Məhkəmə qərarları › İş №2(060)-2184/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2184/2024

13.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2184/2024 13.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızınınsədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, üçüncü şəxs Məhərrəmova Tünzalə Şükür qızına qarşı mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə 13 may 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh, üçüncü şəxs Məhərrəmova Tünzalə Şükür qızına qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 73, 57 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun keçmiş həyat yoldaşıdır. Onunla ailə münasibətləri dözülməz həddə çatdıgı üçün boşanma tələbi ilə məhkəməyə müraciət edir və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5367/2023 saylı qətnaməsi ilə tərəflər bağlanmış nikah qeydi pozulmuşdur. Məhkəməyə müraciət etməyinin səbəbi budur ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 73, mənzil 57-də yerləşən 3 otaqlı yaşayış sahəsini 2011-ci ildə alıb, hazırda da mənzil şəxsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Lakin cavabdeh şəxsi mülkiyyət hüququ ilə ona məxsus olan mənzilinə buraxmır, mənzilin giriş qapısının açarını dəyişərək ona məxsus olan əmlaklarını belə ona vermir. Demək olar ki, ona məxsus bütün əmlakları mənzildədir. O, bir müddət dözərək gözləmiş, lakin cavabdehə edilən xəbəqdarlıqlara baxmayaraq onu yenə də mənzilinə buraxmır, hay-küy salaraq onu şantaj edir, mənzildən istifadə hüququnu məhdudlaşdırır. Halbuki, mülkiyyət hüququ dövlət tərəfindən qorunur. Onun isə yaşamağa başqa yaşayış yeri yoxdur. Qeyd olunan mənzildə o, keçmiş həyat yoldaşı Cavabdeh və qızı Məhərrəmova Tünzalə Şükür qızı qeydiyyatdadırlar. Qızı ailə həyatı qurub başqa ünvanda yaşayır, öz mənzilləri vardır. Yuxarıda göstərdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, keçmiş həyat yoldaşı ilə aralarında tez-tez yaranan mübahisələr səbəbindən onunla bir evdə yaşaya bilməyərək, evi tərk edib. Hazırda səhhətində müəyyən problemlər var, işləyə bilmir. Uzun müddətdir ki, kirayədə yaşayır. Artıq öz evində yaşamaq istəyir. 4 ilə yaxın müddətdir ki, cavabdehlə ayrı yaşayırlar. Evi tərk edən zaman özünə məxsus heç bir sənəd, əşya və geyim götürə bilməyib, hətta mübahisəli mənzilin sənədi də cavabdehdə qalıb. O, bir müddət cavabdehin sakitləşəcəyini gözləyib, lakin gözləməyin heç bir nəticəsi olmadığını görüb məcbur qalaraq DİN-nin 102 xidmətinə zəng vurub və polislərin iştirakı ilə əşyalarını götürə bilib. Onu da qeyd edir k, gələcəkdə cavabdehdə birlikdə yaşamaq mümkün olmasa, evin bölünməsi üçün məhkəməyə müraciət edəcək. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (məhkəmə bildirişinə imza etməklə ) iş üzrə Cavabdeh və üçüncü şəxs Məhərrəmova Tünzalə Şükür qızı məhkəmə iclasına gəlməmiş, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil oğu ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsini xahiş etmiş, üçüncü şəxs isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh və üçüncü şəxs Məhərrəmova Tünzalə Şükür qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil oğu iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Hüquqlarını müdafiə etdiyi şəxs də rahat həyat istəyir, iddiaçı ilə yaşamaq istəmir. Həmçinin tərəflərin nikahları rəsmi qaydada pozulub. Hesab edir ki, bundan sonra əmlak yalnız bölünə bilər. Tərəflərin birgə yaşaması mümkünsüzdür. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(060)- 5367/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı ilə Cavabdeh arasında 20 iyun 2018-ci il tarixli,1511 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2024-ci il tarixli arayışından görünür ki, İddiaçı, Cavabdeh, Məhərrəmova Tünzalə Şükür qızı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72, 57 saylı mənzildə qeydiyyatdadırlar. İşdə olan AZ İ 473928 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5367/2023 saylı qətnaməsinə əsasən pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 66 nömrə ilə qeyd edilmişdir. İşəd olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 13 mart 2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri 1 saylı dövlət notariat kontorunun dövlət notariusunun 20 iyul 2011-ci il tarixli 4Ə-02-400 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən 57 nömrəli mənzil üzərində 16 avqust 2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Bu cür müdafiə üsulları kimi Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir. Yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, istifadə hüququnun tanınması və ya köçürülməsi tələb olunan yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzil 16 avqust 2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə İddiaçı tam mülkiyyətindədir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyətçi olmaqla mübahisəli mənzildən istifadə hüququna malik olduğundan iddia tələbi təmin edilməli, iddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 73, 57 saylı mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 100 manat dövlət rusumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 73, 57 saylı mənzilə köçürülsün. Cavabdeh 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar