Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1704/2021 30.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “paylı mülkiyyətdə olan əşyadan payın ayrılması və ya açıq hərracda satılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “paylı mülkiyyətdə olan əşyadan payın ayrılması və ya açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 11/12 ünvanında yerləşən ümumi sahəsi 58 kv.metr o cümlədən yaşayış sahəsi 37,20 kv.metr, (1 otaq 16.2 kv.metr, 1 otaq 21 kv.metr) yardımçı sahəsi 20.8 kv.metr olan 2 otaqdan ibarət 74 nömrəli mənzilin 21 kv.metr yaşayış sahəsi olan 1 otağa İddiaçı payının naturada ayrılması, ümumi əmlakdan (evdən) payın ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 11/12 ünvanında yerləşən ümumi sahəsi 58 kv.metr, o cümlədən yaşayış sahəsi 37,20 kv.metr, (1 otaq 16.2 kv.metr, 1 otaq 21 kv.metr) yardımçı sahəsi 20.8 kv.metr olan 2 otaqdan ibarət 74 nömrəli mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti mənzilin paylı mülkiyyətçiləri İddiaçı, Cavabdeh1 və Cavabdeh2 arasında onların həmin mənzilə olan paylarına mütənasib surətdə, yəni paylarına bərabər hissələrdə bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, ƏMDK DƏDRX-nin çıxarışına əsasən Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 11/12 ünvanında yerləşən 74 nömrəli mənzilin 21 kv.metr yaşayış sahəsi olan 1 otağı ona, digər yaşayış sahəsi 16.2 kv.metr olan otaq isə paylı mülkiyyətçilər kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsusdur. O, paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payını üçüncü şəxslərə satmaq qərarına gəlmişdir. Bununla bağlı payın satıcısı kimi öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş vermişdir. Lakin, paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etmədiklərindən o, satıcı kimi öz payını istədiyi şəxsə sata bilər. Bu səbəbdən paylı mülkiyyətin digər mülkiyyətçiləri Cavabdeh1 və Cavabdeh2 ilə aralarında danışıqlar aparsalar da ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməmişlər. Bu səbəbdən paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək hüququndan istifadə edir. Məhkəmənin nəzərinə çatdırır ki, əgər sözügedən evə payın naturada ayrılmasına vol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, o, digər paylı mülkiyyətçilərlə onların paylarına uyğun olaraq müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılması ilə razılaşa bilər. Həmçinin məhkəmənin nəzərinə çatdırır ki, yuxarıda sadalanan hallar mümkün olmadıqda, yəni ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, qanunvericiliyin tələblərinə əsasən əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə qərar qəbul edə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmənin 18 mart 2021-ci il tarixli iclasında iştirak etmiş cavabdehlər hər biri ayrıayrılıqda iddianı qəbul etmədiklərini bildirmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı paylı mülkiyyət hüququ üzrə sahəsi 21.0 kv.m olan bir yaşayış otağı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 14.10.2020-ci il tarixdə, sahəsi 16.2 kv.m olan yaşayış otağı ½ hissədə Cavabdeh2 və ½ hissədə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 12.12.2012-ci il tarixdə qeydə alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, mübahisə predmeti olan mənzil paylı mülkiyyət hüququ üzrə tərəflərə məxsusdur. İddiaçı ona məxsus payın naturada ayrılmasını tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyul 2021-ci il tarixli 10/1910 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 11/12 ünvanında yerləşən 74№li mənzilin İddiaçı 21 kv.m yaşayış sahəsi olan 1(bir) otağa payının digər mülkiyyətçilərin payına tənasübsüz naturada bölünməsi, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1, 2.2, 2.4, 2.9 bəndlərinin və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyil. Tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə qeyd edilən ekpert rəyini iş üzrə toplanmış digər sübutlarla birlikdə araşdırıb hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 76 və 88-ci maddələrinə müvafiq olaraq mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla mübahisələndirilən mənzilin naturada bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edildi. İddia tələbindən həmçinin göründüyü kimi iddiaçı əmlakdakı payın naturada bölünməsi mümkün olmadıqda həmin mənzilin açıq hərracdan satılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnun müdafiə edilməsini dövlətin ali məqsədlərindən biri hesab edərək, onun effektiv həyata keçirilməsinə təminat verir. Azərbaycan Respublikasında mülkiyyət, o cümlədən xüsusi mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, həmçinin xüsusi mülkiyyət hüququ qanunla müdafiə edilir. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Mülki Məcəllənin 6-cı maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləyə görə, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Mülki Məcəlləsinin 220.1-220.6-cı maddələrində qeyd olunmuşdur ki, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbacan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Şərh olunan hüquq normalarının məzmunundan göründüyü kimi ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malik olsa da bu qanunla nəzərdə tutulmuş qaydada, mərhələli həyata keçirilməlidir. İddiaçı tərəfindən sadalanan ardıcılığa əməl edildikdən sonra əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçının paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməsi qanunun tələb etdiyi formada ardıcılığa əməl edilməsi kimi qəbul edilə bilməz. Məhkəmənin qənatincə iddiaçı qanunla nəzərdə tutulmuş qaydaların ardıcıllığına əməl etməmişdir. Odur ki, mənzilin açıq hərracdan satılması və əldə edilmiş vəsaitin paylarına uyğun bölünməsi hissədə də iddia tələbi təmin oluna bilməz. Beləliklə, işin şərh olunan hallarına hüquq normalarına əsasən qiymət verərək məhkəmə bu nəticəyə gəlir ki, iddia rədd edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Ekspertiza tədqiqatının əvəzi olaraq 50 manat iddiaçıdan tutularaq X1 ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “paylı mülkiyyətdə olan əşyadan payın ayrılması və ya açıq hərracda satılması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 50 (əlli) manat İddiaçı alınaraq X1 (Kod 210005, VÖEN **********), müxbir hesab AZ41NABZ********************, SFİFT BİK- CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-1704/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1704/2021
30.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver