Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2107/2025 11.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Behbudova Aynur Mirzalı qızı Ərizəçi “doğum faktının müəyyən edilməsi”nə dair məhkəməyə daxil olmuş ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi
1. Ərizəçi “doğum faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qaynatası X2 1914-cü il tarixdə doğulması, mərhum qayınanası X1 1919-cu il tarixdə doğulması və mərhum həyat yoldaşı X3 xx.xx.1940-cı ildə doğulması faktlarının müəyyən edilməsi və doğum haqqında akt qeydinin bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 149. İddia ərizəsinin forması və məzmunu 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Maddə 151. İddia ərizəsinin mümkünlüyü 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında. Maddə 306. Xüsusi icraat işlərinə baxılması qaydası 306.1 Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarım bölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarına əsasən məhkəmələrin nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir.
Məhkəmənin mövqeyi
3. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.
4. Ərizədən görünür ki, ərizəçi tərəfindən qanunvericiliyin qeyd olunan tələbləri pozularaq bir-biri ilə əlaqədar olmayan iki tələb birləşdirilmişdir. Belə ki, ərizəçi mərhum qaynatası X2 1914-cü il tarixdə doğulması, mərhum qayınanası X1 1919-cu il tarixdə doğulması və mərhum həyat yoldaşı X3 xx.xx.1940-cı ildə doğulması faktının müəyyən edilməsi kimi bir-birinə aidiyyəti olmayan, hər bir doğum faktının müəyyən edilməsi üçün ayrıca araşdırma aparılması tələb olunan iki tələbi birləşdirmişdir.Bundan əlavə qeyd olunan hüquqi faktların, yəni məhkəmədən kənar həllinin mümkün olmaması barədə sənədi, ərizənin təmini üçün məqsədin nədən ibarət olması əsaslandırılmalıdır.
5. Ərizəçi həyat yoldaşı X3 doğum faktının müəyyən edilməsi ilə bağlı qeydiyyat orqanına müraciət etmiş və imtina məktubu əlavə etmişdir.
6. Məhkəmə hesab edir ki, qeyd olunan xüsusatlara diqqət yetirilməsi vacib və əhəmiyyətli amillərdəndir. Hər bir tələb ayrı-ayrılıqda verilməklə, tələbini təsdiq edən sənədlər ərizəyə əlavə edilməlidir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır.
8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır.
9. Məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından Ərizəçi xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından Ərizəçi qaytarılmalı, qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
1. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır.
2. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı : Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Ərizəçi xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından Ərizəçi qaytarılsın. Qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər.
Hakim Aynur Behbudova