Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-212/2024 01.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Açıq Səhmdar Cəmiyyətini cəlb etməklə Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya geri qaytarılması tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Açıq Səhmdar Cəmiyyətini cəlb etməklə Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya geri qaytarılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisi, Məzahir Abdullayev küçəsində tikilmiş bina 80, 6-cı mərtəbə, ümumi sahəsi 69,5 kv.metrdən ibarət 3 otaqlı 48 saylı mənzilin alınması üçün Cavabdeh Mədət oğlu ilə "xxxx" ASC “Sumqayıt” filialı arasında təminatlı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında "Kristal Abşeron” MTK, Cavabdeh Mədət oğlu və Azərbaycan Beynəlxalq Bankı ASC-nin Sumqayıt filialı arasında üç tərəfli müvafiq zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən, bank cavabdehə 86000 manat məbləğində kredit vermişdir. Cavabdeh kredit vəsaitini bərabər hissələrlə, ödəniş cədvəlinə uyğun olaraq ödəməyi üzərinə öhdəlik kimi götürmüşdür. Həmin kredit müqaviləsi əsasında MTK ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixli, ********* №-li payçı müqaviləsi bağlanmışdır. cavabdeh ilə İddiaçı MTK və "xxxx" ASC arasında bağlanmış olan üç tərəfli daşınmaz əmlakın zaminlik müqaviləsinə əsasən aldığı kredit vəsaitini hesaba tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə cavabdeh müqavilədə nəzərdə tutulan kredit vəsaitindən istifadə etmişdir. Lakin uzun müddətdir ki, cavabdeh artıq heç bir ödəniş etməmişdir. Belə ki, cavabdehin ödənişlərlə bağlı 95 gün gecikməsi yaranmışdır və hal-hazırki borcu 2170 manat təşkil edir. Cavabdehin borcu ilə əlaqədar olaraq "xxxx" ASC MTK-ya mənzil kreditinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmişdir. Həmçinin müqavilənin 4.2.7-ci bəndində də qeyd edilmişdir ki, payçı tərəfindən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında MTK birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu zaman MTK "xxxx" ASC və payçı arasında imzalanmış zaminlik müqaviləsindən irəli gələn payçının öhdəliklərini yerinə yetirmiş olur. Bundan başqa eyni müqavilənin 8.11-ci bəndinə əsasən cədvəl üzrə ödənişlərin iki ay müddətində aparılmadığı halda MTK müqaviləni birtərəfli olaraq ləğv edə, mənzili digər şəxsə satmaq hüququnu öz üzərində saxlaya bilər, payçı da qeyd olunan müqavilənin predmeti olan mənzili boşaltmalıdır. Göstərilənlərə əsasən avabdeh Cavabdeh Mədət oğlu ilə İddiaçı MTK arasında bağlanmış xx.xx.2016-cı il tarixli, ********* N-li payçı müqaviləsinin ləğv edilməsi, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisi, Məzahir Abdullayev küçəsində tikilmiş bina 80, 6-cı mərtəbə, ümumi sahəsi 69,5 kv.metrdən ibarət 3 otaqlı, 48 saylı mənzilin boşaldılması, cavabdeh və ailə üzvlərinin həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 07 mart 2016-cı il tarixli payçı müqaviləsinin ləğv edilməsi, Cavabdeh Sumqayıt şəhəri, 10cu mikrorayon, Məzahir Abdullayev küçəsi, bina 80, 48 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı MTK-ya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh ilə aralarında 7 mart 2016-cı il tarixində ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzil cavabdehə satılmışdır. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış təminatlı kredit müqaviləsinə əsasən, bank cavabdehə 86.000 manat məbləğində kredit vermişdir. Cavabdeh hazırki dövr üçün müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdehin 5090 manat gecikməsi vardır. Həmçinin, payçıya kredit ayrılsa da, ona çıxarış verilməmişdir. O, daimi ödənişləri gecikdirir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh çıxarış almadığı üçün iddiaçı tərəfindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, payçı ödənişləri vaxtı-vaxtında həyata keçirmirsə, bu zaman mənzili boşaldaraq iddiaçıya təhvil verməlidir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh ödənişləri həyata keçirmək iqtidarında olmadığını bildirmişdir. Tərəflər arasında müqavilə bağlanmış və cavabdehə kredit ayrılmışdır. Bundan sonra cavabdeh həmin mənzilə dair çıxarış almalı və mənzil yüklü edilməlidir. Cavabdeh qeyd olunanları həyata keçirməmişdir. Bu isə vəsaitin iddiaçıya ödənilməməsinə səbəb olur. İddiaçının depozitləri bank hesabında olan depozitlərin üzərinə əlavə edilir. Mənzil girov qoyulanda və başqa hallarda iddiaçının depozitlərdən istifadə hüququ yaranır. İddiaçı həmin vəsaitdən istifadə edə bilmədiyi üçün məhkəməyə iddia qaldırmaq hüququ yaranır. Cavabdehin hazırki dövrə olan borcu 5090 manat manat təşkil edir. Qeyd olunan məbləğ gecikdirilmiş məbləğdir. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh izahat verərək iddia tələbinin təmin edilibedilməməsi məsələsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 07 mart 2016-cı il tarixdə bağlanmış, ********* saylı payçı müqaviləsindən görünür ki, “MTK” pay qismində çıxış edən Sumqayıt şəhəri, 10-cu mkr, 24 №li məktəbin yanında tikilməkdə olan 1-ci bina, 1-ci blok, 6-cı mərtəbə, 48 №-li, 3 otaqlı mənzili tikib və “Payçı”nın mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.2.7-ci maddəsinə əsasən payçı tərəfindən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında “MTK” birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu halda “MTK” "xxxx" ASC və “Payçı” arasında imzalanmış zaminlik müqaviləsindən irəli gələn “Payçı”-nın öhdəliklərini yerinə yetirməlidir.
10. İş materiallarında olan “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 mart 2016-cı il tarixli, 182-xx-xx-2016-BX-S2 saylı təminatlı kredit müqaviləsinin surətindən görünür ki, “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ilə İddiaçı arasında imzalanmış 07 mart 2016-cı il tarixdə bağlanmış, ********* saylı müqavilənin predmeti olan mənzilin alınması məqsədi ilə Cavabdeh 240 ay müddətinə, illik 8% hesablanmaqla 86.000 manat məbləğində kredit verilmişdir.
11. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialı ilə X4 (zamin) və Cavabdeh (borclu) arasında bağlanmış 07 mart 2016-cı il tarixli 182-xx-xx- 2016-BX-S2 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin X1 Habil Mədəd oğlunun 07 mart 2016-cı il tarixli, 182-xx-xx-2016-BX-S2 saylı kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür.
12. İş materiallarında olan “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh və İddiaçınə ünvanlanmış 07 sentyabr 2023-cü il tarixli mənzil kreditinə tutmanın yönəldilməsi haqqında bildirişin surətindən görünür ki, tərəflər borclu qrafik üzrə ödənişləri aparmadıqda borcverən borcalandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən İddiaçı və Cavabdeh arasında bağlanmış müqavilənin predmeti olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 1, mərtəbə 15, 62,5 kv.m, 48 №-li mənzilin boşaldılmasını tələb edir, borcalan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır. Tələb olunan borc göstərilən müddətdə ödəilməzsə, ABB borclu tələb etməklə zaminlik müqaviləsinə əsasən Cavabdeh zamini İddiaçı MTK-ya müraciət edəcək, o isə öz növbəsində alqı-satqı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh məxsus olan İddiaçı mənzili öz sahibliyinə keçirərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında borcu bağlamaq hüququna malik olduğu barədə xəbərdar olunmuşlar.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında 07 mart 2016-cı il tarixli, ********* nömrəli payçı müqaviləsi bağlanmış, cavabdeh müqavilə ilə müəyyənləşdirilmiş məbləği iddiaçıya ödəməyi, iddiaçı isə müqavilədə müəyyən edilmiş mənzili cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh qızı arasında bağlanmış 07 mart 2016-cı il tarixli 182-xx-xx-2016-BX-S2 saylı təminatlı kredit müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ilə "Kristal Abşeron” Mənzil Tikinti Kooperativi arasında imzalanmış 07 mart 2016-cı il tarixli ********* nömrəli müqavilənin predmeti olan Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisi, Məzahir Abdullayev küçəsində tikilmiş bina 80, 6-cı mərtəbə, ümumi sahəsi 69.5 kv.metrdən ibarət 3 otaqlı, 48 saylı mənzilin alınması məqsədi ilə Cavabdeh 240 ay müddətinə illik 8% hesablanmaqla 86.000 manat məbləğində kredit verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı (zamin) və Cavabdeh (borclu) arasında bağlanmış 07 mart 2016-cı il tarixli 182-xx-xx-2016-BX-S2 nömrəli zaminlik müqaviləsinə əsasən zamin İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 mart 2016-cı il tarixli 182-xx-xx-2016-BX-S2 saylı kredit müqaviləsinə əsasən borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti öz öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi ilə üzərinə mənzilin müəyyən edilmiş ümumi dəyəri olan 86.000 manatın 240 ay müddətinə hər ay ödəniş cədvəli üzrə ödəməyi öhdəsinə götürsə də, cavabdeh müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri ödəməmişdir. Hazırda da kredit müqaviləsinin şərtləri cavabdeh tərəfindən pozulduğuna görə iddiaçı payçı müqaviləsinin ləğv edilməsini, cavabdehin mənzildən çıxarılmasını, mənzilin boşaldılaraq ona təhvil verilməsini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyirinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
17. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
18. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
20. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
21. Eyni Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
22. Qeyd olunan Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
23. Eyni Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
24. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
25. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
26. Eyni Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
27. Qeyd olunan Məcəllənin 598.4-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər.
28. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.
29. Eyni Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.
30. Göründüyü kimi İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 mart 2016-cı il tarixli ********* nömrəli payçı müqaviləsinin 2.4-cü bəndinə əsasən müqavilə qiymətinin qalan 86.000 manata bərabər tutulan məbləği “Payçı” “MTK” və “Azərbaycan Beynəlxalq Bankı" ASC arasında bağlanacaq olan üç tərəfləri daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürür.
31. Həmin müqavilənin 4.2.7-ci bəndinə əsasən payçı tərəfdən bu müqavilənin şərtləri pozulduqda və ya “Azərbaycan Beynəlxalq Bankı" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında “MTK” birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu halda “MTK” "xxxx" ASC və “Payçı” arasında imzalanmış zaminlik müqaviləsindən irəli gələn “Payçı”-nın öhdəliklərini yerinə yetirməlidir.
32. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən cədvəl üzrə ödənişlərin 2 (iki) ay müddətindən artıq gecikdirildiyi halda “MTK” müqaviləni bir tərəfli olaraq ləğv edə bilər və həmin mənzili digər şəxsə satmaq hüququna malikdir. Bu halda “MTK” həmin mənzili digər şəxsə satdıqdan sonra mənzilin qalıq borcu bağlanılır, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ “Payçı”ya qaytarılır.
33. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin 4.2.7-ci bəndinə, yəni cavabdehin müqavilə üzrə öhdəliyi pozması və icrasından imtina etməsinə əsaslanaraq və eyni zamanda iddiaçının zamin qarşısında öhdəliyi yerinə yetirməsinə dair şərtə əməl etməsinə istinad edərək hazırki tələbin irəli sürülməsi üçün subyektiv hüquqa malik olması nəticəsinə gəlmişdir.
34. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 07 mart 2016-cı il tarixli payçı müqaviləsi ləğv edilməli, Cavabdeh Sumqayıt şəhəri, 10-cu mikrorayon, Məzahir Abdullayev küçəsi, bina 80, 48 saylı mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq İddiaçı MTK-ya qaytarılmalıdır.
35. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
37. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
38. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 07 mart 2016-cı il tarixli payçı müqaviləsi ləğv edilsin. Cavabdeh Sumqayıt şəhəri, 10-cu mikrorayon, Məzahir Abdullayev küçəsi, bina 80, 48 saylı mənzildən çıxarılsın və həmin mənzil boşaldılaraq İddiaçı MTK-ya qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Şəbnəm Həxiyeva