Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2037/2022 11.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi şəxsin doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2000-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2003-cü il tarixdə anadan olmuş X9 doğum faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçinin nümayəndəsi Nümayəndə dəqiqləşmə verərək, xx.xx.2000-ci il təvəllüdlü X1 və xx.xx.2003-cü il təvəllüdlü X9 Sumqayıt şəhərində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xarici olkə vətəndaşı olan Abaçi Məhəmməd adlı şəxslə uzun müddət faktiki nikah münasibətində olmuşdur. Bu nikahdan 2 övladı olmuşdur. Onlar xx.xx.2000-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2003-cü il tarixdə anadan olmuş X15 tibb müəssisəsindən kənarda, yəni ev şəraitində doğulduqlarından onların doğumu haqqında şəhadətnamə ala bilməmişdir. İkinci uşagı doğulduqdan sonra ataları onları atıb öz ölkəsinə qayıtmışdır. Həmin vaxtlar atası və qardaşı onların razılıqları olmadan başqa bir millətin nümayəndəsi ilə faktiki nikaha girdiyi üçün onunla münasibəti kəsmişlər. Maddi vəziyyətinin ağır olması ilə əlaqədar olaraq uşaqları həkim yardımı olmadan ev şəraitində doğulmuşdur. Hazırda hər iki övladı onun səhvləri üzündən əziyyət çəkirlər. Uşaqları orta təhsil alıblar və onlar hərbi xidmətə çağırış yaşına çatmışlar, lakin heç bir hüquq və vəzifələrini yerinə yetirə bilmirlər. Vərəsəlik münasibətlərindən irəli gələn hüquqlarını həyata keçirməkdə problem yaranır. Sumqayıt şəhər qeydiyyat şöbəsinə rəsmi müraciət etsə də Sumqayıt şəhər qeydiyyat şöbəsindən ona məktubla bildirilmişdir ki, məhkəmə tərəfindən doğum faktını müəyyən etdikdən sonra uşaqlara doğum haqqında şəhadətnamələrin verilməsi mümkündür. Ərizəçi iddianı müdafiə edərək, eyni məzmunlu izahat verdi və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmədə ərizəçinin nümayəndəsi Nümayəndə ərizəçi ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə həmin qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X6 bildirdi ki, o, ərizəçi ilə ailəvi dostdur. Ərizəçi milliyyətcə ərəb olan biri ilə qoşulub qaçmışdır. Saranın ailəsi ilə bütün əlaqələri kəsilmişdir. Ərizəçi ona zəng edib demişdir ki, ailəsi onu qəbul etmir, ona kömək lazımdır. O, Saranın yaşadığı ünvana getmişdir. Sara Sveta adlı bir qadının evində kirayə yaşayırdı. Həmin vaxt hamilə olduğunu öyrənmişdir. Sara ondan anasına bu haqda xəbər verməyini istəmişdir. Lakin anası atasından icazəsiz onun yanına gedə bilməyəcəyini bildirmişdir. Saranın 1-ci övladından təxminən 1 il və ya 1 il yarım sonra 2-ci övladı dünyaya gəlmişdir. O, eyni zamanda qeyd etdi ki, hər iki uşağın doğum anında Saranın yanında olmuşdur. Doğuşu həmin Sveta adlı xanım qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X10 bildirdi ki, o, ərizəçi ilə rəfiqədir. O, ərizəçi ilə gözəllik salonlarının birində birlikdə işləyərkən tanış olmuşdur. Həmin vaxt ərizəçinin bir oğlunun olduğunu, birinə isə hamilə olduğunu bilmişdir. Ərizəçi milliyyətcə ərəb olan biri ilə yaşayırdı. Ancaq onların rəsmi nikahı yox idi. Ərizəçinin 2-ci oğlu dünyaya gələndən sonra birlikdə yaşadığı adam çıxıb getmişdir. O, eyni zamanda qeyd etdi ki, uşaqların doğum anında Saranın yanında olmamışdır. Məhkəmə, ərizəçinin və onun nümayəndəsinin izahatını dinləyərək, şahid ifadələrinə qiymət verərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt şəhər Təhsil şöbəsi Yusif Məmmədəliyev adına 31 №-li tam orta məktəbin xx.xx.2022-ci il tarixli, 01 №-li arayışından görünür ki, X5 2007-ci ildə həmin məktəbin 1-ci sinfinə qəbul olunmuşdur. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt şəhər Təhsil şöbəsi Mikayıl Müşfiq adına 34 №-li tam orta məktəbin xx.xx.2022-ci il tarixli, 008 №-li arayışından görünür ki, X15 2007-ci ildə həmin məktəbin 1-ci sinfinə qəbul olunmuşdur. 2013-cü ildə 4cü sinfi bitirmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt şəhər Təhsil şöbəsi S.Məmmədov adına 301 №-li tam orta məktəbin xx.xx.2022-ci il tarixli, 24 №-li arayışından görünür ki, X15 2014-cü ildə həmin məktəbin 5-ci sinfinə qəbul olunmuşdur. 2017-ci ildə 8ci sinfi bitirmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt şəhər Təhsil şöbəsi S.Məmmədov adına 301 №-li tam orta məktəbin xx.xx.2022-ci il tarixli, 23 №-li arayışından görünür ki, X5 2014-cü ildə həmin məktəbin 6-cı sinfinə qəbul olunmuşdur. 2018-ci ildə 9cu sinfi bitirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/Q-228/15 №-li məktubundan görünür ki, X1 doğum haqqında şəhadətnaməsinin verilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/Q-317/15 №-li məktubundan görünür ki, X9 doğum haqqında şəhadətnaməsinin verilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “Asan xidmət” mərkəzi şəhər qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/Q-1397/70 №-li arayışından görünür ki, xx.xx.1978-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş Ərizəçi dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindən xx.xx.2022-ci ilədək əldə edilmiş məlumatlara əsasən onun atası X2, anası X3r. - Sumqayıt şəhər qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/Q-385/69 №-li arayışından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1978-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş Ərizəçi ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə arxiv məlumatları xx.xx.2007-ci ildən xx.xx.2022-ci ilədək olan dövrə aid “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Ərizəçi nikahı haqqında akt qeydi aşkar olunmamışdır. Ədliyyə Nazirliyinin qeydiyyat orqanlarında olan məlumata görə Ərizəçi xx.xx.2006-cı ildə Sumqayıt şəhər qeydiyyat şöbəsində X4 ilə nikaha daxil olmuş və ər arvadın birgə razılığı əsasında xx.xx.2007-ci il tarixdə həmin nikaha xitam verilmişdir. (nikahın pozulması xx.xx.2007-ci ildə 238 №-li akt qeydi ilə Sumqayıt şəhər qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır.) - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 585 saylı rəyindən görünür ki, X1 müəyyən edilmiş sümük yaşı 22-23 ilə uyğun gəlir. X9 müəyyən edilmiş sümük yaşı 19-20 ilə uyğun gəlir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminaslistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 22/589R saylı rəyindən görünür ki, keçirilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi X9 və X1 99.99% ehtimalla bioloji anasıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ərizəçi övladları XX.XX.2000-ci il təvəllüdlü Əbdülhadi və XX.XX.2003-cü il təvəllüdlü Əli Sumqayıt şəhərində anadan olmuşdur. Bu fakt iş materiallarında olan ekspert rəyləri, ərizəçinin izahatı, şahidlərin ifadələri və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Əbdülhadi adlı oğlan uşağının XX.XX.2000-ci il tarixdə və Əli adlı oğlan uşağının XX.XX.2003-cü il tarixdə Sumqayıt şəhərində Ərizəçi doğulması faktı müəyyən olunmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə qismən təmin edilsin. Əbdülhadi adı oğlan uşağının XX.XX.2000-ci il tarixdə və Əli adlı oğlan uşağının XX.XX.2003-cü il tarixdə Sumqayıt şəhərində Ərizəçi doğulması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-2037/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2037/2022
11.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver