Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2041/2022 21.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, Ərizəçi Sumqayıt şəhər qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etməklə «doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi: Ərizəçi Sumqayıt şəhər qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etməklə «doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək 17.07.2021-ci ildə Sumqayıt şəhərində X2 doğulması faktının müəyyən edilməsi və ona müvafiq doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmə qaydasında baxılmalı olmadığından ərizəni qəbul etməkdən imtina olunmalıdır. Belə ki, ərizəçi tələbini onunla əsaslandırlmışdır ki, ərizəçinin X6 ilə birgə faktiki nikahlarından 29.12.2012-ci il təvəllüdlü X5, 27.09.2014-cü il təvəllüdlü X11 oğlu və 17.07.2018-ci il təvəllüdlü X7 anadan olmuşdur. Həyat yoldaşı X1 Respublikasının vətəndaşıdır. Hazırda həyat yoldaşı X3 xarici pasportu etibarsızdır, etibarlılıq müddəti bitmişdir, şəxsiyyət vəsiqəsi də etibarsızdır, etibarlılıq müddəti bitmişdir, şəxsiyyət vəsiqəsi Gürcüstan Respublikasında valideynlərinin evindədir. Digər hər hansı rəsmi sənədi yoxdur. O, 28.01.2022-ci tarixdə qeydiyyat orqanına müraciət edib uşağın doğumunun qeydə alınmasını xahiş etmiş, uşağın anasının şəxsiyyətini təsdiq edən sənədin etibarlılıq müddəti bitdiyi üçün ananın şəxsiyyətini təsdiq edən sənədlər ondan qəbul edilməmişdir və cavab olaraq bildirilmişdir ki, ananın şəxsiyyətini təsdiq edən sənədlər təqdim edilmədiyi üçün müraciətə baxılması mümkün deyil. 17.07.2018-ci il təvəllüdlü övladı X7 üçün doğum haqqında şəhadətnamə almaq mümkün olmamışdır, çünki həmin tarixdə həyat yoldaşı X3 şəxsiyyətini təsdiq edən sənədlərin etibarlılıq müddəti bitmişdir və təəssüf ki, nikahı rəsmi olaraq dövlət qeydiyyatına alınmamışdır və bu səbəbdən qeydiyyat şöbəsi uşağın doğumunun qeydə alınmasından imtina edib. Uşağın artıq üç yaşı var, cari ilin iyul ayında dörd yaşı tamam olacaq, onun doğum haqqında tibbi şəhadətnaməsi var. Uşaq Sumqayıt şəhər 2 nömrəli doğum evində doğulub. Ərizəyə əlavə edilmiş, Sumqayıt şəhər 2 saylı Doğum Evi tərəfindən verrilmiş Doğum haqqında tibbi şəhadətnamədən görünür ki, X6 17.07.2018-ci il tarixdə qız uşağı doğmuşdur. Ərizənin məzmunundan və əlavə edilmiş sənədlərdən göründüyü kimi ərizəçinin doğum faktının müəyyən edilməsini tələb etdiyi uşaq tibb müəssisəsində doğulmaqla, müvafiq tibbi şəhadətnamə verilmişdir. Uşaq barəsində müvafiq səlahiyyətli orqanı tərəfindən doğum haqqında akt qeydinin aparılmamasına səbəb uşağın anasının qanunla nəzərdə tutulmuş qaydada sənədlərini təqdim etməməsi, məxsus olduğu sənədlərin etibarlıq müddətinin olmamasıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarınsy 4.3-cü bəndində qeyd olunmuşdur ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Ərizəyə əlavə edilmiş sənədlərdən (Doğum haqqında tibbi şəhadətnamədən) görünür ki, ərizəçinin məhkəmə qaydasında müəyyən olunmasını tələb etdiyi fakt müəyyən olmaqla uşaq tibbi müəssisəsində doğulmuş və doğum barədə müvafiq qeydlər aparılaraq tibbi şəhadətnamə verilmişdir. Bu baxımdan həmin faktın təkrar müəyyən olunması yol verilməzdir və məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 153.1.2-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən hesab edirəm ki, yoxlanılan mübahisənin həlli məhkəməyə aid olmadığından ərizə və ona əlavə edilmiş sənədləri qəbul etməkdən imtina edilməli, ərizəçiyə uşağın anası lazımi sənədləri təqdim etməklə uşağın doğum haqqında şəhadətnaməsinin əldə edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etməsi, müvafiq səlahiyyətli qurum imtina etdikdə və tərəf bu imtinanı qanuni hesab etməkdə inzibati icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, qərara aldı: Ərizəçi Sumqayıt şəhər qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etməklə «doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizəsini qəbul etməkdən imtina edilsin, ərizə və əlavə edilmiş sənədlər birlikdə ərizəçiyə rəsmi qaydada verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-2041/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2041/2022
21.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver