Məhkəmə qərarları › İş №2(060)-1831/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1831/2024

04.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1831/2024 04.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakları ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən, 45 saylı mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ikinci qrup müharibə əlili (qazi) olduğu üçün Sumqayıt şəhəri, 18-cı mikrorayon, 18 saylı evdə yerləşən, ümumi sahəsi 65.35 kv.metr, yaşayış sahəsi 39.83 kv.metr, üç otaqdan ibarət olan mübahisəli 45 nömrəli mənzil dövlət tərəfindən ona bağışlanmışdır. Həmin mənzil üzərində onun mülkiyyət hüquqları Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış və ona xx.xx.2008-cı il tarixdə MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh1 onun keçmiş həyat yoldaşıdır. Onunla xx.xx.1993-cü il tarixdə bağlanmış rəsmi nikahları Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Digər cavabdehlər birgə nikahdan olan övladlarıdır. Son bir neçə ildir ki, ailələrində mənzillə bağlı mübahisələr baş verdiyinə görə, o, mənzilin mülkiyyətçisi olaraq mənzil üzərində olan mülkiyyət hüquqlarını istədiyi kimi həyata keçirə bilmir. Cavabdehlər düşünülmüş tərzdə, bilərəkdən birgə yaşayış qaydalarını pozur, ona məxsus mənzildə rahat yaşamağına imkan vermirdilər. O, mənzilin mülkiyyətçisi olaraq sərəncam hüququnu həyata keçirmək məqsədilə cavabdehlərə kompensasiya verməklə onların mənzildən istifadə hüquqlarına xitam vermək qərarına gələrək ərizə ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5069/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlərə ümumilikdə 15000 manat məbləğində kompensasiya verilməklə onların ünvan 1-də yerləşən, 45 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi xx.xx.2023-cü il tarixdə qanuni qüwəyyə mindikdən sonra icraya yönəldilmişdir. Cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilsə də, onlar ona məxsus mənzildə qanunsuz yaşamaqla mənzilə olan mülkiyyət hüququnu aşkar şəkildə pozurlar. Dəfələrlə cavabdehlərə xəbərdarlıq etməyinə baxmayaraq onlar qanuna zidd əməllərini davam etdirirlər. Mülkiyyət hüququnun pozulmasına son qoymaq məqsədilə o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

Tərəflərin mövqeləri:

3. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı X2 iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, iddia tələbini müdafiə edir. Qanuni qüvvəyə minmiş qətnamə icraya yönəldilmiş, kompensasiya da ödənilmişdir.

4. Məhkəmə iclaslarında iştirak edən iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, iddiaçı X2 mübahisəli mənzilin mülkiyyətçisi olaraq məhkəməyə müraciət edərək cavabdehlərin mənzildən çıxarılmasını xahiş etmişdir. Mülkiyyətçi olaraq onun konstitusion hüququdur. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə cavabdehlərin mənzildən istifadə hüququna xitam verilmişdir. Qanuni qüvvəyə minmiş qətnamə icraya yönəldilmiş, kompensasiya da ödənilmişdir. Cavabdehlərin mənzildən istifadə hüququ yoxdur. Buna görə də mənzil boşaldılmalıdır. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Sözügedən ev birgə nikah dövründə alınmış və evin alınmasında onun da əziyyəti olmuşdur. Şəhid qızı olaraq evin alınması ilə bağlı müraciət etmişdir. İddiaçının psixoloji problemləri vardır. Çünki normal psixologi vəziyyəti olan bir şəxs uşaqlarının yaşadığı mənzildən çıxarılmasını istəməz. Oğlunun övladı olacaqdır. Uşaqların işinə və təhsilinə görə başqa ünvana qeydiyyata düşməli olmuşdurlar. Bu məqsədlə başqa adamlardan xahiş etmişdir. Nə 15 min manat məbləğində kompensasiya ödənilməsini, nə də evdən çıxarılmağını istəyir. İcra məmuru Lamiyə Hüseynquliyeva ona zəng etdiyi zaman qeydiyyatdan çıxarıldıqlarını öyrənmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin evdən çıxmayacaqdır.

6. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh4 izahatında bildirdi ki, iddiaçı X2 əlildir, lakin əlil olduğu üçün ona 3 otaqlı mənzil verilə bilməz. Mənzil verilən zaman ailə tərkibi də nəzərə alınmışdır. Kompensasiya məbləği ilə də razı deyildir, çox aşağı məbləğdir. İndiki bazar qiymətlərinə nəzər salınsa, hazırda 15 min manata 1 otaqlı ev belə almaq mümkün deyildir.

7. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. 15000 manat məbləğində kompensasiya ilə əvvəldən razı olmamışdırlar. Lakin bundan əvvəl olan məhkəmə prosesində belə bir məbləğ müəyyən olunmuşdur, səbəbini bilmirlər. Evdən çıxmayacaqdır.

8. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Hazırda həmin evdə 5 nəfər yaşayırlar. Qardaşının yoldaşı da onlarla yaşayır və hamilədir. Sözügedən ev anasının əziyyəti sayəsində alınmışdır. 15 min manatla 5 nəfərin yaşaya bilməsi qeyri-mümkündür.

Tədqiq olunan sübutlar:

9. “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri”ndən MH seriyalı, ******* saylı, 21 fevral 2008-ci il tarixli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayonda istifadədə olan 0,126 ha torpaq sahəsində yerləşən 38 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 3-cü mərtəbəsində yerləşən 65,35 kv.m ümumi, 39.83 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 45 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

10. Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən verilmiş 065260 nömrəli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir.

11. AZ-İ 390420 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı və Cavabdeh1 arasında bağlanmış nikaha 07 noyabr 2018-ci il tarixində xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində 187 № ilə qeyd edilmişdir.

12. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5069/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumilikdə 15000 (on beş min) manat kompensasiya verilməklə cavabdehlərin ünvan 1-də yerləşən 45 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-345/2023 saylı qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5069/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1875/2023 saylı qərarından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-345/2023 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

15. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 ünvan 2 ünvanında qeydiyyatdadırlar.

Məhkəmə baxışının hədləri:

16. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Konstitusiyasının:

-13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. -29-cu maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

-82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

-152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

20. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu:

-1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

21. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

22. Belə ki, hazırki işdə iddia tələbi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, 38 saylı evin, 45 saylı mənzilindən cavabdehlərin çıxarılması barədədir. İddiaçının sözügedən mənzildən çıxarılmasını istədiyi şəxslər keçmiş arvadı və yetkinlik yaşına çatmış övladlarıdır.

23. Tərəflər arasında bundan əvvəldə həmin mənzil üzərində istifadə hüququ ilə bağlı məhkəmə mübahisəsi olmuş və həmin mübahisə üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur.

24. Belə ki, hazırki iş üzrə iddiaçının cavabdehlərə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası üzrə Sumqayıt şəhər Məhkəməsini xx.xx.2022-ci il tarixli, 2(060)-5069/2022 saylı qətnaməsi ilə İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumilikdə 15000 manat kompensasiya verilməklə cavabdehlərin ünvan 1-də yerləşən 45 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi qanuni qüvvəsini almışdır.

25. Sözügedən məhkəmə qətnaməsində qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 17-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarındakı əsas hüquqi mövqelərdən biri belə olmuşdur ki, göründüyü kimi, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir. Mübahisəli mənzil xx.xx.2008-ci ildə iddiaçının adına özəlləşdirilmiş və Cavabdeh1 bununla bağlı razılığı alınmışdır.

26. Beləliklə hazırki iş üzrə cavabdehlərin mənzildən istifadə hüquqlarına qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında xitam verilmişdir ki, Mülki prosessual Məcəllənin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

27. İş üzrə cavabdehlər sözügedən mənzilə dair hər hansı hüquqlarının olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişlər. Bunun əksinə iddiaçının sözügedən mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcuddur və həmin çıxarışın ləğvi, mübahisələndirilməsi ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

29. Beləliklə hazırki iddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.

30. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

31. Qeyd edilən normanın tələbinə görə əmlakın qanunsuz sahiblikdən geri istənilməsi barədə iddianın təmin edilməsinin əsas şərti ondan ibarətdir ki, geri istənilən əmlak tələb edənin mülkiyyətində olmalı, həmin əmlak onun sahibliyindən çıxmalı və əmlaka sahibliyə yiyələnənin sahibliyə dair heç bir hüquqi əsası olmamaldır.

32. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtləri hazırki işin müəyyən edilmiş halları ilə üst-üstə düşür.

33. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini, habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini təsbit etmişdir

34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.

35. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1-də yerləşən 45 saylı mənzildən çıxarılmalıdır.

Nəticə:

36. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1-də yerləşən 45 saylı mənzildən çıxarılsın. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar