Məhkəmə qərarları › İş №2(060)-2057/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2057/2021

14.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2057/2021 14.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 10 mkr., 40 saylı evin, 17 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırdı ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 53.13 m2 və 4 otaqdan ibarət olan 17 saylı mənzil xx.xx.2008-ci il tarixli, 10/215 nömrəli order əsasında ona məxsusdur. Cavabdehlərdən Cavabdeh1 onun bacısı, Cavabdeh2 isə mərhum bacısı Eybalıyeva (Məmmədova) Samirə Əbülfət qızının həyat yoldaşıdır. Cavabdehlərin pasport qeydiyyatları formal xarakter daşıyır. Cavabdehlər mənzilə dair heç bir hüquq və vəzifə yerinə yetirmirlər. Birinci cavabdeh olan Cavabdeh1 2003-cü ildə Zaur Məmmədovla ailə həyatı qurmuş və mənzili birdəfəlik tərk etmişdir. Artıq 17 ildir ki, onun mənzilində yaşamır. Digər Cavabdeh2 mərhum bacısı Eybalıyeva (Məmmədova) Samirə Əbülfət qızı ilə 2002-ci ildə ailə həyatı qurmuş, onun mənzilində yaşamamışdılar. 2014-cü ildə ondan xahiş etmişdir ki, onu pasport qeydiyyatına salsın. Lakin, Cavabdeh2 onun mənzilində yaşamamışdır. Cavabdeh2 məxsus Saray qəsəbəsində fərdi yaşayış evi mövcuddur. Cavabdehlərin mənzilə yaşayış hüququnun itirilmiş hesab edilmələri və pasport qeydiyyatından çıxarılmalarına dair müvafiq orqanlara müraciət etsə də, bunun yalnız məhkəmə yolu ilə mümkün olduğunu bildirmişdilər. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, iddianı qəbul etdiklrini və iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Cavabdeh1 və Cavabdeh2 məhkəməyə verdikləri ərizələrdən görünür ki, onlar iddia tələbini qəbul edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Eyni zamanda, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı qismən etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 10/215 nömrəli orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 10 mkr., 40 saylı evin, 17 saylı mənzili İddiaçının adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan 16 saylı MKS tərəfindən verilmiş 27 nömrəli, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1992-ci ildən və Cavabdeh2 xx.xx.2014-cü il tarixdən Sumqayıt şəhəri, 10 mkr., 40 saylı evin, 17 saylı mənzilində rəsmi olaraq qeydiyyatdadırlar. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 2003-cü ildən, Cavabdeh2 isə ümumiyyətlə mənzildə yaşamırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxx 1999cu il tarixli «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Beləliklə məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 10 mkr., 40 saylı evin, 17 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 10 mkr., 40 saylı evin, 17 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar