Məhkəmə qərarları › İş №2(060)-1906/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1906/2021

26.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1906/2021 26.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, iddiaçının nümayəndəsi X2, üçüncü şəxs X5 iştirakı ilə, iddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat İstismar Birliyinin cavabdehlər Cavabdeh1 və və Cavabdeh2 qarşı (üçüncü şəxs – X9) mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat İstismar Birliyi (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra - cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin Sumqayıt şəhəri, 4-cü mikrorayon, yataqxana 7-də yerləşən 56 saylı otağa istifadə hüquqlarına xitam verilməklə pasport qeydiyyatından çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2010-cu il tarixli, 153 saylı sərəncamı ilə Sumqayıt şəhəri, 4-cü mikrorayon, yataqxana 7 iddiaçının balansına verilmişdir. Yataqxananın 27 saylı otağı xx.xx.1993-cü ildə “Üzvi Sintez” İstehsalat Birliyi tərəfindən X7 (bundan sonra – üçüncü şəxs) verilmişdir. O, həmin otaqda yaşayarkən “Üzvi Sintez” İstehsalat Birliyində işləməklə həmin yataqxananın 56-cı otağını almış və orada qeydiyyatdadır. Otağı aldıqdan sonra ona məlum olmuşdur ki, Cavabdeh1 və Cavabdeh2 həmin otaqda qeydiyyatda qalmışlar. Cavabdehlərlər Sumqayıt şəhəri, 4-cü mikrorayon, yataqxana 7-də yerləşən 56 saylı otaqda qeydiyyatda olsalar da üçüncü şəxs bu günədək həmin otaqda yaşayır və kommunal xidmətləri ödəyir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs də məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, üçüncü şəxs xx.xx.1966-cı ildə, Gədəbəy rayonunun Gərgər kəndində anadan olmuşdur. Cavabdehlər və üçüncü şəxs hazırda Sumqayıt şəhəri, 4-cü mikrorayon, yataqxana 7, ünvan 1 mənzil 56 (bundan sonra – mübahisəli mənzil) ünvanında qeydiyyatdadırlar. Mənzil Kommunal Sahəsi tərəfindən təsdiqlənmiş xx.xx.2020-ci il tarixli, 12 saylı ətraflı arayışda göstərilmişdir ki, xx.xx.1998-ci ildə X9 mübahisəli mənzili Cavabdeh1 almışdır. Cavabdehlər 1998-ci ildən bəri həmin ünvanda yaşamırlar. Sumqayıt şəhəri, 4-cü mikrorayon, yataqxana 7 də yaşayan şəxslər X4, X6 və X1, həmçinin 12 saylı Mənzil Kommunal Sahəsinin sahə ustası tərəfindən tərtib edilərək imzalanmış və həmin MKS-in möhürü ilə təsdiqlənmiş aktda göstərilmişdir ki, cavabdehlər 1998-ci ildən mübahisəli mənzildə yaşamırlar. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli sərəncamının icrası ilə bağlı Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismar Birliyi rəisinin xx.xx.2010cu il tarixli, 12 nömrəli əmri ilə 7 saylı yataqxana 12 saylı Mənzil İstismar Sahəsinin balansına verilmişdir. Məhkəmə hesab edir ki, ilk öncə iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olub-olmaması aydınlaşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər (153.1.). Qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir (153.2.). Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir (155.1.). Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə (bundan sonra – Mənzil Məcəlləsi) əsasən mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur (17.1.). Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu (17.2.). İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu (17.3.). Yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir (91.1.2). Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur (93.1.). Yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir (93.2.). Yataqxanalarda yaşayış sahələri mebel ilə və vətəndaşların orada yaşaması üçün zəruri olan digər əşyalarla təmin edilir (93.3.). Göründüyü kimi 7 saylı yataqxana dövlət mülkiyyətində olmaqla iddiaçının balansındadır. Mübahisəli mənzil isə özəlləşdirilməmişdir. Yəni, mənzil dövlət mülkiyyətində olduğu üçün iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malikdir. Mülki Məcəlləyə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). İşin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdehlər 2008-ci ildən mübahisəli mənzili tərk edərək daimi yaşamaq üçün başqa yerə köçmüşdür. Yəni, cavabdehlərin həmin mənzilə yaşayış sahəsi kimi ehtiyacı aradan qalxmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi cavabdehlər uzun müddətdir ki, mübahisəli mənzildə yaşamırlar və onların həmin mənzilə yaşayış sahəsi kimi ehtiyacları yoxdur. Bu səbəbdən iddia təmin edilməli və cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 4-cü mikrorayon, yataqxana 7-də yerləşən 56 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilsin. Hazırkı qətnamə göstərilən şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar