Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1674/2021 30.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 hüquqi varisi X1, üçüncü şəxs Yaşma bağları “Dəfnə” bağçılıq yoldaşlıq cəmiyyətinin sədri Maraqlı şəxs1 iştirakı ilə, İddiaçı Cavabdeh1 hüquqi varisi X2 və qeyrilərinə qarşı (üçüncü şəxslər X6 və Yaşma bağları “Dəfnə” bağçılıq yoldaşlıq cəmiyyətinin sədri Maraqlı şəxs1) torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) X2, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (X6 və Yaşma bağları “Dəfnə” bağçılıq yoldaşlıq cəmiyyətinin sədri Maraqlı şəxs1 üçüncü şəxslər kimi göstərməklə) 07.09.1988-ci il tarixli, 23 saylı qərar əsasında mülkiyyətinə verilmiş torpaq sahəsini, qanunsuz təsirlərdən, digər maneələrdən azad olunaraq sahiblik və istifadə hüquqlarının bərpa edilməsi və həmin torpaq sahəsində yerləşdirilmiş cavabdehlərə məxsus əşyaların onların hesabına çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı boru yayma zavodunda işləmişdir. İşlədiyi dövrdə Yaşma bağları “Dəfnə” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən 23 saylı bağ 0,06 ha torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçıya verilmişdir. Həmin bağ sahəsində abadlıq işləri aparmış, bağçılıq yaşıllaşdırma işləri və mişar daşı ilə hasar çəkdirmişdir. Bağ sahəsinə işıq, qaz, su çəkilib və bu günə qədər də iddiaçının istifadəsindədir. İddiaçı sənədlərini qaydaya saldıqdan sonra ona məxsus torpaq sahəsini daş hasara aldıraraq sahəsində abadlıq işləri aparmışdır. Lakin, Maraqlı şəxs2 məhkəməyə müraciət etdi və nəticədə məhkəmə onun xeyrinə həmin ərazinin 0,0287 ha hissəsinin sökülməsinə dair qərar verdi. Yaşma bağları sahəsində yerləşən “Dəfnə” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən ona 0,06 ha. torpaq sahəsi ayrılsa da fakitiki olaraq bu gün həmin hissə tam olaraq isdifadəsində deyil və Sumqayıt Şəhər Məhkəməsinin qərarına əsasən, həmin ərazinin göstərilən 0,0287 ha hissəsi ondan alınmışdır. Yaşma bağları sahəsində yerləşən “Dəfnə” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən, ona ayrılmış torpaq sahəsini zəbt edən cavabdehlərin çıxarılmasını tələb etsə də, “Dəfnə” bağçılıq cəmiyyəti tərəfindən bildirmişlər ki, həmin cavabdehlərin çıxarılması barədə məhkəməyə müraciət etmək lazımdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, onun bağ sahəsi sənədə əsasən 600 kv.metrdir. Lakin, məhkəmə qətnaməsinə əsasən bağ sahəsinin 287 kv.metri X5 verilib. Yəni, onun torpaq sahəsi azalıb. Cavabdehlərə məxsus bağ sahələri onun bağ sahəsinin qonşuluğunda yerləşir. Onun torpaq sahəsinin kim tərəfindən zəbt edildiyini bilmir. Cavabdehlərin hər hansı birinə qarşı torpaq iddiası yoxdur. Sadəcə onun torpaq sahəsi məhkəmə qətnaməsinə əsasən alınıb başqa şəxsə verilib. Hal-hazırda o, torpaq sahəsinin sənədə uyğun olaraq bərpa edilməsini istəyir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Mahirə İsmayılova iddia tələbinə etiraz edərək bildirdi ki, onun torpaq sahəsi iddiaçıya məxsus torpaq sahəsinin qonşuluğunda yerləşir. Qonşu kimi iddiaçı ilə bir-birlərinə qarşı torpaq məsələsi ilə bağlı hər hansı narazılıqları və tələbləri olmayıb. O, hazırkı iddiaya cavab verməli olan şəxs deyil. Qeyd edilənlər əsasında cavabdeh məhkəmədən iddia tələbinin ona aid hissədə təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs Maraqlı şəxs1 məhkəmə iclasında izahat verərək bildirdi ki, mübahisəli bağ sahələri sənədlərdə qeyd edildiyi kimi bölünməmişdir. Hər bir şəxsin payına düşən sahələrdə sürüşmələr olmuşdur. Ona görə də bu cür mübahisələr meydana gəlmişdir. Bu səbəbdən üçüncü şəxs iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında izahat vermiş üçüncü şəxs Hafizə Pirimova bildirmişdir ki, həyat yoldaşı Maraqlı şəxs2 zavodun direktoru olub. Həmin bağ sahələrinin zavodun balansında olub. İddiaçıya məxsus olan bağ sahəsinin bir hissəsi onların olduğuna görə məhkəmə qətnaməsinə əsasən iddiaçıdan alnıb onlara verilib. Bağ sahələrinin vətəndaşlara sənədlərə uyğun olmayaraq satılması başçılıq cəmiyyətinin təqsiri ucbatından baş verib. Qeyd edilənlərə əsasən üçüncü şəxs iddianın təmin edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışlarına əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1955-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh Mahirə İsmayılova 10.08.1954-cü ildə anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdeh3 xx.xx.1994-cü ildə anadan olmuş, Neftçala rayonu, Qırmızıkənd ərazi dairəsi, Qırmızıkənd kəndində qeydiyyatdadır. Cavabdeh2 xx.xx.1987-ci ildə anadan olmuş, Yardımlı rayonu, Urağaran kəndində qeydiyyatdadır. Üçüncü şəxs Hafizə Pirimova 03.06.1955-ci ildə anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. Üçüncü şəxs Maraqlı şəxs1 xx.xx.1948-ci ildə anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatdadır. “Dəfnə” Bağçılıq cəmiyyətinin bağçılıq kitabçasına əsasən iddiaçıya 07.09.1988-ci il tarixində 600 kv.metyr sahəsi olan 23 saylı bağ sahəsi ayrılmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Dəfnə” B/Y, 54-də yerləşən torpaq sahəsi 19.07.2019-cu il tarixdə cavabdeh Mahirə İsmayılovanın adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarına həmin torpaq sahəsinin plan-sxemi əlavə olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12027/2016 saylı, 28.10.2016-cı il tarixli qətnaməsi ilə Sumqayıt şəhəri, Yaşma bağlar sahəsində yerləşən və “Dəfnə” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən Maraqlı şəxs2 ayrılan və ümumi sahəsi 0,06 ha olan 22 saylı torpaq sahəsinin İddiaçı tərəfindən zəbt edilmiş 17 metr sahəsinin və Cavabdeh1 tərəfindən zəbt edilmiş 2,5 metr hissəsinin boşaldılaraq Maraqlı şəxs2 istifadəsinə qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.05.2017-ci il tarixli, 2(105)-700/2017 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12027/2016 saylı, 28.10.2016-cı il tarixli qətnaməsi dəyişdirilərək Sumqayıt şəhəri, Yaşma bağlar sahəsində yerləşən və “Dəfnə” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən Maraqlı şəxs2 ayrılan və ümumi sahəsi 0,06 ha olan 22 saylı torpaq sahəsinin İddiaçı tərəfindən zəbt edilmiş 0,0287 ha torpaq sahəsinin və Cavabdeh1 tərəfindən zəbt edilmiş 0,0048 ha torpaq sahəsinin boşaldılaraq Maraqlı şəxs2 istifadəsinə qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16.10.2017-ci il tarixli, 2(102)-6814/17 saylı Qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.05.2017-ci il tarixli, 2(105)-700/2017 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. İşə yenidən baxan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.07.2019-cu il tarixli, 2(105)-78/19 saylı qətnaməsi ilə Sumqayıt şəhəri, Yaşma bağlar sahəsində yerləşən və “Dəfnə” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən Maraqlı şəxs2 ayrılan və ümumi sahəsi 0,06 ha olan 22 saylı torpaq sahəsinin İddiaçı tərəfindən zəbt edilmiş 0,0287 ha torpaq sahəsinin və mərhum Cavabdeh1 tərəfindən zəbt edilmiş 0,0048 ha torpaq sahəsinin sonuncunun hüquqi varisi X3 tərəfindən boşaldılaraq Maraqlı şəxs2 istifadəsinə qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28.01.2020-ci il tarixli, 2(102)-528/2020 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.07.2019-cu il tarixli, 2(105)-78/19 saylı qətnaməsi İddiaçı aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Gündüz Aslanovun 14.04.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-78 saylı, 14.02.2020-ci il tarixli icra sənədi tam olaraq icra olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsində göstərilmişdir ki, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir (238.1.). Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər (241.1.). Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir (241.2.). Hal-hazırda iddiaçı ona məxsus olan torpaq sahəsinin 287 kv.metr hissəsinin məhkəmə qətnaməsinə əsasən alınaraq Qurban Primova verildiyindən torpağın ölçüsünün bağçılıq cəmiyyəti tərəfindən ona verilmiş sənədə uyğun olmadığını bildirir və həmin sahənin bərpa edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (82.3.). İşdən göründüyü kimi Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 16.07.2019-cu il tarixli, 2(105)-78/19 saylı qətnaməsində Qurban Primova məxsus olan torpaq sahəsinin 287 kv.metr hissəsinin iddiaçı tərəfindən zəbt edildiyi müəyyən edilmişdir. Həmin hal artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən müəyyən edildiyindən iddiaçı tərəfindən mübahisələndirilə bilməz. Cavabdehlərə gəldikdə isə qeyd edilməlidir ki, iddiaçı onlara qarşı hansı tələbinin olduğunu iddia ərizəsində əsaslandırmamışdır. Məhkəmə iclasında verdiyi izahatında isə iddiaçı cavabdehlərə qarşı hər hansı torpaq tələbinin olmadığını bildirmişdir. MPM-də həmçinin göstərilmişdir ki, iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir (149.2.3.). Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir (218.1.). Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (218.3.). MPM-də həmçinin qeyd olunur ki, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (2.1.). Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (5.1.). Göründüyü kimi iddiaçı ona məxsus olan torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarının bərpa edilməsini xahiş etsə də, iddiasını qanunvericiliyin tələblərinə uyğun əsaslandırmamış, onun cavabdehlərdən tələbinin nədən ibarət olmasını, cavabdehlər tərəfindən hansı hüquqlarının pozulduğunu iddia ərizəsində göstərməmişdir. İddiaçının tələbi ümumi xarakterli olmaqla onun iddia ərizəsindən və iddiaçının məhkəmə iclasında verdiyi izahatdan onun kimdən nə tələb etdiyi müəyyən edilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 hüquqi varisi X2, Cavabdeh2 və Cavabdeh3 qarşı 07.09.1988-ci il tarixli, 23 saylı qərar əsasında mülkiyyətinə verilmiş torpaq sahəsini qanunsuz təsirlərdən, digər maneələrdən azad olunaraq sahiblik və istifadə hüquqlarının bərpa edilməsi və həmin torpaq sahəsində yerləşdirilmiş cavabdehlərə məxsus əşyaların onların hesabına çıxarılması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1674/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1674/2021
30.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver