Məhkəmə qərarları › İş №2(060)-1763/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1763/2025

09.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1763/2025 09.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Nəcəfzadə Əfsanə Eyvaz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “çəkilmiş xərcin geri alınması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “çəkilmiş xərcin geri alınması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2021-ci il tarixində Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 31-1 nömrəli mənzili sıfırdan təmir etmişdir. ünvan 1 ünvanında yerləşən 31-1 nömrəli mənzilin təmir olunmasına ümumilikdə 28299 manat məbləğində pul vəsaiti xərcləmişdir. Belə ki, suvaq, pol və s. bütün təmir işləri iddiaçı tərəfindən yüksək səviyyədə edilmişdir. Çünki qızı X1 mənzilə gəlin köçəcəkdi. Cavabdeh ilə aralarında olan razılaşmağa əsasən, həmin mənzil iddiaçı tərəfindən təmir ediləcəkdi və daha sonra mənzil qızı X6 adına sənədləşdiriləcəkdi. Əks halda çəkilmiş xərclər cavabdeh tərəfindən iddiaçıya geri qaytarılacaqdı. Lakin, hazırda qızını həmin evə buraxmırlar və evin qıfılını da dəyişiblər. Həmçinin, qızının cehizlərinin sözügedən mənzildən çıxarılmasını tələb edirlər. Bu səbəbdən də, ünvan 1 ünvanında yerləşən 31-1 nömrəli mənzilin təmir olunmasına tərəfindən çəkilmiş 28299 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən ünvan 1 ünvanında yerləşən 31-1 nömrəli mənzilin təmir olunmasına iddiaçı tərəfindən çəkilmiş 28299 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbində qeyd edilənləri müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, 10000 manat məbləğində xərc cavabdehin həyat yoldaşı tərəfindən çəkilmişdir.

6. Cavabdeh tərəfindən məhkəməyə ərizə təqdim edilərək iddia müddəti tətbiq edilməklə rədd edilməsi məhkəmədən xahiş edilmişdir.

7. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, iddiaçının evində usta olaraq işləmişdir. Belə ki, o, həmin evdə asma-tavan, suvaq işləri məşğul olmuşdur. Yay aylarında təmir işləri olmuşdur. Həmin evdə ustalar olmuşdur. Ustalardan əlavə hər daima evə Sərvər müəllim özü gedib-gəlmişdir. Ondan başqa evdə bir adam da olmuşdur, lakin o, sadəcə evə baxıb çıxmışdır. Tərəfindən ustalara ödəniş edilməmişdir. Sərvər müəllim işlərinə görə 900 manat ödəniş etmişdir.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, iddiaçının evində usta olaraq işləmişdir. Belə ki, o, həmin evdə hörgü işləri məşğul olmuşdur. Yay aylarında təmir işləri olmuşdur. Həmin evdə ustalar olmuşdur. Ustalardan əlavə hər daima evə Sərvər müəllim özü gedib-gəlmişdir. Ondan başqa evdə bir adam da olmuşdur, lakin o, sadəcə evə baxıb çıxmışdır. Sərvər müəllim işlərinə görə 800 manat ödəniş etmişdir.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 öz ifadəsində göstərmişdir ki, iddiaçının evində usta olaraq işləmişdir. Ev Sumqayıt şəhəri 2-ci məhəllə ünvanında yerləşir. Təmir işləri 2021-ci il tarixdə olmuşdur. Belə ki, o, həmin evdə elektrik işləri məşğul olmuşdur. Yay aylarında təmir işləri olmuşdur. Həmin evdə ustalar olmuşdur. Ustalardan əlavə hər daima evə Sərvər müəllim özü gedib-gəlmişdir. Ondan başqa evdə bir adam da olmuşdur, lakin o, sadəcə evə baxıb çıxmışdır. Sərvər müəllim işlərinə görə 500 manat ödəniş etmişdir.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 öz ifadəsində göstərmişdir ki, iddiaçının evində usta olaraq işləmişdir. Ev Sumqayıt şəhəri 2-ci məhəllə ünvanında yerləşir. Təmir işləri 2021-ci il tarixdə olmuşdur. Belə ki, o, həmin evdə alçipan işləri məşğul olmuşdur. 1 kv.m ərazini 10 manat məbləğdən işləmişdir. Yay aylarında təmir işləri olmuşdur. Həmin evdə ustalar olmuşdur. Onu həmin evə Sərvər müəllim dəvət etmişdir.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 öz ifadəsində göstərmişdir ki, iddiaçının evində usta olaraq işləmişdir. Ev Sumqayıt şəhəri 2-ci məhəllə ünvanında yerləşir. Təmir işləri 2021-ci il tarixdə olmuşdur. Belə ki, o, həmin evdə malyar işləri məşğul olmuşdur. Yay aylarında təmir işləri olmuşdur. Həmin evdə ustalar olmuşdur. Ustalardan əlavə hər daim evə Sərvər müəllim özü gedib-gəlmişdir. Ondan başqa evdə bir adam da olmuşdur, lakin o, sadəcə evə baxıb çıxmışdır.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində göstərmişdir ki, cavabdeh onun xalasının yoldaşıdır. Özü ustadır. Evin təmir edilməsindən xəbəri vardır, lakin evin təmiri zamanı orda olmamışdır. Təmir xərcləri kim tərəfindən edilməsi barədə məlumatı olmamışdır.

14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 öz ifadəsində göstərmişdir ki, cavabdeh onun anasıdır. Ev təmirinə atası tərəfindən 10000 manat məbləğində ödəniş edilmişdir. Evə ümumilikdə çəkilən xərc 17841 manat olmuşdur.

15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 öz ifadəsində göstərmişdir ki, Yaşıl dərə massivində şəxsi evini xx.xx.2021-ci ildə satıb xx.xx.2021-ci il tarixdə həmin evi almış və yoldaşının adına sənədləşdirmişdir. Əslində isə həmin iddia ona ünvanlanmalı idi. Bildirir ki, iddiaçı öz iddiasında yoldaşına şər və böhtan atmışdır. 2021-ci ilin iyun ayında təmir başlayıb, həmin ilin oktyabr ayında başa çatmışdır. Yaşadığı evdə yoldaşı və oğlu Fuadın iştirakı ilə 10000 manat pulu götürüb. Həmin evin qarşısında onu gözləyən iddiaçı ilə birgə həmin evə getmişlər və orada onun görəcəyi işlər barədə ətraflı izah vermişdir. Təmirin münasib qiymətə olmasını, təmirə nəzarəti özü edəcəyini və bundan əlavə həmin binaların plana düşəcəyini iddiaçıya bildirmişdir. Hazırda 2021-ci il tarixində qeydə alınmış videoçəkilişdə də orada olduğu görünür. Məlumat üçün onu da bildirir ki, videoçəkilişdə tavan və döşəmənin qaşınması görsənmir, eyvanda əvvəllər hörülmüş və oda davamlı kərpiclər divarda görsənir və pəncərənin sökülüb çıxarılması da görünür. 2025-ci ilin yeni video çəkilişində divara vurulmuş köhnə boyalar və eyni zamanda təzə vurulmuş şpatlyovka da görünür. Təzə vurulmuş qara suvaq isə tamamilə görünmür. Həmin ərəfələrdə o, cibindən 10000 manat pulu və evin açaralarını da iddiaçıya vermişdir.

16. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş AS 08-010/25 saylı, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 31-1 nömrəli mənzilin təmirinə çəkilmiş xərcin ümumi məbləği 2021-ci il tarixinə 28013 manat təşkil etmişdir. Ekspertiza xərci 300 manat təşkil edir.

17. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş № 02/07-344/25 saylı, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 31-1 nömrəli mənzilin təmirinə çəkilmiş xərcin ümumi məbləği 2021-ci il tarixinə 21915,3 manat təşkil etmişdir.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

18. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

19. Baxılan işdə iddiaçı irəli sürdüyü tələbi onunla əsaslandırır ki, tərəflərin şifahi razılığına əsasən cavabdehə məxsus mənzil iddiaçı tərəfindən təmir ediləcəkdi və daha sonra cavabdehə məxsus mənzil iddiaçının qızının adına rəsmiləşdiriləcəkdir. Sonradan iddiaçının qızı ilə cavabdehin oğlu arasında ailə münasibətləri pozulduğundan həmin çəkilmiş xərcin cavabdehdən alınaraq ona verilməsini istəyir.

20. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir, uzlaşmırsa (yaxud cavabdehin etiraz və müdafiə vasitələrinə təmin olunmalı deyilsə) rədd edilir.

21. Məhkəmə onu da qeyd edir ki, tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Çünki hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn “da mihi factum, dabo tibi ius” (mənə faktları ver, sənə uyğun hüququ verim) prinsipinə əsaslanır.

22. Mülki Məcəllənin 1091-ci və 1092.1-ci maddələrinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini (və ya onların dəyərini) məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

23. Göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün məhkəmə tərəfindən iş üzrə aşağıdakı şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi; həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi; əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsasdır.

24. Baxılan işdə cavabdehin əldə etdiyi əmlakın iddiaçının hesabına qazandığı sübuta yetirilmiş olsa belə, bu hallar iddianın əsassız varlanma çərçivəsində təmin edilməsi üçün kifayət deyil. Bunun üçün növbəti dispozisya şərti - əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud belə əsasın sonradan aradan qalxması və ya əmlak verilərkən nəzərdə tutulan məqsədin hasil olmaması (həyata keçməməsi) müəyyən edilməlidir.

25. Həmin şərt özündə onu ehtiva edir ki, əmlak qanunda nəzərdə tutulan hər hansı bir əsasla (məsələn, vərəsəliklə, vurulmuş zərərin təzminatı olaraq və s.), yaxud tərəflər arasında bağlanmış müqavilə (bağışlama, üçüncü şəxsin xeyrinə müqavilə və s.) ilə əldə edilirsə, bu cür qazanılma (varlanma) əsassız sayılmır, əsaslı hesab edilir. Əsası olan bir varlanma isə mülki hüquq sisteminin yol verdiyi - qanuni əmlak artımıdır və bu qaydada varlanmış şəxs əmlakı ona verən qarşısında əldə etdiyi predmetləri və ya onun dəyərini geri qaytarmaq öhdəliyi daşımır.

26. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehə məxsus əmlaka öz iradəsi ilə və hər hansı geri qaytarma şərti irəli sürmədən xərc çəkmişdir. Bu səbəbdən cavabdehin əldə etdiyi fayda əsassız varlanma kimi qiymətləndirilə bilməz.

27. Bundan əlavə, ailə münasibətlərinin sonradan pozulması (boşanma) əvvəlki dövrdə könüllü şəkildə edilmiş xərclərə hüquqi qiymətin dəyişdirilməsi üçün əsas yaratmır.

28. Baxılan işdə əgər iddiaçı cavabdehə məxsus mənzilin təmirinə xərc çəkmişsə, cavabdehin əldə etdiyi əmlakın tərəflərin müəyyən olunmuş faktiki münasibətləri fonunda bağışlama mahiyyətində olub-olmadığının araşdırılması işin düzgün həlli üçün əhəmiyyətli olmuşdur.

29. Belə ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər (§ 32-33).

30. Ümumi prinsip ondan ibarətdir ki, borclu olmadığını bilərək pul və ya digər əmlak verən bir kəsin bağışlama düşüncəsi ilə hərəkət etdiyi qəbul edilir (qui sciens solvit indebitum, donandi consilio id videtur fecisse).

31. Bu prezumpsiya nəzərə alındıqda, onun əksini (verilənlərin bağışlama olmadığını) iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur.

32. Baxılan işdə iddiaçı, sözügedən təmirə çəkilmiş pul vəsaitini cavabdehə bağışlama düşüncəsi ilə vermədiyinə istinad edirsə, həmin halı sübut etmək yükü iddiaçının üzərinə düşür.

33. Bu xüsusat yoxlanılarkən tərəflərin təqdim etdikləri sübutlar pul vəsaitinin verildiyi zaman, həmin ərəfədə tərəflərin həqiqi münasibətinin xarakteri, vəsaitin hansı niyyətlə verilməsi, sonrakı davranışları və işin digər diqqətəlayiq halları nəzərə alınmaqla qiymətləndirilməlidir.

34. Bağışlamadan başqa bir hüquq münasibəti aşkar edilmədiyi, yəni cavabdehin mübahisəli əmlakı hədiyyə olaraq əldə etdiyi bəlli olduqda onun həmin əmlakı iddiaçıya qaytarmaq öhdəliyi, yalnız (iddia və sübut edildiyi təqdirdə) bağışlama müqaviləsinin ləğv edilməsindən irəli gələ bilər.

35. Mülki Məcəllənin bu münasibətləri tənzimləyən 673.1-ci maddəsinə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda və ya o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər (§ 34).

36. Nəzərə alınmalıdır ki, bağışlama hədiyyə verənin hədiyyə alanla olan münasibətlərinin hər hansı pozuntusuna görə ləğv edilə bilməz. Məhz yuxarıda sadalanan konkret əsas(lar)ın mövcudluğu, özü də qanunla müəyyən edilmiş bir illik kəsici müddət daxilində (§ 35) hədiyyə verənin müqaviləni ləğv etdiyi sübuta yetirildikdə bağışlamaqdan imtinaya yol verilir. Məhz bu halda hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borclu olur. Əks təqdirdə bağışlanmış əmlakın geri tələb edilməsinə yol verilmir.

37. Baxılan işdə iddia tərəfinin Mülki Məcəllənin 673.1-ci maddəsində sadalanan əsaslardan hər hansı birinə istinadı və sübuta yetirməsi müəyyən edilməmişdir.

38. Beləliklə, əgər şəxs mübahisəli əmlakı bağışlama müqaviləsi əsasında əldə etmişsə, eləcə də qanunda nəzərdə tutulan əsasla bağışlamadan imtina olunduğu sübuta yetirilməmişsə, varlanmış şəxs həmin əmlakı əsassız deyil, bağışlama müqaviləsi əsasında qazanmış sayılır. Bu hal isə əsassız varlanmanın zəruri əlamətinin - əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn bir əsasın olmaması şərtinin təsbit olunmadığını göstərir.

39. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında təmir xərclərinin geri qaytarılması ilə bağlı yazılı və ya şifahi razılaşma olmamışdır. İddiaçı tərəfindən təqdim edilən sübutlar təmir xərclərinin borc və ya öhdəlik xarakteri daşıdığını təsdiq etmir. Təmir işləri iddiaçı tərəfindən könüllü şəkildə, ailə münasibətləri çərçivəsində həyata keçirilmişdir.

40. Məhkəmə onu da qeyd edir ki, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 1/2024 saylı Qərarının 5.7-ci bəndinə əsasən, ər-arvad arasındakı nikah pozulduqdan sonra onlardan birinin yaxın qohumunun onun mənafeyi baxımından çıxış etməsi, yəni mübahisə halında sözügedən bağışlamanı məhz qohumuna etdiyini bildirməsi və hətta geri tarixə buna dair yazılı əqd tərtib etməsinə şübhələr olduqda, sübutun mötəbərliyinə digər sübutlarla yanaşı qiymət verilməlidir. Bu zaman bağışlamanı etmiş qohumun artıq nikah pozulduqdan sonra verdiyi məlumat deyil, bağışlama zamanı ortaya qoyduğu niyyət – o zamankı həqiqi iradəsi nəzərə alınmalıdır. Bu isə hər bir işin konkret hallarından asılı olaraq müəyyən edilməlidir. Məsələn, valideynin nikahdan qısa müddət sonra oğlunun (qızının) doğum günündə verdiyi hədiyyənin məhz övladına edilmiş bağışlama sayılması daha ağlabatan göründüyü halda, illərlə birgə və mehriban ailə kimi yaşamış, uşaqların doğulması ilə ailə bağları daha da sıxlaşmış, oğlu (qızı) ilə yanaşı, gəlinini (kürəkənini) də öz övladı kimi qəbul etmiş qayınananın (qayınatanın) mənzil şəraitinin daha da yaxşılaşdırılması və s. məqsədlə etdiyi bağışlama bütövlükdə ailəyə verilmiş hədiyyə kimi qəbul oluna bilər. Birinci halda bağışlanan əmlak fərdi mülkiyyət, ikinci halda isə ümumi mülkiyyət kimi qiymətləndirilə bilər.

41. Göründüyü kimi yuxarıda qeyd olunan xüsusatlar iddia tələbinin əsassız olmasına dəlalət edir.

42. Bundan başqa, məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə bildirir ki, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunların uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

43. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq qeyd edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia məhkəmə tərəfindən əsassız hesab edildiyinə görə iddia müddətinin tətbiqi barədə ərizəyə qiymət verilməsi zərurəti də aradan qalxmışdır.

44. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “çəkilmiş xərcin geri alınması tələbi”nə dair iddiası təmin edilməməlidir.

45. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

47. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

48. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

50. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

51. "xxxx" MMC tərəfindən aparılmış ekspertiza rəyinin haqqı olan 300 (üç yüz) manat məbləğində pul İddiaçı tutularaq "xxxx" MMC-nin "xxxx" ASC “Mərkəz” filialı, Kod 200026, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, H/Hesab AZ74AİİB400600F**********112, S.W.İ.F.T. AİİBAZ2XXXX hesabına köçürülsün. Nəticə hissəsi:

52. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “çəkilmiş xərcin geri alınması tələbi”nə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. "xxxx" MMC tərəfindən aparılmış ekspertiza rəyinin haqqı olan 300 (üç yüz) manat məbləğində pul İddiaçı tutularaq "xxxx" MMC-nin "xxxx" ASC “Mərkəz” filialı, Kod 200026, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, H/Hesab AZ74AİİB400600F**********112, S.W.İ.F.T. AİİBAZ2XXXX hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar