Məhkəmə qərarları › İş №2(060)-1983/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1983/2020

08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1983/2020 08.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilənin ləğvinin qanunsuz sayılması və nömrənin yenidən istifadəyə verilməsi tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında ***- ***-**-** mobil nömrəsi ilə əlaqədar bağlanmış abunə müqaviləsinin cavabdeh tərəfindən birtərəfli qaydada xitamının qanunsuz sayılması, cavabdehin üzərinə müqavilə üzrə öhdəliklərini yerinə yetirmək, müqavilədə göstərilən və birtərəfli qaydada sistem üzərindən ləğv edilmiş ***-***-**-** nömrəni sistem üzərində bərpa edərək yenidən iddiaçının istifadəsinə vermək vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ***-***-**-** mobil nömrəsini uzun illərdir istifadə edir. Çoxdandır həmin nömrəni whatsapp nömrəsi kimi istifadə edir. Danışıq üçün isə başqa nömrədən istifadə edir. Yanvar ayı 2020-ci il tarixdə həmin nömrəni aktivləşdirmək istəmiş, bununla bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh ona xx xxxxxx 2020-ci il tarixli cavab məktubu yazaraq müraciətimin təmin olunmasından imtina etmişdir. Məktubda qeyd olunmuşdur ki, dünya telekommunikasiya sahəsində mövcud olan praktikaya əsaslanaraq, abunəçilər uzun müddət ərzində bağlı olan nömrələri aktivləşdirilmədikdə həmin müqavilələrə xitam verilir və belə nömrələr başqa şəxsin istifadəsinə verilir. Bundan başqa bağlanmış müqaviləyə də istinad etmişlər ki, 6 ay ərzində istifadə etmədikdə müqaviləyə xitam verilir. Əvvəla həmin nömrə istifadəsiz qalmamışdır. Bu gün də həmin nömrənin whatsapp nömrəsi kimi istifadə edir, qohumları, dostları hələ də o nömrənin whatsappı ilə onunla əlaqə saxlayırlar. Söhbət əgər istifadədən gedirsə nömrədən hələ də istifadə edir və müqavilədə bu barədə heç nə qeyd olunmamışdır. Eyni zamanda həmin nömrə hal-hazırda başqa şəxsə satılmamışdır. Bundan başqa cavabdeh müqaviləyə xitam verirdisə bunu bir tərəfli qaydada edə bilməzdi. Cavabdehlə onun arasında olan müqavilə (***-***-**-** mobil nömrəyə dair) iradə ifadəsinin təfsirinə görə iki tərəfli müqavilədir. Müqavilənin vaxtından əvvəl ləğv edilməsi üçün əsaslar Mülki Məcəllənin 421ci maddəsində müəyyən edilmiş, müqavilənin ya tərəflərin razılaşması ilə, ya da tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilməsi göstərilmiş, müqavilənin ləğv qaydası isə həmin Məcəllənin 423-cü maddəsində əks olunmuşdur. Həmin maddəyə görə də, müqavilə tərəflərin razılaşması ilə ləğv edilirsə, bu barədə razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilə 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla isə müqavilə tərəfin tələbinə əsasən yalnız məhkəmə qaydasında ləğv edilə bilər. Qanunvericilik başqa qaydada müqavilənin ləğvini, yəni müqavilənin birtərəfli qaydada məhkəməyə müraciət etmədən tərəfin özü tərəfindən ləğv edilməsi qaydasını müəyyən etməmişdir. O da qeyd edilməlidir ki, cavabdeh məktubunda qeyd olunan müqavilənin hansı normaya əsasən bir tərəfli qaydada ləğv etdiyini qeyd etməmişdir. Ancaq dünya telekommunikasiya sahəsində mövcud olan paktikaya əsaslanmışdır. Bu isə özlüyündə böyük gülüş obyektidir. Ona görə də cavabdeh tərəfindən onun mobil nömrəsi ilə bağlı müqavilənin özü tərəfindən birtərəfli qaydada ləğv edilmiş hesab edilməsi qanunsuz olmuşdur. Yuxarıda qeyd etdiklərinə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Vəkil iddia tələbinə etiraz edərək bildirdi ki, İddiaçı tərəfindən qaldırılmış iddia tələblərini aşağıdakı səbəblərdən əsassız hesab edir. İddia ərizəsində qeyd edilmişdir ki, 055 *** ** ** nömrəsi istifadəsiz qalmamışdır, həmin nömrə iddiaçı tərəfindən “Whatsapp” nömrəsi kimi istifadə edilir. Halbuki, hər hansı mobil nömrənin “Whatsapp” nömrəsi kimi qeydiyyata salınması üçün yalnız həmin “messenger”in tətbiqinin mobil telefona yüklənməsi və qeydiyyat zamanı nömrənin rabitə xəttinin aktiv olması gərəklidir. Sonradan isə bu “messenger”də qeydiyyata alınmış bu nömrə virtual nömrəyə çevrilir və nömrənin rabitə xəttinin açıq olubolmamasından, nömrənin ləğv edilməsindən asılı olmayaraq istifadə edilir. “Whatsapp” “messenger”i internet üzərindən istifadəçilərə təqdim edilən və Cavabdeh-in rabitə xidmətlərinə aidiyyəti olmayan bir tətbiqdir. Cavabdeh və istənilən digər operatorun rabitə xidmətlərindən istifadə dedikdə, birbaşa operator tərəfindən təqdim edilən mobil rabitə xidmətləri nəzərdə tutulur. Odur ki, nömrənin “Whatsapp” “messenger”ində istifadəsi nömrənin Cavabdeh-in rabitə xidmətləri üçün istifadəsi hesab edilmir. Bundan başqa iddia ərizəsində qeyd edilmişdir ki, Cavabdeh müqaviləyə xitam verirdisə bunu birtərəfli qaydada edə bilməzdi. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 029061 nömrəli abunə müqaviləsinin 6.1-ci bəndində qeyd edilmişdir ki, müqaviləyə dəyişikliklər və ya əlavələr edilməsi, müqavilənin birtərəfli qaydada ləğvi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirilir. Mülki Məcəllənin 421.1 -ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin 2.1.6-cı maddəsinə görə müştəri 3 (üç) ay ərzində borcunu ödəmədikdə Müəssisə onun telefon xəttini bağlayır, telefon nömrəsini ləğv edir. Yuxarıda göstərilən 3 (ay) keçdikdən sonra telefon xəttinin yenidən qoşulması üçün Müştəri Müəssisənin ödəniş tariflərinə müvafiq olaraq ödəniş etməlidir. Müqavilənin 2.1.3-cü maddəsinə görə Müştəri ilə razılaşdırmadan xidmət tariflərini, ödəniş şərtlərini və metodlarını dəyişdirmək Müəssisənin hüququdur. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə münasibətlərə xitam verilməsinin qaydası nəzərdə tutulmuşdur. O da qeyd olunmalıdır ki, 055 *** ** ** kombinasiyalı mobil nömrə 2018-ci ilin yanvar ayından Klass fakturalı XL tarifində istifadə edilmişdir. Bu tarif üzrə aylıq abunə haqqı 10 manatdır. Cavabdeh-in rəsmi internet səhifəsində yerləşdirilən (https://www.Cavabdeh.com/az/online-credit-card-payment) ödəniş şərtlərinə görə fakturalı xəttə aid mobil nömrələrdə: 1. Nömrədə tətbiq edilən istifadə limiti müvafiq həddə çatdıqda, nömrədən çıxan zənglər birtərəfli qaydada bağlanır. İstifadə limiti abunəçinin mobil nömrəsinə yükləmiş pul və nömrəyə təyin edilmiş limitin cəminə bərabərdir. Nömrənin balansını artırmaqla nömrənin aktivləşdirmək mümkündür. 2. Yaranmış borc cari ayın sonunadək ödənilməsə, faktura borcuna çevrilir. Faktura borcu abunəçinin ötən ay üçün etdiyi danışıqlar və cari ay üçün olan aylıq abunə haqqından ibarətdir. 3. Faktura borcu növbəti 30 gün ərzində ödənmədikdə, nömrə çıxan zənglər üçün birtərəfli qaydada bağlanır. 4. Daha növbəti 30 gün ərzində heç bir ödəniş həyata keçirilmədikdə, nömrəyə daxil olan zənglər də dayandırılacaq və nömrə ikitərəfli qaydada bağlanacaq. 5. 90 gün müddətində nömrənin balansını artırmaqla mobil nömrəni aktivləşdirmək mümkündür. Bu müddət ərzində heç bir ödəniş həyata keçirilmədikdə nömrə ləğv edilir. Ləğv edilmiş nömrədə yaranmış borc saxlanılır və bu borc abunəçi tərəfindən ödənilməlidir. Tarifin şərtlərinə görə nömrəyə xx.xx.2019-cu il tarixində 10 manat abunə haqqı hesablanmış və nömrənin balansı mənfi 10,94 olmuşdur. 15 gün ərzində borc ödənilməmiş və nömrə xx.xx.2019-cu il tarixində birtərəfli olaraq bağlanmışdır. xx.xx.2019cu il tarixində may ayı üzrə abunə haqqı hesablanmış və borc 20,94 manata çatmışdır. 90 gün ərzində nömrənin balansı artırılmadığına görə xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. Göstərilənlərə əsasən vəkil iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli 0910c2020 saylı məktubda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixli müraciəti ilə əlaqədar bildirilir ki, dünya telekommunikasiya sahəsində mövcud olan təcrübəyə əsasən, abunəçilərin uzun müddət ərzində bağlı olan nömrələri aktivləşdirilmədiyi təqdirdə, həmin abunəçilərlə bağlanılmış müvafiq müqavilələrə xitam verilir və belə nömrələr başqa şəxslərin istifadəsinə verilə bilər. Eyni zamanda abunəçilərlə bağlanılmış müqavilələrdə qeyd olunur ki, şirkət abunəçiyə təqdim olunmuş 6 ay ərzində istifadə etmədikdə, bu müqaviləyə xitam verərək istifadə olunmayan nömrəni abunəçidən geri almaq və başqa abunəçinin istifadəsinə vermək hüququna malikdir. ********* nömrəsi xx.xx.2019-cu il tarixində birtərəfli, həmin statusda bir ay aktivləşdirilmədiyinə görə xx.xx.2019-cu il tarixində ikitərəfli bağlanılmışdır. İkitərəfli bağlı statusunda olan nömrənin yenidən aktivləşdirilməsi üçün abunəçilərə 90 gün vaxt verilsə də, ********* nömrəsi həmin müddət ərzində də aktivləşdirilməmişdir. Bu səbəbdən ********* nömrəsinə dair abunə müqaviləsinə xitam verilmişdir. Beləliklə, hal-hazırda həmin nömrənin bərpası qeyri-mümkündür. Cavabdeh MMC-nin rəsmi internet səhifəsində yerləşdirilən Fakturalı xəttə aid mobil nömrələrdə Klass XL tarifinin şərtlərindən görünür ki, 1. Nömrədə tətbiq edilən istifadə limiti müvafiq həddə çatdıqda, nömrədən çıxan zənglər birtərəfli qaydada bağlanır. İstifadə limiti abunəçinin mobil nömrəsinə yükləmiş pul və nömrəyə təyin edilmiş limitin cəminə bərabərdir. Nömrənin balansını artırmaqla nömrənin aktivləşdirmək mümkündür. 2. Yaranmış borc cari ayın sonunadək ödənilməsə, faktura borcuna çevrilir. Faktura borcu abunəçinin ötən ay üçün etdiyi danışıqlar və cari ay üçün olan aylıq abunə haqqından ibarətdir. 3. Faktura borcu növbəti 30 gün ərzində ödənmədikdə, nömrə çıxan zənglər üçün birtərəfli qaydada bağlanır. 4. Daha növbəti 30 gün ərzində heç bir ödəniş həyata keçirilmədikdə, nömrəyə daxil olan zənglər də dayandırılacaq və nömrə ikitərəfli qaydada bağlanacaq. 5. 90 gün müddətində nömrənin balansını artırmaqla mobil nömrəni aktivləşdirmək mümkündür. Bu müddət ərzində heç bir ödəniş həyata keçirilmədikdə nömrə ləğv edilir. Ləğv edilmiş nömrədə yaranmış borc saxlanılır və bu borc abunəçi tərfindən ödənilməlidir. İş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında ********* nömrəsinə dair bağlanmış xx.xx.2005-ci il tarixli 029061 saylı abunə müqaviləsinin 2.1.6-cı maddəsinə əsasən müştəri 3 ay ərzində borcunu ödəmədikdə onun telefon xəttini bağlayır, telefon nömrəsini ləğv edir. Yuxarıda göstərilən 3 ay keçdikdən sonra telefon xəttinin yenidən qoşulması üçün müştəri müəssisənin ödəniş tariflərinə müvafiq olaraq ödəniş etməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli CEO_21381 saylı maliyyə arayışından görünür ki, İddiaçı istifadəsində olmuş ********* kombinasiyalı mobil nömrənin balansı xx.xx.2018-ci il tarixinə 75,27 manat təşkil etmişdir. Nömrənin balansı 2019-cu ilin mart ayında 30 manat və sonuncu dəfə 2019-cu ilin iyul ayında 20 manat artırılmışdır. 2018ci ilin yanvar ayından 2019-cu ilin sentyabr ayınadək nömrə üzrə istifadə 486,21 manat, nömrənin balans artımı isə 380 manat olmuşdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu və həmin münasibətlərə xitam verilməməsi müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığının davam etməsinə səbəb olur. Bu mənada, tərəflər arasında abunə müqaviləsi bağlanarkən iddiaçı, cavabdeh ilə abunə və xidmət haqlarını hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər ödənilməsi barədə razılığa gəlmiş və bu razılığı öz iradə ifadəsi (imzası) ilə təsdiq etmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.1.6-cı bəndinə əsasən müştəri 3 (üç) ay ərzində borcunu ödəmədikdə Müəssisə onun telefon xəttini bağlayır, telefon nömrəsini ləğv edir. Yuxarıda göstərilən 3 (ay) keçdikdən sonra telefon xəttinin yenidən qoşulması üçün Müştəri Müəssisənin ödəniş tariflərinə müvafiq olaraq ödəniş etməlidir. Müqavilənin 3.2-ci bəndinə əsasən, müştəri klass-simkartın qiymətini, abunə haqqını, xidmət və danışıq haqqını ödəməlidir. Müqavilənin 6.3-cü bəndinə görə, müştəri və müəssisə müqavilədən irəli gələn şərtləri və müddəaları öz müqavilə öhdəlikləri kimi qəbul edirlər. Müqavilənin 6.4-cü bəndinə görə, müqavilə birtərəfli qaydada ləğv edildikdə, tərəflər ləğv etmə gününədək mövcud öhdəlikləri tam icra etməlidirlər. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış abunə müqaviləsində müştərinin 3 (üç) ay ərzində borcunu ödəmədiyi təqdirdə cavabdeh MMC-nin abunəçinin telefon xəttini bağlaması və telefon nömrəsini ləğv etməsi nəzərdə tutulmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, İddiaçı istifadəsində olan ********* mobil nömrəsinə xx.xx.2019-cu il tarixində 10 manat abunə haqqı hesablanmışdır. Bundan sonra iddiaçı aprel, may və iyun aylarında ödəniş etməmişdir. Bununla əlaqədar nömrə ilk növbədə birtərəfli qaydada bağlanmış, 90 gün ərzində nömrənin borcu ödənilmədiyinə görə isə nömrə ləğv edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilədə abunə müqaviləsinə birtərəfli qaydada xitam verilməsinin şərti, yəni 90 gün ərzində nömrədən istifadəyə görə borcun ödənilməməsinin müqavilənin birtərəfli ləğvinə səbəb olması birbaşa nəzərdə tutulduğundan cavabdeh tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilərkən mülki qanunvericiliyin tələbləri pozulmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Göründüyü kimi sözügedən maddəyə görə müqavilədə tərəflərdən birinin müqavilənin icrasından birtərəfli qaydada imtina etdikdə və belə imtinaya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş sayılır. Bu səbəbdən məhkəmə iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423-cü maddəsinə istinad etməklə cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməli olması barədə dəlillərini qəbul etmir. Belə ki, Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi həmin maddədə müqavilənin ləğvi qaydası əks olunmuşdur. Həmin maddəyə görə, müqavilə tərəflərin razılaşması ilə ləğv edilirsə, bu barədə razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Hazırki iş üzrə iddiaçı 90 gün ərzində mobil nömrədən istifadəyə görə yaranmış borcunu ödəməmişdir. 90 gün ərzində nömrədən istifadəyə görə yaranmış borcun ödənilməməsi isə müqavilənin birtərəfli qaydada ləğvi şərti kimi müqavilədə birbaşa nəzərdə tutulmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı 2019-cu ilin iyul ayında 20 manat ödəniş etsə də, bu onun mübahisəli nömrədən istifadə ilə əlaqədar yaranmış borcunu əhatə etməmişdir. Digər tərəfdən iddiaçının qoşulduğu Fakturalı xəttə aid mobil nömrələrdə Klass XL tarifinin Cavabdeh MMC-nin rəsmi internet səhifəsində yerləşdirilən şərtlərindən görünür ki, nömrədən istifadə ilə əlaqədar yaranmış borc cari ayın sonunadək ödənilməsə, faktura borcuna çevrilir. Faktura borcu növbəti 30 gün ərzində ödənmədikdə, nömrə çıxan zənglər üçün birtərəfli qaydada bağlanır. Daha növbəti 30 gün ərzində heç bir ödəniş həyata keçirilmədikdə, nömrəyə daxil olan zənglər də dayandırılır və nömrə ikitərəfli qaydada bağlanır. 90 gün müddətində nömrənin balansını artırmaqla mobil nömrəni aktivləşdirmək mümkündür. Bu müddət ərzində heç bir ödəniş həyata keçirilmədikdə nömrə ləğv edilir. Ləğv edilmiş nömrədə yaranmış borc saxlanılır və bu borc abunəçi tərfindən ödənilməlidir. Göründüyü kimi sözügedən şərt, yəni 90 gün müddətində nömrənin balansını artırmaq üçün heç bir ödəniş həyata keçirilmədiyi təqdirdə nömrənin ləğv edilməsi iddiaçının istifadəçisi olduğu Klass XL tarifinin Cavabdeh MMC-nin rəsmi internet səhifəsində yerləşdirilən şərtlərində də qeyd olunmuşdur. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, cavabdeh isə iddiaya etirazının əsası kimi istinad etdiyi halları, o cümlədən iddiaçının 90 gün ərzində nömrədən istifadəyə görə yaranmış borcunu ödəmədiyini mötəbər sübutlarla sübut edə bilmişdir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilənin ləğvinin qanunsuz sayılması və nömrənin yenidən istifadəyə verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilənin ləğvinin qanunsuz sayılması və nömrənin yenidən istifadəyə verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar