Məhkəmə qərarları › İş №2(060)-2118/2022

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-2118/2022

06.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2118/2022 06.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsində yerləşən 14 saylı evin 65 saylı mənzilinə olan istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsində yerləşən 14 saylı evin 65 saylı mənzili sahəsi 47.31 kv.m olmaqla 3 otaqdan ibarətdir. Mənzilin icarədarı 29.04.1991-ci il tarixli 63/136 saylı orderə əsasən həyat yoldaşı X3 olmuş, o isə 26.12.2016-cı ildə dünyasını dəyişmişdir. Cavabdeh onun qızıdır və o 2003-cü ildə ailə həyatı qurmuş və ailə həyatı qurduğu vaxtdan daimi olaraq mübahisəli mənzili tək edərək köçmüşdür. Onun mübahisəli mənzildə heç bir əmlakı yoxdur. Cavabdehin sözügedən mənzilə qeydiyyatda olmağı onun mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Belə ki, o, mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcbur olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı səadət sarayının verdiyi nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 arasında 13.04.1974-cü il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 905 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Rzayeva soyadı verilmişdir. - 29.04.1991-ci il tarixli 63/136 saylı orderdən görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsində yerləşən 14 saylı evin 65 saylı mənzilinin icarədarı X2r. - Həmin orderdən görünür ki, Ədilə Rzayeva icarədər, İddiaçı - Ədilə Rzayevanın əri, Cavabdeh - Ədilə Rzayevanın qızı və Emil Rzayev - Ədilə Rzayevanın oğludur. - Qonşular tərəfindən tərtib olunub imzalanmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin Rayon Mənzil-İstismar hissəsinin 1 nömrəli Mənzil-İstismar Sahəsinin rəisi tərəfindən təsdiqlənmiş aktdan görünür ki, cavabdeh 2003-cü ildən F.Qayıbov küçəsi, ev 14, mənzil 65-də qeydiyyatdadır, lakin ailə qurması ilə əlaqədar uzun müdəttdir yaşamır. - Sumqayıt “Asan xidmət” qeydiyyat şöbəsinin verdiyi 29.12.2016-cı il tarixli AZ-İ 850850 №-li ölüm haqqında surətindən görünür ki, yeva Ədilə Əjdər qızı 26.12.2016-cı il tarixdə vəfat etmişdir. - Azərbaycan Respublikası DİN-nin ******* saylı, 01.02.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh İddiaçı qızıdır və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsində yerləşən 14 saylı evin 65 saylı mənzilində yaşamır. - Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən məhkəmənin sorğusuna əsasən göndərilən məktubdan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh vətəndaşlıq vəziyyəti aktlarının informasiya sistemində nikahda olması barədə hər hansı bir məlumat aşkar edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 35 saylı evin 33 saylı mənzilinin icarədarı 29.04.1991-ci il tarixli 63/136 saylı orderə əsasən iddiaçının həyat yoldaşı X3 olmuş, o isə 26.12.2016-cı ildə dünyasını dəyişmişdir. Cavabdeh iddiaçının qızıdır və o, 2003-cü ildə ailə həyatı qurmuş və ailə həyatı qurduğu vaxtdan daimi olaraq mübahisəli mənzili tək edərək köçmüşdür. Cavabdeh 2003-cü ildən daimi olaraq mübahisəli mənzili tərk edərək getmiş, gəlin köçmüş, ailə həyatı qurmuş və uzun illərdir ki, mübahisəli mənzildə yaşamır. Cavabdehin mübahisəli mənzildə heç bir əmlakı yoxdur. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə tərəflər arasında yaranan hüquq münasibətlərinə nəzər salaraq hesab edir ki,tərəflər arasında hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1-dən əvvəl yaranmışdır. Cavabdehlərin mubahisəli mənzildə istifadə hüququ yarandığı vaxt mübahisəli mənzilin hüquqi rejimi 1982-ci il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin normaları ilə müəyyən edilirdi. Sadalananları rəhbər tutaraq, məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibəti 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin hüquq normasının əsasında qurulmuşdur və həmin Məcəllənin normaları əsasında tənzimlənməlidir. 1982-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddədə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin daha uzun müddət saxlanıldığı aşağıdakı hallar müəyyən olunmuşdur: - müddətli həqiqi hərbi xidmətə çağırıldıqda—müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; - işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə—həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; - uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə—onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); - qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə—bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; - müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; - müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; - həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; - cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki,həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdeh 6 aydan artıq müddətdə sözügedən mənzili başqa ünvana köçməsi ilə əlaqədar könüllü tərk etdiyindən cavabdehin bu yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Odur ki, iddia əsaslıdır. Belə ki, cavabdehin başqa ünvana müvəqqəti getməsi, həmçinin yaşayış sahəsinin daha uzun müddətə saxlanılmasını nəzərdə tutan qanunvericilik normalarına əsasən müəyyən edilmiş halların mövcud olması işin faktiki halları və tutarlı sübutlar ilə təsdiqlənmir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsində yerləşən 14 saylı evin 65 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar