Məhkəmə qərarları › İş №2(060)-1895/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1895/2022

23.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1895/2022 23.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, Cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əmlakın hərracda satılması və hərracdan əldə olunmuş pul vəsaitlərinin paylara uyğun tərəflər arasında bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda əmlakın hərracda satılması və hərracdan əldə olunmuş pul vəsaitlərinin paylara uyğun tərəflər arasında bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilin naturada paylara uyğun olaraq bərabər şəkildə bölünməsi, bu mümkün olmasa həmin mənzilin açıq hərracda satılması və satışından əldə olunmuş pulun bərabər şəkildə iddiaçı və cavabdehlər arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək ünvan 2 ünvanında yerləşən mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin tərəflərin paylarına uyğun olaraq, yəni 1/3 hissəsi İddiaçı, 1/3 hissəsi Cavabdeh1 və 1/3 hissəsi Cavabdeh2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X2 adına ünvan 1 ünvanına dair 25.06 2007-ci il tarixli, ********* saylı qeydiyyat nömrəli, MH seriyalı, № ******* nömrəli Çıxarış verilmişdir. Həyat yoldaşı X4 07 mart 2011-ci ildə rəhmətə getmişdir və rəhmətə getdikdən sonra miras əmlakı faktiki olaraq o, qəbul etmişdir. Qeyd edir ki, həmin miras əmlakda onun və cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 1/3 hissədə payları müəyyən edilmişdir və buna dair MA seriyalı, ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarış verilmişdir. Lakin, cavabdehlər həmin əmlakdan istifadə etməyinə imkan vermirlər. Mərhum həyat yoldaşı X1 miras qalmış Sumqayıt şəhəri, 8-ci mikrarayon, ev 27V/14, 72 nömrəli mənzilin açıq hərracda satılaraq, həmin satışdan əldə olunan vəsaitin bərabər şəkildə bölünməsini cavabdehlərə təklif etsə də, cavabdehlər tərəfindən işin müsbət həlli istiqamətində heç bir addım atılmamışdır. Bu səbəbdən də, ünvan 3 ünvanında yerləşən pənzilin naturada paylara uyğun olaraq bərabər şəkildə bölünməsi, bu mümkün olmasa həmin mənzilin açıq hərracda satılması və satışından əldə olunmuş pulun bərabər şəkildə iddiaçı və cavabdehlər arasında bölünməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizsənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddiaçının göstərdiklərini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdeh tərəfin məhkəmə iclasında 10.000 manat kompenasiya təklifi əmlakın faktiki dəyərindən qat-qat aşağıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Eləcə də göstərdi ki, mənzilin satılmasına razı deyil, o, iddiaçıya payının əvəzi olaraq 10.000 manat verə bilər. Cavabdehin vəkili Vəkil2 izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. cavabdeh evin hərracda satılmasına razı deyillər. Belə ki, cavabeh ailə üzaəlri ilə həmin mənzildə yaşayır və başqa yaşayıq yerləri yoxdur. Cavabdeh iddiaçıya paydan imtina etməsi müqabilində 10.000 manat kompensasiya verməyə razıdır. Həmin məbləğdən artıq kompensasiya ödəyəmə cavabdehin maddi imkanı yoxdur. Evin təxmini qiymətinin 60000 manat olması nəzərə alınsa, 10000 manatın təklif olunması məqsədəuyğundur. Bundan başqa, həmin mənzildə cavabdehin ailə üzvlərinin də istifadə hüquqları vardır. Hesab edir ki, araşdırılan məsələnin həlli zamanı mənzildə istifadə hüququ olan şəxslərin də hüquqları nəzərə alınmalıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışın notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, 27V/14 saylı evin 72 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə 1/3 hissədə İddiaçı, 1/3 hissədə Cavabdeh1 və 1/3 hissədə Cavabdeh2 məxsusdur, xx.xx.2011-ci il tarixdə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 42 nömrəli reyest kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına olan tikinti-texniki ekspertizanın 10/3255 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 27V/14 ünvanında yerləşən ümumi sahəsi 62.1 kv.metr, yaşayış sahəsi 49.1 kv.metr, yardımçı sahəsi 13.0 kv.metr olan 3 otaqdan ibarət 72 nömrəli mənzilin tərəflər arasında 1/2 paylara uyğun olaraq naturada (real) bölgüsü “inşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyərini 50 manat təşkil edir. İş materiallarında olan bildirlərişdən görünür ki, İddiaçı Cavabdeh2 və Cavabdeh1 Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 27V/14 ünvanında yerləşən 72 saylı mənzildə ona məxsus payı 25.000 manat almağı təklif etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 213.1 və 213.2-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. İşin faktiki halları ilə müəyyən olunur ki, mübahisə predmeti olan mənzil tərəflərin paylı mülkiyyətindədir. Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnun müdafiə edilməsini dövlətin ali məqsədlərindən biri hesab edərək, onun effektiv həyata keçirilməsinə təminat verir. Azərbaycan Respublikasında mülkiyyət, o cümlədən xüsusi mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, həmçinin xüsusi mülkiyyət hüququ qanunla müdafiə edilir. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Mülki Məcəllənin 6-cı maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləyə görə, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Mülki Məcəlləsinin 220.1-220.6-cı maddələrində qeyd olunmuşdur ki, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbacan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göründüyü kimi ki, mübahisə predmeti olan mənzilin mülkiyyətçilərin payına uyğun natura şəklində bölünməsi texniki cəhətdən mümkün deyildir. İddiaçı öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi tərəfindən ona ödənilməsi təklifi ilə müraciət etsə də, tərəflər arasında heç bir razılaşma yoxdur. Tərəflər arasında bu barədə razılıq əldə olunmadığına görə məhkəmə hesab edir ki, əmlakın açıq hərracdan satılması və satış pulunun mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölüşdürülməsi üçün əsaslar mövcuddur. Mülki Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3 və 39.3.1-ci maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Şərh olunan normaların məzmunundan görünür ki, yaşayış sahəsinin hərracdan satılması ilə bağlı qətnamə çıxarılarkən ilkin satış qiymətinin müəyyən edilməsi zəruridir. Sumqayıt şəhər Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2(060)-1895/2022 saylı qərardadına əsasən mübahisə predmeti olan ünvan 4 ünvanında yerləşən mənzilin satış qiymətinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. xx.xx.2022-ci il tarixli 68 nömrəli "xxxx" MMC-nin ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 27V/14 ünvanında yerləşən 72 saylı mənzilin hazırki şəraitdə likvid dəyəri 65.000 manat təşkil edir. Tədqiqatın dəyəri 200 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə müvafiq olaraq ekspert rəyini sübut növü kimi qəbul edir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 27V/14-də yerləşən 72 saylı mənzil açıq hərracdan satılmalı, mənzilinin ilkin satış qiyməti 65.000 (altmış beş min) manat müəyyən edilməli və mənzilin satışından əldə olunmuş pul vəsaiti hər birinə 1/3 hissə olmaqla İddiaçı, Cavabdeh2 və Cavabdeh1 arasında bölünməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehlərdən alınaraq Dövlət xəzinədarlığı Agentliyinə ödənilməlidir. Mülki iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq tədqiqatının dəyərinin əvəzi olaraq 200 (iki yüz) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 27V/14-də yerləşən 72 saylı mənzil açıq hərracdan satılsın, mənzilinin ilkin satış qiyməti 65.000 (altmış beş min) manat müəyyən edilsin və mənzilin satışından əldə olunmuş pul vəsaiti hər birinə 1/3 hissə olmaqla İddiaçı, Cavabdeh2 və Cavabdeh1 arasında bölünsün. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh2 və Cavabdeh1 tutularaq Dövlət xəzinədarlığı Agentliyinə ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar