Məhkəmə qərarları › İş №2(060)-1924/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1924/2021

29.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1924/2021 29.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, iddiaçının nümayəndəsi, oğlu X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı tikilinin sökülməsi və digər tələblərinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Koroğlu prospekti 106 ünvanında yerləşən avtomobil təmiri sexinin arxa hissəsində yüksək gərginlikli elektrik naqillərinin yaxınlığında yerləşən taxta materiallarının cavabdehlərin hesabına götürülməsi, obyektin yaxınlığından keçən su turbası ilə obyekt arasındakı hasarın cavabdehlərin hesabına sökülməsi və obyektin arxa hissəsindən cavabdehlərin istifadəsinə qadağa qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 iddiaçının həyat yoldaşıdır. O, 29 aprel 2016-cı ildə vəfat etmişdir. Sumqayıt şəhər Bələdiyyə Şurasının 24.05.2002-ci il tarixli qərarına əsasən avtovağzal ərazisində onun istifadəsində olan mövcud avtomobillərin təmiri sexinin yan tərəfində avtomobillərə texniki xidmət məqsədilə 32 kv.metr Tikinti- Quraşdırma üçün torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsində inşa ediləcək obyektin tikintisi üçün 27.05.2002-ci ildə inşaat pasportu verilmişdir. Sumqayıt şəhər Bələdiyyə Şurasının 30.06.2005-ci il tarixli qərarına əsasən Sumqayıt avtovağzalı ərazisində onun tikib istifadə etdiyi istehsal obyektinin yerləşdiyi 273 m2 torpaq sahəsi, Sumqayıt şəhər Bələdiyyə Şurasının 03.03.2006-cı il tarixli qərarına əsasən Sumqayıt şəhəri, Koroğlu prospektində avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədilə 274 kv.m torpaq sahəsi ayrılmışdır. Sumqayıt şəhəri, Koroğlu prospekti 106 ünvanında yerləşən avtomobil təmiri sexinin arxa hissəsində yanğın təhlükəsizliyi qaydalarına zidd olaraq yüksək gərginlikli elektrik naqillərinin yaxınlığında taxta materiallar yığılmışdır. Cavabdehlər iddiaçının istifadəsində olan obyektin yaxınlığında yaşayırlar. Həmin şəxslər özlərinə məxsus müxtəlif adda tikinti materiallarını obyektin arxa tərəfinə tökərək yanğın təhlükəsi yaradırlar və iddiaçının obyektdən təyinatı üzrə istifadəsinə maneçilik törədirlər. Dəfələrlə bu barədə cavabdehlərə və digər aidiyyəti qurumlara müraciət etsə də, heç bir tədbir görülməmişdir. Cavabdehlərin obyektin arxa hissəsinə tökdükləri tikinti materialları hər zaman yanğına səbəb ola bilər. Bundan əlavə obyektin yaxınlığından keçən su turbası ilə obyekt arasındakı boş sahəni cavabdehlər hasarlayaraq ona obyektin arxa hissəsinə keçməyə imkan vermirlər. Həmçinin obyektin arxa hissəsinə açılan qapının açılmasını cavabdehlər tam məhdudlaşdırıblar. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ər-arvaddırlar. İddiaçıya məxsus avtomobil təmiri sexinin arxa hissəsinə taxta materialları onlar tökmüşdülər. Hal-hazırda onlar həmin materialları yığışdırıblar. Lakin, yenə oraya taxta materiallar yığa bilərlər. Bu səbəbdən qeyd edilən hərəkətin edilməsi onlara qadağan edilməlidir. Obyektin arxa hissəsində hasar isə Cavabdeh3 tərəfindən inşa edilmişdir. Bu səbəbdən onlar obyektin arxa hissəsindən istifadə edə bilmirlər. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1939-cu ildə anadan olmuş, hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdeh3 06.11.1964-cü ildə anadan olmuş, Cəbrayıl rayonu, Kavdar kəndində qeydiyyatdadır. Cavabdeh1 01.05.1966-cı ildə anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. Cavabdeh2 03.03.1970-ci ildə anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatdadır. Sumqayıt şəhər Bələdiyyə şurasının 24.05.2002-ci il tarixli qərarı ilə X2 istifadəsində olanb avtomobillərin təmiri sexinin yanında avtomobillərə texniki xidmət məqsədilə 32 kv.metr, 03.03.2006-cı il tarixli qərarı ilə 274 kv.metr, 30.06.2005-ci il tarixli qərarı ilə 273 kv.metr tikinti quraşdırma üçün torpaq sahəsi ayrılmışdır. Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı ərazi idarəsinə ünvanlanmış 28.06.2019-cu il tarixli məktubunda Şamxal Həsənovdan miras qalmış Sumqayıt şəhəri, Koroğlu prospektində avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi üçün ayrılmış 274 kv metr torpaq sahəsinə və tikinti quraşdırma üçün ayrılmış 32 kv.metr və 273 kv.metr torpaq sahəsinə dair çıxarış verilməsi xahiş edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında İnzibati Komissiyasının qərarı ilə X2 məxsus obyektin arxasında qanunsuz olaraq tikilmiş hasarın sökülməsi qərara alınmışdır. 805922 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 29.04.2016-cı ildə vəfat etmişdir. “xxxx” ASC-nin 84-01-01/403 saylı, 09.11.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, Sumqayıt şəhəri, Koroğlu prospekti 106-da yerləşən avtomobil təmiri sexinin arxa hissəsində yüksək gərginlikli elektrik naqillərinin yaxınlığında taxta materiallarının yığılması həmin ərazidə bir-neçə obyektə elektrik xətlərinin standartlara uyğun olmayan formada çəkilməsi barədə yaxınlıqda yerləşən fərdi ev sahiblərinə taxta parçalarını təcili kənara aparmaları barədə xəbərdarlıq edilmişdir. AR FHN DYNX Sumqayıt regional X5 idarəsinin 02.11.2020-ci il tarixli,37/H-00854 saylı və 12.11.2020-ci il tarixli, 37/H-00862 saylı məktublarında göstərilmişdir ki, Sumqayıt şəhəri, Koroğlu prospekti 106-da yerləşən avtomobil təmiri sexinin arxa hissəsində baxış keçirilərək mövcud vəziyyətə dair akt tərtib edilmiş və aşkar nöqsanların aradan qaldırılması üçün Sumqayıt şəhəri Şimal RETŞİ-ə və Sumqayıt şəhər Bələdiyyəsinə məktublar ünvanlanmışdır. İş üzrə mübahisəli əraziyə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus avtomobil təmiri sexinin arxa hissəsində cavabdehlərə məxsus fərdi yaşayış evləri inşa edilmişdir. Həmin evlərdən avtomobil təmiri sexinə qədar olan məsafə təxminən 5-6 metrdir. Fərdi yaşayış evləri ilə obyekt arasında su borusu keçir. Həmin ərazidə iddiaçının qeyd etdiyi taxta materialları aşkar olunmamışdır. Obyektin arxa hissəsində olan fərdi yaşayış evinin hər iki tərəfindən obyektə kimi taxta və şifer materiallarından hasar çəkilərək obyektə birləşdirilmişdir. Yerli baxışda iştirak edən Cavabdeh3 həmin fərdi yaşayış evinin ona məxsus olduğunu bildirdi. O, qeyd etdi ki, evi özbaşına tikili olmaqla hər hansı hüquq müəyyənedici sənədi yoxdur. O, həmçinin bildirdi ki, hasarı ona görə çəkib ki, avaraçılıqla məşğul olan şəxslər onun evi ilə obyekt arasında olan ərazidən müxtəlif məqsədlər üçün istifadə etməsinlər. Məhkəmə hesab edir ki, öncə iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququnun, yəni iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi Sumqayıt şəhəri, Koroğlu prospekti 106 ünvanında yerləşən avtomobil təmiri sexi iddiaçının mərhum həyat yoldaşı Şamxal Həsənova məxsus olmuşdur. İddiaçı Şamxal Həsənovun birinci dərəcəli vərəsəsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30.11.2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da əmlak və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edir. Məhkəmə hesab edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında göstərilən “hüquqi gözlənti” anlayışı konkret əmlak üzərində şəxsin hazırda mülkiyyət hüququ olmasa da, onun həmin hüququ gələcəkdə əldə edəcəyinə dair real gözləntisini nəzərdə tutur. İddiaçı özü mübahisəli əmlakın mülkiyyətçisi olmasa da, həmin əmlak onun mərhum atasına məxsus olduğundan və həmin əmlak üzərində onun hüquqi gözləntisinin olduğu üçün məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (180.1.). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (180.2.). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (180.4.). İşdən göründüyü kimi Cavabdeh3 yaşadığı fərdi yaşayış evindən iddiaçıya məxsus avtomobil sexinə qədər taxta və şifer materiallarından hasar çəkərək obyektə birləşdirmişdir. Hasar özbaşına tikilidir və hər hansı hüquq müəyyənedici sənədi yoxdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır (69.1.). Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir (69.4.). Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: divar hündürlüyünün 0,6 hissəsi; xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi (69.5.). Göründüyü kimi Cavabdeh3 qeyd edilən hasarı inşa edərək iddiaçıya məxsus obyektlə ara məsafəni pozmuş və hasarı obyektin divarına birləşdirmişdir. Mülki Məcəllənin 157.4-cü maddəsində göstərilir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qeyd edilən hasarın inşa edilməsi nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Bu səbəbdən iddia tələbi hasarın sökülməsi hissəsində təmin edilməlidir. İddiaçı obyektin arxa hissəsinə yığılmış taxta materialların götürülməsini iddia ərizəsində xahiş etsə də, əraziyə baxış keçirilərkən orada hər hansı taxta material aşkar edilməmişdir. İddiaçının nümayəndəsi özü də həmin materialların cavabdehlər tərəfindən götürüldüyünü bildirmişdir. Həmçinin iddiaçı obyektin arxa hissəsindən istifadənin cavabdehlərə qadağan edilməsi barədə tələb irəli sürsə də, məhkəmə hesab edir ki, həmin tələb qeyri-müəyyən olmaqla, burada hansı istifadədən söhbət getdiyi müəyyən edilmədiyindən iddia həmin hissələrdə təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sumqayıt şəhəri, Koroğlu prospekti, 106 ünvanında yerləşən avtomobil təmiri sexinin arxa hissəsində Cavabdeh3 tərəfindən inşa edilmiş taxta və şifer materialalrdan ibarət hasar sökülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar