Məhkəmə qərarları › İş №2(060)-1661/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1661/2021

13.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1661/2021 13.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Həsənli Mehriban Hüsyen qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin və yetkinlik yaşına çatmayan X6, X5 və Nəcəfov Ümid Emin oğlunun Sumqayıt şəhəri, 3-cü mikrorayon, 4/2 saylı evin 35-ci mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri, 3-cü mikrorayon, 4/2 saylı evin 35-ci mənzilini X1 23.09.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən almışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa həmin mənzil onun xüsusi mülkiyyətindədir. Buna baxmayaraq cavabdehlərin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Cavabdehlər və ailə üzvləri olan yetkinlik yaşına çatmayan şəxslər formal olaraq mənzildə qeydiyyatda qalmışlar. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclası barədə göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşmaterialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1970-ci ildə anadan olmuşdur. İş materiallarında olan elektron notariat avtomatlaşdırılmış sistemdən çıxarışa əsasən cavabdehlər xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh2, xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh3, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh4 və xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh5 və yetkinlik yaşına çatmayan şəxslər 27.07.2007ci il təvəllüdlü X6, 12.04.2016-cı il təvəllüdlü X5 və 20.10.2010-cu il təvəllüdlü Nəcəfov Ümid Emin oğlu Sumqayıt şəhəri, 3-cü mikrorayon, 4/2 saylı evin 35-ci mənzilində (bundan sonra – mübahisəli mənzil) qeydiyyatdadırlar. 23 sentyabr 2020-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı mübahisəli mənzili X1 almışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. 18 saylı Mənzil Kommunal Sahəsinin 12.07.2021-ci il tarixli arayışında göstərilmişdir ki, cavavbdehlər mübahisəli mənzildə qeydiyyatda olsalar da, həmin mənzildə yaşamırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). İşdən göründüyü kimi iddiaçı mübahisəli mənzili alqı-satqı müqaviləsinə əsasən almışdır. Mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdehlər həmin mənzildə yaşamırlar və formal olaraq mənzildə qeydiyyatda qalmışlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından da biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mənafeyinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən iddia təmin edilməli və cavabdehlərin mübahisəli mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirildiyi üçün onlarla birlikdə yaşayan ailə üzvləri olan yetkinlik yaşına çatmayan şəxslərin də mübahisəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5, həmçinin yetkinlik yaşına çatmayan şəxslər 27.07.2007-ci il təvəllüdlü X4, 12.04.2016-cı il təvəllüdlü X2 və 20.10.2010-cu il təvəllüdlü Nəcəfov Ümid Emin oğlunun Sumqayıt şəhəri, 3-cü mikrorayon, 4/2 saylı evin 35-ci mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Hazırkı qətnamə göstərilən şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar