Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2048/2021 12.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı2 iştirakı ilə İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadə hüququnun itrilmiş hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadə hüququnun itrilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri 9-cu mikrorayon (köhnə) 45 saylı evin 25 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 05.09.2008-ci il tarixdə alğısatqı müqaviləsi əsasında Sumqayıt şəhəri 9-cu mikrorayon (köhnə) 45 saylı evin 25 saylı mənzilini dəyərini tam ödəməklə almışdır. Mənzil 19.09.2018-ci il tarixli çıxarış əsasında onun adına xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır. Cavabdehlər formal olaraq mənzilində pasport qeydiyyatındadırlar. Mənzilində 6 nəfər formal olaraq qeydiyyatda qalmışlar. Bu səbəbdən, cavabdehlərin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 30.04.2019-cu il tarixli qətnaməsi ilə 4 nəfər cavabdehin mübahisəli mənzilə istifadə hüquqları itirilmişdir. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamədə qeyd edilməmişlər. Cavabdehlərin Sumqayıt şəhəri 9-cu mikrorayon (köhnə) 45 saylı evin 25 saylı mənzilində heç bir əmlakı yoxdur. Cavabdehlərin ona aid mənzildən qeydiyyatdan çıxmaması onun mənzilindən sərbəst istifadə etməsinə maneə törədir, hüquqlarını həyata keçirməsinə mane olur. Cavabdehlərin harada yaşamalarını bilmir. İddiaçı1 məhkəmə iclasında iştirak edərkən (30 mart 2021-ci il) məhkəməyə ərizə təqdim edərək, hazırda Sumqayıt şəhəri 9-cu mikrorayon (köhnə) 45 saylı evin 25 saylı mənzilinin mülkiyyətçisinin İddiaçı2 olduğunu bildirmiş və onun əsl İddiaçı2 ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı1 ərizəsi və ərizəyə əlavə olunmuş 04.11.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı nəzərdən keçirib, əsaslı olduğundan ərizəni təmin etmiş və əsl olmayan İddiaçı1 əsl İddiaçı2 ilə əvəz edilməsini qərara almışdır. İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehlərin onun mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmaları onun hüquqlarını məhdudlaşdırır. Mənzili bağışlamaq və ya satmaq zərurəti olarsa, cavabdehlərin mənzildə qeydiyyatda olmaları səbəbindən onun üçün əlavə çətinliklər, süründürməçiliklə bağlı məqamlar yarana bilər. Həmçinin, cavabdehlərin əvəzinə kommunal xərclərin ödənilməsi onun maddi vəziyyətinə mənfi təsir edir. Bu səbəbdən, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 30 aprel 2019-cu il tarixli 2(060)-3582/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, İddiaçı1 X4, X10, X7 və X2 qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddiası təmin edilmiş, X3, X8, X5 və X1 Sumqayıt şəhəri 9-cu mikrorayon 45 saylı evin 25 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilmişdir. 25 sentyabr 2020-ci il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, məhkəmə qətnaməsi icra edilmişdir. Çünki, qətnamədə qeyd olunan şəxslərin soyadı, adı, atasının adı mənzildə qeydiyyatda olan şəxslər sırasında mövcud deyil. Həmin arayışdan görünür ki, keçmiş sakinlərdən X8 azyaşlı ailə üzvü 13.01.2013cü il təvəllüdlü Cavabdeh2, həmçinin yuxarıdakı qətnamədə adları qeyd olunan cavabdehlərin yetkinlik yaşına çatmış ailə üzvü olan Cavabdeh1 mənzildə qeydiyyatda qalmışlar. Halbuki, onların həmin mənzilə qeydiyyatları formal xarakter daşıyır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən göründüyü kimi, mənzilin keçmiş mülkiyyətçisi X12 mənzilə dair İddiaçı1 ilə alğı-satqı müqaviləsi bağlayarkən, iki ay müddətində satdığı mənzildən qeydiyyatdan çıxacaqlarını öhdəsinə götürmüşdür. Sumqayıt Şəhər Məhkəməsi 2(060)-3582/2019 saylı mülki işə baxarkən, verilmiş iddia tələbi həcmində mübahisəyə hüquqi qiymət vermiş, iddia tələbindən kənara çıxmamışdır. İddiaçı1 həmin mülki iş üzrə iddia ərizəsini məhkəməyə təqdim edərkən, hazırkı mülki iş üzrə cavabdeh qismində qeyd edilən şəxsin adını cavabdehlər sırasında göstərməmiş, həmçinin cavabdehlərin yetkinlik yaşına çatmamış ailə üzvlərinin də valideynləri ilə birlikdə istifadə hüquqlarının itirilmiş hesab edilməli olmasını tələb kimi irəli sürməmişdir. Hazırkı mülki iş üzrə əsl iddiaçı olan İddiaçı2 izahatında əvvəlki mülkiyyətçi İddiaçı1 mənzili aldığını, cavabdehin və azyaşlı ailə üzvünün mənzildə qeydiyyatda qalmalarının onun mülkiyyətçi kimi hüquqlarını pozduğunu bildirdi və iddianın təmin edilməsini xahiş etdi. Hazırkı mülki iş üzrə preyudisial əhəmiyyət kəsb edən Sumqayıt Şəhər Məhkəməsinin 30 aprel 2019-cu il tarixli 2(060)-3582/2019 saylı qətnaməsindən göründüyü kimi, Cavabdeh1 və əvvəlki mülkiyyətçinin yetkinlik yaşına çatmamış ailə üzvü Cavabdeh2 mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Belə ki, hər iki şəxs keçmiş mülkiyyətçi X9 ailə üzvləridirlər. Ailə mənzildən istifadə hüququnu itirərkən, bu səpkili işlərdə ailənin bütün üzvləri bu hüququ itirmiş hesab olunurlar. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin aidiyyatı Ərazi İdarəsi tərəfindən verilmiş 04.11.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri 9-cu mikrorayon (köhnə) 45 saylı evin 25 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Cavabdehin qeyd olunan mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını, həmçinin mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnu məhdudlaşdırır. İddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulduğundan, o, məhkəmədə haqlı olaraq iddia qaldırmaq məcburiyyətində qalmışdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 yetkinlik yaşına çatmamış ailə üzvü 13.01.2013-cü il təvəllüdlü Cavabdeh2 ilə birlikdə Sumqayıt şəhəri 9-cu mikrorayon (köhnə) 45 saylı evin 25 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 yetkinlik yaşına çatmamış ailə üzvü 13.01.2013-cü il təvəllüdlü Cavabdeh2 ilə birlikdə Sumqayıt şəhəri 9-cu mikrorayon (köhnə) 45 saylı evin 25 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlərdən tutulub iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-2048/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2048/2021
12.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver