Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1678/2024 15.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh və Cavabdeh1 nümayəndəsi Nümayəndə və Cavabdeh3 iştirakıları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Nümayəndə, Cavabdeh3 qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Nümayəndə, Cavabdeh3 qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən onun, İddiaçı Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 21, mənzil 36 ünvanında yerləşən üç otaqlı mənzilə istifadə hüququnun tanınması, qızı X1 və onun, yəni İddiaçı göstərilən mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı, Cavabdeh1 ilə 12 iyun 2005ci ildən faktiki, 2007-ci ildən isə Sumqayıt şəhərində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Cavabdeh1lə nikaha daxil olduqdan sonra, arvadı kimi ona aid olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 21, mənzil 36 ünvanında yerləşən mənzilə köçmüşdür. Həmin mənzildə yaşayarkən birgə nikahdan 2008-ci il təvəllüdlü X2 anadan olmuşdur. 2023-cü ilin iyun ayına qədər o, bu mənzildə əri, qızı Əsmər, ərinin birinci arvadından olan oğlu Mehman ilə bir mənzildə yaşamışlar. Cavabdeh1 xəstə olduğundan o, bu illər ərzində ona baxmışdır. Bütün əziyyətini çəkmişdir. Lakin 2022-ci ildə ərinin birinci arvadından olan qızı Nümayəndə Türkiyədən qayıtdıqdan sonra aralarında münasibətləri gərginləşdirərək, dözülməz həddə çatdırmışdır. Sonra isə onu və qızı Əsməri evdən qovmuşdur. Qızı Əsmər həmin mənzildə qeydiyyatdadır. Onu isə qeydiyyata almasalar da on altı il ərzində orada yaşamışdır. İndi onları qovandan sonra kürəkəninin evinə gəlmiş, burada müvəqqəti məskunlaşmışdır. Bildirmək istəyir ki, mənzil dövlət fonduna aiddir. Özəl deyildir. Mənzilin əsas kirayədarı əri Cavabdeh1dir. Dəfələrlə mənzilə daxil olmaq istəsə də ərinin birinci arvadından olan oğlu Mehman və qızı Adilə onları mənzilə buraxmırlar. Müvəqqəti olaraq kürəkəninin evində yaşayır. Həddi-buluğa çatmayan uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb olunmur. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. Bildirir ki, cavabeh Cavabdeh1lə onların nikahları pozulmamışdır. Həmin nikahdan bir qızları vardır ki, onun da artıq on altı yaşı vardır. Həmin mənzildə qeydiyyatdadır. İddiaçı cavabdehlər Cavabdeh1, Nümayəndə, Cavabdeh3 qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsinə əlavə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək, məhkəmədən onun, İddiaçı Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 21, mənzil 36 ünvanında yerləşən üç otaqlı mənzilə istifadə hüququnun tanınması, qızı X1 və onun, yəni İddiaçı göstərilən mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil izahatında iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, mənzil dövlət balansında olan mənzildir. Cavabdeh1 adına mənzil-kirayə müqaviləsi vardır. İddiaçı həmin şəxs ilə 2007-ci il tarixdən rəsmi nikaha daxil olmuşdur. Onun ailə üzvü kimi həmin mənzilə köçmüşdür. 2009-cu il tarixə qədər qüvvədə olan Mənzil Məcəlləsinə əsasən da onun ailə üzvü hesab olunur. Hər bir halda İddiaçı Cavabdeh1 ailə üzvü hesab olunur. Ona görə də ailə üzvü olduğu üçün onunla bərabər mənzildən istifadə hüququ yaranır. Ona görə də hesab edirlər ki, mənzildən istifadə hüququ yaranmalıdır. İddiaçı iddia edir ki, onun həyat yoldaşı onu boşamaq istəmir. İddiaçının uşağı da vardır. Onların başqa yaşayış yeri də yoxdur. Onlar həmin mənzildə yaşamalıdırlar. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, nümayəndəsi və vəkilinin bildirdiklərinə əlavəsi yoxdur. Yaşayışı isə indiyə kimi mümkün olmuşdur. Onları öz övladı bilmişdir. Mübahisə isə mülk davasıdır. Əgər yoldaşını atsa idi nə üçün on beş il ona qulluq etmişdir? Yoldaşı birinci qrup əlil olmuş və ona on beş il baxmışdır. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, onlar yola getməyəcəkdirlər. Nikahları qüvvədə olmasına baxmayaraq, boşanma barədə ərizə vermişlər. Məhkəmə iclasında Cavabdeh3 izahatında bildirdi ki, iddiaçı evə gəlməsin. Lakin bacısı gəlsin. Gəlsə ona baxar. Məhkəmə işdə iştirak edən iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 23 yanvar 2024-cü il tarixli MŞS-MT030-2024-00132 №-li “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh1 yataq xəstəsi olduğu üçün ilkin mediasiyada iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, İddiaçı 50 manat mediasiyaya dair xərci və 10 manat kargüzarlıq xərcini ödəmişdir. AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikasın vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası, Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. Tovruz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatdadır. Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 248448 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2008-ci il tarixdə Tovuz rayonunda anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2009-cu ilin mart ayının 19-cu günündə 1476 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh1, anası isə İddiaçıdır. Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən verilmiş 12 iyun 2007-ci il tarixli, AZ-İ seriyalı, 322408 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2007ci ilin iyun ayının 12-ci günündə 507 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Baxşəliyev, arvada isə Məmədova soyadı verilmişdir. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 19 saylı Mənzil-Kommunal sahəsinin 1074 nömrəli, xx.xx.2023-cü il tarixli ətraflı arayışından görünür ki, ünvan ünvan 1əbəsində yerləşir. Üç otaqdan ibarətdir. Sahəsi 39,60 m2 təşkil edir. Mənzil xx.xx.1989-cu ildə Cavabdeh1 adına dörd nəfər ailə üzvünə verilmişdir. Cavabdeh1, Baxşəliyeva Svetlana, Cavabdeh3, Nümayəndə qeydiyyata alınmış, Baxşəliyeva Əsmər isə sonradan qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 19 saylı Mənzil-Kommunal sahəsinin 1073 nömrəli, xx.xx.2023-cü il tarixli ailə tərkibi haqqında arayışından görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 21, mənzil 36 ünvanında yaşayan – Cavabdeh3, Nümayəndə, İddiaçı ( 2005-ci ildən 7.2023-cü ilə kimi həmin ünvanda yaşamış, qeydiyyatı olmamış ), Baxşəliyeva Əsmər kimi ailə üzvləri vardır. 14 aprel 1989-cu il tarixli, 177 nömrəli orderin surətindən görünür ki, Cavabdeh1 QOR 30-da şofer vəzifəsində işləmişdir. Sumqayıt şəhəri, 18-ci mikrorayon, 39,60 kv.metr sahədən ibarət olan 36-cı domun, 21-ci mənzili həmin şəxsə verilmişdir. Həmin bu order yaşayış mənzili tutmaq üçün vahid sənəddir. Orderi qeyri şəxsə vermək qadağandır. Sahəni tutmaq order verildiyi gündən beş günə kimi etibarlıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış 16 fevral 2024-cü il tarixli məktuba cavabdan görünür ki, qərardadda qeyd olunan Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 21 ünvanında yerləşən 36 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Buna görə də, daşınmaz əmlakın dövlət reyestrində sözügedən daşınmaz əmlakın üzərinə qadağanın qoyulması ilə bağlı müvafiq qeydiyyat aparılmamışdır. Mənzilin özəlləşdirilməsi ilə bağlı idarəyə müraciət olunacağı təqdirdə qərardadın icrasının nəzərə alınacağı bildirilmişdir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 34-cü maddəsində ər ilə arvadın ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malik olduqları müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il qeyd olunur ki, hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, bir qayda olaraq bir əşya üzərində bir şəxsin mülkiyyət hüququ olur və bu fərdi mülkiyyət adlanır. Bir əşya üzərində birdən çox mülkiyyət hüququ olduqda ümumi mülkiyyət halı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 213-cü maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 32.1-ci maddəsi nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların məhz ümumi birgə mülkiyyəti olduğunu müəyyən edir. Göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (Ailə Məcəlləsinin 31.1-ci maddəsi). Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir (Ailə Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri). Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər(Mənzil Məcəlləsinin 30.3-cü və 30.4cü maddələri). Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə iş materiallarında olan sənədlərə, iddiaçı tərəfindən təqdim olunmuş və məhkəmə iclasında tədqiq edilən hallara əsaslanaraq hesab edir ki, tərəflər mənzilə birgə nikah dövründə köçmüşlər. Hazırda cavabdehlər iddiaçı və onunla birliktə yaşayan yetkinlik yaşına çatmayan övladını mənzilə buraxmır.Tərəflər arasında 12 iyun 2007-ci il tarixdə bağlanmış nikah pozulmamış, mənzil yaşayış hüququnun təmin edilməsi üçün cavabdehə order əsasında iddiaçı ilə nikaha daxil olmamışdan əvvəl ayrılmış, iddiaçı isə nikaha daxil olduqdan sonra mənzilə köçmuşdür. Tərəflərin birgə nikahdan doğulmuş 2008-ci il təvəllüdlü övladları həmin mənzildə dünyaya gəlmişdir. Məhkəmə hesab edir ki, birgə ailə münasibətləri davam iddia tələbi qismən təmin edilməli, iddiaçı yetkinlik yaşına çatmayan övladı ilə birliktə mənzilə köçürülməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Cavabdeh1 və digər cabahdehlərin etirazının əsasını təşkil edən dəlilləri məhkəməyə təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Onun dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Uşağın mübahisəli evə köçürülməsi ilə bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən isə yetkinlik yaşına çatmayan fiziki şəxslər öz valideynləri və ya qəyyumları (himayəçiləri) ilə birlikdə yaşamalıdırlar. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli qərarının 4.8-ci bəndinə əsasən birgə nikah dövründə xidməti və sair fəaliyyətinə görə qulluq illəri və/və ya ailə üzvlərinin sayı nəzərə alınmaqla ər-arvada verilən əmlak da (məsələn, müəyyən müddət ərzində qüsursuz xidmətlərinə görə hərbçilərə dövlət tərəfindən verilən yaşayış sahələri) ümumi birgə mülkiyyət hesab edilə bilər. Belə ki, həmin əmlak ərə (arvada) pul vəsaiti qarşılığında verilməsə də, birgə nikah dövründə onun çəkdiyi zəhmət, əmək və digər səylərin əvəzi kimi təqdim edilir. Odur ki, müəyyən nailiyyətlərinə, o cümlədən uzun illər qüsursuz fəaliyyətinə görə işçilərə (dövlət qulluqçularına, hərbi qulluqçulara və sair) verilən əmlak (əşya, hüquq, vəsait) bağışlama kimi qəbul oluna bilməz. Çünki Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən hədiyyə verənin öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirdiyi əqd hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməlidir. Lakin sözügedən halda əmlak ərə (arvada) əsasən onların uzun müddətli səmərəli xidməti qarşılığında verilir. Başqa sözlə, bu vəziyyətdə söhbət bağışlamadan deyil, əmək (qulluq) fəaliyyəti qarşılığında verilən əmlakla bağlı olduğundan Ailə Məcəlləsinin 32-ci maddəsinin təsir dairəsinə düşür. Bununla yanaşı, hər bir işin hallarından, o cümlədən ərə (arvada) müvafiq güzəşti əldə etmək üçün tələb olunan dövrün hansı hissəsinin birgə nikaha düşdüyü, əmlakın verilməsinin məqsədləri və təyinatı, əmlak verilərkən ailə vəziyyətinin (ailə üzvlərinin sayının) nəzərə alınıb alınmamasından asılı olaraq, belə əmlak ər-arvadın ümumi mülkiyyəti hesab edilsə də, tərəflərin həmin əmlak üzərində payları bərabər müəyyən olunmaya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası MPM-in: 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı övladı – xx.xx.2008-ci il təvəllüdlü X2 ilə birlikdə Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 21, mənzil 36 ünvanında yerləşən mənzilə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1678/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1678/2024
15.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver