Məhkəmə qərarları › İş №2(060)-1793/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1793/2023

18.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1793/2023 18.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X15 oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi, atası X8, Cavabdeh, üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Sumqayıt şəhəri X7) torpaq sahəsi və köşkdən çıxarılma tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin onunla X7 arasında bağlanmış xx.xx.2012-ci il tarixli torpağın icarəyə verilməsi haqqında müqavilə əsasında 9 kv.metr sahədə inşa edilmiş köşkdən çıxarılması və hazırki iddianın verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumun cavabdehdən tutularaq ona döənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının qızı Zümrüd Atakişiyeva ilə xx.xx.2011-ci il tarixində rəsmi nikaha daxil olmaqla, ailə qurmuşdur. Həmin birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X5 anadan olmuşdur. Sonradan cavabdehlə iddiaçının qızı arasında ailə münasibətləri pozulduğuna görə nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının qızı ilə cavabdeh arasında nikah pozulmuşdur. xx.xx.2003-cü il tarixində iddiaçının mərhum əri X11 ilə H.Zeynalabdin bələdiyyəsi arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə imzalanmış və Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində 9 kv/m torpaq sahəsi iddiaçının ərinə icarəyə verilmişdir. İddiaçının ərinin ölümü ilə əlaqədar olaraq xx.xx.2012-ci il tarixində həmin icarə müqaviləsi iddiaçı ilə bağlanmış və o, həmin torpaq sahəsində ət satışı üçün köşk inşa etmişdir. İddiaçı həmin köşkü cavabdehə ət satışı ilə əlaqədar isitfadə etmək üçün vermişdir. İddiaçının qızı ilə cavabdeh arasında nikah münasibətləri pozulduqan sonra, cavabdehdən həmin köşkdən çıxmasını tələb etmişdir. Lakin cavabdeh qanunsuz olaraq həmin köşkdən istifadə etməyə davam edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, torpaq sahəsi icarəyə götürülərkən orada köşk olmayıb. Bələdiyyə ilə onun həyat yoldaşı arasında icarə müqaviləsi 2008-ci ilədək mövcud olmuşdur. Köşkü onun mərhum həyat yoldaşı oraya qoymuşdur. Bundan sonra onun əri köşkü ət satışı ilə məşğul olmaq üçün zəruri avadanlıqlarla təchiz etmişdir. Onun əri 2005-ci ildə vəfat edib. Ərinin vəfatından sonra zərurət hiss etmədiyi üçün bələdiyyə ilə yeni icarə müqaviləsi bağlamayıb. Lakin, köşk onun istifadəsində olub. Cavabdeh onun keçmiş kürəkənidir. Hazırda cavabdeh həmin köşkdən çıxmır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ididaçı onun qızı, cavabdeh isə qızının keçmiş kürəkənidir. İddiaçının əri bələdiyyə ilə müqavilə bağlayaraq həmin torpağı icarəyə götürüb. İddiaçının əri 2005-ci ildə vəfat edib. İcarə müqaviləsi 5 il müddətinə, əni 2008-ci ilədək qüvvədə olmuşdur. Həmin icarə müqaviləsi əsasında iddiaçının mərhum ərinə 9 kv.metr torpaq sahəsi bələdiyyə tərəfindən icarəyə verilmişdir. Həmin torpaq sahəsinə kran vasitəsilə dəmir köşk qoyulmuşdur. Köşkün içərisində soyuducu, balta, bıçaq, tərəzi kimi müxtəlif ləvazimatlar olub. Müqavilənin müddəti bitdikdən sonra icarə müqavilsi 2012-ci ildə yenidən iddiaçı və bələdiyyə arasında bağlanmışdır. Müqavilənin gec bağlanmasına səbəb iddiaçının ərinin vəfatı sonrası yaranan baş qarışıqlığı olmuşdur. Cavabdeh iddiaçının qızı ilə 2009-cu ildə nişanlananda həmin köşk ət satışı ilə məşğul olmaq üçün cavabdehə verilib. Köşk tikili deyil və səyyar köşkdür. Cavabdehin həmin köşkə heç bir hüququ olmadığı halda oradan çıxmaqdan imtina edir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddia tələbini qəbul etmir. O, həmin köşkü 2010-cu ildən bəri işlədir. Ona bununla bağlı heç bir sənəd verilməyib. İddiaçı ilə aralarında şifahi razılığa gəlmişlər. 2019-cu ilədək köşdən istifadə etdiyi üçün iddiaçıya mütəmadi olaraq aylıq pul ödəmişdir. Bələdiyyə ilə Faiq Həsənov arasında 2003-cü ildə müqavilə olmasından məlumatı var. Lakin, iddiaçı ilə bələdiyyə arasında 2012-cü ildə bağlanmış müqacvilə uydurmadır. Belə bir müqavilə sonradan saxta yolla bağlanıb. Bələdiyyəyə bununla bağlı müraciət etsə də, oradan belə bir müqavilə barədə məlumatları olmadığı bildirildi. Həmin ərazinin bələdiyyə mülkiyyətində olması da sual altındadır. Onda olan məlumata görə həmin torpaq sahəsi dövlət mülkiyyətindədir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi X4 məhkəmə iclasında bildirdi ki, 2003-cü ildə mərhum Faiq Həsənovla bələdiyyə arasında 8 il müddətinə icarə müqaviləsi imzalanıb. Bu müqavilənin həqiqiliyi şübhə doğurmur və müqavilənin mövcudluğuna bələdiyyə tərəfindən etiraz yoxdur. Həmin vaxt qeyd edilən ərazilər bələdiyyə torpaqları olub. Müqavilənin müddəti bitsə də, faktiki icarə münasibətləri Faiq Həsənovun hüquqi varisi olan iddiaçı ilə davam etdirilir. Sonradan bir sıra bələdiyyə torpaqları bələdiyyə mülkiyyətindən alınaraq dövlət mülkiyyətinə verilib. 2007-ci ildən sonra bələdiyyə torpaqlarının yalnız hərrac vasitəsilə icarəyə və istifadəyə verilməsi nəzərdə tutulub. Bir müddət bütün prosedurlar dayandırılıb. 2012-ci il tarixli müqavilə isə iddiaçı ilə 2003-cü il tarixli müqavilənin davamı kimi bağlanıb. Həmin ərazinin iddiaçının qanuni istifadəsində olması mübahisə doğurmur və cavabdehin ora heç bir hüququ yoxdur. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən iddiaçı xx.xx.1973-cü ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1986-cı ildə anadan olmuşdur. O, Hacıqabul rayonu, Qubalıbaloğlan kəndində qeydiyyatdadır. 21 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli, 273 saylı arayışına əsasən cavabdeh ünvan 3 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan X11 ilə X7 arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 60 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən 9 kv. metr torpaq sahəsi 5 il müddətinə, kommersiya məqsədilə hər il 11250 manat icarə haqqı ödəmək şərtilə X6 icarəyə verilmişdir. Sumqayıt şəhəri Gigiyena və Epidemiologiya X1 ünvanladığı xx.xx.2003-cü il tarixli məktubunda Sumqayıt şəhər Epidemiologiya Mərkəzi, M.Müşviq küçəsi, ATS-in yanında yerləşən ət satışı köşkünün fəaliyyətinə heyvan kəsilməsinin yalnız şəhər sallaqxanasında aparılması, obyektdə satılmaq üçün kəsilmiş hər bir cəmdəyə baytarlıq şəhadətnaməsinin alınması, obyektdə çalışan qəssabın tibbi müayinəsinin vaxtlı-vaxtında təşkil edilməsi şərtlərilə etiraz edilməmişdir. Nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X11 ilə iddiaçı arasında nikah xx.xx.1992-ci ildə bağlanmışdır. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X11 xx.xx.2005-ci ildə vəfat etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4105/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X9 ilə cavabdeh arasında bağlanmış nikahın pozulması qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X9 ilə cavabdeh arasındakı nikahın pozulması barədə xx.xx.2019-cu il tarixində qeyd aparılmışdır. İddiaçı ilə X7 arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən xx.xx.2003-cü il tarixli, 60 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədə göstərilən icarə müddəti xx.xx.2025-ci ilə qədər uzadılmışdır. Öncə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hazırkı iş üzrə tərəflər Sumqayıt şəhərində qeydiyyatda olmasalar da, iddiaçının tələb etdiyi torpaq sahəsi Sumqayıt şəhəri ərazisində yerləşdiyi üçün müstəsna aidiyyət qaydalarına əsasən Sumqayıt Şəhər Məhkəməsi hazırkı işə baxmaqda səlahiyyətlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (700.1.). İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər (700.2.). İcarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir (701.1.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə (bundan sonra – Torpaq Məcəlləsi) əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir (51.1.). İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir (51.2). İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər (51.3). İşin müəyyən edilmiş hallarından göründüyü kimi, X11 ilə X7 arasında bağlanmış xx.xx.2003-cü il tarixli müqaviləyə əsasən 9 kv.metr torpaq sahəsi Faiq Həsənov tərəfindən icarəyə götürülmüşdür. Sonradan həmin torpaq sahəsi istifadə etməsi üçün cavabdehə verilmişdir. 2012-ci ildə cavabdehlə X7 arasında bağlanmış müqaviləyə əsasən icarə münasibətləri xx.xx.2025-ci ilə qədər uzadılmışdır. Cavabdehin əsas dəlili ondan ibarət olmuşdur ki, iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə saxtadır. Bununla bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən icarəçi öldükdə onun vərəsələri, habelə icarəyə verən müqavilənin ləğvinə dair bildirişi təqvim ili rübünün sonu üçün qüvvəyə minməklə altı ay əvvəldən vermək hüququna malikdirlər. Yalnız o halda vərəsələr müqavilənin icarəyə verən tərəfindən ləğv olunması barədə şikayət verə bilər və müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsini tələb edə bilərlər ki, onların və ya digər miras şəriklərinin və ya bunu tapşırdıqları hər hansı üçüncü şəxsin əşyadan onun təsərrüfat təyinatına uyğun lazımi istifadəni təmin etdikləri ehtimal olunsun. Əgər vərəsələr icarə müddətinin qurtarmasına azı üç ay qalmış şikayət verməzlərsə və icarəyə götürülmüş əşyadan onun təsərrüfat təyinatına uyğun lazımi istifadə olunacağını ehtimal etməyə imkan verən hallar barəsində məlumat verməzlərsə, icarəyə verən müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsindən imtina edə bilər (719.6.). Həmçinin Torpaq Məcəlləsinin 51.7-ci maddəsinə əsasən icarə müddəti tamam olanadək, icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı Faiq Həsənovun birinci dərəcəli vərəsəsidir. Bu səbəbdən Faiq Həsənov vəfat etdikdən sonra mübahisəli ərazi ilə bağlı icarə münasibətlərinin onunla davam etdirilməsi üçün hər hansı maneə mövcud deyildi. Yəni, iddiaçı ilə üçüncü şəxs arasında xx.xx.2012-ci il tarixli müqavilə bağlanmasaydı belə, iddiaçı X11 ilə X7 arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 60 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə üzrə Faiq Həsənovun hüquqi varisi kimi hazırkı iddianı irəli sürə bilərdi. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ilə X7 arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən 9 kvadrat metr sahədə qoyulmuş köşkdən çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar