Məhkəmə qərarları › İş №2(060)-2174/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2174/2024

04.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2174/2024 04.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional Asan Xidmət mərkəzində qeydiyyat şöbəsinə şöbəsinə qarşı doğum akt qeydinin müəyyən edilməsi və doğum haqqında akt qeydiyyatının bərpa edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx xxxx 1969-cu il tarixdə Xocavənd rayonu, Qaradağlı kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi və akt qeydinin bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxx 1969-cu il tarixdə Xocavənd rayonu, Qaradağlı kəndində anadan olmuşdur. Məcburi köçkündür. Hazırda müvəqqəti olaraq ünvan 1 ünvanında yaşayır. Ona məxsus olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsində doğulduğu yer və tarix olaraq xx.xx.1969-cu il, Xocavənd rayonu, Qaradağlı kəndi olaraq qeyd edilmişdir. Həmçinin ona məxsus digər sənədlərdə də eyni məlumatlar qeyd edilmişdir. Doğum haqqında şəhadətnaməni Xocavənd rayonundan məcburi köçkün düşən zaman itirmişdir. Bunun üçün doğum haqqında şəhadətnamənin təkrarının əldə edilməsi üçün cavabdeh 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən ona ünvanlanmış məktub ilə ərizəsinin icrasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, doğum haqqında akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydlərin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ona məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx xxxx 1969-cu il tarixdə Xocavənd rayonu, Qaradağlı kəndində doğumunun qeydə alınma faktı müəyyən edilməli və akt qeydi bərpa olunmalıdır.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, hal-hazırda doğum haqqında şəhadətnaməsi yoxdur. Xankəndi rayonunda qalmışdır. Arxivdə olmadığını bildirmişdirlər. Əvvəldən onda şəxsiyyət vəsiqəsi olmuşdur. Uşağın doğum haqqında şəhadətnaməsində onun milliyəti qeyd olunmamışdır. Onun doğum haqqında şəhadətnaməsi olmadan uşağın doğum haqqında şəhadətnaməsini dəyişmirlər. Sonda məhkəmədən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu ildə anadan olmuşdur.

7. 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-5/815-3137/23 saylı məktubdan görünür ki, doğum haqqında akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilmədiyindən ərizəyə baxılması mümkün olmamış və doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.

8. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Beyləqan rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 4/38 nömrəli müvəqqəti vəsiqənin surətindən görünür ki, hərbi vəzifəli 1969-cu il təvəllüdlü Tağıyev X2 rayon Hərbi Komissarlığı tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələri ehtiyatına hərbi qeydiyyata götürülmüşdür, müvəqqəti vəsiqə DQMV-nin Daxili İşlər İdarəsində şəxsi işi ilə birlikdə qalmış hərbi bilet əvəzinə Xocavənd rayonu Polis Şöbəsinin 719 saylı, xx.xx.2008-ci il tarixli arayışı əsasında verilmişdir.

9. Beyləqan rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş 078942 saylı vəsiqənin surətindən görünür ki, Ərizəçi müharibə veteranıdır.

10. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Tağıyev X3 rayonundan məcburi köçkündür.

12. AZ-İ 624466 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1969-cu ildə Azərbaycan Respublikası Xocavənd rayonu, Qaradağlı kəndində doğulmuş Ərizəçi ilə Tağıyeva (Rzayeva) Məhəbbət Aftandil qızı arasında 26 oktyabr 2010-cu il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 767 nömrəsi ilə qeydiyyat aparılmışdır.

13. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi təfindən verilmiş Ərizəçi şəxsiyyət vəsiqəsinin fərdi uçot kartoçkasının surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu ildə Xocavənd rayonu, Qaradağlı kəndində doğulmuşdur.

Məhkəmə baxışının hədləri:

15. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

- 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır: - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 310.1-ci maddəsinin tələbinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

17. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı

- Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. - Doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

18. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, ərizəçini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə təmin edilməlidir.

19. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.

20. Göstərilən normaların və Plenum Qərarının məzmunundan göründüyü kimi, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin bir neçə şərtləri vardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür.

21. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar.

22. Hazırki iş üzrə doğum faktının müəyyən edilməsi başqa qaydada mümkün olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət edilməmişdən əvvəl doğum haqqında akt qeydinin bərpa edilməsi üçün aidiyyəti orqana müraciət edilmiş, lakin həmin orqan tərəfindən doğum haqqında akt qeydinin əvvəllər olmasını təsdiq edən sənədlər təqdim edilmədiyindən ərizəçinin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

23. Ərizəçi məcburi köçkündür və ona məxsus doğum haqqında akt qeydinin məcburi köçkün düşdüyündən təqdim edilməsinin qeyri-mümkün olduğunu bildirir.

24. Məhkəmə qeyd edir ki, Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş rayonlarda həmin sənədləri qeydə alan müvafiq orqanın (VVAQ orqanı, notariat kontoru və s.) arxivinin yanması, itirilməsi nəticəsində hüquqmüəyyənedici sənədin bərpası hazırki vəziyyətdə qeyri-mümkündür. Göründüyü kimi, ərizəçinin doğum haqında akt qeydinin bərpası mümkün olmadığından həmin fakt yalnız məhkəmə tərəfindən müəyyən edilə bilər.

25. Yuxarıda adı qeyd edilən Plenum qərarına əsasən doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

26. Ərizəçiyə məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən və məhkəməyə sorğu əsasında daxil olmuş fərdi uçot kartoçkasından görünür ki, Ərizəçi xx.xx.1969-cu ildə Xocavənd rayonunda anadan olmuşdur. Beləliklə sözügedən sənədlərlə iddiaçının doğum akt qeydinin əvəllər mövcud olduğu müəyyən edilir. Belə ki, həmin sənədlərin məhz ərizəçiyə məxsus doğum haqqında akt qeydi əsasında verilməsi mümkündür ki, sonrakı sənədin, yəni şəxsiyyət vəsiqəsinin mövcudluğu artıq vaxtilə doğum akt qeydinin tərtib edildiyini və onun əsasında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparıldığını sübut edir.

27. Məhkəmə qeyd edir ki, ərizəçinin izahatı, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlarla ərizəçinin xx.xx.1969-cu ildə Xocavənd rayonunda doğulması faktı tam sübuta yetirilir.

28. 24. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx xxxx 1969-cu il tarixdə Xocavənd rayonu, Qaradağlı kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilməli və onun doğum haqqında akt qeydi bərpa edilməlidir.

Nəticə:

25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1969-cu il tarixdə Xocavənd rayonu, Qaradağlı kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar