Məhkəmə qərarları › İş №2(060)-180/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-180/2021

01.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-180/2021 01.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 Rufulla qızının, Cavabdeh1 İmamqulu qızının və Cavabdeh2 qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 İmamqulu qızına və Cavabdeh2 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilmə və mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 İmamqulu qızına və Cavabdeh2 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilmə və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hər birinə 5000 manat olmaqla, cəmi 10.000 manat verməklə onların onun şəxsi mülkiyyətində olan Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 10-da yerləşən 52 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi və onların azyaşlı qızı X3 və əmlakları ilə birlikdə mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaya dəqiqləşdirmə barədə ərizə ilə iddiaçı müraciət edərək caavbdehlərə verilən kompensasiya məbləğinin arıtırılaraq hər birinə 10.000 manat olmaqla, cəmi 20.000 manat verilməklə cavabdehlərin onun şəxsi mülkiyyətində olan Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 10-da yerləşən 52 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi və onların azyaşlı qızı X3 və əmlakları ilə birlikdə mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 10, mənzil 52-də yerləşməklə sahəsi 31,5 kv.m. olan 2 otaqdan ibarətdir. Mənzil 1978-ci ildə Sumqayıt Səthi Aktiv maddələr zavodunda işləyən, 1980-ci ildən mənzil növbəsində dayanan anası X2 zavodun xx.xx.1994-cü tarixli Protokolu və Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 178 saylı xx.xx.2003-cü il tarixli sərəncamına əsasən təqdim edilmiş və sonradan anasının razılığına əsasən həmin mənzilin orderi adına keçirilmiş və həmin mənzil xx.xx.2004-cü il tarixdə mənzil bağışlama (özəlləşmə) əsasında əvəzsiz olaraq onun mülkiyyətinə keçmişdir. Cavabdeh1 onun keçmişş həyat yoldaşı, Cavabdeh2 isə onun qızıdır. Cavabdeh1 ilə aralarında bağlanmış nikah Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən ləğv edilmiş, xx.xx.2005-ci il təvəllüdlü qızları İlahənin yetkinlik yaşına çatanadək saxlanılması üçün 160 manat sabit pul məbləğində alimentin tutulmasını qət edilmişdir. Cavabdehlər 2019-cu ilin avqust ayından bu mənzili tərk edərək getmiş və başqa bir ünvanda yaşayırlar. Cavabdeh1 ilə münasibətləri dözülməz bir vəziyyət almışdır, bu şəxsin gəlib mübahisəli mənzildə yaşamasını istəmir, belə ki, onun öz mənzilində ona xəyanət etmiş, başqa ünvana köçmüş və cavabdehlərə kompensiya verilməklə onların mülkiyyətində olan mənzilə istifadə hüquqlarına xitam verilməsini və mənzildən çıxarılmasını istəyir. Mənzilin dəyərini, bu tip mənzillərin aylıq kirayə haqqının 160 manat civarında olmasını, mənzildə cavabdehdən başqa digər ailə üzvlərinin də yaşadığını, yaşa görə təqaüdçü olduğunu nəzərə alaraq cavabdehlərin hər bininə kompensasiya təklif edir, məbləğ onların müəyyən müddət (3 il), oxşar yerdə, oxşar şəraitli bir mənzildə kirayədə yaşamaları üçün yetərlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında göstərdi ki, iddianı qəbul edir və iddianı etirafa dair məhkəməyə ərizə təqdim edir. Məhkəmə iclasında iştirak eədn Cavabdeh2 izahatında göstərdi ki, iddianı qəbul edir və iddianı etirafa dair məhkəməyə ərizə təqdim edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: Tikinti və Axitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 10-da yerləşən 52 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında DTİ və MHQİ-nin 12 nömrəli xx xxxx 2004-cü il tarixli protokolu və orderi əsasında İddiaçı adına qeydə alınmışdır. Nikahın pozulması haqqında AZ-İ seriyalı 350405 saylı şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 İmamqulu qızı arasında nikaha xx xxxxx 2020-ci il tarixdə xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında işin araşdırılan mübahisəsiz hallar ilə təsdiq olundu ki, mübahisə predmeti olan ev xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçının ailə üzvləri olan cavabdehlər 2019-cu ilin avqust ayınadək bu mənzildə yaşamışlar. Cavabdehlər mübahisəli mənzildə mülkiyyətçinin ailə üzvü kimi birgə yaşayaraq yaşayış sahəsindən bərabər istifadə etmişlər. Araşdırılan mübahisə üzrə iddiaçı müvafiq kompensasiya verməsi yolu ilə cavabdehlərin mənzilə istifadə hüququna xitam verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə qeyd edir ki, araşdırılan mübahisə üzrə cavabdehlər iddianı etiraf etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnaməçıxarır. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 İmamqulu qızının və Cavabdeh2 hər birinə 10.000 manat olmaqla cəmi 20.000 manat kompensasiya ödənilməklə Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 10-da yerləşən 52 saylı mənzilə istifadə hüquqlarına xitam verilməli, cavabdehlər Cavabdeh1 İmamqulu qızı və Cavabdeh2, azyaşlı X3 və əmlakları ilə birlikdə mənzildən çıxarılmalıdırlar. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 İmamqulu qızının və Cavabdeh2 hər birinə 10.000 manat olmaqla, cəmi 20.000 (iyirmi min) manat kompensasiya ödənilməklə Sumqayıt şəhəri, 47ci məhəllə, ev 10-da yerləşən 52 saylı mənzilə istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh1 İmamqulu qızı və Cavabdeh2 azyaşlı X3 və əmlakları ilə birlikdə mənzildən çıxarılsınlar. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar