Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-191/2025 27.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və X3 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh və X3 qarşı iddia qaldıraraq, Cavabdeh və onun ailə üzvləri X6 və X1 Sumqayıt şəhəri, 15-ci məhəllə, 20 Yanvar küçəsi, ev 42b, yataqxana 5, otaq 86-dan çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 15-ci məhəllə, 20 Yanvar küçəsi, ev 42b, yataqxana 5 Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 16 sentyabr 2010cu il tarixli 153 saylı sərəncamı ilə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına verilmişdir. Həmin yataqxananın 86-cı otağı Xocalı şəhərindən məcburi köçkün X2 məxsus olmuşdur. Lakin işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” ilə əlaqədar o, 28 may 2024-cü il tarixində öz doğma yurduna köçmüş və otağın açarını 22 saylı Mənzil Kommunal Sahəsinə təhvil vermişdir. 22 saylı MKS-in işçiləri tərəfindən həmin otağın açarı dəyişilmiş və möhürlənmişdir. Bir neçə həftə otaq nəzarətdə olsa da, həmin yataqxananın 42-ci otağında yaşayan sakin Cavabdeh gecə saatlarında ailə üzvləri ilə birlikdə sözügedən 86-cı otağın qapısını qıraraq otağa girmişlər. Hal-hazırda orada yaşayırlar. Dəfələrlə 22 saylı MKS-in işçiləri tərəfindən ona xəbərdarlıq edilsə də, o, yaşadığı 42-ci otağın darısqal oldunu bildirərək otağı boşaltmaqdan imtina etmişdir. Sözügedən yataqxana xüsusi təyinatlı yataqxanadır və vətəndaşın orada yaşaması onun müəssisədə işlədiyi müddət üçün nəzərdə tutulur və işdən çıxarkən otağı dövlətə təhvil verməlidir.
Tərəflərin mövqeləri:
3. Məhkəmənin iclaslarında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, qeyd olunan mənzil xx.xx.2010-cu il tarixdən Mənzil-Kommunal İstehsalat Birliyinin balansındadır. Sözügedən mənzil cavabdehə deyil, növbəlilik əsasında başqa bir şəxsə verilmişdir. Lakin cavabdeh evin qapısını qıraraq mənzilə daxil olmuşdur.
4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, Vətən müharibəsi iştirakçısıdır. Evlidir, yaşamağa yeri yoxdur. Uşağı ilə birlikdə çöldə qalmışdır. Ona mənzil təqdim olunarsa evdən çıxa bilər. Lakin hal-hazırda evdən çıxa bilmir. Mübahisələndirilən evdə yaşamağına dair heç bir sənəd yoxdur. O evdə daimi qalmaq niyyəti yoxdur, amma qalmağa yeri olmadığı üçün burada yaşayır. Qaldığı yeri təmir etmiş, 800 manat xərc çəkmişdir.
Tədqiq olunan sübutlar:
5. İddiaçı 22 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 68 nömrəli Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi X4 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 68 nömrəli məktubda qeyd olunmuşdur ki, 28 may 2024-cü ildə Xocalı şəhərindən məcburi köçkün X5 öz doğma yurduna köçüb getmişdir. Köçüb gedən zaman o yaşadığı 15-ci məhəllə, 20 yanvar küçəsi, ev 42b, yataqxana 5, otaq 86-nın açarını 22 saylı MKS -yə təhvil verimişdir. Həmin otağın açarı dəyişilmiş və blomlanmışdır. Bir neçə həftə otaq nəzarətdə olsa da, həmin yataqxananın sakini ailə üzvləri ilə birlikdə otaq 42-də yaşayan Cavabdeh oglu gecə saatlarında qapını qıraraq otağa yerləşmişdir. Dəfələrlə xəbərdarlıq etsələr də, otağı boşaltmadı. Lazımi qurumlara xəbərdarlıq etmişdirlər. Tədbir görülməsi xahiş olunmuşdur.
6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh 25 avqust 2010cu il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır.
Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Konstitusiyasının:
-13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. -29-cu maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
10. Azərbaycan Respublikası Mənzil Məcəlləsi:
98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.
11. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu:
-1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun “R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarı:
Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.
14. İş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, 15-ci məhəllə, 20 Yanvar küçəsi, ev 42b, yataqxana 5 Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 16 sentyabr 2010cu il tarixli, 153 saylı sərəncamı ilə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına verilmişdir. Həmin yataqxananın 42-ci otağında yaşayan sakin Cavabdeh ailə üzvləri ilə birlikdə yataqxananın 86-cı otağına daxil olaraq orada yaşamağa başlamışdırlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh hal-hazırda ailə üzvləri ilə birlikdə həmin mənzildə məskunlaşdığını təsdiq etmişdir. Hazırda iddiaçı cavabdehin mübahisəli mənzildən çıxarılmasını və mənzilin boşaldılaraq ona təhvil verilməsini xahiş edir.
15. Cavabdeh başqa yaşayış yerinin olmamasına əsaslanaraq həmin yaşayış sahəsindən çıxmaqdan imtina edir. Lakin qeyd olunan yaşayış sahəsindən istifadə, sahiblik və s. hüququnun olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
16. İş materiallarından görünür ki, cavabdehlərin məskunlaşdıqları yaşayış sahəsi xüsusi təyinatlı yaşayış sahəsidir. Yuxarıda qeyd olunan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydalasına 1.4-cü bəndinə əsasən yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir.
18. Qanunvericiliyin tələbindən göründüyü kimi yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə daxil olmaqla həmin yaşayış sahələri şəxslərin məskunlaşması üçün onların mülkiyyətçiləri ilə bağlanmış kirayə müqavilələri əsasında verilir. Hazırki işdə isə cavabdehlərlə sözügedən yaşayış sahəsinin mülkiyyətçisi arasında belə bir müqavilənin bağlandığı müəyyən edilmir.
19. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh mübahisəli mənzildə qanunsuz yaşadığından, iddia təmin edilməli, Cavabdeh və ailə üzvləri X6, X7 ona məxsus əşyalarla birlikdə Sumqayıt şəhəri, 15-ci məhəllə, 20 Yanvar küçəsi, ev 42b, yataqxana 5, 86 saylı otaqdan çıxarılmalı və həmin mənzil boşaldılaraq İddiaçınə təhvil verilməlidir.
Nəticə:
20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh və ailə üzvləri X6, X7 ona məxsus əşyalarla birlikdə Sumqayıt şəhəri, 15ci məhəllə, 20 Yanvar küçəsi, ev 42b, yataqxana 5, 86 saylı otaqdan çıxarılsın və həmin mənzil boşaldılaraq İddiaçınə təhvil verilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva