının həyata keçirilməsinə, eyni zamanda tam iş vaxtı işləməsi, digər şəxslərlə əmək müqaviləsi bağlaması ilə bağlı hüquqlarını həyata keçirməsinə maneələr yaradır.

19. Bundan əlavə hər iki tərəfin, yəni işəgötürən və işçinin arasında əmək münasibətlərini davam etdirilmədiyi işəgötürənin vergi uçotunun ləğv edilməsi ilə təsdiq olunur. Vergi uçotunun ləğv olunması artıq işəgötürənin fiziki şəxs olaraq fərdi sahibkarlıq fəaliyyətini həyata keçirdiyini istisna edir.

20. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində bağlanılmış əmək müqaviləsinə xitam verilməlidir.

21. İddiaçının digər tələbinə, yəni xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq altsisteminə” daxil edilməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməsinə dair tələbinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir.

22. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir.

23. Məhkəmə qeyd edir ki, hüquq və azadlıqların müdafiəsinin ən mühüm elementi olan məhkəmə qarşısında iddiaçı və ya cavabdeh qismində iddia qaldırmaq və ya müdafiə olunmaq hüququnun realizəsi üçün, ilk növbədə, prosessual qaydalara dəqiq riayət olunması mütləqdir. Məhz bu məqsədlə Mülki Prosessual Məcəllə ilə qanunverici mülki məhkəmə icraatının ümumi qaydalarını, prinsip və şərtlərini təsbit etmiş, işdə iştirak edən şəxslərin, o cümlədən tərəflərin dairəsini və onlara qarşı irəli sürülmüş tələbləri, həmçinin hüquq və vəzifələrini müəyyən etmişdir.

24. Mülki Prosessual Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

25. Mülki Prosessual Məcəlləyə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (Mülki Prosessual Məcəllənin 50.1 və 50.3-cü maddələri). Qeyd edilməlidir ki, tərəflər konkret mübahisəli hüquq münasibəti üzrə bir-birinə əks olan maraqlara malik şəxslərdir.

26. İstinad olunan prosessual normaların tələblərindən göründüyü kimi, iş üzrə tərəflər yalnız iddiaçı və cavabdehdir. Tələb etmək hüququ olan şəxs iddiaçı, iddiaya cavab vermək vəzifəsi olan şəxs isə cavabdehdir.

27. Məhkəmə A.Əliyevin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyun 2019-cu il tarixli qərarında qeyd edilmiş mövqedən çıxış edərək bildirir ki, Mülki Prosessual Məcəllənin 57-ci maddəsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar. İstinad olunan prosessual normaların tələblərindən göründüyü kimi, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin üzərinə hər hansı bir vəzifə qoyulması və ya üçüncü şəxsin digərlərindən tələb etmək hüququ qanunla nəzərdə tutulmamışdır.

28. Beləliklə məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər prosesin tərəfi olmadığından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin üzərinə iddiadan irəli gələn vəzifələr qoyula bilməz.

29. İddiaçıya izah olunsun ki, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin “Əmək və məşğulluq altsisteminə daxil edilməsi ilə bağlı dövlət orqanına - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət edə bilər, müraciətinin təmin edilməsindən imtina edildiyi təqdirdə isə məhkəmə müdafiəsindən istifadə edə bilər.

30. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

Nəticə:

31. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar