Məhkəmə qərarları › İş №2(060)-2136/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2136/2022

13.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2136/2022 13.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Kanal (İsgəndərova) Zeynab Ağamirzə qızına qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Kanal (İsgəndərova) Zeynab Ağamirzə qızına qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Kanal (İsgəndərova) Zeynab Ağamirzə qızının ünvan 1 ünvanına istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yerləşən 3 otaqlı mənzilin əsas kirayəçisidir. Cavabdeh onun keçmiş gəlini olmaqla, oğlu X3 ilə rəsmi nikah qeydiyyatından keçməklə evlənərək onun mənzilinə gəlin köçmüşdür. Rəsmi nikahdan onların xx.xx.1993-cü il təvəllüdlü İlkin İsgəndərov adlı bir oğlu anadan olmuşdur. 2000-ci ildə cavabdeh müəyyən tərbiyəsiz işlərinə görə azyaşlı uşağını evdə qoyub mənzildən qaçmışdır. xx.xx.2000-ci il tarixli qətnaməyə əsasən oğlu ilə cavabdeh arasında olan nikah qeydi ləğv edilmişdir. Hazırda oğlu yeni ailə qurmuşdur. 2000-ci ildən cavabdeh onların mənzilində yaşamır və onun özü və yaşayış yeri barədə heç bir məlumatı yoxdur. Bu faktı qonşuların tərtib edib MİS-in təsdiq etdiyi xx.xx.2022-ci il tarixli Akt da sübut edir. Onlarda olan məlumata görə cavabdeh bir xarici vətəndaşla ailə quraraq xaricdə yaşayır, hətta həmin şəxsin “Kanal” soyadını da götürmüşdür. Cavabdeh 20 ildən artıqdır ki, mənzildən gedib, heç vaxt mənzilə qayıtmayıb, azyaşlı uşağından xəbəri belə yoxdur, artıq həmin uşağı onlar böyüdüb 29 yaşına çatdırmışlar. Cavabdeh mənzildə uzun illər yaşamadığına, mənzillə və onlarla olan bütün əlaqələri kəsdiyinə, artıq onların ailə üzvü olmadığına və mənzilə qayıtmaq fikri də olmadığına görə, onun mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdeh 2000-ci ildən mübahisəli mənzildə yaşamır. Cavabdehin özünə məxsus daimi yaşayış yeri vardır, yeni ailə qurub başqa ünvanda yaşayır. Cavabdehin iddiaçıya məxsus mənzilə formal qeydiyyatda qalması mənzil sahibi kimi iddiaçının hüquqlarını pozur. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, iddiaçı ilə 1973-cü ildən qonşudur. Cavabdeh iddiaçının gəlini olub, təxminən 1992-1993-cü illərdə iddiaçının oğlu Şükürlə evlənərək bu mənzilə gəlin gəlmiş, 5-6 il birlikdə yaşamışlar. 1998ci ildən cavabdeh boşanaraq bu evdən çıxıb getmişdir. 1998-ci il tarixdən o, cavabdehi bu evə gedib-gələn görməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, iddiaçı ilə 1972-ci ildən qonşudurlar, eyni həyətdəki qonşu binalarda yaşayırlar. Cavabdeh iddiaçının oğlu Şükürün arvadı olub, ailə qurduqdan sonra 1-2 il mü mənzildə yaşayıb, təxminən 1998-2000-ci illərdən cavabdeh bu mənzildə yaşamır. Şükürdən ayrılıb, çıxıb gedib. Həmin vaxtdan onu görməyib. Nə də bu mənzildə gedib-gəldiyini görməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş İlkin İskəndərov ifadəsində göstərdi ki, cavabdeh onun anasıdır. 1997-1998-ci ildən bəri anası ilə heç bir əlaqəsi yoxdur, onun 5-6 yaşı olarkən anası çıxıb getmişdir. Cavabdehlə heç bir əlaqəsi yoxdur, harada yaşaması barədə məlumatı yoxdur. Cavabdeh 1998-ci ildən bu mənzildə yaşamır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin mənzil təsərrüfat idarəsi tərəfindən verilmiş Pasportdan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 48 saylı evin, 21 saylı mənzilinin İddiaçı dörd nəfər ailə tərkibi ilə ayrılmasına dair YU/2214 saylı Order İcraiyyə Komitəsinin 29 dekabr 1973-cü il tarixli 439 saylı qərarı ilə verilmişdir. AZ-İ seriyalı № 415045 saylı Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X4 ilə X1 arasında nikah 10 oktyabr 2000-ci il tarixli məhkəmə qətnaməsinə əsasən pozulmuş və bu barədə 19 sentyabr 2003-cü il tarixdə, 283 №-li akt qeydi aparılmışdır. Asan-Sumqayıt tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* № arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Sumayıt şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 14 saylı MKS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qonşdular tərəfindən tərtib edilmiş və imzalanmış aktdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır, lakin 2000-ci ildən həmin ünvanda yaşamır. Beləliklə, işin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mübahisə predmeti olan mənzil dövlət mənzil fonduna aid olmaqla, 1973-cü ildə dörd nəfər ailə tərkibi ilə iddiaçının istifadəsinə verilmiş, mənzilin icarədarı İddiaçıdur. Cavabdeh iddiaçının oğlu ilə 1990-ci illərdə ailə qurduqdan sonra bir müddət bu mənzildə icarədarın ailə üzvü kimi yaşamış və daimi qeydiyyata götürülmüş, 2000-ci ildə iddaçının oğlu ilə cavabdeh boşanmış və sonuncu həmin mənzildən köçüb getmiş, ünvanda qeydiyyatda olmasına baxmayaraq, mənzildə yaşamır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə şərh olunan işin hallarına və ifadə olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, araşdırılan hüquq münasibətləri 2000-ci il tarixədək əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitutsiya məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İş üzrə toplanmış və tədqiq edilmiş sübutlardan, şahid ifadələrindən göründüyü kimi cavabdeh iyirmi ildən artıqdır ki, mübahisə predmeti olan mənzildə yaşamır. Cavabdeh özünə başqa yaşayış yeri seçməklə bu ünvandan köçüb getmiş və qeydiyyatı formal xarakter daşıyır. Məhkəmənin hesab edir ki, cavabdehin mübahisəli mənzildən uzun müddət (iyirmi ildən artıq) və davamlı olaraq könüllü istifadə etməməsi yaşayış sahəsinə olan ehtiyacın aradan qalxması qənaətinə gəlməyə əsas verir. Odur ki, iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Kanal (İsgəndərova) Zeynab Ağamirzə qızının Sumqayıt şəhəri, 9-cu mikrorayon, 48 saylı evin, 21 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar