Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1624/2021 04.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 03.09.2013-cü il təvəllüdlü oğlu X3 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 05 yanvar 2005-ci ildə el adəti ilə, 05 sentyabr 2005-ci ildə isə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarında 03.09.2013-cü il təvəllüdlü X3 anadan olmuşdur. Cavabdehlə ailə qurub, əvvəllər mehriban yaşasalar da, ailə münasibətləri sonradan pisləşmişdir.Bundan sonra cavabdeh 2017-ci ilin aprel ayında yaşadıqları evi tərk etmiş, ər-arvad münasibətlərini kəsərək ona məlum olmayan ünvanda yaşamışdır. ünvan 2i mülkiyyət hüquq üzrə cavabdehə məxsusdur. Bundan sonra cavabdeh uşağı görmək adı ilə gəlsə də, uşağın və ailənin ehtiyacları ilə maraqlanmamış, ər və atalıq borcunu yerinə yetirməmişdir. Əksinə onun həmin evdən məcburi şəkildə çıxarılmağı üçün fərdi yaşayış evinin işığını, suyunu və qazını kəsmiş, onların əziyyət çəkməsi və yaşayış evini tərk etməkləri üçün əlindən gələni etmişdir. Ona görə də iddiaçı nikahın pozulması barədə iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-14264/2017, 08 dekabr 2017-ci il tarixli qətnaməsinə tərəflər arasında nikah pozulmuşdur. Cavabdeh onun yaşadığı bağ evinin işığını, suyunu, qazını tez-tez kəsdiyindən, azyaşlı uşağının soyuqlamaması üçün dekabr ayında müvəqqəti olaraq həmin evdən çıxmaq məcburiyyətində qalmışdır. İddiaçı azyaşlı uşağı ilə birlikdə həmin fərdi yaşayış evinə qayıdıb orada yaşamaq istəsə də, cavabdeh nikahları ləğv olunduğundan onun həmin ünvanda yaşamasına razı olmamış və fərdi yaşayış evinə buraxmamışdır. Daha sonra cavabdeh ailə qurmuş və ikinci həyat yoldaşı ilə həmin evdə yaşamağa başlamışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ünvan 2i 2007-ci ildə, cavabdehlə nikahda olduqları dövrdə inşa edilib. Evin tikilməsinə onun ailəsi kömək göstərib. Onun başqa yaşayış yeri yoxdur və həmin evə yaşayış sahəsi kimi ehtiyacı var. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyildir. Onlar iddiaçı ilə 2018-ci ildə boşanmışlar. Nikah pozulana qədər onlar həmin evdə yaşamışlar. Evin sənədi yoxdur. İddiaçı hazırda orada yaşamır. İddiaçı uşağı problem edirsə, uşaq onun yanında qala bilər. Ev 2007-ci ildə inşa edilib və həmin vaxt iddiaçı ilə həmin evə köçərək yaşayıblar. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1984-cü ildə anadan olmuş, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Maxta kəndində qeydiyyatdadır. Cavabdeh 03.08.1984-cü ildə anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı ilə cavabdeh arasında 05.09.2005-ci ildə nikah bağlanmışdır. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X3 03.09.2013-cü ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə X1r. Nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında nikahın pozulması 335 saylı, 01.09.2018-ci il tarixli akt ilə qeydə alınmışdır. Məhkəmə sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 12.04.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 8 nömrəli bağ sahəsinin qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrində məlumat aşkar edilməmişdir. 15 saylı Mənzil Kommunal Sahəsinin 08.09.2017-ci il tarixli, 206 saylı arayışında göstərilmişdir ki, cavabdeh ünvan 3 ünvanında yaşayır. Mülki Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göründüyü kimi iddiaçı öz azyaşlı uşaqları ilə birlikdə cavabdehin yaşadığı Sumqayıt şəhəri, Novxanı bağları, 8 nömrəli bağ sahəsində inşa edilmiş yerləşən fərdi yaşayış evinə (bundan sonra – mübahisəli ev) köçürülməsini istəyir. İddiaçının köçmək istədiyi mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehlərin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər (27.1.). On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır (27.2.). Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir (27.3.). İşin müəyyən edilmiş hasllarından göründüyü kimi iddiaçı cavabdehlə rəsmi nikaha daxil olduqdan sonra mübahisəli ev onların nikahda olduqları dövrdə inşa edilmişdir. İddiaçı cavabdehlə nikahları pozulana qədər həmin evdə yaşamışdır. Bu səbəbdən həmin fərdi yaşayış evinə onun yaşayış yeri kimi qiymət verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz azyaşlı uşağı ilə birlikdə həmin evi tərk etsə də, bu onun yaşayış yerini itirməsi anlamına gələ bilməz. Belə ki, iddiaçı məcbur qalaraq müvəqqəti həmin evi tərk etmişdir. Bu səbəbdən onun mübahisəli evə köçürülmə tələbi qanuni və əsaslıdır. Bu səbəbdən iddiaçı mübahisəli fərdi yaşayış evinə köçürülməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. İşdən göründüyü kimi iddiaçının yetkinlik yaşına çatmayan uşağı 03.09.2013-cü il təvəllüdlü X3 iddiaçı ilə birlikdə yaşayır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, iddiaçı öz yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı yetkinlik yaşına çatmayan uşağı 03.09.2013-cü il təvəllüdlü X3 ilə birlikdə Sumqayıt şəhəri, Novxanı bağları, 8 saylı bağ sahəsində inşa edilmiş fərdi yaşayış evinə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1624/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1624/2021
04.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver