Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2056/2021 18.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi ilə, İddiaçı, vəkili və nümayəndəsi Qasımov Salman Elman oğlunun, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər 2 saylı Ərazi İdarəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etməklə “mənzilə istifadə hüququnun tanınması və köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və azyaşlı övladları 12.10.2010-cu il təvəllüdlü X10, 22.06.2012-ci il təvəllüdlü X4 və 12.02.2016-cı il təvəllüdlü X3 ünvan 1 ünvanına istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürümələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan sonra iddiaçının razılığı ilə Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər 2 saylı Ərazi İdarəsi mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh oğlu X8 ilə 10.07.2009cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan üç övladları var- 12.10.2010-cu il təvəllüdlü X10, 22.06.2012-ci il təvəllüdlü X6 və 12.02.2016-cı il təvəllüdlü X9 olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, birgə nikahdan olan uşaqların onun yanımda qalması və həmin uşaqların saxlanması üçün aliment tutulması qət edilmişdir. ünvan 1 xüsusi mülkiyyət hüququ ilə cavabdehə məxsusdur. O, ailə həyatı qurduqdan sonra cavabdehə məxsus mənzilə gəlin köçmüşdü. Həmin vaxt mənzil özəlləşdirilməmişdir və orderlə cavabdehə məxsus olmuşdur. Cavabdeh həmin mənzili 12.04.2011-ci ildə öz adına özəlləşdirmişdir. Cavabdeh onu ailə üzvü kimi qəbul etmiş və o, mənzilə onun razılığı əsasında köçürülməklə birgə təsərrüfat idarə etmişdir. Hal-hazırda cavabdeh onun həmin mənzildə yaşamasına imkan vermir. Həmçinin onun bütün cehiz əmlakları hal-hazırda həmin mənzildədir. Onun mübahisəli mənzildən istifadə hüququ var. Lakin cavabdeh buna mane olur. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, onun və azyaşlı övladları - 12.10.2010-cu il təvəllüdlü X10, 22.06.2012-ci il təvəllüdlü X6 və 12.02.2016-cı il təvəllüdlü X3 mübahisəli mənzilə istifadə hüquqları tanınmalı və onlar həmin mənzilə köçürülməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, 2009-cu ildə ailə qurduqdan sonra bir müddət, 4-5 ay Quba rayonunda yaşadıqdan sonra mübahisəli mənzilə köçmüşdür. 2019-cu ildə ailə münasibətləri gərginləşdikdən sonra keçmiş həyat yoldaşının hədələrinə məruz qaldığına görə evi tərk etməyə məcbur olub. Artıq 2 il müddətdir ki, atasının himayəsində yaşayır, lakin atasının yaşayış sahəsi onun və övladlarının yaşaması üçün əlverişli deyildir. O, iradəsindən asılı olmayan səbəbdən evdən çıxmağa məcbur olmuşdur. Mübahisələndirilən mənzildən başqa daimi yaşayış yeri yoxdur. Məhkəmə tərəfindən bu halların nəzərə alınmasını iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddiaçının göstərdiklərini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi ilk verdiyi izahatında bildirdi ki, iddia tələbini qismən qəbul edir, iddiaçının mübahisəli mənzilə köçürülməsinə etiraz etmir, iddiaçıya məxsus əmlaklar mənzildədir, lakin istifadə hüquqlarının tanınması ilə razılaşmır. Daha sonra cavabdehin nümayəndəsi izahatında göstərdi ki, iddianı qəbul etmir. Belə ki, mübahisə predmeti olan ünvan 1 xüsusi mülkiyyət hüququ ilə cavabdehə məxsusdur. İddiaçı bu mənzilə gəlin gələrək 10 iyul 2009-cu ildən 21 iyun 2019-cu ilədək yaşamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6885/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı ilə onun arasında olan nikah pozulmuşdur. Onun və evin mülkiyyətçisi olan atasının iddiaçı ilə heç bir ailə münasibətləri yoxdur və aralarında öhdəlik yaradacaq müqavilə mövcud deyildir. İddiaçı 21 iyun 2019-cu il tarixdən etibarən valideynləri evində yaşamış və daimi gəliri olan işə düzəlmişdir. Eləcə də göstərdi ki, iddiaçının evdən məcbur çıxarılması ilə bağlı göstərilənlər həqiqəti əks etdirmir. Bunu evin açarının bir nüsxəsinin iddiaçıda qalması halı da təsdiq edir. Həmçinin qonşular iddiaçının dəfələrlə evə maneəsiz gəlib getdiyinin şahidi olmuşdur. İddiaçı qeyd olunan mənzildə qeydiyyatda olmayıb, 21 iyun 2019-cu il tarixdən bu mənzildə yaşamır. Odur ki, göstərilənlərin nəzərə alınaraq iddia tələbinin rədd edilməsini xahiş edir. İş üzrə Cavabdeh məhkəməyə yazılı izahatını göndərərək göstərmişdir ki, o, İddiaçı ilə oğlunun rəsmi nikaha girərək 2009-cu ildə ailə qurmasından məlumatı olmamışdır. Belə ki, oğlu İlqar Samirəni qaçırtmış, bir müddət Quba rayonunda yaşamışlar, nə qızın valideynləri nə də onlar bu evliliyə razı olmamışlar. Bu səbəbdən qohumlarının təkidi ilə onları evləndirmişdir. 2011-ci ildə o, öz evini özəlləşdirmiş, bundan sonra oğlu rayonda dolana bilmədiyini bildirdiyi üçün köçüb birlikdə yaşamaqlarına etiraz etməmişdir. O, bu nikaha razı olmadığı üçün iddiaçı Samirəni qeydiyyata aldırmamışır. Artıq bir neçə ildir ki, o, evdən könüllü olaraq çıxıb getmiş, hazırda öz atası evində Sumqayıt şəhəri, 17-ci mkr ərazisində yaşayır. Hazırda üç otaqlı evdə üç oğlu yaşayır, hər biri ailəlidir. İddiaçının bu evə qayıtması sadəcə olaraq onlardan pul tələb etmək məqsədi güdür. Odur ki, göstərdiklərinə əsasən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6885/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdeh X5 qarşı “nikahın pozulması, uşağın himayə verilməsi və aliment” tələbi təmin edilmiş, X8 ilə X7 arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində 10.07.2009-ci il tarixdə bağlanmış, 941 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş 12.10.2010-cu il təvəllüdlü X10, 22.06.2012ci il təvəllüdlü X6 və 12.02.2016-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər anası X1 yanında qalmaları .............. qət edilmişdir. AZ-İ seriyalı 350255 saylı nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 ilə X7 arasında bağlanmış nikah 07 fevral 2020-ci il tarixdə ləğv edilmiş, qadına Qurbanova soyadı verilmişdir. Azərbaycan Respublikası Sumqayıt şəhər X12 İcraiyyə Komitəsinin mənzillərin qeydiyyat və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 23 mart 1992-ci il tarixli 40/42 saylı orderin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 4 nəfər ailə üzvü daxil olmaqla yaşayış sahəsinə ehtiyaclarının ödənilməsi məqsədilə ünvan 1 ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına 02.04.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 139 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydə alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, İddiaçı cavabdehin oğlu ilə 10.07.2009-cu il tarixdə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuş, mübahisə predmeti olan mənzilə gəlin köçərək həmin vaxtdan ailə üzvləri ilə bərabər mənzildən istifadə etmiş, lakin sonradan ailə münasibətləri pisləşdiyindən iddiaçı evi tərk etmək məcburiyyətində olmuşdur. Mübahisə predmeti olan mənzil order əsasında 1992-ci il tarixdə cavabdehin və onun 4 nəfər ailə üzvünün istifadəsinə ayrılmış, bundan sonra 2011-ci ildə özəlləşdirilmiş və cavabdehin adına mülkiyyət huququ dövlət reyestrində qeydə alınmış və dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun qərarların formalaşmış hüquqi mövqeyə görə də «hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur». R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dairAzərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumu 30 noyabr 2018-ci il tarixli qərarında qeyd etmişdir ki, konstitusiya normasından irəli gələrək mənzil sahəsində yaranan münasibətlərin hüquqi tənzimlənməsi sahəvi (mənzil və mülki) qanunvericilikdə öz əksini tapmışdır. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində və Mülki Məcəllədə əks olunmuşdur. Mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. İşin hallarından göründüyü kimi iddiaçı 10.07.2009-cu il tarixdə ailə quraraq mübahisə predmeti olan mənzilə köçməklə tərəflər arasında mənzillə bağlı münasibətlər həmin tarixdən əmələ gəlmişdir. İddiaçının göstərilən vaxtda mənzilə köçərək orada yaşaması cavabdehin nümayəndəsinin izahatı ilə öz təsdiqini tapır. Həmin vaxt mənzil dövlət mənzil fonduna aid olmaqla, order əsasında icarəçi olan cavabdehin istifadəsində olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Mənzil Məcəlləsinin : 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 54-cü maddəyə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Konstitutsiya məhkəməsinin Plenum qərarlarında formalaşan hüquqi mövqeyə görə mənzilə köçürülmə ilə bağlı iddialar mahiyyət etibarı ilə mülkiyyət hüququnun əhəmiyyəti və yaşayış sahəsindən istifadə etmək hüququnun mövcudluğunun müəyyənləşdirilməsi ilə bağlıdır (Bax A.M.Cavidanın şikayəti üzrə 14 noyabr 2008-ci il tarixli qərar). İşin mübahisəsiz hallarından göründüyü kimi iddiaçı cavabdehin razılığı ilə mübahisəli mənzilə 10.07.2009-cu il tarixdə ailə üzvü kimi köçürülmüş, həmin tarixdən orada yaşamış və birgə təsərrüfat aparmaqla mənzildən bərabər istifadə etmişdir. Məhkəmə qətnamənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılması ilə bağlı qanunvericiliyin göstərişlərinə əsaslanaraq hesab edir ki, iddia tələbi istifadə huququnun tanınması hissədə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə eləcə də qeyd edir ki, iddiaçının mübahisəli mənzilə istifadə huququnun mövcudluğu tanındığından və qanunvericinin tələbinə əsasən mənzilə köçürülmə hüququ istifadə hüququ ilə bağlı olduğundan, həmin mənzilə köçürülmə barədə tələb də təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, tərəflər arasında mövcud olan gərgin münasibətlərin mövcudluğu iddiaçının evi könüllü olaraq tərk etməsi ilə bağlı cavabdeh tərəfin göstərdiklərinin doğruluğunu şübhə altına alır. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı öz iradəsindən asılı olmayan səbəbdən, cavabdehin oğlu ilə aralarında münasibətlər pozulduğundan sonuncunun təhdidi ilə evdən çıxmağa məcbur olmuşdur, iddiaçıya məxsus cehiz əşyaların həmin ünvanda qalması və iddiaçı tərəfindən aparılmaması da iddiaçının daimi yaşamaq üçün başqa yaşayış yerinə getmədiyini göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin olunmalı, İddiaçı övladları 12.10.2010-cu il təvəllüdlü X10, 22.06.2012ci il təvəllüdlü X6 və 12.02.2016-cı il təvəllüdlü X9 ilə birlikdə ünvan 1 ünvanına istifadə hüquqları tanınmalı və həmin ünvana köçürülməlidirlər. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə 10 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı övladları 12.10.2010-cu il təvəllüdlü X10, 22.06.2012-ci il təvəllüdlü X6 və 12.02.2016-cı il təvəllüdlü X9 ilə birlikdə ünvan 1 ünvanına istifadə hüquqları tanınsın və həmin mənzilə köçürülsünlər. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-2056/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2056/2021
18.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver