Məhkəmə qərarları › İş №2(060)-1997/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1997/2025

19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1997/2025 19.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi Məhkəmə iclas katibi Həsənli Mehriban Hüseyn qızının katibliyi İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "müqavilə üzrə ödənişin geri qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "müqavilə üzrə ödənişin geri qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən xxxxxxx nömrəli, xx.xx.2025-ci il tarixli müqavilənin 3.6-cı bəndinin qeyri-bərabər və haqsız şərt olduğunu nəzərə alaraq, həmin şərtin etibarsız sayılması və ödənişin tam şəkildə geri qaytarılması, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğin cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı, cavabdehlə - "xxxx" MMC ilə 8 yanvar 2025-ci il tarixində kurs xidmətlərindən istifadə etmək üçün müqavilə bağlamış və bu müqavilə əsasında kursa qeydiyyatdan keçmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq kurs üçün 350 (üç yüz əlli) manat məbləğində ödəniş etmişdir. Lakin ailə vəziyyəti ilə əlaqədar olaraq kursu davam etdirmək imkanı yoxdur. Hazırda sağlıq vəziyyəti ilə əlaqədar olaraq ciddi problemlər yaşadığından, həmçinin digər ailəvi problemləri ilə əlaqədar olaraq iştirakının rəsmi şəkildə ləğv olunmasını və etdiyi ödənişin tam şəkildə geri qaytarılmasını istədikdə kurs müqavilənin 3.6-cı bəndinə əsasən akademiya tərəfindən heç bir qayda pozuntusu olmadığı üçün ödənişin geri qaytarılmayacağı cavabını verdi. Müqavilə imzalanmazdan əvvəl "xxxx" MMC-nin nümayəndəsi ona xidmət haqqının 380 manat olduğunu bildirmişdir. O, tələbə endirimi olub-olmadığını soruşduğunda isə rəhbərliklə danışaraq bildirildi ki, yalnız bu anda ödəniş etdikdə xidmət haqqı 350 manat olacaq və əgər bu şərtlərlə dərhan ödəniş etməsə və daha sonra geri gəlsə endirim tətbiq edilməyəcəkdir. Kurs işçilərinin səmimiliyinə inanaraq və vaxtın az olması səbəbindən müqaviləni tez bir şəkildə nəzərdən keçirərək imzalamışdır. Bu cür təqdim edilən təklif və endirim şərti onu dərhal müqaviləni imzalamağa və ödəniş etməyə məcbur etdi ki, çünki endirim şərti yalnız o zaman keçərli olmuşdur. Bu vəziyyət onun müqavilə bağlamağa tələsdirilməyinə səbəb olmuşdur. Təklif olunan endirim və “indi ödəniş edilməsə, sonra bu şərt keçərli olmayacaq” təzyiqi, müqavilə bağlanarkən onun tez qərar verməyinə və müqaviləni detallı nəzərdən keçirmədən imzalamağına səbəb olmuşdur. Bu şərtlər ona qarşı haqsız bir təzyiq və qeyri-bərabər təsir yaratmışdır. Kurs hələ başlamamış və heç bir xidmət almamışdır. Buna baxmayaraq cavabdeh ödədiyi məbləğin geri qaytarılmasından imtina etmiş və müqavilədə “ödəniş geri qaytarılmır” bəndinə istinad edir. Müqavilənin 3.6-cı bəndinin qeyri-bərabər şərtlərt ehtiva etdiyini bildirmək istəyir. Müqavilənin həmin bəndində qeyd olunur ki, tələbə xidmət haqqının ödənişini aylıq və ya tam (bütün ayların ödənişi daxil olmaqla) ödədikdən sonra şəxsi səbəbdən bu müqaviləyə xitam verilməsini istədikdə akademiya tərəfindən qayda pozuntusu törədilməmişdirsə, ödənişin edildiyi tarixdən nə qədər müddət keçməsindən asılı olmayaraq ödəniş geri qaytarılmır. Bu şərt, yalnız bir tərəfin (akademiya) xeyrinə olan və digər tərəfi zərərli vəziyyətə salan qeyri-bərabər bir şərtdir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bu bənd istehlakçının qanuni hüquqlarını pozur və məhkəmə tərəfindən etibarsız hesab edilər bilər. Müqavilə şərtləri bərabər hüquqlar prinsipi ilə tənzimlənməlidir, qanuni tələblərə uyğun olmalı, hər iki tərəfin hüquqlarını qorumalı və ədalətli şərtlərlə təmin olunmalıdır. Əlavə olaraq qeyd etmək istəyir ki, kursa qeydiyyatdan keçəndə qrupda yalnız o olmuş və ilk o, qeydiyyatdan keçmişdir. Daha sonra bir neçə nəfər əlavə edilmiş və hal-hazırda qrupda boş yerlər mövcuddur. Bu isə o deməkdir ki, o, kursda hər hansı bir yer tutmamış və kursa heç bir zərər dəyməmişdir. Bununla belə, cavabdeh ödənişin geri qaytarılmasını əsaslandırmaq üçün hər hansı bir maddi və ya təşkilatı əsas təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, hazırda işləmir. Atasının zəhmətlə qazandığı vəsait hesabına kursdan qeydiyyatdan keçmişdir. Nəyə görə həmin vəsait kimlərsə tərəfindən mənimsənilməlidir. Düşünür ki, müqavilə qeyri-bərabər şərtlər əsasında hazırlanmışdır. Birinci dəfə deyildir ki, bir kursdan qeydiyyatdan keçir. Onu müqaviləni imzalamağa kimsə məcbur etməmişdir. Müqaviləni imzalayarkən düşünmürdü ki, qeydiyyatdan imtina edər və yaxud kursdan imtina edər. Tələbə kursda iştirak etməyibsə, ondan bir vərəğin pulu belə alınmayıbsa, nəyə görə vəsait mənimsənilməlidir. Qrupdan da çıxmışdır. Heç bir dərslərdə iştirak etməmişdir. Dərslər mart ayında başlamış, lakin yanvar ayında kursdan imtina etmək üçün müraciət etmişdir. Əgər dərslərdə iştirak etməyibsə və ona hər hansı məbləğ xərclənməmişdirsə, vəsait mənimsənilməli deyildi. Düşünür ki, həmin bənd də müqavilədə olmalı deyildi. Bundan əlavə çox kurslarda iştirak etmiş, lakin onların müqaviləsində belə bir bənd qeyd olunmamışdır. Ailə həyatı quracağı üçün kursda iştirak edə bilməyəcəkdir. Ailə həyatı qurmağı onun şəxsi məsələsidir. Bunu da kimləsə paylaşmaq məcburiyyətində deyildir. Səhhəti ilə bağlı da problemi olmuşdur. Müalicəsi də davam edir. Müqavilə imzalanması xüsusi bir otaqda aparılmalıdır. Başının üzərində bir xanım gözləyirdi. Ona görə də tələsik müqaviləni imzalamışdır. 1 saatdan artıq olan müddət daha çox konsultasiyaya ayrıldı. Qeyd edilmişdir ki, onu pulsuz konsultasiyaya dəvət edirlər. İştirak etmiş, sual-cavab olunmuş və məlumat verilmişdir. Müqaviləyə baxmağı üçün kifayət qədər vaxtı olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, xanım ilk çıxışında qeyd etmişdir ki, müqavilə bağlamağa tezləşdirilmişdir. Video-disk də təqdim etmişdir. Oradan da müəyyən olunur ki, hər hansı tərəf tələsdirilməmişdir. Qeydiyyat prosesi tamamlanmış və həmin zaman yaranan suallar da əməkdaşları tərəfindən lazımi qaydada cavablandırılmışdır. Onlara qarşı tələb irəli sürərkən bildirmişlər ki, müqavilənin bəndinə əsasən ödənişi geri qaytarmırlar. 1 saatdan çox aparılan konsultasiyanın özü bir əməkdir. Həmin məbləği qrupda yer üçün alırlar. Bunu da ona görə edirlər ki, gələcəkdə kimsə iştirak etmək istəməsə akademiya çıxılmaz vəziyyətdə qalmasın. Onlar bildirmişdir ki, pulu qaytara bilmirlər. Lakin birinci ayın bütün videomaterialları ilə onu təmin edə bilərlər. Onların məsuliyyətində olmadığına baxmayaraq, dərslərdə iştirak edə biləciyini bildirmişlər. Xanımın iddiaları əsassızdır. Bildirmişdir ki, ailə vəziyyəti ilə əlaqədar dərslərdə iştirak edə bilmir. Daha sonra valideynləri demişdir ki, səhhəti ilə əlaqədar dərslərdə iştirak edə bilmir. Bildirmişdir ki, səhhəti ilə əlaqədar arayış təqdim edəcəkdir. Lakin hal-hazırda əskini bildirirlər. Akademiya xanımların təhsilinə kifayət qədər yatırım edir. 7 illik fəaliyyətləri dövründə heç bir tələbə onları məhkəməyə verməmişdir. Halbuki onların heç bir qanun pozuntusu yoxdur. Zamanında dərslər də başlanmışdır. Xanıma maksimum qədər güzəştə getməyə çalışmışlar. Belə bir vəziyyətə düşməkləri onların koorporativ imicinə də təsir göstərir. Ona görə də xanımın bildirdikləri ilə razılaşmırlar. Müqavilə oxunulan zaman xanımın başı üzərində kimsə dayanmamışdır. Müdaxilə olunma o zaman olardı ki, ona suallar verilərdi. Həmin ərəfədə ona heç kim müdaxilə etməmişdir. Onlar qayda-qanunlarla hərəkət edirlər. Ödənişi post-terminal vasitəsi ilə edir və müqavilə imzalayırlar. Qəbzin özünü də xanıma təqdim etmişlər. Bu vaxta kimi onların qanunsuz hərəkəti olmamışdır. Hər bir hərəkət şəffaf şəkildə olmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan gmail şəbəkəsi vasitəsi ilə iddiaçı tərəfindən cavabdehin elektron poçt hesabına ünvanlanmış 30 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, o, İddiaçı, "xxxx" MMC kursunda mart ayında başlanacaq Front-end proqramlaşdırma dərslərinə 08 yanvar 2025-ci il tarixində müqavilə imzalayaraq qeydiyyatdan keçmişdir. Müqavilə bağlandıqda 350 manat məbləğində 1 aylıq ödəniş etmişdir. Lakin ailə vəziyyəti ilə əlaqədar olaraq kursu davam etdirmək imkanı yoxdur. Ailə vəziyyəti ilə əlaqədar kursdan imtina etməyi səbəbindən, iştirakının rəsmi şəkildə ləğv olunmasını və etdiyi ödənişin tam şəkildə geri qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan iddiaçı tərəfindən gmail şəbəkəsi vasitəsi ilə cavabdehin elektron poçt hesabına ünvanlanmış məktuba cavabdeh tərəfindən verilmiş 31 yanvar 2025-ci il tarixli cavabdan görünür ki, müraciətə yenidən baxılmışdır. Tərəflər arasında imzalanan və bir nüsxəsi də təqdim olunan xxxxxxx nömrəli, 08 yanvar 2025-ci il tarixli müqavilənin 3.6-cı bəndinə əsasən akademiya tərəfindən heç bir qayda pozuntusu olmadığı üçün təəssüf ki, ödənişin geri qaytarılması mümkün olmayacaqdır. İş materiallarında olan tərəflər arasında bağlanılmış xx.xx.2025-ci il tarixli, xxxxxxx saylı müqavilənin 1.1-ci bəndindən görünür ki, akademiya tələbəyə bu müqavilə ilə razılaşdırılmış şərtlərlə Front-end üzrə informasiya-məlumat xarakterli dərsləri tədris etməkdə xidmət göstərir, tələbə isə akademiyanın göstəriyi xidmət müqabilində akademiyaya razılaşdırılmış xidmət haqqını ödəyir. Həmin müqavilənin 3.1-ci bəndindən görünür ki, tələbə akademiyaya göstərdiyi xidmətə görə həftədə 3 dəfə, hər dərs 90 dəqiqədən az olmamaq şərti ilə 1 tədris ayı üzrə 12 dərsə görə 350 manat məbləğində xidmət haqqı ödəyir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən xidmət haqqı keçiriləcək dərslərin sayının tələb ilə əvvəlcədən razılaşdırılmaqla artmasından asılı olaraq dəyişə bilər. Həmin müqavilənin 3.-6-cı bəndinə əsasən tələbə xidmət haqqının ödənişini aylıq və ya tam (bütün ayların ödənişi daxil olmaqla) ödədikdən sonra şəxsi səbəbdən bu müqaviləyə xitam verilməsini istədikdə akademiya tərəfindən qayda pozuntusu törədilməmişdirsə, ödənişin edildiyi tarixdən nə qədər müddət keçməsindən asılı olmayaraq ödəniş geri qaytarılmır. İş materiallarında olan 8 yanvar 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 350 manat məbləğində pul Martix Academy MMC-nin hesabına ödənilmişdir. İş materillarında olan xx.xx.2025-ci il tarixli, **********07 nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 31 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə qənaətini aşağıdakı normalarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 351.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. 560.1-560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3-cü maddəsində qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi və müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadənin xüsusi növü kimi fərqləndirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki: Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir: mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisələndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və sair şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. İstər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqdlər baxımından etibarsızlıq ümumi hal və nəticəni ifadə edir. Lakin belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Mülki qanunvericilikdə etibarsızlığa səbəb olan halların tabe olduğu hüquqi rejim və şərtlər də fərqli şəkildə tənzimlənir. Məsələn, əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisə edilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqdin bağlandığı andan etibarlı olan hüquqi vəziyyəti dəyişmir. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, İddiaçı ilə Martix Academy MMC arasında xx.xx.2025-ci il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, həmin tarixdə müqavilədə qeyd olunan 350 manat məbləğində ödəniş etmişdir. Lakin cavabdeh də müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, dərsləri vaxtında təşkil etmiş və fəaliyyətə başlamışdır. Lakin iddiaçının ailə vəziyyəti ilə əlaqədar dərslərdə iştirakı mümkün olmamışdır. Hal-hazırda iddiaçı məhkəməyə müqavilədə qeyd olunmuş 3.6-cı bəndin etibarsız hesab edilməsini və ödənilmiş pulun geri qaytarılmasını tələb edir. Məhkəmə qeyd edir ki, müqavilə bağlanarkən bütün zəruri prosedurlara əməl edilmiş, iddiaçı da müqavilənin yekunu kimi sonda 350 manat ödəniş etmiş, indiki vəziyyətdə iddiaçı müqavilənin icrası mümkün olmadığı üçün həmin bəndin etibarsız hesab edilməsini istəyir. Lakin qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflər azad surətdə müqavilə bağlaya bilərlər. Cavabdeh tərəfin təqdim etdiyi sübutlar əsasında müəyyən edilir ki, iddiaçı müqavilənin şərtləri ilə tanış olaraq onu imzalamışdır. Qanunvericilikdə müqavilənin etibarsız hesab edilməsi üçün nəzərədə tutulmuş əsaslar hazırki mübahisə predmetinə münasibətdə müəyyən edilmir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsinin əsaslandığı hallar kimi müqaviləni müəyyən şərtlər (güzəşt və s.) daxilində tez imzalamağa məcbur olması, başının üzərində adam dayanması, müqavilə üçün xüsusi otağın olması kimi hallara istinad edərək iddianı müdafiə etməsi məhkəmə tərəfindən sadəcə iddia tələbinin təmin edilməsinə yönəlmiş addımlar atması kimi başa düşülür. İddiaçı tərəfindən bu kimi bir neçə qeyri-müəyyən hallara istinad edilməsi də mümkündür. Sadəcə tərəf qeyd etdiyi hallarla bağlı hər hansı bir dəlil, sübut və digər sənəd təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi iki hissədən ibarətdir. Birinci hissə ilə bağlı iddia tələbi təmin olunmadığı üçün, əlaqəli surətdə ikinci hissənin də təmin edilməsi mümkün deyildir. Çünki müqavilə bağlanarkən zəruri şərtlərə əməl edilmiş və hər iki tərəfdən imzalanmışdır. Azərbaycan Respublikasının Mülki Məcələsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "müqavilə üzrə ödənişin geri qaytarılması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 115, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "müqavilə üzrə ödənişin geri qaytarılması" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar