Məhkəmə qərarları › İş №2(060)-1871/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1871/2023

23.06.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1871/2023 23.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR ƏSSMN tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən onun sağlamlığına vurulmuş zərərin əvəzi olaraq xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 276 manat məbləğində ödənişin və mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində təzminatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, cavabdeh "xxxx" ASC-dən onun sağlamlığına vurulmuş zərərin əvəzi olaraq xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay malik olduğu orta aylıq əmək haqqının xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin 60 faizi miqdarında ödənişin və mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində təzminatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, "xxxx" zavodunda nəqliyyat üzrə direktor müavini vəzifəsində işləmişdir. 1989-cu ilin oktyabr ayında əmək vəzifələrini yerinə yetirərkən bədbəxt hadisə (yol qəzası) nəticəsində sağlamlığı pozulmuşdur. İstehsalatla əlaqədar olan bədbəxt hadisənin baş verməsi zavod üzrə xx.xx.1989-cu il tarixli, 06 saylı aktla təsdiq edilmişdir. "xxxx" zavodu ona əlillik dərəcəsini və əmək qabiliyyətinin itirilmə faizini nəzərə almaqla sağlamlığına vurulmuş zərərə görə, əmək xəsarəti almamışdan əvvəl olan orta əmək haqqı nəzərə alınmaqla aylıq ödənişləri ödəyirdi. xx.xx.2001-ci il tarixdən "xxxx" zavodu özəlləşdirilməyə verilmiş və özəlləşdirmə nəticədə müəssisə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Müəssisə özəlləşdirilməyə verildikdən sonra xx.xx.2022-ci il tarixədək aylıq ödənişlər əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilirdi. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan xx.xx.2022-ci il tarixli, **********21 saylı məktubda göstərilir ki, "xxxx" ASC-nin səhmlərinin özəlləşdirilməsi xx.xx.2022-ci il tarixdə tam başa çatmışdır. Müəssisənin özəlləşdirilməsi tam başa çatdığına görə, xx.xx.2022-ci il tarixdən təyin olunmuş aylıq müavinətin ödənilməsi dayandırılmışdır. Sağlamlığına vürulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmişdir. Lakin, cavabdeh cavab məktubu ilə vurulmuş zərərin ödənilməsi məsələsinin yaxın vaxtlarda müsbət həll olunmasına zəmanət versə də, sonradan müxtəlif bəhanələr gətirməklə verdiyi vədlərə sahib çıxmamışdır. Hesab edir ki, cavabdeh bilərəkdən mövcud əmək qanunvericiliyinin tələblərinə məhəl qoymur və bu cür qanuna zidd hərəkətləri ilə könüllü ödəniş etməkdən boyun qaçırır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi hazırki ərizənin icraata qəbul edilməli olmadığını, hazırki iddia ilə məhkəməyə müraciət edilməzdən əvvəl mediasiya prosesi keçirilmədiyindən tərəflərin ayrıca yenidən bununla bağlı mediasiya təşkilatına müraciət etməli olduqlarını bildirdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR ƏSSMN tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin nümayəndəsi iddianın həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına öz nümayəndəsini göndərməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, mübahisə əmək münasibətlərindən irəli gəlir, buna baxmayaraq, tərəflər məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin mediasiya yolu ilə həlli üzrə mediasiya prosesində iştiraka dair hər hansı sənəd təqdim etməmişlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 5-ci bəndinə əsasən- “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1-ci maddəsinə əsasən- Əmək münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: - fərdi əmək mübahisələri; (27.1.1) - kollektiv əmək mübahisələri. (27.1.2) AR MPM-nin 149-cu maddəsi iddia ərizəsinin forma və məzmununu müəyyən edir. Həmin Məcəllənin 149.2.4-1-ci maddəsinə əssən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat, ərizədə qeyd edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.9.1-ci maddəsinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. AR MPM-nin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə şərh olun hüquq normasına əsaslanaraq hesab edir ki, iddiaçı tərəfindən AR MPM-nin 149-cu maddəsinin tələblərinə əməl edilməmiş, hazıradək həmin nöqsan iddiaçı tərəfindən aradan qaldırılmamışdır. Məhkəmə hesab edir ki, qeyd olunan vəziyyətdə mülki işə baxılması və ərizənin həll edilməsi qeyri-mümkündür. Odur ki, ərizə baxılmamış saxlanılmalıdır. AR MPM-nin 260-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 259-260, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" ASC-yə pul tələbinə dair ərizəsi baxılmamış saxlansın. İzah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar