Məhkəmə qərarları › İş №2(060)-2176/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2176/2022

25.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2176/2022 25.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı, nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh Əliabbas oğlunun nümayəndəsi X3, nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “özbaşına zəbt edilmiş zirzəminin boşaldılması, zirzəminin əvvəlki vəziyyətinin bərpası tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hərəkətlərinin qanunsuz hesab olunması və mülkiyyətində olan ünvan 1-da yerləşən 16 saylı mənzilinin sahəsi 112,1 kv.m.zirzəmisinin cavabdeh tərəfindən boşaldılmaqla əvvəlki vəziyyətinə bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulması və ödədiyi 100 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Cavabdeh hərəkətlərinin qanunsuz hesab olunmasına və iddiaçının mülkiyyətində olan ünvan 1-da yerləşən 16 saylı mənzilinin sahəsi 112,1 kv. metr zirzəmisində cavabdeh tərəfindən inşa edilmiş tikilinin özbaşına tikinti hesab olunması, zirzəminin cavabdeh tərəfindən boşaldılmaqla əvvəlki vəziyyətinin bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulması və ödədiyi 100 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, ünvan 1-da yerləşən 16 saylı mənzil sahəsi 112,1 kv.m. olan 5 otaqdan ibarətdir. Həmin mənzil üzərində onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və onun adına xx.xx.2017-ci ildə ******* nömrəli Seriya RX saylı çıxarış verilmişdir. Cavabdeh onun yaşadığı binanın 6 saylı mənzilində yaşayır. Onun həmin mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Bundan başqa cavabdeh yaşadığı mənzilin altında yerləşən zirzəmini də özəlləşdirmiş və onun həmin zirzəmi üzərində mülkiyyət hüquqlarını təsdiqləyən 86.2 kv.m. olan qeyri-yaşayış sahəsinə xx.xx.2021-ci il tarixli çıxarış verilmişdir. Lakin cavabdeh həmin çıxarışı əlində bayraq tutaraq nəinki özəlləşdirdiyi sahəni, onun yaşadığı evin altında yerləşən sahəni də qanunsuz olaraq zəbt etmiş, həmin sahədə qazıntı işləri aparmış, nəticədə orada olan səs-küydən o, yaşadığı mənzildə rahatlıq tapa bilmir. Bundan başqa cavabdeh həmin sahəyə 2 ədəd iri kondisioner də quraşdırmışdır ki, nəticədə o, mülkiyyətində olan mənzildə normal yaşamaq imkanından məhrum olmuşdur. Cavabdeh hətta qanunsuz olaraq həmin zirzəmiyə qapı qoydurmuş, o, cavabdehin bu qanunsuz və özbaşına əməlləri ilə bağlı AR FHN-nə şikayət etmiş və baxış zamanı həmin qapının bağlanılması bildirilmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh bu gün də onun mənzilinin altında olan zirzəmidən qanunsuz olaraq istifadə edir, orada özbaşına rekonstruksiya işləri aparır, hətta binanın özülünü qazaraq bina sakinləri üçün təhlükəli vəziyyət yaratmışdır. Bundan başqa bildirmək istəyir ki, bu qazıntılar nəticəsində onun hər iki daş eyvanı çökmüş və mənzilinin divarlarında çatlar əmələ gəlmişdir. O, bu hadisədən qabaq mənzilini təmir etdirmək istəmiş, lakin cavabdeh mənzilini alacağını bildirməklə onu bu illər ərzində gözlətmiş, hazırda isə təmir materialları təxminən 3 dəfə qalxmışdır, ona maddi ziyan dəymişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh hərəkətlərinin qanunsuz hesab olunmasına və iddiaçının mülkiyyətində olan ünvan 1-da yerləşən 16 saylı mənzilinin sahəsi 112,1 kv. metr zirzəmisində cavabdeh tərəfindən inşa edilmiş tikilinin özbaşına tikinti hesab olunması, zirzəminin cavabdeh tərəfindən boşaldılmaqla əvvəlki vəziyyətinin bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulması və ödədiyi 100 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 İddiaçı izahatına uyğun izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçının qanunsuz tikinti kimi təqdim etdiyi tikilinin eskiz layihəsi (memarlıq-planlaşdrıma blməsi) hələ 2018-ci ildə hazırlatdırılaraq Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq olunmuşdur. Həmin tikilinin yerləşdiyi dövlət mülkiyyətində olan sahəsi 670,7 kvadrat metr olan torpaq sahəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh icarəsinə verilmiş və bununla bağlı tərəflər arasında sonuncu dəfə 22 fevral 2022-ci il tarixli 1396 saylı “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxlər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanılmışdır. Qeyd etdiyi kimi, sözügedən tikilinin ümumilikdə 355,52 kvadrat metr hissəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. Bütün bu hallar iddiaçının mübahisələndirilən tikilinin qanunsuz və özbaşına olması barədə bildirdikləri həqiqəti əks etdirmədiyini sübuta yetirir. Həmçinin, məhkəmənin nəzərinə onu da çatdırmaq istəyir ki, iddiaçı, ümumiyyətlə Cavabdeh məxsus tikilinin sökülməsini tələb etməsi üçün subyektiv hüquqları mövcud deyildir. Tikilinin sökülməsinə səbəb olacaq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulan əsasların heç biri mübahisələndirilən qeyri-yaşayış obyektinə şamil edilə bilməz. Bununla yanaşı, sadalanan maddi hüquq normalarından da aydın olur ki, iddiaçının tikilinin sökülməsini tələb etmək ixtiyarları və belə tələblər irəli sürmələri üçün subyektiv hüquqları da yoxdur. Sadaladığı hallar hesab edir ki, cavabdehin haqlı olduğunu və iddia tələblərinin tamamilə əsassız olduğunu aşkar şəkildə göstərməkdədir. Bu səbəbdən İddiaçı cavabdehə qarşı “tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsini tamamilə əsassız və qeyri-obyektiv hesab edərək həmin tələblərin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə Cavabdeh Əliabbas oğlunun nümayəndəsi və vəkili Vəkil1 eyni məzmunlu izahat verərək iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı, nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh Əliabbas oğlunun nümayəndəsi X3, nümayəndəsi və vəkili Vəkil1 izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Çıxarış”ın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, №1110912 saylı “Çıxarış”ın surətindən görünür ki, ünvan 1, mənzil 16 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 115 nömrəli “İcarə müqaviləsi”nin surətindən görünür ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən ünvan 1, mənzil 17-nin 86.2 kv.metr olan zirzəmi-anbarı (qeyri-yaşayış sahəsi) xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Cavabdeh icarəsinə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2573 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Çıxarışa və xx.xx.2021-ci il tarixli texniki pasporta əsasən Cavabdeh mülkiyyətində olan 86.2 kv.metr qeyri-yaşayış sahəsinin iş üzrə İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, 6 saylı evin 16 saylı mənzilinin altında (yarımzirzəmidə) yerləşən tikililəri əhatə etdiyi, Cavabdeh faktiki istifadəsində olan tikililərin isə həmin binanın 16 saylı mənzilinin, 6 saylı mənzilinin və digər şəxsə məxsus qonşu mənzilin (mənzilin nömrəsi müəyyən olunmadı) altında (yarımzirzəmidə) yerləşən tikililəri əhatə etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 157.4-cü maddələrinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsində isə təsbit edilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Eyni zamanda, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1 tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən bu Məcəllənin 95.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011- ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının məcburiliyinin qanunvericilikdə təsbit edilməsi daşınmaz əmlakın konkret şəxsə məxsus olmasının müəyyən edilməsində dövlətin publik hüquqi marağının mövcudluğundan irəli gəlir. Bu maraq şəxslərin hüquqlarının səmərəli müdafiəsi və mülki dövriyyənin sabitliyinin təmin edilməsində ifadə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Lakin nəzərə alınmalıdır ki, bu akt özlüyündə əmlak hüququnun yaranması, dəyişdirilməsi və ona xitam verilməsinin əsasını təşkil etmir. Belə ki, Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin ümumi əsaslarını müəyyən edən 14-cü maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları Məcəllənin 14.2-ci maddəsində sadalanmışdır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar isə Məcəllənin 139-1-ci maddəsində əks olunmuşdur. Mülki Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə hesab edir ki, cavabdehin istifadəsinə verilmiş qeyri-yaşayış sahəsi müvafiq qurumlarla razılaşdırılmış və həmin ərazidən cavabdehə qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün 86.2 kv.m torpaq sahəsi ayrılmışdır. İşdən göründüyü kimi cavabdeh ona məxsus qeyri-yaşayış sahəsini özbaşına zəbt etməmiş və orada özbaşına tikinti işləri aparılmamışdır. Eyni zamanda həmin qeyriyaşayış sahəsini dövlət qeydiyyatından keçirməklə adına özəlləşdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Şərh nəzərə alaraq, məhkəmə İddiaçı Cavabdeh qarşı “Cavabdeh hərəkətlərinin qanunsuz hesab olunmasına və iddiaçının mülkiyyətində olan ünvan 1-da yerləşən 16 saylı mənzilinin sahəsi 112,1 kv. metr zirzəmisində cavabdeh tərəfindən inşa edilmiş tikilinin özbaşına tikinti hesab olunması, zirzəminin cavabdeh tərəfindən boşaldılmaqla əvvəlki vəziyyətinin bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulması və ödədiyi 100 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə” iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbayçan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar