Məhkəmə qərarları › İş №2(060)-206/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-206/2025

14.08.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-206/2025 14.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun şəxsi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil şəxsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdehlər Qubadlı rayonundan məcburi köçkün olmaqla 1993-cü ildən bəri 30 ildir ki, mənzilində yaşayırlar. Bu mənzildə əvvəlcə cavabdehlərlə birlikdə qardaşları X1 ailəsi ilə birlikdə yaşayırdı. Sonuncuya mənzil verildiyi üçün mənzildən çıxmışdır. Lakin cavabdehlərə də məcburi köçkünlər üçün tikilmiş şəhərcikdə ev verilməsinə baxmayaraq, onlar mənzildən imtina edib şəxsi mülkiyyətində olan mənzildə qalmağa davam edirlər. 30 ildir ki, onların vəziyyətini başa düşərək mənzildən çıxmalarını tələb etmirdi. Amma hazırda onlar üçün şəhərcik tikilməsinə və onlara mənzil təklif edilməsinə baxmayaraq, onların mənzildən çıxmamalarını, eləcə də öz ailəsinin də bu 30 il ərzində şəraitsiz mənzildə yaşamaqlarını, ailə üzvlərinin və onun bu mənzilə ehtiyaclarının yaranmasını nəzərə alaraq hazırkı iddia ilə məhkəməyə müraciət edir. Mənzil şəraitsizliyi ucbatından oğlunu evləndirib gəlin gətirə bilmir, amma cavabdehlər 2 nəfər olmaqla 3 otaqlı mənzilini zəbt ediblər. Ona görə də cavabdehlər məhkəmə qaydasında mənzildən çıxarılmalıdırlar.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Cavabdehlər 1993-cü ildə Qubadlı rayonundan məcburi köçkün olmaqla, həmin mənzili zəbt edərək yaşamışlar. Cavabdehlərin həmin mənzildə yaşamalarına dair heç bir hüquqi əsas yoxdur.

5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, 1993-cü ildən bəri orada yaşayırlar. İndiyə kimi ev verilməmişdir. Ev verilən kimi oradan köçəcəkdirlər. Bunun üçün lazimi qurumlara müraciət etsə də, onlara ev verilməmişdir. Hazırki şəraitdə isə evdən çıxmağı qeyri mümkündür.

6. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, ünvan 2 ünvanında cavabdehlər 30 ildən artıqdır ki, yaşayırlar. Mənzilə heç bir şəxsin qeydiyyatı olmamış və ailə üzvlərindən başqa heç kim həmin mənzildə yaşamamışdır. Lakin yaxınlarda məlum olur ki, onlar mənzildə yaşaya-yaşaya həmin mənzilə qanunsuz sənədləri olan iddiaçı onların mənzildən çıxarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt şəhər Mənzil Təsərrüfatı İstehsalat Birliyi 20 saylı Mənzil İstismar Sahəsinin 1167 nömrəli, 2013-cü il tarixli arayışından göründüyü kimi Cavabdeh1 Xuadayar oğlu və digərləri Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, 25 saylı mənzildə Qubadlı rayonundan məcburi köçkün kimi məskunlaşmışlar. Göründüyü kimi cavabdeh və ailə üzvləri Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, 25 saylı mənzilə order verilməmişdən əvvəl məcburi köçkün kimi məskunlaşmışlar. Azərbaycan SSR-nin 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq edilmiş və həmin dövrdə qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən “Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin İcraiyyə Komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün əsasdır. Order yalnız boş olan yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Nəzərə alınsa ki, hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları tətbiq edilir, bu halda mübahisəli mənzildə məcburi köçkünlərin məskunlaşdığı halda həmin mənzilin digər şəxsə ayrılmasına dair protokol, sərəncam, order qanunsuz sayılmalıdır. Məcburi köçkünlərin müstəqil surətdə müvəqqəti surətdə məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə olan halda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış məntəqəsinə köçürülməsini təmin etməlidirlər. Hazırkı işdə iddiaçı və onun ailə üzvlərinin mübahisəli mənzildə yerləşdirilməsinə istinad edilən Qanunun tələblərinə müvafiq surətdə həyata keçirmişdir. Belə ki, qeyd edilən mənzil məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və yararlı hala salınması üçün mümkün olan yaşayış binasında yerləşmişdir. Mənzil dövlətə məxsus olmaqla iddiaçı və onun ailə üzvlərinin həmin mənzildə məskunlaşması digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmamışdır. İddiaçıya order verilməsinə əsas olmuş sənədlər iddiaçıya münasibətdə olan hissələrdə ləğv ediləcəyi təqdirdə, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, 25 saylı mənzilin iddiaçıya yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması barədə 20 sentyabr 2021-ci il tarixli, 537 saylı sərəncamın, həmin mənzilə verilmiş orderin ləğv edilməsi müəyyən edilərsə iddiaçının hazırkı iş üzrə iddia tələbinin əsası kimi istinad etdiyi hal aradan qalxacaqdır.

7. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qubadlı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, işğaldan azad olunmuş rayonlarda, həmçinin Qubadlı rayonunda yenidənqurma işləri çərçivəsində kəndlərin tikintisinə başlanılmışdır. Hal-hazırda Qubadlı rayonunda 2 kəndin tikintisi yekunlaşmaq üzrədir. İş üzrə cavabdehlərin sakini olduqları Dəmirçilər kəndində inşaat işləri 2025-ci ildə başlanacaqdır. Həmin tikinti işləri yekunlaşana və sakinlərin həmin kəndə köçürülməsi prosesi başlayana qədər cavabdehlərin hal-hazırda yaşadıqları ünvan üzrə möhlət hüququnun verilməsini və ya Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən evlə təmin olunmaları barədə qərar qəbul edilməsini xahiş etmişdir

8. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X4 Şəxsi tərəfindən verilmiş “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış”dan görünür ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12 ünvanında yerləşən 25 saylı mənzil üzərində mülkiyyət hüququ İddiaçı adına xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

10. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 189 nömrəli arayışdan görünür ki, 47-ci məhəllədə yerləşən 12 saylı evin 25-ci mənzili xx.xx.1995-ci il tarixli 37 saylı protokolunun qərarına əsasən İddiaçı adına verilmişdir. Mənzil 3 otaqlı, sahəsi 39,60 kv.m-dir. xx.xx.2022-ci ildə İddiaçı adına özəlləşdirilmişdir. Hal-hazırda mənzildə Qubadlı rayonundan məcburi köçkün Cavabdeh1 və Cavabdeh2 yaşayır.

Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

-152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

13. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu:

-1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun “R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarı:

Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

15. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

16. İş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12-də yerləşən 25 saylı mənzil İddiaçı məxsusdur. Hazırda İddiaçı ona məxsus mənzildə yaşayan Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılması ilə bağlı iddia ilə məhkəməyə müraciət etmişdir.

17. Cavabdehlər iddiaçının ailə üzvü deyil, bu mənzilə iddiaçının və ya onun ailə üzvlərinin razılığı ilə köçməmişlər, mənzil üzrə onunla ümumi təsərrüfat aparmamışlar. Cavabdehlər Qubadlı rayonundan məcburi köçkün kimi faktiki olaraq mənzili özbaşına tutmaqla hər hansı hüquqi əsas olmadan orada yaşayırlar.

18. Azərbaycan Respublikası Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.

19. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən.

20. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf qeyd olunan mənzilə mülkiyyət hüququna malik olmaqla hazırki iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehin bu kimi müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir.

21. Belə ki, cavabdehlər iddiaçıya məxsus mənzildə hər hansı bir qanuni əsas olmadan yaşayırlar və həmçinin onlar məhkəməyə mənzilə dair hər hansı hüquqlarının olmasına dair sənəd də(sosial kirayə müqaviləsi və s.) təqdim edə bilməmişlər. Qeyd olunmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd dedikdə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd başa düşülür.

22. İddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququnun mövcudluğunu nəzərə alaraq məhkəmə hesab edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtləri mövcud olduğundan, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, artıq qeyd olunduğu kimi, iddiaçı mübahisəli yaşayış sahəsi iddiaçının mülkiyyətində olduğu halda, o, öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olmuşdur, onun məhrum olduğu əmlak naturada mövcuddur və cavabdehin faktiki sahibliyindədir, onun isə mübahisəli əşyaya sahiblik hüququ yoxdur. Cavabdehin ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə məskunlaşmaları həmin mənzilin mülkiyyətçisi olan iddiaçının hüquqlarınının pozulmasına səbəb olur.

23. Cavabdehlərin məcburi köçkün olmaları ilə əlaqədar həmin mənzildə yaşamalarına dair dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” 21 may 1999-cu il tarixli Qanunun 5-ci maddəsinə görə məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli, 200 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydaları”nın 4-cü bəndinə əsasasən müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin hüquqlarını pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar.

25. Göründüyü kimi, istinad edilən qanun normasında da məcburi köçkünlərin müstəqil surətdə məskunlaşmasına yalnız o halda yol verilir ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın.

26. Bundan başqa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında göstərmişdir ki, 2 iyun 1993-cü ildə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr təsdiq etdilər ki, ərizəçi yaşayış orderinin qanuni sahibidir. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında "sosial kirayə müqaviləsi" deyilən müqavilə bağlanmalı idi. Bu sosial kirayə müqaviləsinin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda təsbit edilmiş şərtlərinə görə, ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı idi və mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq, müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Ərizəçinin mənzilin kirayəçisi olduğu tanındığı halda, məcburi köçkünlərə mənzildə yaşamağa davam etməyə icazə verilmişdir, halbuki, bu cür sahiblik faktı qanunsuz elan edilib.

27. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızının Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12-də yerləşən 25 saylı mənzildən çıxarılmalıdır.

Nəticə:

28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12 ünvanında yerləşən 25 saylı mənzildən çıxarılsınlar. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar