Məhkəmə qərarları › İş №2(060)-1789/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1789/2022

23.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1789/2022 23.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə 23 may 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Sumqayıt şəhəri, st.Sumqayıt ərazisində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X2 ilə 13 iyul 2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan övladları yoxdur. Qeyd edir ki, ailə həyatı qurduqdan sonra o, cavabdehlə birlikdə valideynlərinə məxsus mənzildə yaşamışdırlar. Orada yaşadıqları müddətdə elə həmin ərazidə cavabdehlə birlikdə birgə vəsaitləri hesabına 2012-ci ildə Sumqayıt şəhəri, st.Sumqayıt ərazisində 2.5 sot torpaq sahəsi almış, 2 otaqlı fərdi yaşayış evi tikmiş və 2012-cı ildə həmin evə köçmüşdürlər. Bütün cehiz əmlakları da hazırda həmin mənzildədir. Artıq onların ailə münasibətləri pisləşmiş və onların Cəbrayıl rayon Məhkəməsinin 2(072)-301/2021 saylı 09 iyun 2021-ci il tarixli qətnaməsi ilə nikah qeydləri ləğv olunmuşdur. Aralarında mübahisə olduğundan cavabdeh onu evdən qovmuşdur. Cavabdeh onun həmin evdə yaşamasına mane olur. 29.03.2019-cu il tarixli “Mediasiya haqqında” AR Qanununa əsasən, vətəndaşlar mediasiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr məhkəməyə müraciət etməmişdən əvvəl ilkin medasiya sessiyasında məcburi şəkildə iştirak etməlidirlər. Həmin qanun tam olaraq 01.07.2021-ci il tarixdən qüvvəyə minmişdir. AR MPM-nin 149.2.4-1-ci maddəsinə əsasən, vətəndaş “Mediasiya haqqında” AR Qanununa uyğun olaraq, məhkəməyə müraciət etməzdən əvvəl medasiya prosesində iştirak olunduğu halda, həmin tələbə riayət edilməsinə dair sənədi iddia ərizəsinə əlavə edilir. Məhz mediasiya sessiyasında iştirakları məcburi olduğundan ilkin olaraq onlar mediator Ramil Süleymanovun mediasiya sessiyasında iştirak etmişdirlər. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Ona görə məcbur olub məhkəməyə müraciət edir. Onun həmin evdə yaşayış hüququ var. Hesab edir ki, onun həmin fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə qəbul edilməlidir. Mübahisəli mənzil Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirilməyib və mənzilə dair çıxarış verilməyib. Buna görə də mənzil xüsusi mülkiyyətdə olan mənzillərə aid deyil və dövlət mənzil fonduna aid olan mənzillərə dair normalar tətbiq edilməlidir. Ona görə də o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı ona qarşı "Mənzilə köçürülmə tələbinə dair" iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmişdir. O, iddiaçının tələbini qanunsuz və əsassız hesab edir. Belə ki, cavabdeh İddiaçı ilə 11 iyul 2011-ci il tarixində nikaha daxil olmuşdur. Birgə yaşadıqları müddətdə uşaqları olmamışdır. Aralarındakı nikah Cəbrayıl rayon məhkəməsinin 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı iddia tələbində qeyd edir ki, 2012-ci il tarixində birgə nikah dövründə birgə vəsaitləri ilə Sumqayıt şəhərində 2,5 ha torpaq sahəsi almış və orada 2 otaqlı fərdi yaşayış evi tikdirmişlər. Halbuki bu belə deyildir. Həmin torpaq sahəsini atası X4 almış və orada özünə ev tikdirmişdir. Sonra atası həmin sahədə başqa bir otaqlı ev tikdirmiş və o, ailə qurduğuna görə ayrı yaşamaqları üçün onları oraya - indi iddiaçının köçürülmə tələb etdiyi tikiliyə yerləşdirmişdir. Həmin ev 2 otaq deyil, 1 otaq və 1 mətbəxdən ibarətdir. İddiaçı ilə aralarındakı nikah pozulubsa belə çıxır ki, o, bu tikilidə onunla 1 otaqda yaşamaq istəyir. Bu isə qeyri-mümkündür. Bundan əlavə, heç o, özü belə həmin evin tikintisində heç bir maddi vəsait xərcləməmişdir. İddiaçı hansı pulla torpaq alırdı və üstəlik ev tikdirirdi? Atası onların bu evdə yaşamaqlarına ona görə icazə verməmişdir ki, iddiaçı gəlib oraya sahiblənmək istəsin. Bundan başqa, iddiaçı bütün şəxsi geyim əşyalarını da götürüb özü evdən getmişdir. Onlar onu evdən qovmamışdırlar, birgə yaşamaq istəmədiyi üçün iddiaçı özü könüllü olaraq çıxıb getmişdir. İddiaçı artıq onun ailə üzvü deyil və onun bu tikiliyə köçməsi əsla düzgün deyildir. Onu da qeyd edir ki, onların ailəsi 1993-cü il tarixində Cəbrayıl rayonundan gəlmiş məcburi köçkün ailəsidir, onların yaşadıqları ev qanunsuz tikilidir. Ona görə də Sumqayıt şəhər İcra Hakimiyyətinin və Sumqayıt şəhər Bələdiyyəsinin atasına və qeyrilərinə qarşı özbaşına aparılmış tikililərin sökülməsi və zəbt olunmuş torpaq sahəsindən çıxarılmaya dair məhkəmədə qaldırdıqları iddia təmin olunmuş və Sumqayıt şəhər məhkəməsinin hələ 10 dekabr 2009-cu il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, onların qeyd olunan torpaq sahəsindən çıxarılmaları və oradakı qanunsuz tikililərin sökülməsi qət olunmuşdur. Onların apellyasiya və kassasiya şikayətləri təmin olunmamış və AR Ali Məhkəməsinin 3 sentyabr 2010-cu il tarixli qərarı ilə qətnamə dəyişdirilmədən saxlanmışdır. Qətnamələrdən müəyyən olunmuşdur ki, bu evlər Sumqayıt şəhəri, Radio Qovşağı ərazisində yerləşir. Qətnamə ona görə icra olunmayıb ki, onlar məcburi köçkündürlər, ona görə də onlara torpaqlarına qayıdana kimi bu evdə yaşamağa icazə verilib. İndi isə torpaqları alınmışdır və yaxın müddətdə onlar Cəbrayıla qayıdacaqlar və qətnamə də icra olunub özbaşına tikililər söküləcəkdir. Belə olan halda iddiaçı hansı əsasla ora köçürülə bilər? Görünür, iddiaçı elə hesab edir ki, onlar Cəbrayıl rayonuna köçüb gedəndən sonra bu tikili ona qala bilər. Məhkəməyə onu da bildirmək istəyir ki, 2015-ci ildə Sabirabad rayonunun Nəsimi kəndi ərazisində Vüsalə Babaxan qızının adına (o kənddən olduğu üçün) qanuni sənədlə 6 sot torpaq sahəsi almışdır. Qaçqınlara məxsus olan 2 otaqlı fin evini pul ilə alıb həmin torpaq sahəsinə yerləşdirmişlər. Evin içinə lazım olan bütün mebel əşyalarını almışdır. Onun həmin kənddə yaşamağa evi var. Hər dəfə rayona gedəndə o evdə yaşamışdırlar. Bundan başqa, iddiaçının ərizədə torpaq sahəsi alıb evi onunla birgə tikdirməkləri yazmağının tamamilə yalan olduğu onunla da sübut olunur ki, qətnamənin çıxarılma tarixi 2009-cu ildir. İddiaçı ilə nikahları isə 2011-ci il tarixi ildir. Demək ki, bu atasının tikdirdiyi tikililərdir və əvvəldən mövcud olub. Bundan əlavə, iddiaçı ərizəsində AR Mənzil Məcəlləsinin 68-ci maddəsinə əsaslanır. Məhkəmənin nəzərinə çatdırır ki, onların yaşadıqları tikili dövlət mənzil fonduna daxil deyil ki, ona mənzil kirayə müqaviləsinin normaları tətbiq olunsun. Bu tikili iddiaçının özünün də qeyd etdiyi kimi özbaşına tikilidir və heç bir hüquqi statusu yoxdur və AR Mülki Məcələsinin 11-ci maddəsində təsbit olunan qanunun analogiyasını burada tətbiq etmək olmaz, çünki bu, hüquq münasibətlərinin mahiyyətinə ziddir. Beləliklə, iddiaçı nə onun ailə üzvü deyil, nə də bu özbaşına tikiliyə nə vaxtsa hər hansı hüququ olmayıb, bundan sonra da onun bu tikliyə köçürülməsi heç bir qanunla tanınmayan bir tələbdir. Bu tikili özbaşına tikilidir və sökülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Qeyd edilənlərə əsasən İddiaçı ona qarşı "Mənzilə köçürülmə tələbinə dair" iddia ərizəsini qanunsuz və əsassız hesab edərək onun rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbini qəbul etmir. İddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, qüvvədə olan mülki qanunvericilikdə özbaşına tikili ilə bağlı məsələləri tənzimləyən hüquqi normalar yoxdur. Sözügedən mübahisəli mənzil özbaşına tikilidir. Həmin tikilinin sökülməsi ilə bağlı 2010-cu il tarixli məhkəmə qərarı var. Sumqayıt şəhər məhkəməsinin hələ 10 dekabr 2009-cu il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, cavabdehin qeyd olunan torpaq sahəsindən çıxarılmaları və oradakı qanunsuz tikililərin sökülməsi qət olunmuşdur. Ali Məhkəmənin 3 sentyabr 2010-cu il tarixli qərarı ilə qətnamə dəyişdirilmədən saxlanmışdır. Qətnamə ona görə icra olunmayıb ki, cavabdeh məcburi köçkündür.Tərəflər 2011-ci il tarixdə nikaha daxil olmuşdurlar. Əgər həmin mənzil söküləcəksə iddiaçının ora köçürülməsi məntiqi deyil. Bundan əlavə iddiaçı özü də ərizəsində cavabdehin onu döydüyünü, onların yola getmədiyini bildirmişdir. Bu halda onlar necə bir yerdə yaşaya bilərlər. Eyni zamanda onun sorğusu əsasında Sabirabad rayonu Nizami Bələdiyyəsindən verilmiş arayışa əsasən İddiaçı ünvan 1i ərazisində özünəməxsus fin evi və 0,6 ha torpaq sahəsi yoxdur, onun ailəsinə ayrılmış pay torpaq sahəsi vardır. Göründüyü kimi iddia tələbi əsassızdır. Qeyd edilənlərə əsasən nümayəndə, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (məhkəmə bildirişinə imza etməklə və SS780838381AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə əsasən) iş üzrə iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər Bələdiyyəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər Bələdiyyəsinin nümayəndələrinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. 29.04.2022-ci il tarixli məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş, iddia tələbini müdafiə etdiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, cavabdehlə 11 il birlikdə yaşamışdırlar. Ailə qurduqdan sonra bir il qaynatası ilə yaşamış, sonra başqa evə köçmüşdürlər. Köçdükləri ev hazırkı mübahisəli mənzildir. Həmin mənzil Stansiya Sumqayıt ərazisində yerləşir, evə dair heç bir sənəd yoxdur. Sözügedən mənzil birgə nikah dövründə onların birgə vəsaiti hesabına tikilmişdir. Evin tikilmə tarixi dəqiq yadında deyil. O, 2012-2021-ci illərdə o evdə yaşamışdır. Onlar arasında nikah pozulduqdan sonra cavabdeh onu döymüş, ona görə də o, evi tərk etmək məcburiyyətində qalmışdır. Hazırda kirayədə yaşayır. Maddi vəziyyəti yaxşı deyil, xəstədir, kirayə haqqını ödəyə bilmir. Ona məxsus bütün cehiz əşyaları həmin evdədir. Hazırda mübahisəli mənzildə cavabdeh tək yaşayır. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan Sumqayıt şəhər İH-nin MKTİB-nin 23 saylı MKS-in 1061 nömrəli, 29.10.2021 saylı arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, ST. Sumqayıt fərdi yaşayış evində qeydiyyatsız yaşayır. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 27.11.2021-ci il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-301/2021 saylı 09.06.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı ilə Cavabdeh arasında 13 iyul 2011ci il tarixdə Cəbrayıl Rayon Qeydiyyat Şöbəsində bağlanmış 245 nömrəli nikah pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 28.03.2022-ci il tarixli, **********63 nömrəli məktubundan görünür ki, ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən Cavabdeh adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İşə əlavə edilmiş Sabirabad rayonu Nizami Bələdiyyəsinin 29.03.2022-ci il tarixli 22 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1i ünvanında özünə məxsus 2 otaqlı fin evi və 0.6 ha həyətyanı torpaq sahəsi yoxdur. 1999-cu il tarixində Sabirabad rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə JN 103 nömrəli dövlət aktına əsasən 5 nəfərdən ibarət ailəsinə 3.09 ha pay torpaq sahəsi verilmişdir və həmin torpaq sahəsində İddiaçı pay torpaq sahəsi vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2701/10 saylı qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 10 dekabr 2009-cu il tarixli qətnaməsi ilə iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətinin və müstəqil tələb irəli sürən üçüncü şəxs Sumqayıt şəhər bələdiyyəsinin cavabdehlər X1 və qeyrilərinə qarşı özbaşına aparılmış tikililərin sökülməsi və zəbt olunmuş torpaq sahəsindən çıxarılma barədə iddiası təmin edilərək, X3 tərəfindən Sumqayıt şəhəri, Stansiya Sumqayıt Radio Qovşağı ərazisində zəbt edilmiş özbaşına tikililərin onun hesabına sökülməsi qət edilmiş, Sumqayıt Şəhər Bələdiyyəsinin X1 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsinə dair iddiası təmin edilərək X3nun Sumqayıt şəhəri, Stansiya Sumqayıt Radio Qovşağı ərazisində yerləşən torpaq sahəsindən çıxarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi MİÜK-nm 26 aprel 2010-cu il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 10 dekabr 2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X3nun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi MİÜK-nın 26 aprel 2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı X2 ilə 13 iyul 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş, ailə qurduqdan bir müddət sonra Sumqayıt şəhəri, st. Sumqayıt ərazisində yerləşən fərdi yaşayış evinə köçmüş və cavabdehlə birlikdə nikahlarına xitam verilənədək bir ailə kimi həmin ünvanda yaşamışdır. 2021-ci ildə cavabdehlə aralarında olan nikah rəsmi qaydada pozulduqdan sonra iddiaçı məcburi olaraq həmin mənzildən çıxarılmışdır. Bu halı cavabdehin iddiaçının onunla birlikdə yaşamasının mümkün olmaması barədə etirazı da təsdiq edir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Bu cür müdafiə üsulları kimi Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir. Yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, istifadə hüququnun tanınması və ya köçürülməsi tələb olunan yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli yaşayış sahəsi mülkiyyətdə deyil, yəni özəl mənzil fondu, dövlət mənzil fondu və ya bələdiyyə mənzil fonduna aid olmayan yaşayış sahəsidir və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ, eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə, başqa şəxslərin hüquq və azadlıqlarını pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Bu səbəbdən də, məhkəmə, ədalət mühakiməsinin səmərəliliyinin təmin etmək məqsədilə mülki mübahisənin həlli zamanı formal mülahizədən çıxış etməməli, öz səlahiyyətləri çərçivəsində Konstitusiyanın və sahəvi qanunların müvafiq maddələrinə, həmçinin həmin aktlarda əks olunmuş prinsiplərə istinad etməlidir. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərini tənzimləyən konkret hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas kimi çıxış edə bilməz. Çünki, belə bir imtina ədalət mühakiməsindən imtina kimi hesab olunaraq, hüququn real tənzimləmə qabiliyyətini heçə endirə bilər. Bu baxımdan, qanunverici belə hallarda ədalət mühakiməsinin səmərəliliyinin təmini vasitəsi kimi mülki qanunvericiliyin analogiya üzrə tətbiqini müəyyən etmişdir. Analogiya hüquqda hüquqi cəhətdən nizamlanması mühüm olan ictimai münasibətlərə oxşar münasibətləri nizama salan hüquq normalarının (qanunun analogiyası), bu cür normalar olmadıqda isə müvafiq hüquq sahəsinin, yaxud hüquq institutunun ümumi prinsiplərinin tətbiqini (hüququn analogiyası) nəzərdə tutur. Bu səbəbdən məhkəmə hesab edir ki, qanunun analogiyasından istifadə edilməlidir. Analogiyadan istifadəni nəzərdə tutan «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində deyilir ki, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Qanunun analogiyası dedikdə - konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi başa düşülür (Qanunun 1.0.10-cu maddəsi). Bu baxımdan məhkəmə hesab edir ki, hazırki münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsi tətbiq edilməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birlikdə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddirlər. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsində deyilir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. İddiaçı hüquqi vəziyyətinə görə özbaşına tikili sayılan Sumqayıt şəhəri, st. Sumqayıt ərazisində yerləşən fərdi yaşayış evində yaşamış, sonradan, yaranmış vəziyyətlə əlaqədar evdən çıxmaq məcburiyyətində qalmışdır. Hazırda başqa yerdə mənzil tələbatını ödəməyə imkanı olmayan iddiaçının həmin evə köçürülməsi tələbinin təmin edilməməsi qanunvericiliyə və ədalət prinsipinə uyğun olmazdı. Belə ki, cavabdehin mübahisəli evə mülkiyyət hüququnu təsdiq edən sənədi olmadığı halda o, digər tərəfi evdən istifadə etməkdən məhrum etmişdir. Halbuki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi mövcuddur və mənzil ehtiyacını qarşılayan tikilidir. Mübahisəli ev özbaşına tikili olduğundan, tərəflərin hər hansı birinin həmin evə münasibətdə əşya hüququ yoxdur. İddiaçının faktiki ailə münasibətləri çərçivəsində birgə təsərrüfat apararaq orada yaşamasına görə həmin evə iqtisadi marağı yaranmışdır. Belə olan halda, tərəflərin yaşadıqları evdən yararlanmaları, yəni həmin evə münasibətdə maraqları eyni olmuşdur. Həmin evdən çıxarılmış iddiaçının mənzil şəraitində yaşama ehtiyacını təmin edəcək başqa yaşayış sahəsi isə mövcud deyil. İddiaçı mübahisəli evdə yaşayaraq bir iqtisadi dəyər kimi ondan yararlandığına görə, bərabərlik prinsipinə uyğun olaraq cavabdehlə eyni imkana, yəni həmin evdə yaşamaq hüququna malik olmalıdır. Başqa sözlə, iddiaçının faktiki vəziyyətə uyğun olaraq, evdən cavabdehlə birlikdə yararlanmaq, yəni orada yaşamaq hüququ vardır. Əks yanaşma, bərabərlik prinisipinin pozulmasına, yəni evə münasibətdə eyni hüquqi vəziyyətdə olan şəxslərə fərqli münasibət göstərilməsi ilə nəticələnə bilər. Odur ki, iddiaçının yaşaması üçün mübahisəli fərdi yaşayış evinə köçürülməsi əsaslıdır. Məhkəmə cavabdehin sözügedən evin sökülməsi barədə məhkəmə qətnaməsinin olması, onsuzda məcburi köçkünlər öz rayonlarına qayıtdıqdan sonra həmin qətnamənin icra ediləcəyi, bu səbəbdən də iddiaçının ora köçürülməsi üçün heç bir əsasın olmadığı barədə dəlilləri ilə razılaşmır. Belə ki, sözügedən məhkəmə aktı 2009-cu ildə qəbul edilməklə hal-hazırki dövrədək məlum səbəblərdən icra edilməmişdir. Sözügedən qətnamə qəbul edildikdən sonra iddiaçı cavabdehlə ailə qurmuş və təxminən 10 ildən çox həmin mənzildə yaşamışdır. Məhkəmə qeyd edir ki, məcburi köçkünlərin yaşadıqları rayonlara qayıdacağı tarix bəlli olmamaqla hal-hazırki vaxt üçün qeyri-müəyyəndir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh hal-hazırda həmin mənzildə yaşadığından, mənzil tələbatını ödəməyə imkanı olmayan iddiaçı da sözügedən ünvana köçürülməklə onun ən azından qeyd edilən qətnamə icra olunana kimi evdən cavabdehlə birlikdə yararlanmaq, yəni orada yaşamaq hüququ təmin olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı Sumqayıt şəhəri, st. Sumqayıt ərazisində yerləşən Cavabdeh istifadəsində olan fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, st. Sumqayıt ərazisində yerləşən Cavabdeh istifadəsində olan fərdi yaşayış evinə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar