Məhkəmə qərarları › İş №2(060)-2040/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2040/2022

23.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2040/2022 23.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X23 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, həyat yoldaşı X6 və iddiaçının nümayəndəsi, Vəkil1, Cavabdeh və onun nümayəndəsi, Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin iddiaçıya məxsus Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisindəki torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisindəki torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi iddiaçıya məxsusdur. Cavabdeh 2020-ci ildən etibarən iddiaçıya məxsus mənzilə əmlakını götürmək məqsədilə gəlmiş və orada məskunlaşmışdır. Cavabdeh iddiaçının qaynının gəlini olmuşdur. Cavabdeh X5 ilə 07 oktyabr 2013-cü il tarixində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından uşaqları olmamışdır. Evləndikdən sonra bir müddət Tovuz rayonu, Qəribli kəndində yaşamış, sonradan işləmək məqsədilə Sumqayıt şəhərinə gəlmişlər. 2 ilə yaxın müddət ərzində iddiaçının qaynına məxsus bağ evində yaşamışlar. Sonradan əmisi bağ evində yaşamalarına etiraz etdiyindən iddiaçıya məxsus Sumqayıt şəhəri 18-ci mikrorayon, 50-ci məhəllədə yerləşən torpaq sahəsində olan kiçik butkada yaşamağa başlamışlar. 2017-ci ildə iddiaçı həmin torpaq sahəsində özünə ev tikdirməyə başlamışdır. Yaşadıqları ərəfədə bir neçə dəfə onlar iddiaçıya məxsus evdə qalmışlar. Daha sonra, cavabdeh 2020-ci ildə əmlakını götürmək məqsədilə həmin evə daxil olmuş və həmin vaxtdan etibarən iddiaçıya məxsus fərdi yaşayış evindən özbaşına istifadə etdiyindən öz mülkiyyətindən sərbəst istifadə etmək imkanından məhrum olmuşdur. İddiaçı cavabdehdən evdən çıxmasını tələb etmişdir. Lakin bunun heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi, həyat yoldaşı X20 məhkəmə iclasında izahat verərək bildirdi ki, torpağın sənədi olmasa da, həmin ev onlara məxsusdur. Cavabdeh və keçmiş həyat yoldaşı, yəni onun qardaşının oğlu Kəmaləddin əvvəllər həmin torpaq sahəsində yerləşən butkaya bənzər balaca bir tikilidə yaşamışlar. Sonradan o, həmin torpaq sahəsində hazırkı mübahisəli evi inşa etmişdir. Mübahisəli ev inşa edildikdən sonra, cavabdeh və onun həyat yoldaşı onun razılığı ilə həmin evə köçərək orada yaşamağa başlamışlar. Təxminən 2 il həmin evdə yaşamışlar. Boşanmadan sonra cavabdeh həmin evi tərk etmiş və təxminən 8 ay sonra cavabdeh əşyalarını götürmək adıyla həmin evə gəlmiş və sonradan evdən çıxmamışdır. Cavabdeh və keçmiş yoldaşı Kəmaləddin ilk əvvəl onun əmisi Müseyib adlı şəxsə məxsus bağ evində qalıblar. Evi şəxsən o, öz vəsaiti hesabına tikdirib. Evin tikintisi şəxsən onun vəsaiti hesabına həyata keçirilib. Tiktiyə Müseyib və Kəmaləddin kömək edirdilər. Müseyib materialları almaq, ustaların təşkili və sair işləri həll edib sonra ona hesabat verirdi. Cavabdeh və ya onun həyat yoldaşı evin tikintisinə heç bir vəsait sərf etməmişlər. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi, Vəkil1 məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh iddiaçının həyat yoldaşı Zakirin qardaşı oğlu Kəmaləddinin keçmiş həyat yoldaşıdır. Cavabdeh və Kəmaləddin 2013-cü ildə nikaha daxil olub, ailə həyatı qurublar. Evləndikdən bir müddət sonra Tovuz rayonunda yaşasalar da, işləmək üçün Sumqayıt şəhərinə gələrək bir müddət iddiaçının Müseyib adlı şəxsə məxsus bağ evində yaşayıblar. Sonrada aralarında söz-söhbət olduğu üçün onlar iddiaçıya məxsus Sumqayıt şəhəri, 18ci mikrorayon, 50-ci məhəllədə yerləşən torpaq sahəsindəki kiçik butkada yaşayıblar. 2017-ci ildə iddiaçı həmin torpaq sahəsində özünə ev tikdirməyə başlamışdır. Yaşadıqları ərəfədə cavabdeh və həyat yoldaşı ona məxsus evdə bir müddət qalmışlar. Cavabdeh sonra əmlakını götürmək üçün evə gəlsə də, oradan çıxmayaraq iddiaçının öz mülkiyyətindən istifadə etmək imkanından məhrum etmişdir. Məsələ ondan ibarətdir ki, ailədaxili münaqişələrdən sonra cavabdeh həmin evi onun və Kəmaləddinin tikdirdiyini iddia etməyə başlamışdır. O, başqa bir tələblə Tovuz Rayon Məhkəməsinə də müraciət etmişdir. Lakin sübutlar təqdim edə bilmədikləri üçün iddia həmin hissədə təmin edilməmişdir. Həmin məhkəmə iclası zamanı Kəmaləddin ifadəsində bildirmişdir ki, həqiqətən də, sözügedən ev onun əmisi Zakirə məxsusdur və evin tikintisi zamanı Zakir ustalara nəzarət etmişdir. İcra zamanı icra şöbəsində cavabdehin öz yazılı ərizəsində də qeyd etmişdir ki, iddiaçıya məxsus evdən cehizlərini çıxarıb. İddiaçının Memarlıq və Şəhərsalma İdarəsinə müraciətləri və həmin idarənin ona cavab məktubu var. Həmin müraciətə cavab məktubundan da görünür ki, oradakı evin iddiaçıya məxsus olması qeyd edilib. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, həmin ev onun və əri Kəmaləddinin ortaq vəsaiti hesabına tikilib. Cavabdeh özü də satıcı işləmişdir. Onlar həqiqətən əvvəlcə iddiaçının budka adlandırdığı kiçik tikilidə yaşamışlar. Sonradan isə əri ilə ortaq vəsaitlərindən 6000 manat pul verərək həmin kiçik tikilinin yerləşdiyi torpaq sahəsi ilə qonşu olan torpaq sahəsini almışlar. Torpağı kimdən aldıqlarını bilmir. Həmin işlərlə Müseyib və Kəmaləddin məşğul olurdu. Bundan sonra isə öz vəsaitləri hesabına həmin torpaq sahəsində hazırkı evi inşa etmişlər. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, Vəkil2 məhkəmə iclasında izahat verərək bildirdi ki, mübahisəli evin iddiaçıya məxsuslğu iddia eilsə də, bununla bağlı hüquqmüəyyənedici sənəd təqdim edilməyib. Məsələ ondan ibarətdir ki, cavabdeh və keçmiş həyat yoldaşı Kəmaləddin evləndikdən bir müddət sonra Sumqayıta gələrək Müseyib adlı şəxsin bağ evində qalıblar. Ondan sonra iddiaçıya məxsus kiçik butkada yaşamağa başlayıblar. Həqiqətən də kiçik butkanın yerləşdiyi torpaq sahəsi iddiaçıya məxsusdur. Butkanın yerləşdiyi torpaq sahəsi və mübahisəli evin yerləşdiyi torpaq sahəsi ayrı-ayrı torpaqlardır. Belə ki, budka adlanan tikilinin yerləşdiyi yerlə mübahisəli evin arasında iddiaçıya məxsus və hələ tikintisi başa çatmayan ev də var. Cavabdeh və ərinin ilk əvvəllər yaşadıqları butkanın yerləşdiyi torpaq sahəsi iddiaçıya məxsusdur və 5 sotluq torpaq sahəsində yerləşir. Qonşuluqda olan torpaq sahəsini isə cavabdeh və Kəmaləddin birgə nikah dövründə birgə vəsaitləri hesabına 6000 manata alaraq orada ev tikdirmişlər. 2018-ci ildə həmin evə köçüblər. 2020-ci ildə Cavabdeh və həyat yoldaşı ayrılıblar. Evin tikintisinə Müseyib nəzarət edib. Məhkəməyə təqdim edilən kitabça var ki, hansı ki, orada Müseyib öz xətti ilə gündəlik qeydlər, hesabatlar aparmışdır. Həmin kitabça tərtib olunandan sonra cavabdehə təqdim edilib. İşin məğzi ondan ibarətdir ki, cavabdeh boşandıqdan sonra iddiaçı tərəfindən aldadılıb. Ona təklif ediblər ki, evin xərcinin yarısını versinlər və o, evdən çıxsın. Lakin, sonradan buna əməl etməyiblər. Halbuki mübahisəli ev cavabdeh və keçmiş həyat yoldaşının öz vəsaiti, ailə büdcəsi hesabına tikilib. İddiaçının nümayəndəsi qeyd edir ki, icra şöbəsində cavabdeh bildirib ki, ev iddiaçıya məxsusdur, ərizə də var. Bununla da bağlı müvafiq tədbirlər görüləcək. Hansı ki, cavabdehə icra şöbəsində təzyiq göstəriblər və onun savadsızlığından istifadə edərək belə bir ərizə yazdırıblar. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan 1 saylı Məhəllə komitəsinin xx.xx.2022-ci il tarixli arayışı ilə müəyyən olunur ki, iddiaçı Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində yaşayır. Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin iddiaçıya ünvanlanmış məktubunda qeyd edilmişdir ki, iddiaçının müraciətinə baxılmışdır. İddiaçının Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində yerləşən torpaq sahəsində 1 mərtəbəli inzibati binanın tikintisi məqsədilə Memarlıq və Şəhərsalma İdarəsinə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsi ilə nəzərdə tutulan məlumatlandırma icraatı qaydasında təqdim edilmiş eskiz layihəsinə həmin məcəllənin 80.4-cü maddəsinə əsasən baxılaraq razılaşdırılmışdır. İş materiallarına Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində iddiaçıya məxsus inzibati binanın tikinti layihəsi əlavə edilmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-1754/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlə X5 arasında xx.xx.2013-cü ildə Tovuz Rayon Qeydiyyat Şöbəsində 06 sayla bağlanmış nikahın pozulması qət edilmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-1030/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehin X2 qarşı birgə nikah dövründə əldə olunmuş əmlakdan ikidə bir payın ona verilməsi barədə iddiası qismən təmin edilmişdir. İş materiallarına əlavə edilmiş qonşular X7, X9 və X11 tərəfindən tərtib edilərək imzalanmış, Məhəllə Komitəsinə təqdim edilmiş aktlarda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində yerləşən ev iddiaçıya məxsusdur. İş materiallarına əlavə edilmiş qonşular X3, X12, X8, X17, X10, Vəliyev N.K. tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli akta əsasən cavabdeh və X5 ər-arvad kimi onların qonşuluqlarında 3 otaqlı, 1 dəhlizdən, sanitar qovşaqdan və mətbəxdən ibarət 110 kvadrat metr olan ev tikmələrinin qonşu kimi şahidi olmuşlar. Hətta həmin ev tikilərkən cavabdehin evin tikilməsində usta kimi işləyən şəxslərə qulluq etməsinin də şahidi olmuşlar. Cavabdehi bir müddətdir ki, qonşuluqda görmürlər. İş materiallarına sözügedən fərdi yaşayış evinin tikintisi üçün sərf edilən malların miqdarını, qiymətini və məbləğini əks etdirən sxem əlavə edilmişdir. İş materiallarına fotoşəkillər əlavə edilmişdir. Məhkəmə iclasında ifadə vermiş şahid X11 öz ifadəsində bildirmişdir ki, tərəfləri həm yerli kimi, həm də qonşu kimi tanıyır. Evin tikintisində iştirak etməyib, sadəcə qonşuluqda yaşayır. Bir qonşu kimi evin tikintisində iştirak edə şəxs kimi iddiaçının həyat yoldaşı Zakiri görüb. Həmin evdə cavabdeh və Kəmaləddin müvəqqəti yaşayıblar.Onlar əvvəlcə balaca tikilidən yaşayıblar, sonra bu evə köçüblər. Bildiyinə görə 2006-cı ildə ora köçüblər. O, 2006-cı ildən həmin ərazidə yaşayır. Kəmaləddini orda yaşayan şəxs kimi görüb. Tikinti işlərində isə Zakirin iştirak etdiyini görüb. X1 öz ifadəsində bildirib ki, o, cavabdehin keçmiş həyat yoldaşı Kəmaləddinin qardaşıdır. Ev iddiaçıya məxsusdur. Evi əmisi Zakir tikib. Cavabdeh və qardaşı Kəmaləddin orada müvəqqəti yaşayıblar. Onlar əvvəlcə balaca evdə qalıblar, sonra böyük ev tikilib, ora köçüblər. Cavabdeh və Kəmaləddin həmin evin tikintisində iştirak etməyiblər. O, həmin ərazidə yaşamır, sadəcə tikinti gedən vaxt ora gedib-gəlib. Evin tikintisində Zakir iştirak edib. Məhkəmə iclasında ifadə vermiş şahid X5 öz ifadəsində bildirdi ki, cavabdeh onun keçmiş həyat yoldaşıdır. Sözügedən torpaq sahəsi iddiaçıya məxsusdur. Həmin evin tikintisində Zakir iştirak edib. Cavabdehlə 2013-cü ildə nikaha daxil olub ailə qurmuşlar. İlk olaraq Sarayda atasının əmisi Müseyibin bağ evində 2015-ci ilədək qalıblar. Sonra əmisi Zakirin icazəsi ilə iddiaçıya məxsus torpaq sahəsində yerləşən kiçik butkaya nənzər evdə qalmağa başlamışlar. Sonra isə sözügedən ev tikilmiş və orada yaşamağa başlamışlar. Evi onun əmisi Zakir inşa etmişdir. Məhkəmədən sonra cavabdeh əşyaları götürmək adıyla evə gəlmiş, sonra bir də çıxmamışdır. Məhkəmə iclasında ifadə vermiş şahid X18 öz ifadəsində bildirdi ki, tərəfləri tanıyır. Ev onun qardaşı oğlu Zakirin olub. Tikinti işlərindən başı çıxdığı üçün arada o da gedib evin tikintisinə nəzarət edirdi. Ustaların pulu, hesabatlar və sair məsələləri isə Zakir aparırdı. Evi Zakir tikdirdi. Ona material və sair alınması üçün pul verilməyib. Evin tikitisinə dair ustalara və materiallara sərf edilmiş pullarla bağlı kitabçanı o tərtib etməyib. Sadəcə kitabçada olan yazıların bəziləri ona məxsusdur. Məhkəmə iclasında ifadə vermiş şahid X4 öz ifadəsində bildirdi ki, cavabdehin anasıdır. Tərəflər ailə qurduqdan sonra Sumqayıta gəlmiş, ilk dəfə bağ evində yaşamışlar. Sonradan qeyd edilən butkaya bənzər evdə qalmışlar. Orada yaşaya-yaşaya da mübahisəli evin yerləşdiyi torpaq sahəsini almış və qızı və Kəmaləddin sözügedən evi birgə vəsaitləri hesabına tikdirmişlər. Ev üçün qızı və Kəmaləddin 6000 manat pul veriblər. Onun tərəfindən də onlara maddi cəhətdən kömək edilmişdir. Kəmaləddin mebel sexində, qızı isə marketdə işləyirdilər. Məhkəmə iclasında ifadə vermiş şahid X14 öz ifadəsində bildirdi ki, cavabdehin bacısıdır. Tərəflər butka tipli evdə yaşayan vaxt mübahisəli evi tikdiriblər. Evin tikintisi vaxtı bacısıgilə gedib-gəlmişdir. Zakiri evin tikintisi zamanı usta kimi işlədiyini görmüşdür. Evin damını vurmaq üçün pul çatmırdı. Bacısı qızıllarını satıb damı vurmaq üçün pul vermişdir. Qızılları bacısı ilə birlikdə mağazaya aparmışlar və 800-900 manata satmışlar. Evin tikintisi vaxtı rəhbərliyi Zakir edirdi. Mülki Məcəllədə göstərilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (180.1.). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (180.2.). Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz (180.3.). Göründüyü kimi Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisindəki torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev) və onun yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmamışdır. Mübahisəli ev özbaşına tikili olduğu üçün kiminsə mülkiyyətində deyildir. Buna baxmayaraq ev faktiki olaraq mövcuddur və iddiaçı evin ona məxsus olmasına əsaslanaraq cavabdehin evdən çıxarılmasını tələb edir. Mülki Məcəlləyə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (152.2.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir (159). Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir (164.1.). Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər (166.3.). İddiaçının iddiasının əsas ondan ibarətdir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi iddiaçıya məxsusdur. Bunun sübutu kimi iddiaçı məhkəməyə Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin iddiaçıya ünvanlanmış məktubuna əsaslanmışdır. Həmin məktubda iddiaçıya ona məxsus torpaq sahəsində tikinti aparılmasına məlumatlandırma icraatı qaydasında etiraz edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində göstərilmişdir ki, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur (80.1.). Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər ( 80.4.). Göründüyü kimi tikinti ilə bağlı məlumatlandırma icraatı o vaxt tətbiq edilə bilər ki, tikinti aparmaq istəyən şəxsin torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən hər hansı sənədi olsun. Lakin, iddiaçının mübahisəli torpaq sahəsi üzərində qeyd edilən hüquqlarını təsdiq edən heç bie sənədi yoxdur. Bu səbəbdən məhkəmə Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin qeyd edilən məktubunu mötəbər sübut kimi qəbul etmir. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçının nümayəndələri məhkəmə iclasında verdikləri izahatlarında mübahisəli evin iddiaçının həyat yoldaşı Zakir Alıyev tərəfindən inşa edildiyini bildirmişlər. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi bütün şahidlər də öz ifadələrində mübahisəli evi inşa edən şəxsin məhz Zakir Alıyev olduğunu bildirmişlər. Mübahisəli ev özbaşına tikili olduğundan və iddiaçının həmin ev üzərində hər hansı hüququ olmadığından, eyni zamanda iddiaçı tərəfin evi inşa edən şəxsin məhz Zakir Alıyev olduğunu iddia etməsi səbəbindən məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı yalnız torpaq sahəsi üzərində hüququnun olmasına istinad edir ki, bu da mötəbər sübutlarla təsdiq edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının cavabdehin çıxarılmasını tələb etdiyi yaşayış sahəsi üzərində hər hansı hüququ olmadığından məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbi qanuni hesab edilə bilməz. Bu səbəbdən iddia əsaslı sayıla və təmin oluna bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin iddiaçıya məxsus Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisindəki torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evindən çıxarılması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar