Məhkəmə qərarları › İş №2(060)-174/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-174/2021

10.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-174/2021 10.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Muradov Nahid Qəhrəman oğlunun katibliyi ilə, İddiaçı Şükürov Əlöysət Sevindik oğlunun iştirakı ilə, İddiaçı Şükürov Əlöysət Sevindik oğlunun cavabdehlər X5 və X3 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Şükürov Əlöysət Sevindik oğlu cavabdehlər X5 və X3 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin Sumqayıt şəhəri, 9-cu mkr., ev 45, 26 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Sumqayıt şəhəri, 9-cu mkr., ev 45, 26 saylı mənzil ******* nömrəli çıxarışla onun adına qeydiyyata alınmışdır. Hal hazırda tam hüququ ilə mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdehlər X8 onun doğma bacısıdır. Yağmur isə bacısının qızıdır və onun evində qeydiyyatdadırlar. Cavabdehlər 2015-ci ildən Türkiyə Respublikasına daimi yaşamaq üçün çıxıb getmişlər. Cavabdehlərin mənzildə qeydiyyatda qalmaqları formal xarakter daşıyır. Cavabdehlərin sözügedən mənzilə qeydiyyatda olmaqları onun mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Belə ki, o, mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcbur olmuşdur. Ona görə də hesab edir ki, cavabdehlərin həmin evdən istifadə hüququ itirilmiş hesab edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid Azər Qurbanzadə izahat verərək bildirdi ki, iddiaçının qonşusudur. Cavabdehlər qeyd olunan ünvanda yaşamırlar və 4 ildən çoxdur oraya gəlməmişlər. Məhkəmə iclasında şahid Ülfət Alıyev izahat verərək bildirdi ki, iddiaçının qonşusudur və 2010-cu ildə həmin binaya köçmüşdür. Cavabdehlər qeyd olunan ünvanda yaşamırlar və 4 ildən çoxdur oraya gəlməmişlər. 5-6 ildən çoxdur ki, cavabdehlər qeyd olunan ünvana gəlmirlər. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mkr., ev 45, 26 saylı mənzilin mülkiyyətçisi Şükürov Əlöysət Sevindik oğludur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 9 saylı Mənzil Kommunal Səhəsinin 750 nömrəli arayışından görünür ki, cavabdehlər X8 1971-ci ildən və X6 isə 1995-ci ildən Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 45 saylı evin, 26 saylı mənzilində pasport qeydiyyatındadırlar. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 9 saylı Mənzil Kommunal Səhəsinin xx.xx.2020-ci il tarixli aktından görünür ki, cavabdehlər X8 və X6 2015-ci ildən Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 45 saylı evin, 26 saylı mənzilində yaşamırlar. - xx.xx.2020-ci il tarixli AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin məhkəmənin göndərdiyi sorğusuna əsasən təqdim edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1996-cı ildə ölmüş X1 vərəsəsi oğlu Şükürov Əlöysət Sevindik oğlu və X7r. - xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan “Asan Xidmət” mərkəzinin məhkəmənin göndərdiyi sorğusuna əsasən cavab məktubundan görünür ki, cavabdehlər xx.xx.1957-ci il təvəllüdlü X8 xx.xx.2005-ci il və 1995-ci il təvəllüdlü X6 xx.xx.2005-ci il tarixində ünvan 1 ünvanına qeydiyyata alınmışlar. -xx.xx.2020-ci il tarixli ,06748 saylı etibarnamədən görünür ki, cavabdehlər tərəfindən qeydiyyatdan çıxarılmaları üçün aidiyyatı orqan və təşkilatlardakı hər növ iş və prosesləri tam şəkildə həyata keçirmək, bununla bağlı hər növ sənədləri imzalamaq və.s səlahiyyətləri Əlöysət Şükürova xx.xx.2029-cu ilədək verilmişdir. -AR DSX-nin xx.xx.2020-ci il, 33/3990 saylı məktubundan görünür ki, X8 və X6 xx.xx.2017-ci ildə ölkəni tərk etmiş, Gürcüstan Respublikasına getmişlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 9-cu mkr., ev 45, 26 saylı mənzil ******* nömrəli çıxarışla Şükürov Əlöysət Sevindik oğlunun adına qeydiyyata alınmışdır. Hal hazırda tam hüququ ilə mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdehlər X8 onun doğma bacısıdır. Yağmur isə bacısının qızıdır və onun evində qeydiyyatdadırlar. Cavabddehlər 2015-ci ildən həmin mənzili tərk etmişlər.Cavabdehlərin sözügedən mənzilə qeydiyyatda olmaqları iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur və artıq kommunal xərclərin meydana gəlməsi ilə nəticələnir. Məhkəmə tərəflər arasında yaranan hüquq münasibətlərinə nəzər salaraq hesab edir ki,tərəflər arasında hüquq münasibətləri 2000-cu ilin sentyabr ayının 1-dən qabaq yaranmışdır. Cavabdehlərin mubahisəli mənzildə istifadə hüququ yarandığı vaxt və hal hazırda mübahisəli mənzilin hüquqi rejimi 1982-ci il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin normaları ilə müəyyən edilir və bu səbəbdən qüvvədə olan Mülki Məcəllənin normalarını bu mübahisəyə tətbiq edilməsi mümkün deyil. Belə ki, mübahisəli hüquq münasibətinin predmeti mənzilə olan istifadə hüququna xitam verilməsindən ibarətdir. Bundan başqa o da nəzərə alınmalıdır ki, mülki iş üzrə iddiaçının hazır ki, mübahisə tələbi üzrə iddia tələbi qaldırmaqda subyektiv hüququ var. Sadalananları rəhbər tutaraq, məhkəmə hesab edir ki,tərəflər arasında olan münasibətlər 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin hüquq normasının əsasında qurulmuşdur və həmin Məcəllənin normaları əsasında tənzimlənməlidir. 1982-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Mənzil Məcəllənin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” xx xxxx 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində isə qeyd olunur ki, kirayəçinin və ya onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən belə hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yerə köçdükləri gündən pozulmuş hesab edilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verməklə müəyyən etdi ki, cavabdehlər Sumqayıt şəhəri, 9-cu mkr., ev 45, 26 saylı mənzilində qeydiyyatda olsalar da,artıq uzun müddətdir ki, mənzili tərk etmiş, yəni 2015-ci ildə daimi əsaslarla mübahisəli mənzili tərk etmişdirlər. Lakin cavabdehlərin hələ də mənzildə qeydiyyatda qalmaları mənzillə bağlı bir sıra hüquqların həyata keçirilməsində çətinliklər yaradır, iddiaçı və onun digər ailə üzvləri mənzildən istifadə ilə bağlı hüquqlarını həyata keçirə bilmirlər, cavabdehlərin formal qeydiyyatı ilə əlaqədar iddiaçı əlavə mənzil və kommunal xərcləri ödəməyə məcbur olur. Məhkəmə qeyd etməyi zəruri bilir ki, cavabdehlərin yаşаyış sаhəsinə ehtiyаcı аrtıq köçüb yаşаdığı yerdə təmin оlunduğunа görə оnun yаşаyış sаhəsinə оlаn ehtiyаcını iddiaçının sahibliyində olan mənzilindən istifаdə etməklə qаrşılаmаq məcburiyyətində deyil. Bundan əlavə məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin istədiyi vaxt formal olaraq həmin mənzilə qayıtmaq istəyi mənzilin daimi istifadəçisi olan iddiaçının sahib kimi hüquqlarının pozulmasına və sonuncunun sahiblik hüququnun “qeyri-sabit və şərti xarakterli” olmasına, eləcə də iddiaçının“nаrаhаt” оlmаsı üçün əsаs olan amillərdəndir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər mübahisəli mənzildə yaşamamasına görə və onların mübahisəli mənzildə qeydiyyatda olması formal xarakter daşıdığından iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-244 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər X4 və X2 Sumqayıt şəhəri, 9-cu mkr., ev 45, 26 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar