Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1854/2023 15.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin etibaramə üzrə səlahiyyətli nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə 15 may 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Kreditor "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC borclular Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbi» barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada kreditor "xxxx" bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə 2718,88 manat məbləğində əsas borc, 1502,76 manat faiz borcunun, cəmi 4221,64 manat borcunun və dövlət rüsumu olaraq 20 manat məbləğində borcun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-1065/2016 saylı məhkəmə əmri ilə xx.xx.1984-cü ildə Kürdəmir rayonu, Yenikənd kəndində doğulmuş, Kürdəmir rayonu, Yenikənd kəndində qeydiyyatda olan Cavabdeh1 və xx.xx.1984-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə 2 718,88 manat məbləğində əsas borc, 1 502,76 manat faiz borcu, cəmi 4 221,64 (dörd min iki yiiz iyirmi bir manat altmış dörd qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 (iyirmi) manat məbləğində pul tutulması barədə məhkəmə əmri çıxarılmışdır. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(060)- 1854/2023 saylı qərardadı ilə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)- 1065/2016 saylı saylı məhkəmə əmri ləğv edilmiş, işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, borclu Cavabdeh1 ilə "TBC Kredit Bank olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 23 oktyabr 2014-cü il tarixdə bağladığı SUMGl- 10654-6121 saylı “Kredit xətti müqaviləsinə” əsasən 20 000 (iyirmi min) manat məbləğində kredit xətti açılması nəzərdə tutulmuşdur və 23 oktyabr 2014-cü il tarixli SUMGl-10654- 6121 “Razılaşmaya” əsasən illik 34% (otuz dörd) faizlə 18 (on səkkiz) ay müddətinə “Kredit alan”nın istifadəsinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olunan “Kredit müqaviləsi”-ndən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" BOKT MMC ilə Cavabdeh2 (zamin) və Cavabdeh1 (borclu) arasında 22 oktyabr 2014-cü il tarixdə SUMGl-10654- 6121+SUMG1-10667 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış Zaminlik Müqaviləsinə əsasən Cavabdeh2 zaminliyi ilə təmin olunmuş və kredit müqaviləsindən irəli qələn öhdəliyin vaxtında və lazımı qaydada icra olunmasına görə, o cümlədən kredit və onun faizi Kredit Müqaviləsində şərtləndirilmiş müddətdə qaytarılmadığı və hesablanmış dəbbə pulunun ödənilmədiyi hallarında "xxxx" BOKT MMC (kreditor) qarşısında X2 ilə birgə məsuliyyət daşıdığını Cavabdeh2 öz imzası ilə Zaminlik müqaviləsində təsdiq etmişdir. Tərəflər arasında imzalanmış 23 oktyabr 2014-cü il tarixli Ödəniş Qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən edilmişdir. Borclu ödəniş qrafikinə əsasən hər ay 216.00 manat ödəniş etməli idi. Kredit müqaviləsinin 4.3-cü maddəsinə əsasən isə Kredit alan ona verilmiş kredit hissəsini ödəniş qrafikində göstərilən konkret tarixdə ödəmədikdə Kredit verənin tələb etdiyi hallarda edilmiş sonuncu ödəniş günündən başlamaqla ikiqat faiz ödəmək məsuliyyəti daşıyır. Belə ki, cavabdehin kreditor qarşısıda Ödəniş cədvəlinə əsasən 1502,76 manat icra edilməmiş faiz öhdəliyi qalmışdır. Həmçinin tərəflər arasında bağlanmış Kredit Müqaviləsinin 4.2-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərin pozulması hallarında “Kredit verən” birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə geri ödənilməsini tələb edə bilər. Beləliklə, 28 dekabr 2015-ci il tarixi üçün cavabdehin 2 718,88 (iki min yeddi yüz on səkkiz manat 88 qəpik) məbləğində əsas borcun (İzah: 3000- 281,12(ödənilmiş əsas borc)=2 718,88) və 1502,76 (bir min beş yüz iki manat 76 qəpik) məbləğində faiz borcunun (İzah: 870,42-119,04(ödənilmiş faiz borcu)=751,38 və 751,38x2 (K.M.4.3-cü bənd)= 1502,76), cəmi 4 221,64 (dörd min iki vüz iyirmi bir manat 64 qəpik) (AZN) məbləğində borcu qalmışdır. Göstərilənlərə əsasən iddiaçı, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə dair izahat verərək bildirdi ki, onun zamin olduğu kredit müqaviləsinin Prezidentin müvafiq fərmanının təsiri altına düşməməsi barədə iddiaçının dedikləri ilə razı deyil. Bundan başqa bank tərəfindən hesablanmış faiz məbləği ilə də razı deyil və onun tamamilə silinməsini istəyir. Əsas məbləği hissə-hissə, xırda məbləğlərdə qaytarmaq şərti ilə öhdəliyinə götürməyə razıdır. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan 23 oktyabr 2014-cü il tarixdə bağladığı SUMGl-10654-6121 saylı Kredit xətti müqaviləsindən görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən Cavabdeh1 20000 (iyirmi min) manat və ya 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İşdə olan xx.xx.2014-cü il tarixli Razılaşmadan görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən Cavabdeh1 illik 34 % olmaqla, 18 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 22 oktyabr 2014-cü il tarixdə SUMGl-10654- 6121+SUMG1- 10667 saylı Zaminlik müqaviləsindən görünür ki, borclu Cavabdeh1 20000 (iyirmi min) manat və ya 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində kredit xətti açılmış və sözügedən müqavilənin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi imzalanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə 2718.88 manat əsas, 1502.76 manat faiz borcu olmaqla, ümumilikdə 4221.64 manat borcu mövcuddur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 23 oktyabr 2014cü il tarixdə SUMGl-10654-6121 saylı Kredit xətti müqaviləsi bağlanmışdır. İddiaçı sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Hazırki iş üzrə zaminlik müqaviləsində borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh2 Bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 2718.88 manat əsas borc cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə faiz borcunun məbləği ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehlərdən hesablanmış faiz borcunun (751,38 manat) ikiqat məbləğdə (1502,76 manat) tutulmasını xahiş etmişdir. Tələbini tərəflər arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli SUMGl-10654-6121 saylı Kredit xətti müqaviləsinin 4.3-cü maddəsi ilə əsaslandırmışdır. İddiaçının deməsinə görə kredit müqaviləsinin həmin bəndinə əsasən kredit alan ona verilmiş kredit hissəsini ödəniş qrafikində göstərilən konkret tarixdə ödəmədikdə Kredit verənin tələb etdiyi hallarda edilmiş sonuncu ödəniş günündən başlamaqla ikiqat faiz ödəmək məsuliyyəti daşıyır. Bu səbəbdən faiz borcunun məbləği iddiaçı tərəfindən 1502,76 (751,38 manat x 2) manat hesablanmışdır. Məhkəmə iddiaçının bu tələbi ilə razılaşmır. Belə ki, iş materialına əlavə edilmiş tərəflər arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli SUMGl-10654-6121 saylı Kredit xətti müqaviləsindən görünür ki, həmin müqavilənin ümumiyyətlə 4.3-cü maddəsi yoxdur. Müqavilənin 5-ci bəndinə görə isə “Kredit verən" bu müqavilənin 3.1.1, 3.1.3 və 4.1-ci bəndləri ilə müəyyən edilmiş hallarda birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək verdiyi krediti real ödəniş gününə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və kreditin qalıq məbləğinin 20 (iyirmi) faizi məbləğində cərimə ödənilməsini "Kredit alan"dan tələb edə bilər və bu halda "Kredit alan" tələbin edilməsindən 5 (beş) təqvim günü müddətində tələbi icra etməlidir (5.2). “Kredit verən" gecikdirilən günlər üçün də faiz hesablanmaqla hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 2 (iki) faizi miqdarında pulu tətbiq edə bilər (5.3). Məhkəmə hesab edir ki, müqavilənin 5-ci bəndində borclunun kredit öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi halda cərimə hesablanması qaydası nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 751,38 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə cavabdehin 23 oktyabr 2014-cü il tarixli SUMGl-10654-6121 saylı “Kredit xətti müqaviləsi”nin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri dairəsinə düşməsi barədə etirazının dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə tərəfindən Mərkəzi Bankın rəsmi saytından cavabdehlərin adına edilmiş çıxarışlardan görünür ki, hazırki iş üzrə mübahisəli kredit müqaviləsinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşməsi barədə məlumat aşkar edilməmişdir. Bu hal "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xx.xx.2023-cü il tarixli 1070 saylı məktubu ilə də təsdiq olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən təmin edildiyindən (təxminən 80% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 20 manat dövlət rusumunun 16 manatı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, 4 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada kreditor "xxxx" bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 2718,88 (iki min yeddi yüz on səkkiz manat səksən səkkiz qəpik) manat məbləğində əsas borc və 751,38 (yeddi yüz əlli bir manat otuz səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 3470,26 (üç min dörd yüz yetmiş manat iyirmi altı qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 16 (on altı) manat pul tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-1854/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1854/2023
15.05.2023 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver