Məhkəmə qərarları › İş №2(060)-194/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-194/2021

11.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-194/2021 11.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh ünvan 1 ünvanda yerləşən 10 saylı mənzildə olan istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 10 saylı mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzilə görə xx.xx.2017-ci ildə AR ƏMDK yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən MH seriyalı ******* №-li çıxarış verilmişdir. Cavabdeh mənzildə qeydiyyatda olsa da orada yaşamır. Cavabdeh 2010-cu ildən Rusiya Federasiyasında ailə quraraq orada yaşayır. Cavabdehin sözügedən mənzilə qeydiyyatda olması onun mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Belə ki, o, mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcbur olmuşdur. Ona görə də hesab edir ki, cavabdehin həmin evdən istifadə hüququ itirilmiş hesab edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki iş materiallarında olan: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 10 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 55 nömrəli reysestr kitabının 83 nömrəli vərəqində xx.xx.2007-ci ildə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası DİN-nin ******* saylı xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanda yerləşən 10 saylı mənzilində pasport qeydiyyatındadır. - xx.xx.2020-ci il tarixli AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin məhkəmənin göndərdiyi sorğusuna əsasən təqdim edilmiş cavab məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən 10 saylı mənzil XDS-nin xx.xx.1986-cı il tarixli, 317 nömrəli Order və 4 saylı MİS-in 3531 nömrəli, xx.xx.2007-ci il tarixli Forma-2 arayışı əsasında İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2007-ci il tarixdə çıxarış verilmişdir. - xx.xx.2020-ci il tarixli AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin məhkəmənin göndərdiyi sorğusuna əsasən təqdim edilmiş cavab məktubundan görünür ki, sorğuda qeyd olunan ünvan 1 ünvanda yerləşən 10 saylı mənzil İddiaçı adına qeydiyyata alınmışdır. Bundan əlavə, məktubda qeyd olunan Cavabdeh adına 2 saylı Sumqayıt Ərazi İdarəsinin xidmət göstərdiyi ərazi vahidi üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. - xx.xx.2021-ci il tarixli AR DİN BPQMİ bilavasitə tabe olan Sumqayıt “ASAN xidmət” mərkəzinin məhkəmənin göndərdiyi sorğusuna əsasən təqdim edilmiş qanun üzrə məktubdan görünür ki, Cavabdeh xx.xx.2002-ci ildən ünvan 1 ünvanda yerləşən 10 saylı mənzildə pasport qeydiyyatındadır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4861/2018 saylı xx xxx 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbi təmin edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mənzil iddiaçı tərəfindən alındıqdan sonra cavabdeh iddiaçının razılığı əsasında həmin mənzilə pasport qeydiyyatına düşüb, lakin həmin mənzildə yaşamamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Bu səlahiyyət əsasında fiziki şəxs əşyadan istifadə etməklə öz maddi və mənəvi tələbatını ödəyir (hazırkı halda mənzildə yaşayır). Əşyadan istifadə etmək əşyaya münasibətdə şəxsin öz mənafeləri üçün hərəkət etməsini (müxtəlif ehtiyacı və tələbatı ödəmək, fayda götürmək, gəlir, artım və bəhər əldə etmək və s.), onun köməyi ilə istehsal və ya istehlak ehtiyaclarının ödənilməsini, əşyanın sosial-təsərrüfat təyinatına uyğun olaraq istismar edilməsini ifadə edir. İstifadə obyekti mənzil olduğu halda, ondan istifadə həmin mənzildə yaşamaqdan ibarətdir. Göründüyü kimi, mənzilə köçürmə tələbinin əsas və yeganə məqsədi, tələb edəni mənzildə yerləşdirməklə, onun mənzildən istifadəsinin təmin olunmasıdır. Mülkiyyətin toxunulmazlığı, mülkiyyətçinin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqları Azərbaycan Respublikası Konstitusiyası, Azərbaycan Respublikası Mülki Məcəlləsi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolu ilə təmin edildiyindən, məhkəmə tərəfindən mülkiyyət hüququna xitam verilməsi və yaxud onun məcburi məhdudlaşdırılması yalnız buna qanuni əsas olduqda mümkündür. Nəzərə alınsa ki, hər hansı şəxsin xüsusi mülkiyyətdə olan yaşayış sahəsinə məcburi köçürülməsi mülkiyyətçinin mülkiyyət hüquqlarına toxunur, tələb edənin mübahisəli yaşayış sahəsinə köçürmə tələbinə qiymət verməkdən əvvəl, yaşayış sahəsindən istifadə hüququnun olubolmaması mütləq müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, ilk növbədə cavabdehin ünvan 1 ünvanda yerləşən 10 saylı mənzilinə istifadə hüququnun yaranıb-yaranmaması halı müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh ünvan 1 ünvanda yerləşən 10 saylı mənzilində qeydiyyatda olsa da, o, həmin mənzildən mülkiyyət hüququnun elementlərindən biri kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu qazanmamışdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, cavabdehin yaşayış binasının tərkib hissəsindən istifadə hüququna malik olmadığı halda iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaqda davam etməsi mülkiyyətçinin mənzil üzərində mülkiyyət hüququnun pozuntusunu yaradan hal kimi qiymətləndirilə bilər. Cavabdehin sözügedən mənzildə qeydiyyatda olması faktı ilə bağlı məhkəmə qeyd edir ki, göründüyü kimi, cavabdeh qanunvericiliyin tələblərinə əsasən sözü gedən mübahisəli mənzildən istifadə hüququ əldə etməmişdir. Həmçinin, “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vəvətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Cavabdehin həmin mənzildə qeydiyyatda olması iddianın təmin edilməsi üçün əsas ola bilməz, çünki pasport qeydiyyatı, öz-özlüyündə, cavabdehin həmin mənzildən istifadə hüququnu yaratmamışdır. Məhkəmə hesab edir ki, ümumiyyətlə mövcud olmayan (yaranmayan) hüquqa xitam verilməsi qanunvericiliyin tələblərinə zidd olmaqla mümkünsüzdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin həmin mənzilə istifadə hüququ yaranmadığından Cavabdeh ünvan 1 ünvanda yerləşən 10 saylı mənzilə istifadə hüququna xitam verilməsi barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-244 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh oğlunun ünvan 1 ünvanda yerləşən 10 saylı mənzilində istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar