Məhkəmə qərarları › İş №2(060)-1758/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1758/2025

31.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1758/2025 31.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hаkimi Şirəliyeva Vəfa Zavrulla qızı, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X1 onun, X2, X3 qohumu, yəni bacısı olmağı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin icraata qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarının 1.2-ci bəndində deyilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndində göstərilir ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin Qərarın 1.7-ci bəndinə görə, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Həmin Qərarın 2-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin qərarın 2.2-ci bəndinə əsasən əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Göründüyü kimi, hər hansı faktı müəyyən etməzdən əvvəl məhkəmənin araşdırmalı olduğu məsələlərdən biri həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olması və həmin faktın hüquqi əhəmiyyətinin olub-olmamasıdır. Ərizəçi ərizəsindən görünür ki, X1 onun, X2, X3 qohumu, yəni bacısı olmağı faktının müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olması öz əksini tapmamışdır. Ərizəçinin ərizəsində X1 doğum haqqında akt qeydini bərpa edə bilməməsi ilə bağlı qeyd etdiklərinə münasibətdə məhkəmə qeyd edir ki, sonuncunun doğum haqqında akt qeydinin bərpa edilib-edilməməsi ərizəçi üçün hər hansı hüquqi nəticə yaratmır. Bu səbəbdən məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ərizəni qəbul etməkdən imtina barədə hakim əsaslandırılmış qərardad çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı : Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsinin qəbul edilməsindən imtina olunsun, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə rəsmi qaydada təqdim olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər.. Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar