Məhkəmə qərarları › İş №2(060)-1744/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1744/2024

20.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1744/2024 20.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı1, nümayəndəsi və vəkili Nümayəndə1, İddiaçı2 və Cavabdeh1 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlar - İddiaçı1 və həyat yoldaşı İddiaçı2 hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki sahibliyində olan Sumqayıt şəhər, 76-cı məhəllə, ev 1/3, 209 saylı fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, həyat yoldaşı (rəsmi nikahları var) ilə birlikdə ünvan 1 ünvanı belədir: ünvan 24-cü illərdə tikilmişdir. Qeyd edir ki, 2022-ci ilin əvvəllərində qızı olan Cavabdeh1 ona bildirdi ki, onun həyat yoldaşı olan digər cavabdeh hərbi qulluqçu Cavabdeh2 Bakı şəhərinə 1-2 aylıq ezamiyyə verilmişdir və bu müddətdə gəlib bu evdə yaşamaq istəyir. O, qızı olduğu üçün buna etiraz etməmiş və cavabdehlərə ona məxsus olan fərdi yaşayış evində müvəqqəti yaşamağa icazə vermişdir. Lakin, cavabdehlər evə daxil olduqdan sonra ona və həyat yoldaşına rahatlıq verməmiş və onları evdən qovaraq evə buraxmamışlar. Nəticədə o, və həyat yoldaşı İddiaçı2 ilə birlikdə onun bunun evində yaşamağa məcbur qalmışlar. Odur ki, onların həmin mənzilə köçürülmələrinə zərurət vardır. Həmin ailə hərbçi kimi (Cavabdeh2) aylıq dövlətdən 400 manat da kirayə haqqı alırlar. Buna baxmayaraq da, yenə də onları evə buraxmırlar, nə də evdən çıxmırlar. Özü əlildir. Odur ki, onların həmin mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsinə zərurət meydana gəlmişdir. Məhkəmədə İddiaçı1 eyni məzmunlu izahat verərək bildirdi ki, o, zavodda işlədiyi üçün ona ev verilmişdir. O, həmin evi satıb hazırda sözügedən evi tikmişdir. Ailə qurduğu xanımla övladları yola getmədiyinə görə o, kommunal ödənişləri qızı X4 adına rəsmiləşdirmişdir. Lakin buna baxmayaraq onlar arasında söz-söhbət davam etmişdir. Hazırda onun həyat yoldaşı ilə qızı yola getmədiyinə görə onlar həmin evdə yaşaya bilmirlər. Cavabdehlər onları evdən çıxarmışdır. Mənzilin giriş qapısının açarını dəyişmişlər. Qeyd olunanları nəzərə alıb, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı2 eyni məzmunlu izahat verərək bildirdi ki, cavabdeh onu döyüb, söyürdü. Bu səbəbdən onun həmin evdə yaşaması mümkün deyildir. O, bir müddət buna dözməyə çalışsa da artıq bu dözülməz hal almışdır. 2023-cü ilin iyun ayından onlar həmin evdən cavabdeh tərəfindən çıxarılmışlar. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı1 nümayəndəsi Nümayəndə1 eyni məzmunlu izahat verərək iddia tələbini təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddia tələbini qismən qəbul edərək göstərdi ki, iddiaçı onun atasıdır. Onun 12 yaşı olanda anası vəfat etmişdir. Anası vəfat edəndən sonra atası başqa qadınla ailə qurmuşdur. Ailə qurduqdan sonra isə evi satmağa çalışmışdır. Hazırda o, atasının gəlin həmin evdə yaşamasına etiraz etmir. Atası öz istəyi ilə evdən getmişdir. O, iddiaçılara qarşı heç bir zaman pis davranmamışdır. Atasının əsas məqsədi həmin evi satmaqdır. Hazırda atasının gəlib onlarla birlikdə yaşamasına etiraz etmədiyini bildirərək qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iddianın qəbul etmədi və bildirdi ki, iş üzrə əsl cavabdeh Şəhla Əzizova oldugu halda, iddiaçının Cavabdeh1 və Cavabdeh2 qarşı iddia sürüldüyünü düzgün olmamasını qətnamə çıxarılarkən nəzərə almağı məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh2 qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X2 bildirdi ki, o, 76-cı məhəllə ərazisinə köçən zaman Ağabəyi qonşu kimi tanımışdır. O, evi tikən zaman Ağabəy ona kommunal xətlərin çəkilməsində köməklik göstərmişdir. Ağabəy həyat yoldaşı Səidə ilə sözügedən evdə yaşadığının şahidi olmuşdur. Məhkəmədə şahid X1 bildirdi ki, iddiaçı ilə 10-cu mikrorayon ərazisində bina evində qonşu olmuşlar. Sonradan o, 76-cı məhəllədə fərdi evə köçmüş, bir müddət sonra iddiaçı Ağabəydə həmin ərazidən torpaq alaraq orada ev tikib yaşamışdır. Ağabəy evi tikən zaman işığı və suyu onun həyətindən istifadə edirdi. Məhkəmə tərəfləri və şahid ifadələrini dinləyib, iş materiallarına qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi 76-cı məhəllə üzrə 3 saylı məhəllə komitəsinin xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, İddiaçı1 Sumqayıt şəhəri, 76-cı məhəllə 3 saylı ərazi Hafiz Baxış küçəsi, ev 3/1, 209 saylı fərdi evdə 2013-cü ildən qeydiyyatsız yaşayır. İşə əlavə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 2 saylı Sumqayıt ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanda yerləşən 16 saylı mənzil Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Mənzillərin uçotu, bölüşüdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş 2003-cü il tarixli, 3 nömrəli order, Sumqayıt Şəhər İcra Hakimiyyəti MTİİB 16 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli 4015 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış və mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında Əzizova (Abduləliyeva) Şəhla Ağabəy qızının adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sonradan Sumqayıt Şəhər 6 saylı Dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2008-ci il tarixli, 4Ə/4-523 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında mənzil üzərində X3 mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir və mənzil hal-hazırda X3 mülkiyyətindədir. İş materiallarında olan AZ-İİ №558573 saylı, xx.xx.2023-cü il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı1 İddiaçı2 ilə xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində nikaha daxil olmuşlar. Mübahisənin müəyyən olunmuş halları ondan ibarətdir ki, hazırda sözügedən evdə iş üzrə cavabdehlər yaşayır. Evin hüquqmüəyyənedici sənədi yoxdur. Məhkəmə ilk növbədə nəzərə alır ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evə köçürülmə tələbinə dairdir. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlər oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 228.1 və 228.2-ci maddələrini tətbiq etməklə məhkəmə belə qənaətə gəlir ki, özbaşına tikintiyə əmlak hüquqlarının əldə edilməsi qeyri-mümkün olduğundan, cavabdehlərin də evə dair hal-hazırda hər hansı bir hüququ olmadığından, iddiaçılar mübahisəli evə köçürülməlidir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçıların köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehlərin həmin tikili üzərində hər hansı bir hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçılara qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Bu səbəbdən iddiaçıların özbaşına inşa edilmiş həmin tikililərə köçürülməsi üçün qanuni maneə yoxdur. Cavabdeh iddiaçıların könüllü olaraq evdən çıxıb getməyini bildirsə də bu işin araşdırılmış halları ilə təsdiqini tapmır. Eyni zamanda məhkəmə, iş üzrə cavabdehlərin iddiaçıların mübahisə predmeti olan evdə yaşamasına dair etirazının olmaması ilə yanaşı işin faktiki digər hallarını nəzərə alaraq həmçinin qeyd edir ki, tərəflər arasında olan münasibətlər getdikcə pozulmuş və iddiaçılar münaqişə nəticəsində həmin evi tərk etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlə eyni şərtlər daxilində əvvəllər yaşadığı özbaşına tikilidən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının həmin hissəyə köçürülməsindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhz buna görə də məhkəmə hesab edir ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olubolmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Həmçinin nəzərə alınmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Həmçinin müəyyən olunur ki, iddiaçılar evi könüllü surətdə deyil, münaqişə səbəbindən tərk etmiş, hazırda isə həmin evdə yaşaya bilmirlər. Məhkəmə onu da qeyd edir ki, Sumqayıt şəhəri, 76-cı məhəllə, ev 1/3-də yerləşən 209 saylı fərdi evin qaz üzrə abonent saldosunda X6 qeyd edilsədə, iddiaçıların həmin evdə yaşamasına imkan verməməsi Cavabdeh1 və Cavabdeh2 tərəfindən məhkəmə prosesində sübuta yetirilmişdir. Odur ki, cavabdehin nümayəndəsinin iş üzrə əsl cavabdeh olmaması barədə gətirdiyi dəlili məhkəmə qşbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə göstərilənləri ümumilişdirərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Sumqayıt şəhəri, 76-cı məhəllə, ev 1/3-də yerləşən 209 saylı fərdi evə köçürülsünlər. İş üzrə ödənilmiş rüsum İddiaçı1 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar