Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1944/2024 28.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdehə qarşı "əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrünə görə əmək haqqının ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdehə qarşı "əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrünə görə əmək haqqının ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1990-cı ilda anadan olub. Laçın rayonundan məcburi köçkündür. X2 İ Qarabağ Müharibəsi veteranı olub, anası X3 isə İİ qrup əlildir. Atası 26 iyun 2023-cü ildə vəfat edib, iddiaçının himayəsində əlil anası və 2 azyaşlı övladı var. İddiaçı Azərbaycan Dillər Universitetini bitib, ali təhsilli ingilis dili müəlliməsidir. O, əmək fəaliyyətinə 01 sentyabr 2012-ci ildə Laçın rayonunun Sumqayıt şəhərində yerləşən 23 saylı orta məktəbdə ingilis dili müəllimi kimi başlayıb. 2015-ci il 15 yanvarda isə bu işdən çıxıb. 16 yanvar 2015-ci ildə iddiaçı Cavabdeh inklüziv təhsil üzrə müəllim köməkçisi vəzifəsinə qəbul edilib. İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iki dəfə hamiləliyə və doğuşa görə, həmçinin qismən ödənişli məzuniyyətdə olub. Cavabdeh məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən A.X.Qurbanovun 18 avqust 2022-ci il tarixli, 192 saylı əmri ilə iddiaçıya xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixə qədər öz hesabına məzuniyyət verilib. Cavabdeh məktəbin 03 avqust 2022-ci il tarixli bildirişi ilə iddiaçıya məlumat verilib ki, "Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xxxx-6776/16 saylı və xx.xx.2016-cı il tarixli məktubuna əsasən Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə inkişaf proqramı çərçivəsində 2005- 2009-cu il həyata keçirilən pilot layihələrin icra müddəti ilə əlaqədar olaraq həmin müəllim köməkçisi ştatı vahidlərinin ləğv edilməsi bildirilmişdir. Qeyd olunanlara əsasən Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin müəllim köməkçisi ştatları ixtisara düşmüşdür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq ştatın ixtisara düşməsi ilə bağlı xəbərdarlıq edilirsiniz. Nəzərə çatdırır ki, bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xx.xx.2022-ci il tarixdə ləğv ediləcəkdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci həsssində nəzərdə tutulmuş hallar xəbərdarlıq müddəti ərzində müəyyən olunduqda işəgötürən tərəfindən bu barədə tədbirlər görüləcəkdir". Ancaq buna baxmayaraq, iddiaçı bildirişdə qeyd edilən tarixdə işdən azad edilməyib. xx.xx.2022-ci ildə isə iddiaçıdan xəbərsiz və onun imzası olmadan yeni, bir illik müqavilə imzalanıb. 30 mart 2023-cü ildə cavabdehin iddiaçıya göndərdiyi məktubda isə qeyd edilir ki, "Bildirilir ki, siz hər hansı üzrlü sənəd olmadan və bununla bağlı müvafiq təsdiqedici sənədləri təqdim etmədən işə çıxmırsınız. Qeyd edilənləri nəzərə alaraq işdən yayınma səbəbini, eyni zamanda qeyd edəcəyiniz üzrlü səbəbi təsdiq edən sənədləri əlavə etməklə yazılı izahatınızla birlikdə 10 gün ərzində məktəbə təqdim etməyiniz tələb olunur". İddiaçı ilə əmək müqaviləsinə yalnız 30 oktyabr 2023-cü ildə 201 saylı əmrlə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən (müddətin bitməsi) xitam verilib. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsindən uzun müddət xəbərsiz olub, yalnız hüquqlarının pozuntusu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən 20 dekabr 2023-cü ildə əmrin surəti ona təqdim edilərkən xəbər tutub. Bu vaxtadək iddiaçıya əmək kitabçasının surəti verilməyib və o cümlədən onunla sonuncu haqq-hesab edilməyib. İddiaçı onunla əmək müqaviləsinin uzadılmamasının onun əmək hüquqlarını kobud şəkildə pozduğu səbəbi ilə cavabdehlə mübahisənin məhkəmədən kənar həllinə cəhd edib. O, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq mübahisənin tənzimlənməsi üçün səy göstərib, ancaq, bu səylər heç bir səmərə verməyib. 22 dekabr 2023-cü ildə iddiaçı mediasiya prosesinin tətbiqi barədə cavabdehə təklif məktubu göndərib. Sumqayıt şəhəri, 1 saylı mediasiya təşkilatının mediator qismində təyin etdiyi mediatoru X7 xx.xx.2024-cü il tarixli, № MŞS-MT030-2024-00073 saylı "ilkin mediasiya sessiyasında iştirak edilməməsi" barədə arayışında qeyd edilir ki, cavabdeh 11 saylı tam orta məktəb mediasiya prosesində iştirak etməkdən imtina edib. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət edir. Cavabdehin 30 oktyabr 2023-cü il tarixli, 201 saylı işdən çıxarma əmri qanunsuz və əsassızdır və məhkəmə qaydasında ləğv edilməli və iddiaçının digər iddia tələbləri təmin edilməlidir. Əvvəla, iddiaçının çalışdığı iş cavabdeh məktəbdə inklüziv təhsil üzrə müəllim köməkçisi vəzifəsi olub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 sentyabr 2005-ci il tarixli, 269s nömrəli və 03 may 2007-ci il tarixli, 113s nömrəli sərəncamlarına əsasən Sumqayıt şəhər 4 və 11 nömrəli tam orta məktəblərində təşkil olunan pilot inklüziv siniflər üçün ayrılan müəllim köməkçisi ştat vahidləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 fevral 2005-ci il tarixli, 20 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə inkişaf proqramı (2005-2009-cu illər)" çərçivəsində həyata keçirilən pilot layihələrin icra müddəti üzrə nəzərdə tutulub. Hər inkişaf proqramı 2005-2009-cu illəri əhatə etsə də, bu proqram çərçivəsində həyata keçirilən pilot lahiyələr sonradan da davam etdirilib. Başqa sözlə, inklüziv siniflər üzrə sağlamlıq imkanları məhdud şagirdlərin ümumtəhsil məktəblərində təhsillərini davam etdirməsi prosesi bitməyib, davam edir. Çünki bu layihənin bitməsi ilə bağlı hər hansı əmr yoxdur. Belə olan halda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin başa çatması əsası ilə xitam verilməsi qanunsuz və əsassızdır. İkincisi, iddiaçı məcburi köçkün statusuna malik olmaqla, himayəsində 2 azyaşlı övladı var. Bundan başqa, onkoloji xəstə olan, tam əmək qabiliyyətsiz 2-ci qrup əlil anası da onun himayəsindədir, maddi baxımdan onun da dolanışığını iddiaçı təmin edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallara" öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş" ailə üzvü olan işçilər də aiddir. Üçüncüsü, işin hallarından da göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi bir sıra ciddi qanun pozuntuları ilə müşayiət olunub. Belə ki, 03 avqust 2022-ci ildə iddiaçıya bildiriş təqdim edilib, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xx.xx.2022-ci il tarixdə xitam veriləcəyi bildirilib. Amma bu bildirişin əksinə olaraq müqaviləyə xitam verilməyib, hətta onunla 22 oktyabr 2022-ci ildə iddiaçının xəbəri və onun imzası olmadan yeni, bir illik müqavilə imzalanıb. Məhz bu əsasa görə də X8 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin 07 dekabr 2023-cü il tarixli məktubunda qeyd edilir ki, "11 saylı tam orta məktəbdən şöbəyə təqdim olunan sənədlərə baxılmaqla inzibati xətanın əlamətlərinin olması müəyyən edilmişdir. Bu səbəbdən həmin məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcədə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq məktəbin direktoru 06 dekabr 2023-cü il tarixdə saat 11- 00-da X6 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə dəvət edilmişdir". Həmçinin Azərbaycan Respublikası Baş Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət idarəsinin 21 iyun 2023 və 29 avqust 2023-cü il tarixli, eləcə də Sumqayıt şəhər prokurorluğunun 04 noyabr 2023-cü il tarixli iddiaçıya göndərilmiş məktublarında onun göndərdiyi şikayətlərin, o cümlədən cavabdeh məktəb barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 313 və 314.1-ci maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işinə əlavə edildiyi və nəticəsi barədə ona məlumat veriləcəyi qeyd edilib. Dördüncüsü, cavabdeh məktəbdə 26 nəfər müəllim köməkçisi vəzifəsində çalışıb. Onlardan 6 nəfərlə əmək müqaviləsinə işçilərin razılığı ilə xitam verilsə də, qalan 20 nəfər həm cavabdeh məktəbdə, həm də digər orta məktəblərdə pedoqoji işlə təmin edilib. Ancaq iddiaçıya belə bir şans verilməyib və yaxud da ona başqa bir iş təklif edilməyib. Beşincisi, 30 oktyabr 2023-cü il tarixli, 201 saylı əmr Azərbaycan Respublikası ƏM-nin 84-cü maddəsinin 1-ci bəndinini tələblərinə cavab vermir, həmin maddənin məzmununa uyğun tərtib edilməyib. Göstərilənlərə əsasən cavabdeh Sumqayıt şəhəri 11 saylı tam orta məktəbin 30 oktyabr 2023-cü il tarixli, 201 saylı işdən çıxarma əmrinin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi və məcburi işburaxma dövrünə görə ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçı iddia müddətini ötürmüşdür. Yəni iddiaçı işdən azad edilməsi faktını xx.xx.2023-cü il tarixdə bilsə də, məktəbə qarşı mediasiya prosesini xx.xx.2023-cü il tarixdə başlatmış, hazırki tələblə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmiş, bununla da qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Bundan əlavə qeyd edir ki, İddiaçı Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbində əmək fəaliyyətinə xx.xx.2015-ci il tarixli 7 nömrəli əmrə və xx.xx.2015-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən analıq məzuniyyətində olan işçinin yerinə inklüziv sinifdə tərbiyəçi müəllim köməkçisi vəzifəsinə işə qəbul olunmaqla başlamışdır. Həmin müddətli əmək müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixədək olmuş, müvafiq əmək müqaviləsi bildirişi də elektron informasiya sisteminə işlənilmişdir. İddiaçı 03 aprel 2017-ci il tarixdən 06 avqust 2017-ci il tarixədək hamiləliyə və doğuşa görə ödənişli sosial məzuniyyətə çıxmış, 7 avqust 2017-ci il tarixdən 3 iyun 2018-ci il tarixədək uşağa qulluğa görə qismən ödənişli məzuniyyətdə olmuş, 4 iyun 2018-ci il tarixdən 4 iyun 2020-ci il tarixədək uşağa qulluğa görə qismən ödənişli məzuniyyəti uzadılmış, 3 iyul 2019-cu il tarixdən 5 noyabr 2019-cu il tarixədək 2-ci uşağa görə hamiləliyə və doğuşa görə ödənişli sosial məzuniyyətə çıxmış, 6 noyabr 2019-cu il tarixdən 19 noyabr 2019-cu il tarixədək hamiləliyə və doğuşa görə ödənişli sosial məzuniyyətinin müddəti uzadılmış, 19 noyabr 2019-cu il tarixdən 24 avqust 2022-ci il tarixədək uşağa qulluğa görə qismən ödənişli məzuniyyətdə olmuşdur (2-ci uşağa görə), 18 avqust 2022-ci il tarixdən 18 fevral 2023-cü il tarixədək ödənişsiz məzuniyyətdə (öz hesabına) olmuş və 29 oktyabr 2023-cü il tarixədək ardıcıl olaraq əmək qabiliyyətinin olmaması vərəqəsi (xəstəlik vərəqi) müddətində olmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə işə başlamışdır. xx.xx.2015-ci il tarixli müddətli əmək müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdə bitdiyi və iddiaçı xx.xx.2023-cü il tarixdə işə çıxdığı üçün məktəbin xx.xx.2023-cü il tarixli, 201 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) əmək müqaviləsinin müddətinin qurtarmasına görə xitam verilmişdir. İddiaçıya dərhal bu barədə məlumat verilmiş, əmək kitabçasını təhvil alması şifahi və rəsmi formada ona təklif edilmişdir. İddiaçı onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsini xx.xx.2023-cü il tarixdən bilmişdir. Məktəb tərəfindən xx.xx.2023-cü il tarixli, 201 nömrəli əmrə əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) əmək müqaviləsinin müddətinin qurtarmasına görə xitam verilsə də, elektron informasiya sisteminə texniki yanlışlıq olaraq Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi daxil edilmişdir. Həmin yanlışlığın aradan qaldırılması üçün də müvafiq icra hakimiyyəti orqanına yazılı məktub göndərilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi, iddiaçı onunla əmək müqaviləsi bağlandıqdan sonra cəmi 2 il 3 ay ərzində faktiki olaraq əmək funksiyalarını icra edib işləməklə əmək müqaviləsinə xitam verildiyi tarixədək məzuniyyət hüququndan istifadə etdiyi üçün işdə olmamış, daha sonra xəstəlik vərəqəsinə əsasən 6 ay işə çıxmamış, bu səbəbdən də məktəb tərəfindən onunla bağlanılmış müddətli əmək müqaviləsinə müddətin bitdiyi xx.xx.2018-ci il tarixdə də xitam verilməsi üzrlü səbəblərdən mümkün olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Təhsil Şöbəsi 11 nömrəli tam orta məktəbin direktoru X1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhər Təhsil Şöbəsi 11 nömrəli tam orta məktəbində xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək «inklüziv sinifdə analıq məzuniyyəti yerinə müəllim köməkçisi» vəzifəsinə təyin edilmişdir.
7. İş materiallarında olan Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin 06 yanvar 2015-ci il tarixli, 02 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı - ali təhsilli (magistr dərəcəli) ingilis dili müəllimi ilə, pedaqoji stajı 2 il 4 ay, xx.xx.2015-ci il tarixindən məktəbə analıq məzuniyyəti yerinə inkuliziv sinifdə müəllim köməkçisi təyin edilməsi barədə əmək müqaviləsinin bağlanılması əmr edilmişdir.
8. İş materiallarında olan Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin 03 aprel 2017-ci il tarixli, 29 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı məktəbin inkuliziv sinfində müəllim köməkçisinə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixinə kimi sosial məzuniyyət verilməsi əmr edilmişdir.
9. İş materiallarında olan Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin 07 avqust 2017-ci il tarixli, 54 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı məktəbin müəllim köməkçisi körpə uşağa qulluqla əlaqədar xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək analıq məzuniyyəti verilməsi əmr edilmişdir.
10. İş materiallarında olan Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin 03 iyul 2019-cu il tarixli, 168 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı məktəbin müəllim köməkçisinə xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinə kimi sosial məzuniyyət verilməsi əmr edilmişdir.
11. İş materiallarında olan Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin 06 noyabr 2019-cu il tarixli, 222 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı məktəbin müəllim köməkçisinin sosial məzuniyyət müddətinin xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinə qədər uzadılması əmr edilmişdir.
12. İş materiallarında olan Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin 19 noyabr 2019-cu il tarixli, 283 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı məktəbin müəllim köməkçisinə AR-nın ƏM-nin 127-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək (uşağın 3 yaşı tamam olana qədər) qismən ödənişli sosial məzuniyyət verilməsi, işə başlama tarixinin xx.xx.2022-ci il olması əmr edilmişdir.
13. İş materiallarında olan Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin 18 avqust 2022-ci il tarixli, 192 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı məktəbin analıq məzuniyyətindən qayıdan müəllim köməkçisinə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər öz hesabına məzuniyyət verilməsi əmr edilmişdir.
14. İş materiallarında olan Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin 30 may 2023-cü il tarixli, 99 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı inkuliziv sinifdə müddətli müqavilə işləyən müəllim köməkçisinin uşağının xəstəliyi ilə əlaqədar xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ödənişsiz məzuniyyət verilməsi, 25 avqust 2023-cü il tarixdən işə başlaması əmr edilmişdir.
15. İş materiallarında olan əmək qabiliyyətinin olmaması vərəqələrindən görünür ki, İddiaçı 18 fevral 2023-cü il tarixdən 04 mart 2023-cü il tarixədək işə çıxmamış, 04 mart 2023-cü il tarixdən 19 mart 2023-cü il tarixədək işə çıxmamış, 25 mart 2023-cü il tarixdən 09 aprel 2023-cü il tarixədək işə çıxmamış, 10 aprel 2023-cü il tarixdən 12 aprel 2023-cü il tarixədək işə çıxmamış, 12 aprel 2023-cü il tarixdən 18 aprel 2023-cü il tarixədək işə çıxmamış, 18 aprel 2023-cü il tarixdən 21 aprel 2023-cü il tarixədək işə çıxmamış, 24 aprel 2023-cü il tarixdən 30 aprel 2023-cü il tarixədək işə çıxmamış, 01 may 2023-cü il tarixdən 07 may 2023-cü il tarixədək işə çıxmamış, 10 may 2023-cü il tarixdən 27 may 2023-cü il tarixədək işə çıxmamış, 27 may 2023-cü il tarixdən 30 may 2023-cü il tarixədək işə çıxmamış, 24 avqust 2023-cü il tarixdən 30 avqust 2023-cü il tarixədək işə çıxmamış, 30 avqust 2023-cü il tarixdən 20 sentyabr 2023-cü il tarixədək işə çıxmamış, 20 sentyabr 2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işə çıxmamış, 25 sentyabr 2023-cü il tarixdən 12 oktyabr 2023-cü il tarixədək işə çıxmamış, 16 oktyabr 2023-cü il tarixdən 30 oktyabr 2023-cü il tarixədək işə çıxmamışdır.
16. İş materiallarında olan Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin 30 oktyabr 2023-cü il tarixli, 201 nömrəli müddətli əmək müqaviləsinin ləğvi barədə əmrinin surətindən görünür ki, İddiaçı məktəbin inklüziv sinfində müddətli əmək müqaviləsi ilə işləyən müəllim köməkçisinin müddəti bitdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2023-cü il tarixdən xitam verilməsi və son haqq-hesabın ödənilməsi əmr edilmişdir.
17. İş materiallarında olan xxxxxxx0003X0 saylı, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 30 oktyabr 2023-cü il tarixli, 201 nömrəli əmr ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən əmək müqaviləsinə xitam verilmişdir.
18. İş materiallarında olan Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin direktoru Adilə Süleymanova tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin rəisi Vəli Quliyevə ünvanlanmış məktubda qeyd edilmişdir ki, Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin müəllim köməkçisi İddiaçı əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) əsasən ləğv edilmişdir. Lakin Əmək və Məşğulluq altsistemində (ƏMAS) yanlışlıqla Əmək Məcəlləsinin 68-ci maddənin 2-ci hissəsinin “b” bəndi seçilmişdir. Qeyd olunanları nəzərə alaraq yaranan nöqsanların aradan qaldırılmasına köməklik göstərilməsi xahiş olunmuşdur.
19. İş materiallarında olan Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin İddiaçı Bəylər qızına ünvanlanan “sənədlərin təqdim edilməsi barədə” 30 noyabr 2023-cü il tarixli, 860 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə (əmək müqaviləsinin bitməsi) əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir, qeyd olunanları nəzərə alaraq əmək kitabçasının təqdim edilməsi üçün Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbinə gəlməyi və ya əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə dair ərizənin təqdim olunması xahiş olunmuşdur.
20. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Abşeron-Xızı regional şöbəsinin İddiaçı ünvanladığı 07 dekabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, müraciətdə qeyd edilən məsələlərə aydınlıq gətirilməsi məqsədilə təsdiqedici sənədlərinizi və izahat verməyiniz üçün Sizin müraciətdə qeyd etdiyiniz ünvana 3-17-5/2-T-44679/2023 nömrə xx.xx.2023-cü il tarixli məktub ünvanlanmışdır. Lakin Siz izahat vermək üçün şöbəyə gəlməmişsiniz. Tərəflərindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” alt sisteminə baxış keçirilərkən, Sizinlə 11 saylı tam orta məktəb arasında xx.xx.2015-ci il tarixdə bağlanılmış müddətli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsin hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi (Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir) nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməzsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 11 saylı tam orta məktəbdən şöbəyə təqdim olunan sənədlərə baxılmaqla inzibati xəta əlamətlərinin olması müəyyən edilmişdir. Bu səbəbdən həmin məlumatlarda inzibati xəta əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xəta törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq məktəbin direktoru xx.xx.2023-cü il tarixdə saat 11:00-da X6 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə dəvət edilmişdir. Qeyd olunanları nəzərə alaraq araşdırma davam etdiyi üçün “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcəkdir.
21. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞS-MT030-2024-00073 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət etmiş, 50 manat məbləğində mediasiya xərci ödəmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
22. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin “inklüziv sinifdə analıq məzuniyyəti yerinə müəllim köməkçisi” vəzifəsində işləmiş, onunla müddətli əmək müqaviləsi bağlanmış və həmin əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən işəgötürənin xx.xx.2023-cü il tarixli əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı həmin əmri qanunsuz sayaraq onun ləğv olunması üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
23. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri).
24. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.
25. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23-cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur.
26. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir.
27. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
28. Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.
29. Həmin Məcəllənin 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
30. Həmin Məcəllənin 42-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
31. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir.
32. Həmin Məcəllənin 45-ci maddəsinin 4-cü bəndinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
33. Eyni Məcəllənin 45-ci maddəsinin 5-ci bəndinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
34. Göstərilən Məcəllənin 47-ci maddəsinin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər.
35. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
36. Eyni Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə görə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
37. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
38. Göstərilən Məcəllənin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
39. Məhkəmə, belə qənaətə gəlir ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən İddiaçı müqavilə şərtləri ilə tanış olaraq, müddətli əmək müqaviləsi bağlanmasına razı olmuşdur. Buna görə də işəgötürənin İddiaçı barəsində əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar işdən azad olunması haqqında əmrin ləğvi üçün əsas yoxdur.
40. Belə ki, İddiaçı Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbində əmək fəaliyyətinə xx.xx.2015-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən analıq məzuniyyətində olan işçinin yerinə inklüziv sinifdə tərbiyəçi müəllim köməkçisi vəzifəsinə işə qəbul olunmaqla başlamışdır. Həmin müddətli əmək müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixədək olmuş, iddiaçı 03 aprel 2017-ci il tarixdən 06 avqust 2017-ci il tarixədək hamiləliyə və doğuşa görə ödənişli sosial məzuniyyətə çıxmış, 07 avqust 2017-ci il tarixdən 03 iyun 2018-ci il tarixədək uşağa qulluğa görə qismən ödənişli məzuniyyətdə olmuş, 04 iyun 2018-ci il tarixdən 04 iyun 2020-ci il tarixədək uşağa qulluğa görə qismən ödənişli məzuniyyəti uzadılmış, 03 iyul 2019-cu il tarixdən 05 noyabr 2019-cu il tarixədək 2-ci uşağa görə hamiləliyə və doğuşa görə ödənişli sosial məzuniyyətə çıxmış, 06 noyabr 2019-cu il tarixdən 19 noyabr 2019-cu il tarixədək hamiləliyə və doğuşa görə ödənişli sosial məzuniyyətinin müddəti uzadılmış, 19 noyabr 2019-cu il tarixdən 24 avqust 2022-ci il tarixədək uşağa qulluğa görə qismən ödənişli məzuniyyətdə olmuş, 18 avqust 2022-ci il tarixdən 18 fevral 2023-cü il tarixədək ödənişsiz məzuniyyətdə (öz hesabına) olmuş və 29 oktyabr 2023-cü il tarixədək ardıcıl olaraq əmək qabiliyyətinin olmaması vərəqəsi (xəstəlik vərəqi) ilə işdə olmamışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə işə başlamışdır.
41. Göründüyü kimi tərəflər arasında bağlanılmış xx.xx.2015-ci il tarixli müddətli əmək müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdə bitdiyi və iddiaçı xx.xx.2023-cü il tarixdə (xəstələndiyi və məzuniyyətdə olduğuna görə) işə çıxdığı üçün cavabdehin xx.xx.2023-cü il tarixli, 201 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) əmək müqaviləsinin müddətinin qurtarmasına görə xitam verilmişdir.
42. Həmçinin, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrin ləğv olunması barədə əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, bununla da, əmək qanunvericiliyi ilə fərdi əmək mübahisələri üçün müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür.
43. Belə ki, fərdi əmək mübahisələrinin həlli iddia müddətlərinə tabe tutulur. Çünki fərdi əmək mübahisələrinin həllində iddia müddətlərindən bəhs edən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
44. Bu normada bəhs olunan “hüququnun pozulmasının aşkar edildiyi gün” dedikdə - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün başa düşülür.
45. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixli əmrə əsasən (əmrin məzmunu ilə iddiaçının deməsinə görə xx.xx.2023-cü il tarixdə tanış olmuşdur) işdən azad olunmuş, 22 dekabr 2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi ilə əlaqədar müraciət etmiş, 19 yanvar 2024-cü il tarixdə ona mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayış təqdim edilmiş, xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək müddəti ötürülmüşdür.
46. Məhkəmə onu da qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddia müddətinin axımı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək dayandırılmış hesab edilməlidir.
47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
49. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
50. Həmin müddəaya əsaslanaraq, cavabdeh tərəf ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
51. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır».
52. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 iyul 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyrimüəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur. Fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar.
53. Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanunauyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir.
54. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
55. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
56. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları).
57. Beləliklə, məhkəmə sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, əmrin ləğv olunması üçün əsaslar olmadığından iddia həmin hissədə təmin edilməməlidir.
58. Məhkəmə “işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” barədə tələbləri də əsassız hesab edir. Belə ki, məhkəmə, araşdırılan iddia üzrə "əmrin ləğv edilməsi" tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin "işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi" hissəsinin törəmə tələblər olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə "əmrin ləğvi" hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi “işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” hissələrində də təmin edilə bilməz.
59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
60. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
61. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
62. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
63. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
64. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdehə qarşı "əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrünə görə əmək haqqının ödənilməsi tələbi"nə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəbnəm Həxiyeva