Məhkəmə qərarları › İş №2(060)-1997/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1997/2022

06.05.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1997/2022 06.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 27.12.2017-ci il tarixli, 577 №-li əmrinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə münasibətdə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, əmrin ləğv edilməsi ilə yanaşı 2.000 manat məbləğində mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 21.04.2017-ci il tarixdə Cavabdeh MMC-də satıcı-kassir vəzifəsinə qəbul edilmişdir. Lakin Cavabdeh MMC-nin 27.12.2017-ci il tarixli, 577 №-li əmri ilə işdən azad olunmuşdur. Sonradan iş üçün Cavabdeh MMC-yə müraciət etmiş, iş prosesində heç bir nöqsanı aşkarlanmadığı üçün 26.03.2018-ci il tarixli əmrlə yenidən satıcı-kassir vəzifəsinə qəbul edilmiş və 28.09.2020-ci il tarixədək həmin işdə işləmişdir. 27.12.2017-ci il tarixli, 577 №-li əmr ilə işdən azad olunarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin Məcəllənin “a” bəndinin tələbləri rəhbər tutularaq işdən azad edilmişdir. Hazırda həmin əmrlə razı deyildir. Belə ki, işlədiyi müddətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğunsuzluq halı baş versə də, həmin həmin Məcəllənin “a” bəndində göstərilən hal baş verməmişdir. Barəsində işdən azad olunmağı ilə əlaqədar qəbul edilmiş 27.12.2017-ci il tarixli, 577 №-li əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndi əsassız şəkildə və heç bir qanuni əsas olmadan göstərilmişdir. Hesab edir ki, 27.12.2017-ci il tarixli, 577 №-li əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə münasibətdə ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiasını müdafiə etdiyini, günahı olmadan işdən uzaqlaşdırıldığını bildirdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qismən qəbul etdiyini, mənəvi zərərin ödənilməsini qəbul etmədiyini bildirdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 08.01.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci ödəmişdir, lakin Cavabdeh MMC iştirak etməmişdir. - Cavabdeh MMC-nin 21.10.2020-ci il tarixli, İR-97 №-li arayışından görünür ki, İddiaçı 21.04.2017-ci il tarixdən 27.12.2017-ci il tarixinə kimi Cavabdeh MMC-də çalışmışdır və ailə-sosial problemi ilə bağlı işə getməmiş, rəhbərliyə bununla bağlı məlumat verməyin vacibliyini bilməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (davamiyyətsizlik) işdən azad edilmişdir. Əməkdaş daha sonra işə yenidən müraciət etmiş, iş prosesində heç bir nöqsan aşkarlanmadığı üçün müsbət rəy verilərək 26.03.2018-ci il tarixindən 28.09.2020-ci il tarixinədək Cavabdeh MMC-də çalışmışdır. - İddiaçı məxsus ******* №-li əmək kitabçasının surətindən görünür ki, İddiaçı 21.04.2017-ci il tarixdə, 189-K №-li əmrlə Cavabdeh MMC-yə satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir; İddiaçı əmək müqaviləsinə 27.12.2017-ci il tarixdə, 577-K №-li əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir; 26.03.2018-ci ildə həmin vəzifəyə yenidən işə qəbul olunmuşdur; İddiaçı əmək müqaviləsinə 28.09.2020-ci il tarixdə, 597 №-li əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. - 21.04.2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə 3 ay sınaq müddətinə, aylıq əmək haqqı 153 manat olmaqla, satıcı-kassir vəzifəsinə qəbul olunmuşdur. - 21.04.2017-ci il tarixli, 189-K №-li əmrdən çıxarışdan görünür ki, İddiaçı 21.04.2017-ci il tarixindən 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə Cavabdeh MMC-yə satıcı-kassir vəzifəsinə işə qəbul edilməsi və əmək haqqı ştat cədvəlinə əsasən 153 manat olmaqla ödənilməsi əmr edilmişdir. - 27.12.2017-ci il tarixli, 577-K №-li əmrdən çıxarışdan görünür ki, İddiaçı əmək müqaviləsinə 27.12.2017-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi, istifadə edilməmiş 7.57 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsi əmr edilmişdir. - 28.09.2020-ci il tarixli, 591 №-li əmrdən çıxarışdan görünür ki, İddiaçı əmək müqaviləsinə 28.09.2020-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin “a” bəndinə əsasən xitam verilməsi, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsi əmr edilmişdir. - Cavabdehin nümayəndəsi Nümayəndə 06.05.2022-ci il tarixli ərizəsindən görünür ki, iddianı 27.12.2017-ci il tarixli, 577-K №-li əmrin ləğv edilməsi hissəsində qəbul edir, digər hissədə isə iddiaya etiraz edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh MMCnin 27.12.2017-ci il tarixli, 577 №-li əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin Məcəllənin “a” bəndinin tələbləri rəhbər tutularaq işdən azad edilmiş, 26.03.2018-ci ildə həmin vəzifəyə yenidən işə qəbul olunmuş və 28.02.2020-ci ildə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsində göstərilən əmək müqavilələrinə xitam verilməsinin əsaslarından biri də əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsidir. Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən hansı hallarda ləğv edilə bilməsi göstərilmişdir. Bu Məcəllənin 70-ci maddəsinin c bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən məhkəmələr Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Qərarda həmçinin qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya” nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya” nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə, hesab edir ki, iş materialları ilə və məhkəmə araşdırması zamanı cavabdeh cəmiyyətin iddiaçıya mənəvi ziyan vurması təsdiqini tapmamış, bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Odur ki, iddia mənəvi zərərin ödənilməsi hissəsində əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC-nin 27.12.2017-ci il tarixli, 577-K №-li əmri ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 333 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMCnin 27.12.2017-ci il tarixli, 577-K №-li əmri ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar