Məhkəmə qərarları › İş №2(060)-1775/2025

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-1775/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1775/2025 02.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4435 manat pulun və dövlət rüsumu kimi ödədiyi 65 manat vəsaitin, hüquqi yardımla bağlı 80 manat vəsaitin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun tanışıdır. Ona müraciət edərək öz adına kreditə telefon alıb ona və tanışına verməyini xahiş etmiş və bildirmişdir ki, krediti onlar vaxtlı-vaxtında ödəyəcəklər. Cavabdehlərə inanaraq Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Kontakt home” mağazasından xx.xx.2024- cü il tarixdə bağlanmış müqaviləyə əsasən dəyəri 1349,99 manat olan 1 ədəd Samsung Galaxy S 23 markalı və dəyəri 3599,99 manat olan 1 ədəd İphone 15 Pro Max markalı telefonu almış və cavabdehlər həmin telefonlara 2 illik qızıl zəmanətlə birlikdə (dəyəri 720 manat) cəmi 5670 manat ödəniş həyata keçirməli idilər. Həmin malları alarkən cavabdehlər mağazaya 1000 manat ödəniş etmiş və onların mağazaya hazırki vaxta cərimə ilə birlikdə 4435 (3690 manat əsas borc, 710 manat cərimə borcu) manat borcları qalmışdır ki, bu borcu da xx.xx.2025-ci il tarixdə ödəmiş və ona bununla bağlı qəbz verilmişdir. Göründüyü kimi cavabdehlər onun adına aldıqları telefonlara görə onun qarşısında götürdükləri öhdəliyi icra etməmiş və nəticədə həmin pulu ödəməyə məcbur olmuşdur. Belə olan halda cavabdehlərə müraciət edərək telefonları ona qaytarmalarını istəmiş, lakin onlar telefonları da ona qaytarmamışlar. Həmin telefonların dəyəri ödənmədiyi ücün onları xx.xx.2024-cü ildən bloklatmış, buna baxmayaraq cavabdehlər yenə də ödəniş etməmişlər. Cavabdehlərin bu qanunsuz əməllərindən polisə şikayət etmiş, lakin ona bildirilmişdir ki,məsələ mülki xarakterli olduğu ücün məhkəməyə müracət etməlidir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat vermədiyindən, iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığı olduğundan məhkəmə müvafiq qərardad qəbul etməklə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

6. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin faktiki hallarının tam və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir.

Tədqiq olunan sübutlar:

7. Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ərizədə göstərilən xüsusatlar mülki xarakter daşıdığından Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilməsinin məqsədəmüvafiq olduğu bildirilmişdir.

8. “Kontakt Home” tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı tərəfindən 4435,89 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

-567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, iddiaçını dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

12. Belə ki, iddiaçının izahatı əsasında və eyni zamanda məhkəməyə təqdim edilmiş səs yazıları və “Whatsapp” tətbiqi vasitəsilə aparılmış yazışmalar əsasında müəyyən olunur ki, tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən İddiaçı xx.xx.2024-cü il tarixində "xxxx" MMC ilə alqı-satqı müqaviləsi bağlayaraq dəyəri 1349,99 manat olan “Samsung Galxay S23” markalı telefon və dəyəri 3599,99 manat olan “İphone 15 pro max” markalı telefon almış və həmin əşyaların dəyərini ödəmək şərtilə əşyaları cavabdehə vermişdir. Cavabdehlər alqı-satqı müqaviləsi üzrə yaranmış borc üzrə öhdəlikləri icra edəcəyini bildirsələr də, ödənişləri etməkdən yayınmış, nəticədə İddiaçı müqavilə üzrə öhdəliyi özü yerinə yetirmək məcburiyyətində qalmışdır. Bununla da ona 4435 manat məbləğində maddi ziyan vurulmuşdur. Hal-hazırda iddaçı həmin məbləğin cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş edir.

13. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərə verilən mallar daşınar əşyalar olduğundan və eyni zamanda qanunvericiliyə əsasən həmin əşyalar daşınar əşyaların rəsmi reyestrində qeydə alınmalı olan əşyalar olmadığından tərəflər arasında bağlanmış şifahi alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə zidd olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqaviləsi ilə bağlı münasibətləri tənzimləyən 29-cu fəslində qeyd edilən əşyaların alqı-satqısı ilə bağlı şifahi müqavilənin bağlanmasını istisna edən hər hansı bir şərt nəzərdə tutulmamışdır. İddiaçının izahatından görünür ki, onlar arasında bağlanmış alqı-satqı müqaviləsi nisyə alqı-satqı müqaviləsi alınan əşyanın dəyərinin alıcı tərəfindən müəyyən müddət sonra ödənilməsi ilə bağlı olmuşdur.

14. Göründüyü kimi, İddiaçı ilə cavabdehlər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı aralarındakı şifahi razılaşmaya uyğun olaraq əşyaları cavabdehlərə vermiş, lakin cavabdehlər müqavilədən irəli gələn borcun ödənilməsinə dair öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdirlər. Nəticədə cavabdehlərin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.

15. İddiaçı qeyd olunan əşyaları cavabdehlərə verməsi, habelə borcun ödənilməsi qaydası ilə bağlı tərəflər arasında razılaşmanın olması iddiaçının məhkəməyə təqdim etdiyi səs yazıları və və “Whatsapp” tətbiqi vasitəsilə aparılmış yazışmalar ilə öz təsdiqini tapır.

16. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

17. Həmin əşyaların geri qaytarılmasına və ya borcun ödənilməsinə gəldikdə isə iş üzrə cavabdehlər məhkəmə iclasında iştirak etməyərək qeyd olunan halları təkzib edəcək, habelə tərəfindən hər hansı ödəniş edildiyini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdirlər.

18. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir.

19. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

20. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. İddiaçının tələb etdiyi məbləğə gəldikdə isə məhkəmə qeyd edir ki, “Kontakt Home” tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı tərəfindən 4435,89 manat məbləğində ödəniş edilmişdir.

23. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdehlərdən iddiaçının xeyrinə ümumilikdə 4435 manat məbləğində pul vəsaiti tutulmalıdır.

24. Məhkəmə iddianın hüquqi xidmət üçün ödənilmiş 80 manat məbləğində pul vəsaitinin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 11561 saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən hüquqi yardım xidmətlərinə görə 80 manat məbləğində ödəniş edilmişdir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

26. Məhkəmə hesab edir ki, vəkilə hüquqi yardıma görə ödənilən xərclərə görə cavabdehlərdən 80 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. Nəticə:

27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4435 (dörd min dörd yüz otuz beş) manat pul vəsaiti, iddiaçı tərəfindən ödənilmiş 65 (altmış beş) manat məbləğində dövlət rüsumu və hüquqi xidmət üçün ödənilmiş 80 (səksən) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdehlər qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar